Bakı Şəhəri
üzrə Təhsil
İdarəsi hesabat
verdi
BŞTİ son bir ildə
"Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi
ilə bağlı tədbirlər
planı haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 31 mart tarixli 1399 nömrəli sərəncamına
əsasən, Bakı şəhəri təhsil şöbələri
ləğv edilmişdir. Nazirlər Kabinetinin 28 iyul 2006-cı
il tarixli sərəncamı ilə Təhsil Nazirliyinin
birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə
Təhsil İdarəsi yaradılmışdır. Yeni idarənin
yaranması idarəetmənin daha da təkmilləşdirilməsi,
idarəetmə, nəzarət və təhsilin keyfiyyətinin,
nizam-intizamın gücləndirilməsi baxımından
mühüm hadisə kimi qiymətləndirilir. BŞTİ-nin
fəaliyyətinin səmərəliliyinin
artırılması, idarəetmədə müasir
üsulların tətbiqinə və şəffaflığın
təmin edilməsinə nail olmaq üçün Azərbaycan
Respublikası təhsil nazirinin 30 oktyabr 2013-cü il tarixli 866
saylı əmrinə əsasən, Bakı Şəhəri
üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri
aparılmışdır.
Bakı təhsili inkişaf yolunda
Ölkə
iqtisadiyyatının dinamik inkişafı keyfiyyətli təhsil
üçün əlverişli şərait
yaratmışdır. Təhsili Azərbaycanın davamlı
inkişafının əsas amillərindən biri hesab edən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev onun inkişafına, dünyanın qabaqcıl ölkələrinin
təhsil səviyyəsinə yüksəlməsinə
böyük diqqət və qayğı göstərir. Məhz
bu diqqət və qayğı sayəsində Azərbaycan təhsili
son illər özünün yeni inkişaf dövrünə qədəm
qoymuş, bu sahədə xeyli nailiyyətlər əldə
edilmişdir.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi fəaliyyətini təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəldib və
bu fəaliyyət istiqaməti Təhsil İdarəsinə həm
dövlət, həm də cəmiyyət tərəfindən
dəstək qazandırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
təkcə paytaxtın təhsil sistemindəki uğurları
ilə deyil, həm də bütün ölkənin təhsil
həyatı üçün böyük əhəmiyyət
kəsb edən yeniliklərin təşəbbüskarı
kimi çıxış edib. Ötən il Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təsdiq edildikdən sonra İdarə fəaliyyətini
Dövlət Strategiyasından irəli gələn məsələlərə
yönəldib.
Hazırda Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində 300 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam
(qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar
üçün məktəb olmaqla, cəmi 314 ümumtəhsil
məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə
339 min 771 şagirdin təlim-tərbiyəsi ilə 28068 müəllim
məşğul olur.
Təhsilin
inkişafı üçün tələb olunan şərtlərdən
biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi,
yüksək səviyyəli təhsil mühitinin
yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə
dövlət səviyyəsində göstərilən diqqət
və qayğının nəticəsidir ki, təkcə
ötən tədris ilində Bakı şəhərində
65 məktəbdə cari təmir, 28 məktəbdə əsaslı
təmir və tikinti işləri aparılmışdır.
Eyni zamanda, 13 məktəbdə digər tikinti (korpus, idman, akt
zalı, yeməkxana) işləri həyata
keçirilmişdir.
Ümumtəhsil müəssisələrinin rasionallaşdırılması
Bakı şəhərində
ümumtəhsil müəssisələrinin
rasionallaşdırılması və təhsil infrastrukturunun
səmərəli istifadəsi tədbirləri çərçivəsində
uzun illər potensial şagird tutumundan dəfələrlə
az şagird sayı ilə fəaliyyət göstərdiyinə
və perspektivdə şagirdlərin artımı
proqnozlaşdırılmadığına görə 152, 172,
88 saylı məktəblərin fəaliyyəti
dayandırılmışdır. Şagird və müəllimlər
yaxın məktəblərə yerləşdirilmişdir.
Binalarında əsaslı təmir və tikinti işləri
aparılan digər təhsil müəssisələri isə
bu məktəblərin binalarında yerləşdirilmişdir.
189, 190 saylı məktəblər
və 5, 292 saylı məktəblər isə ərazi
baxımından yaxın yerləşməsi və birində
nəzərdə tutulduğundan artıq, digərində isə
az şagird təhsil aldığı üçün
şagird sayının balanslaşdırılması, idarəetmənin
təkmilləşdirilməsi və
optimallaşdırılması üçün birləşdirilmişdir.
