Sənətinin vurğunu
Söhbət Arif Hüseynovdan gedəndə onu
yaxından tanıyanlar hər zaman bu fikri xüsusi
vurğulayırlar: "Onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslər isə ruhu
oxşayandır".
Yazımızın qəhrəmanı olan
rəqs müəllimi Arif Hüseynovun ömür
payına milli rəqslərimizi yaşatmaq və onu gənclərimizə düzgün şəkildə öyrətmək
düşüb.
1941-ci il
martın 17-də Bakıda anadan olan Arif müəllimin rəqsə
olan həvəsi onun
gələcək həyatının müəyyənləşməsində
mühüm rol
oynayıb. O, Bakı Xoreoqrafiya
Məktəbinin baletmeyster fakültəsini
bitirərək 1959-1966-cı illərdə Dövlət
Mahnı və Rəqs
Ansamblında rəqqas, 1968-2006-cı illərdə isə
İ.Əbilov adına Mədəniyyət Evində baletmeyster işləyib. Əsrlər boyu nəsillərdən-nəsillərə ötürülmüş milli rəqslərimizi
doğru-düzgün şəkildə gənclərimizə öyrətmək
məqsədilə işlədiyi İ.Əbilov adına Mədəniyyət
Evinin nəzdində 1968-ci ildə
yaratdığı "Könül" xalq milli rəqs ansamblı öz
fəaliyyəti dövründə
Azərbaycanda rəqs sənətinin
inkişafına əvəzsiz
töhfələrini verib. Vaxtilə
40 nəfər həvəskardan ibarət təşkil olunan ansambl uğurlu çıxışları ilə tez bir zamanda
diqqəti özünə cəlb edə bilib.
Arif müəllimin
yaratdığı rəqs
ansamblı respublikanın müxtəlif bölgələrində,
hərbi hissələrdə zəngin proqramlarla
çıxış edib, bir
sıra mühüm əhəmiyyət kəsb
edən tədbirlərin əvəzsiz
iştirakçısı olub. Ansambl Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə fəxri
fərmanlarla təltif olunub.
Ölkəmizdə
kifayət qədər əldə etdiyi
nailiyyətləri ilə tanınan ansamblın
respublikamızın hüdudlarından kənarda da xoş sorağı gəlib. "Könül" ansamblı 1972-2003-cü illərdə
bir sıra xarici
ölkələrdə keçirilən beynəlxalq folklor, dostluq, rəqs festivallarında, həmçinin
XII Dünya gənclər festivalında (Rusiya),
Bolqarıstan, Rumıniya və Hollandiyada
təşkil olunan "Azərbaycan mədəniyyəti
günləri"ndə və digər tədbirlərdə
ölkəmizi şərəflə təmsil edib.
Azərbaycan rəqslərinin
inkişafı və təbliğində əvəzsiz xidmətləri
olan Arif Hüseynovun əməyi hər zaman yüksək dəyərləndirilib. Belə ki, o,
dəfələrlə SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin (indiki Mədəniyyət
və Turizm Nazirliyi),
Bakı Şəhər İcra Hakimiyyətinin,
Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin diplom, fəxri fərmanlarına və
"Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb,
"Əmək şücaətinə görə "
medalı ilə təltif olunub. Haqqında 1983-cü
ildə çəkilmiş "Buta"
adlı sənədli televiziya filmi isə milli rəqslərimizin
yorulmaz təbliğatçısı, onu yeniyetmə və gənclərimizə sevə-sevə
öyrədən Arif Hüseynovun uzunillik səmərəli
fəaliyyətinə verilən dəyərin bariz nümunəsidir.
Ömrünün yarıdan
çoxunu sevimli
peşəsi ilə məşğul olan ustad rəqqasın peşəkarlığından,
təcrübəsindən kino mütəxəssisləri
də faydalanıb. O,"Firuzə", "Babək",
"Qorxma, mən səninləyəm",
"Bəyin oğurlanması" bədii filmlərindəki
rəqslərə quruluş verib.
Öz sənətinin vurğunu olan, yorulmaq nə olduğunu
bilməyən, "yorğunluğumu rəqslə
çıxarıram" - deyən sənətkar bu gün də eyni şövqlə, eyni
həvəslə gənclərimizə xalqımızın qədim
və zəngin rəqslərini öyrədir.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.11.