Adı "Qızıl kitab"a yazılan gənc istedad

   

Tofiq Məmmədov  1991-ci ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə ailəlikcə Bakıya köçüblər. Uşaqlıqdan musiqiyə, tar alətinə böyük həvəsi olduğundan  valideynləri onu 2001-ci ildə 15 nömrəli  uşaq musiqi məktəbinə Nadir Babayevin  sinfinə qoyublar. Nadir müəllim  tarın sirlərini  ona dərindən öyrətməyə çalışıb. Musiqi məktəbində oxuyarkən bir çox tədbir konsertlərdə iştirak edib. 2003-cü ildə keçirilən Bəhram Mansurov adına Respublika müsabiqəsinin laureatı olub. 2007-ci ildə çoxdan arzusunda olduğu  Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin "Xalq çalğı alətləri" ixtisasının tar sinfinə daxil olub. 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində iştirak edib. Bu müsabiqədə I yeri tutaraq laureat adını qazanıb. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində keçirilən "Asəf Zeynallı-100" müsabiqəsində I yerə layiq görülüb.  Çoxlu sayda diplomlar sahibi olan  Tofiq Məmmədovun  adı Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2009-cu ildə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb o,  xüsusi aylıq  təqaüdə layiq görülüb.

2009-cu ildə Tofiqin 6 muğamdan ibarət disk albomu çıxıb.

2011-ci ildə Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına   daxil olub. Hazırda III kursda təhsil alan T.Məmmədov  daha böyük uğurlar əldə etmək  üçün səylə çalışır. 

 

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.