Cari tədris ilində
analoji tədbirlərin davam etdirilməsi nəzərdə
tutulur.
Məktəblər dərsliklərlə təmin olunmuşdur
Son illər təhsil
siyasətinin ən uğurlu yönlərindən biri
şagirdlərin pulsuz dərsliklərlə təminatı
olmuşdur. Təhsil sahəsində həyata keçirilən
islahatlar arasında öncül yerlərdən birini tutan dərsliklər
həm forma, həm də məzmun cəhətdən yeniləşdirilmiş
və təkmilləşdirilmişdir.
Cari tədris ili
üçün təhsil müəssisələri dərsliklərlə
tam təmin olunmuşdur. Qeyd edək ki, 2014-2015-ci tədris ili
üçün Bakı şəhərinin ümumtəhsil məktəbləri
şagirdlərinə 191 adda 1876247 nüsxə dərslik və
müəllimlər üçün 74 adda 50846 metodiki vəsait
çap edilmişdir.
X siniflər üzrə
27 adda 105570, XI siniflər üzrə isə 31 adda 319459
nüsxə dərslik çap edilmişdir. Digər siniflər
üzrə də bu proses müəyyən faizlərlə həyata
keçirilmiş və ehtiyacı ödəyəcək sayda
dərsliklər məktəblərə
paylanılmışdır.
Müəllimlərin peşəkar səviyyəsi
artırılmış və əməyi qiymətləndirilmişdir
Qabaqcıl təhsil
işçilərinin əməyinin qiymətləndirilməsi
təhsilin keyfiyyətcə yüksəlməsinə təkan
vermişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr
2014-cü il tarixli sərəncamı ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil
müəssisələrində çalışan 22 müəllim
"Əməkdar müəllim" fəxri adına layiq
görülüb, 17 müəllim isə "Tərəqqi"
medalı ilə təltif edilmişdir.
Həmçinin, Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 25
sentyabr 2014 - cü il tarixli 11/1109 nömrəli əmri ilə
təhsilin inkişafındakı xidmətlərinə, gənc
nəslin təlim-tərbiyəsi sahəsində yüksək
nailiyyətlər əldə etdiklərinə görə və
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
3 işçisi və idarənin tabeliyində olan məktəblərin
15 müəllimi "Azərbaycan Respublikası qabaqcıl təhsil
işçisi" döş nişanı ilə, 7 müəllim
isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri
Fərmanı ilə təltif edilmişdir.
Pedaqoji kadrların
ixtisaslarının artırılması istiqamətində
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda keçən tədris ilində tematik, illik və
aylıq ixtisasartırma kurslarında 2792 müəllim təhsil
almışdır. Bundan başqa, 7352 müəllim kurikulum
kurslarına cəlb edilmişdir.
Daxili nəzarət gücləndirilmişdir
Ötən tədris ili ərzində
Bakı şəhərinin məktəblərində məktəbdaxili
nəzarətin təşkilinə dair reydlər təşkil
olunmuşdur. Reydlərin məqsədi şagirdlərin dərsə
davamiyyəti, məktəbli kitabçasından istifadə,
sinif jurnallarının aparılması, müəllimlərin
fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər
olmuşdur. Reydin nəticələri ümumiləşdirilərək
məktəb direktorlarının iştirakı ilə
geniş müzakirə olunmuş və nöqsanların aradan
qaldırılması məqsədilə əməli tədbirlərin
görülməsi üçün tapşırıq və
tövsiyələr verilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilmiş, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunmuşdur.
İstedad axtarışında...
Uşaqların
yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi,
gələcəkdə müəyyən ixtisaslar seçmələrinə
zəmin yaradılması, habelə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş
"Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcı potensialının inkişafı üzrə
Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin
icrası ilə əlaqədar müvafiq işlər
görülüb. İstedadlı şagirdlərin aşkara
çıxarılmasında əhəmiyyətli rol oynayan fənn
olimpiadalarının təşkili, keçirilməsi,
yekunlaşdırılması və qaliblərin müəyyənləşdirilməsi
ilə bağlı işlər yüksək səviyyədə
yerinə yetirilib.
Bakı şəhəri
üzrə məktəblilərin fənn olimpiadasının
I mərhələsində 6472 nəfər iştirak
etmişdir. II mərhələyə vəsiqə
qazanmış 311 nəfərdən hər sinif və fənn
üzrə 3 ən yüksək nəticə göstərən
54 nəfər şagird respublika turuna vəsiqə
qazanmışdır. Onlardan 2 nəfər I, 3 nəfər II,
6 nəfər III, 8 nəfər IV yerə layiq
görülmüşdür.
