Azərbaycan Uşaqlarının III

Ümumrespublika Forumu keçirilib

 

Noyabrın 17-də Bakıda Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilib. Ölkə üzrə 350-dək uşağın qatıldığı forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Mərasimin aparıcıları forum haqqında məlumat verərək bildiriblər ki,  forumun əsas məqsədlərindən biri  hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yollarını araşdırsın. Məhz bu forumlar istedadlı uşaqların üzə çıxmasında mühüm rola malikdir.  Forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilmişdir. Həmçinin forum uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Tədbirin açılış mərasimində  Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forum çərçivəsində dövlət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri uşaqların suallarını cavablandırıblar.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə ilk peşə-ixtisas təhsilinin inkişafı sahəsində görülən işlərlə bağlı suala ətraflı açıqlama verib. Nazir müavini bildirib ki, hazırda müasir ilk peşə ixtisaslarına malik mütəxəssislərin hazırlanması bir çox ölkələrin qarşısında duran əsas problemlərdən birinə çevrilib. Son dövrdə əmək bazarında ali təhsilli kadrlarla yanaşı, müvafiq ilk peşə-ixtisas təhsilinə malik insanlara tələbat artıb.

F.Qurbanov müasir dövrün çağırışlarını əsas tutaraq, ölkəmizdə ilk peşə-ixtisas təhsili sahəsində böyük əhəmiyyətə malik layihələrin həyata keçiriləcəyini qeyd edib. Təhsillə bağlı hazırlanan yeni dövlət proqramında da ilk peşə-ixtisas təhsilinin inkişafına xüsusi diqqət ayrılıb. Nazir müavini məktəblilərə tövsiyə edib ki, əmək bazarında daha çox ehtiyac duyulan müasir peşələrə yiyələnsinlər. Bu, gələcəkdə işlə təminat məsələsinin həllini asanlaşdıracaqdır.

Forumda uşaqlar üçün aktual hesab olunan 7 mövzu üzrə ekspertlərin iştirakı ilə qrup müzakirələri keçirilib.

Sonda Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunun iştirakçıları adından Prezident İlham Əliyevə müraciət, Forumun Yekun Bəyannaməsi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edilib.

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2014.- 21 noyabr.- S.2.