Hesabat ili ərzində
BŞTİ-nin tabeliyində olan məktəblərdən 28 nəfər
qızıl, 1 nəfər gümüş medala layiq
görülmüşdür.
Ali məktəblərə
tələbə qəbulunda Bakı məktəblərinin
xüsusi çəkisi artmışdır. Belə ki,
2013-cü il ilə müqayisədə ali təhsil müəssisələrinə
qəbul olmuş məzunlarımızın həm sayı, həm
də faiz göstəricisi (ümumi məzun sayına nisbətdə)
artaraq (müvafiq olaraq 2013-cü ildə 20.041 məzundan 9.397
nəfər, 2014-cü ildə isə 19.684 məzundan 10.100 nəfər)
46.88%-dən 51,31%-dək artmışdır.
Eksternat
imtahanının nəticələrinə görə 92 nəfər
attestat, 21 nəfər şəhadətnamə
almışdır.
I sinfə qəbul artmışdır
I sinfə şagird qəbulu
Təhsil Nazirliyinin təlimati məktubuna uyğun olaraq
aparılmışdır. Sevindirici haldır ki, son illər
ümumtəhsil məktəblərinin I siniflərində
şagird qəbulunun sayı artmaqda davam edir. 2014-2015-ci dərs
ilində I sinfə 41946 nəfər şagird qəbul
olunmuş və 1557 sinif açılmışdır.
Azərbaycan
Respublikası təhsil nazirinin "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları" barədə əmrinə müvafiq olaraq
Bakı şəhərində yerləşən və
BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul
iyulun 20-dən avqustun 20-dək elektron ərizələr vasitəsilə
aparılıb. Qeyd edək ki, "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları"na əsasən I sinfə qəbul həmin il
sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan
xüsusi istedadlı uşaqlara şamil edilir.
Xüsusi istedadlı
uşaqların vaxtından əvvəl I sinfə qəbulu
prosesinin (elektron ərizələrin qəbulu, bildirişlərin
göndərilməsi, cavabarın saytda yerləşdirilməsi)
www.bakuedu.az saytı vasitəsi ilə aparılması bu tədris
ilinin yeniliklərindəndir. Prosesin şəffaflığını
artırmaq üçün müsahibə prosesi
bütövlükdə videokameralar vasitəsi ilə
yazılmışdır. "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları"na uyğun olaraq Təhsil İdarəsinin
tabeliyində olan məktəblərdə I sinfə qəbul
olunmaq istəyənlərlə keçirilən müsahibədə
bu il 3434 nəfər iştirak etmişdir. Müsahibələrdə
iştirak edən uşaqların 1893 nəfəri I sinfə qəbul
olmuş, 1541 nəfəri isə müsahibədən
keçə bilməmişdir.
Müsabiqə və stimullaşdırıcı tədbirlər keçirilir
Asudə vaxtın təşkili və dərslərin canlandırılması üçün Qala və İçəri Şəhər qoruqlarına ekskursiyaların təşkili (3600 nəfər), Azərbaycan Tarixi Muzeyində dərslərin aparılması üçün danışıqlar aparılmışdır. Mədəniyyət və Turizm Nazirliyi ilə məktəblilərin müxtəlif tamaşalara gedişinin təşkil edilməsi sahəsində işlərə başlanılmışdır. Ötən tədris ilində dövlət-biznes əməkdaşlığı çərçivəsində "ParkCinema" kinoteatrlar şəbəkəsi tərəfindən əlaçı şagirdlər üçün (Nəsimi, Yasamal, Nərimanov, Nizami və Səbail rayon məktəblərindən 15618 nəfər artıq iştirak edib) pulsuz film seansları layihəsi keçirilib. Hazırda "ParkCinema" kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq davam edir, yeni dərs ilindən başlayaraq 21289 nəfər əlaçı şagird üçün film seansları təşkil edilmişdir.
Böyük şəxsiyyət barədə dərslər
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin təşkilatçılığı
ilə mart, aprel, may ayları ərzində Azərbaycan
dövlətinin qurucusu və memarı, ulu öndər Heydər
Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar
Bakı şəhəri ərazisində fəaliyyət
göstərən 475 ümumtəhsil məktəbinin (məcburi
köçkün məktəbləri də daxil olmaqla)
ümumilikdə 20120 XI sinif şagirdinə 272 dərs
keçilmişdir. Ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyəti ilə bağlı müxtəlif
mövzuları əhatə edən dərslərin tədrisi
ilə 220 müəllim məşğul olmuşdur. Dərslərin
tədrisi üçün Bakı şəhərinin müxtəlif
ərazilərində yerləşən 26 lektoriya zalı
ayrılmışdır.
Qeyd edək ki, bu dərslərin
təşkilində əsas məqsəd Heydər Əliyevin
ölkəmizin dövlət quruculuğu prosesindəki rolunun
və xidmətlərinin öyrənilməsi, bütün
bunların gənc nəsillərə
çatdırılması olmuşdur.
Yaxın zamanda dərslərin yenidən başlaması nəzərdə tutulmuşdur.
Dahi lider anılmışdır
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü
münasibətilə ümumtəhsil məktəblərinin
VIII-XI sinif şagirdləri arasında inşa yazı
müsabiqəsi də keçirilmişdir. Müsabiqədə
249 nəfər iştirak etmişdir.
Hər il olduğu kimi, bu il də ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi yubileyi münasibətilə keçirilən gül bayramında məktəblərimiz çox fəal şəkildə iştirak etmişlər. Şagirdlərimiz özlərinin yaradıcı əl işlərini yüksək səviyyədə nümayiş etdirmişlər.
Hərbi-vətənpərvərlik ruhu yüksəldilir
Məktəblərdə
hərbi dərslərin keçirilməsinə hərbçilərin
cəlb edilməsi, hərbi-vətənpərvərlik ruhunun
qaldırılması üçün proqramın qəbulu və
hərbi kabinetlərin standartlara uyğun hazırlanması
BŞTİ-nin fəaliyyətində əsas yerlərdən
birini tutur. Bu sahədə digər əlaqədar dövlət
qurumları ilə əməkdaşlıq aparılır.
Ümumtəhsil
müəssisələrində şagirdlərin vətənpərvərlik
tərbiyəsi üzrə aparılan işlərin daha
intensiv xarakter alması, bu sahədə həyata keçirilən
tədbirlərin davamlılığının təmin
olunması, şagirdlərdə fəal vətəndaş
mövqeyi və doğma torpağa sədaqət hissinin
formalaşdırılması məqsədilə Azərbaycan
Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən,
2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil
müəssisələrinin V-XI siniflərində ilk dərslər
"Mənim Vətənim - doğma yurdum" mövzusuna həsr
olunmuşdur.
Vacib məqamlardan biri
kimi 2014-2015-ci dərs ili ərzində məktəblilərin əsgər
həyatı ilə yaxından tanış olmasını təmin
etmək üçün onların daha sistemli şəkildə
hərbi hissələrə aparılması nəzərdə
tutulmuşdur. Əsas məqsəd hərbi hissələrdəki
müasir silah və hərbi texnikalarla şagirdləri
tanış etmək, onlardan istifadə qaydaları barədə
məktəblilərə ətraflı məlumatlar vermək
və əsgərlik xidməti barədə təsəvvürlərini
genişləndirməkdən ibarətdir. Eyni zamanda şagirdlərin
hərbi xidmətə başlayan əsgərlərin
andiçmə mərasimlərində iştirakı da
planlaşdırılmışdır.
Bu il də yeniyetmə
və gənclərin yay istirahətinin səmərəli və
yaddaqalan təşkili məqsədilə Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra
Hakimiyyətinin birgə layihəsi əsasında Quba rayonunda
"Şahinlər" hərbi vətənpərvərlik
düşərgəsi təşkil edilmişdir. Artıq 9-cu
ildir ki, davam edən bu layihə çərçivəsində
məktəblilərə xüsusi təyinatlı dəstənin
üzvləri tərəfindən hərbi dərslər
keçirilir, şagirdlər hərbiçilərlə
görüşür, əsgər həyatı ilə
tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi
vərdişlərə yiyələnir və hərbi hissələrə
səfərlər edirlər.
Yeni tədris ilinə yeniliklərlə...
Ötən il Təhsil
Nazirliyi direktorlar və direktor olmaq istəyən şəxslər
üçün təlim elan etmişdir. Təlimə qəbul
müsabiqə ilə həyata keçirilmişdir. Müsabiqənin
birinci mərhələsində sənədlər qəbul
edilmiş, müsabiqənin II mərhələsində isə
pedaqoji kadrların məntiqi düşüncə və
müəyyən mövzular üzrə esse yazma
bacarıqları qiymətləndirilmişdir. Bu mərhələni
keçən şəxslər arasında müsahibə təşkil
edilmiş və seçilmiş namizədlər 4 aylıq təlimdən
keçmişlər. Təlimdən sonra imtahan vermiş və
yüksək bal toplamış namizədlər Təhsil
Nazirliyində müsahibə prosesindən keçmişlər.
Yalnız uğur qazanmış namizədlərdən 15 nəfər
direktor və digərləri direktor müavini kimi təyinat
almışdır.
Şəffaflıq məsələsinə
xüsusi diqqət yetirən BŞTİ tərəfindən
Bakı şəhəri ərazisində müəllimlərin
yerdəyişməsi prosesində ilk dəfə olaraq imtahan
keçirilmiş və müəllimlər topladıqları
ballara uyğun olaraq yerləşdirilmişlər.
Daha bir yenilik ümumtəhsil
məktəblərində təlim - tərbiyə işləri
üzrə direktor müavini, tərbiyə işləri
üzrə direktor müavini (təşkilatçı) və
laborant vəzifələrinə işə qəbul olunmaq
üçün Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən müsabiqə keçirilməsidir.
Belə ki, müsabiqə 3 mərhələdən ibarət
olacaq. I mərhələdə müsabiqədə iştirak
etmək istəyən namizədlər 17-24 noyabr 2014-cü il
tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə
bilərlər.
Elektron ərizələrin
qəbulu başa çatdıqdan sonra II mərhələdə
müsabiqədə iştirak etmək istəyən namizədlər
üçün imtahan təşkil olunacaq, imtahandan uğurla
keçən namizədlər isə III mərhələdə
komissiya tərəfindən təşkil olunmuş müsahibədə
iştirak edəcəkdir.
Müsahibədən
müvəffəqiyyət qazanmış namizədlər
vakant vəzifələrə yerləşdiriləcək və
vakant yerlər olmadığı təqdirdə namizədlərin
sənədləri BŞTİ-nin kadrlar bazasında
toplanılacaqdır. Yeni vakansiyalar yarandığı halda bu
namizədlərin işlə təmin olunması nəzərdə
tutulmuşdur.
Təhsil ictimaiyyətinin
rəyini nəzərə almaq, təhsilverənlərin və
təhsilalanların problemlərini təcrübəli insanlar
tərəfindən qiymətləndirmək və mövcud məsələlərin
həllində şəffaflığı təmin etmək məqsədilə
BŞTİ-nin nəzdində "Ağsaqqallar
Şurası" yaradılmışdır. Şuranın
mütəmadi iclaslarının keçirilməsi nəzərdə
tutulmuşdur.
Məktəblərlə
BŞTİ arasında məlumat mübadiləsini
asanlaşdırmaq məqsədi ilə bütün məktəblərə
xüsusi korporativ elektron poçt ünvanları
açılmışdır. İdarə və təhsil
müəssisələri arasında yazışmalar elektron
poçt vasitəsilə aparılır.
İctimaiyyətin məktəblərin
fəaliyyətini daha yaxından izləməsi məqsədi
ilə ümumtəhsil məktəblərinin
saytlarının yaradılması istiqamətində işlər
görülür və ilin sonundan bu saytların istifadəyə
verilməsi nəzərdə tutulmuşdur.
Növbəti ilin
fevral ayından etibarən şagirdlərin məktəblərə
qəbulu elektron qaydada (məktəb seçimi elektron qaydada
valideyn tərəfindən, müəllim seçimi isə
xüsusi proqram tərəfindən həyata keçirilməklə)
aparılacaqdır. Beləliklə, valideynlərin məktəb
seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və
yarana biləcək mənfi halların qarşısı
alınacaqdır.
Bakı şəhərində
yerləşən ümumtəhsil müəssisələrinin
daxili təsərrüfat ehtiyaclarının ödənilməsində
yaranan çətinliklərin aradan qaldırılması məqsədilə
həmin müəssisələrin direktorlarına 2013-cü
ilin dekabr ayından etibarən avans şəklində
müvafiq aylıq vəsaitlərin (400-600 AZN) ödənilməsi
prosesi həyata keçirilmişdir.
Məktəblərdə
fəaliyyət göstərən bufetlərin məktəblərlə
müqavilələr bağlaması da yenilikdir. Belə ki, təhsil
müəssisəsi ilə imzalanan müqaviləyə əsasən
məktəbləri qida məhsulları ilə hüquqi və
yaxud fiziki şəxslər təmin edir. Məktəblərlə
əməkdaşlıq imkanını əldə etmək
üçün operatorlar pul vəsaitlərini BŞTİ-nin
bank hesabına, şagirdlərin sayına mütənasib
olaraq köçürür və bu vəsaitlər məktəbin
maliyyə ehtiyaclarının təmin edilməsinə sərf
edilir.
Sağlam təhsil - sağlam millət
Pilot məktəblərdə
xüsusi siniflər üçün partalar
quraşdırılmışdır. 10000 şagirdin müayinədən
keçirilməsi nəzərdə tutulmuşdur (artıq
2500 şagird ixtisaslaşmış şəxslər tərfindən
müayinədən keçib).
100-ə yaxın məktəbin növbəti ildə layihəyə qoşulması üçün hazırlıq işlərinə başlanılmışdır. "Sağlam təhsil - sağlam millət" layihəsi üzrə 23, 83 nömrəli məktəblərin hərəsində 2 sinif, 214, 114, 26 və 31 (Sumqayıt) nömrəli məktəblərin hər birində isə 3 sinif açılmışdır.
Beynəlxalq əlaqələr genişləndirilmişdir
Beynəlxalq əməkdaşlıq
və təcrübə mübadiləsi sahəsində də
yeniliklər özünü göstərir. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri
rəsmi səfər çərçivəsində Paris
Sorbonna Abu Dabi Universitetində (PSAD) olmuşlar.
Tədbirdə
BŞTİ-nin nümayəndələri Azərbaycan təhsil
sisteminə dair təqdimatla çıxış etmişlər.
Səfər çərçivəsində
ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə
müxtəlif mövzularda müzakirələr
aparılmış və müəllim
hazırlığı və məktəb idarəedicilərinin
hazırlanmasında əməkdaşlıq məsələlərinə
toxunulmuşdur.
Bununla yanaşı,
Paris Sorbonna Abu Dabi Universiteti (PSAD) ilə əməkdaşlq
çərçivəsində məktəb menecerlərinə
intensiv idarəetmə təlimləri keçiriləcəkdir.
Sınaq qiymətləndirilməsi keçirilmişdir
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən
ümumtəhsil müəssisələrində işləyən
müəllimlərin peşəkarlıq səviyyəsinin
qiymətləndirilməsi və əlavə təlim
ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə
10-13 iyun və 20 sentyabr 2014-cü il tarixlərində Bakı
şəhərinin dövlət ümumtəhsil məktəblərində
çalışan müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi keçirilmişdir.
10-13 iyun 2014-cü il
tarixində keçirilən sınaq qiymətləndirilməyə
30072 nəfər müəllim cəlb edilmişdir. Onların
96 faizindən çoxu bu qiymətləndirmədə
iştirak etmişdir. Qiymətləndirmə 3 blokda (fənn,
metodika, kommunikativ) aparılmışdır. Sınaq qiymətləndirilməsində
iştirak edən müəllimlərin 14,4 faizi zəif, 85,6
faizi isə qənaətbəxş nəticə göstərmişdir.
Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş
müəllimlərdir.
20 sentyabr 2014-cü
ildə keçirilən sınaq qiymətləndirilməsində
isə ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan,
260 nəfəri rus bölməsi olmaqla, 1753 müəllim
iştirak etmişdir.
Müxtəlif
üzrlü səbəbərdən qiymətləndirmədə
iştirak etməyən müəllimlər istisna olmaqla, 99,9
% müəllim sınaq qiymətləndirilməsində
iştirak etmişdir.
Sınaq qiymətləndirilməsinin
nəticələrinə əsasən, pilot layihə olaraq
xüsusi elektron qaydada dərs bölgüsü aparan proqram
hazırlanaraq 20 məktəbdə sınaqdan
keçirilmişdir. Bununla yanaşı, sınaq qiymətləndirilməsinin
nəticələri bütün ümumtəhsil məktəblərinə
göndərilmiş və dərs bölgüsü zamanı
nəticələr nəzərə alınmışdır.
Qapılar ictimaiyyətin üzünə açıqdır...
Təhsil müəssisələrinin
fəaliyyəti ilə bağlı şikayətlərin
yaranmaması üçün onların işinə nəzarəti
gücləndirmək, pedaqoji və texniki işçilərin
müraciətlərinin yerində həll edilməsi, vəzifə
funksiyalarının tələb olunan səviyyədə yerinə
yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin
məsuliyətini artırmaq, valideynləri narahat edən məsələləri
diqqətlə öyrənmək məqsədilə
2014-2015-ci tədris ilindən hər həftə Bakı şəhərinin
rayonları üzrə ayrı-ayrı məktəblərdə
müəllim və valideynlərin səyyar qəbulunun
keçirilməsinə başlanılmışdır.
Məktəblərdə
səyyar qəbullar keçirilərək müəllim və
valideynləri narahat edən məsələlər
BŞTİ-nin rəhbər şəxsləri tərəfindən
diqqətlə öyrənilir, problemli məsələlər
həll edilir, lazımi təşkilati və maarifləndirmə
tədbirləri görülür. Görüşlərin
yeri və vaxtı barədə öncədən məlumat
idarənin saytında və sosial şəbəkə
ünvanında verilir. Artıq Bakı şəhərinin 7
rayonu (Qaradağ, Nəsimi, Pirallahı, Sabunçu, Xətai,
Xəzər, Nizami) üzrə səyyar qəbul
keçirilmişdir. BŞTİ-nin rəhbər şəxslərinin
də iştirak etdiyi səyyar qəbullara 252 vətəndaş
müraciət etmişdir.
Bundan başqa, təhsil
nazirinin müvafiq əmri ilə dəyişiklik edilmiş
"Vətəndaşların qəbulu qaydaları"na
uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyindəki təhsil müəssisələrində
5855 vətəndaşın ərizə və müraciətinə
baxılmışdır.
Eyni zamanda, yeni tədris
ilindən BŞTİ-nin qəbul otağı fəaliyyətə
başlamış və hər gün əlaqədar struktur rəhbərləri
tərəfindən vətəndaşların qəbulu
aparılır. Bu günədək 4358 vətəndaş
müraciət əsasında qəbul edilmişdir. Ümumi
götürdükdə isə bir iş günü ərzində
BŞTİ-nin qəbul otağına 50-120 nəfər vətəndaş
müraciət edir.
Məktəbəqədər hazırlıq qrupları açılmışdır
Azərbaycan Respublikası təhsil
nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə
məktəbəqədər hazırlıq qrupları
açılmışdır.
Oktyabrın 15-dən
mayın 25-dək davam edəcək, həftədə 4
gün fəaliyyət göstərəcək hazırlıq
qruplarının əsas məqsədi uşaqların tədrisə
hazırlıqlı başlaması, dərs prosesinə
öncədən alışması, müəyyən bilikləri
əldə etməsidir.
Təhsilə
atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər
hazırlıq qruplarında təcrübəli,
bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsində yüksək nəticə
göstərmiş ibtidai sinif müəllimlərinə
üstünlük verilmişdir.
2015-ci il dekabr
ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil
ala biləcəyi məktəbəqədər hazırlıq
qrupları ödənişli əsaslarla aparılır. Sonda
hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd
- arayış veriləcəkdir.
Müəyyən səbəblərdən
hazırlıq qrupuna vaxtında başlaya bilməyən
uşaqlar üçün valideynlərin müraciətlərinə
əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə
qruplar təşkil oluna bilər. Qruplar təşkil
olunduğu halda, yanvar ayının 10-dan başlayaraq iyun
ayının sonunadək davam edəcəkdir.
Qeyd edək ki,
hazırlıq qrupları 89 məktəbdə fəaliyyət
göstərir. 74 məktəbdə 139 qrup üzrə 1925
uşağın hazırlığı ilə 139 müəllim
məşğul olur. Qalan 15 məktəbdə isə
hazırlıq prosesi özəl quruma həvalə
edilmişdir.
Məktəbdənkənar fəaliyyət genişlənir
2013-2014-cü tədris
ilində uşaq, yeniyetmə və gənclərin dərnək,
klub və studiyalara cəlbi, ümumtəhsil məktəblərində,
məktəbdənkənar təhsil müəssisələrində
və idman məktəblərində dərnək üzvləri
və gənc idmançılar arasında tərbiyə
işinin - sağlam həyat tərzi, mənəvi və
fiziki tərbiyə, vətənpərvərlik və qəhrəmanlıq
ruhunda, milli ruhda - dövlət atributlarına, adət-ənənələrə
hörmət ruhunda tərbiyə işinin təkmilləşdirilməsi,
tədrisin keyfiyyətinin yüksəldilməsi, metodiki
işin müasir tələblər səviyyəsində
qurulması istiqamətində bir sıra mühüm işlər
görülmüşdür.
Tədris ili ərzində
məktəbdənkənar təhsil müəssisələrində
və idman məktəblərində Azərbaycan
Respublikasında Futbolun inkişafına dair (2005-2015),
Şahmatın inkişaf etdirilməsi haqqında (2008-2014),
Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığa qarşı mübarizəyə dair
(2013-2018) dövlət proqramlarından irəli gələn vəzifələrin,
"Hər kəsə bərabər imkanlar yaradaq",
"Uşaqlar və yol təhlükəsizliyi" layihələrinin
həyata keçirilməsinə nail olunmuşdur.
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü ilə
əlaqədar məktəblilər arasında inşa və
şahmat müsabiqəsi, idmanın 8 növü üzrə
məktəblilərin XXVI Spartakiadası, "Cırtdan"
uşaq idman şənliyi, Azərbaycan Tennis Akademiyasında
"Tütünsüz həyat" aksiyası, Muğam
teatrında F.Köçərli adına Respublika Uşaq
Kitabxanası ilə birgə "Dünyanın Mədəniyyət
Rəngləri" mövzusunda Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət
göstərən Uşaq Yaradıcılıq Mərkəzləri
arasında müsabiqə, 164 nömrəli tam orta məktəbdə
"Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq
yarışının Bakı zona mərhələsi,
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzində "Meşələri qoruyun!" devizi
altında gənc məşqçilərin III Respublika
müsabiqəsi, 152 nömrəli tam orta məktəbdə
"Azərbaycan Respublikası İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın
təsdiq edilməsinin 10 illiyi ilə əlaqədar elan
edilmiş "İnsan alverinə qarşı mübarizə
aylığı" çərçivəsində məktəblilər
arasında "İnsan alveri və məcburi əmək"
mövzusunda rəsm müsabiqəsi, Bakı şəhəri
46 nömrəli Məktəbdənkənar Tərbiyə
İşi Mərkəzinin bazasında Azərbaycan
Qızıl Aypara Cəmiyyəti ilə birgə məktəblilər
arasında "Diqqət, uşaqlar" yol təhlükəsizliyi
həftəliyinin yekunu, məktəbdənkənar təhsil
müəssisələrinin komandaları arasında "100
sual-100 cavab" intellekt yarışı, Uşaqların Beynəlxalq
Müdafiə Gününə həsr olunmuş bayram tədbiri,
"Fövqəladə hallar uşaqların gözü ilə"
respublika uşaq yaradıcılıq müsabiqəsinin
Bakı şəhər mərhələsində istedadlı
uşaqlar üzə çıxarılmış,
"İstedad bankı"nın sıraları zənginləşdirilmişdir.
Tədris ilinin ikinci
yarımilində Təhsil Nazirliyinin həyata keçirdiyi
"Hər kəsə bərabər imkanlar yaradaq" layihəsində
könüllülük əsasında məktəbdənkənar
təhsil müəssisələrinin və idman məktəblərinin
dərnək rəhbərləri, məşqçi-müəllimlər
həvəslə iştirak etmişlər. Layihə çərçivəsində
Bakının 14 internat məktəbində 1590 uşaq əhatə
olunmaqla "Şahmat", "Bədii
yaradıcılıq", "Tarix", "Yol hərəkəti
qaydaları", "İbtidai texniki modelləşmə",
"Gənc dizayner", "Uşaq xalq rəqsləri",
"Bacarıqlı əllər" və "Dram" dərnəkləri
üzrə hazırlıq məşğələləri,
"Ekopark"a ekskursiyalar təşkil edilmişdir.
Tədris ili ərzində müxtəlif idman növləri üzrə respublikadaxili və xarici ölkələrdə keçirilən yarışlarda gənc idmançıların iştirakı təmin edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 190 qızıl, 166 gümüş, 192 bürünc medala layiq görülmüşlər.
Tədbirlərlə bol olan təhsil müəssisələrimiz
Əlamətdar
günlərin, tarixi hadisələrin, tanınmış
insanların yubileylərinin təhsil müəssisələrində
qeyd edilməsi də daim BŞTİ-nin diqqət mərkəzində
olan məsələlərdəndir. Bu baxımdan ümumtəhsil
və məktəbdənkənar təhsil müəssisələrində
il ərzində bir sıra tədbirlər təşkil olunur.
20 Yanvar, Xocalı faciəsi, 31 Mart soyqırımının
ildönümləri, Respublika, Milli Qurtuluş, Müstəqillik,
Dövlət Bayrağı, Konstitusiya, Milli Dirçəliş,
Dünya Azərbaycanlılarının Həmrəyliyi
günləri, habelə beynəlxalq xarakter daşıyan ana
dili, mülki müdafiə, ailə, uşaqların müdafiəsi,
ümumdünya ətraf mühit, Yer günü və s.
günlər, tanınmış elm, mədəniyyət xadimlərinin
doğum günləri geniş tədbirlərlə qeyd edilir.
Şagirdlərin ziyalılar ilə mütəmadi
görüşləri, tarixi məkanlara ekskursiyaları təşkil
olunur.
Bütün bunlar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
2013-2014-cü tədris ilində qazandığı
uğurların kiçik bir hissəsidir.
Uğurlarımızın sonsuz olması arzusu ilə...
Azərbaycan
müəllimi.- 2014.- 21 noyabr.- S.1; 3.