Ölkəmizi layiqincə

təmsil edəcəyinə əmindir

 

Emil Əhmədzadə 2000-ci ildə Bakıda anadan olub. Paytaxtdakı   Rauf  Hacıyev adına 15  nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinfində  fortepiano ixtisası üzrə  əməkdar mədəniyyət işçisi  Tamilla Məmmədovanın  sinfində təhsil alır. Yaşıdlarından istedadı ilə fərqlənən, bir çox  beynəlxalq  müsabiqə festivalların qalibi olan  Emil Əhmədzadə ilk uğuruna 2011-ci ildə imza atıb. O, Rusiyanın ölkəmizdəki  səfirliyinin keçirdiyi  Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan VII Respublika baxış müsabiqəsində  rus klassik musiqisinin ən parlaq ifaçısı kimi II yerə layiq görülüb. 2012-ci ildə Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən gənc pianoçuların II Respublika müsabiqəsində  iştirak edərək laureat adını qazanıb. Həmin il Almaniyada keçirilən "Münhen ulduzları", Macarıstanda  "Macar oyunları" "Budapeşt ulduzları" beynəlxalq müsabiqələrində uğurlu iştirakına görə diplomlarla mükafatlandırılıb. Gənc istedad  xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi  "İstedad" mərkəzinin üzvüdür. O, Azərbaycan Respublikasının Ailə, Qadın Usaq Problemləri üzrə Dövlət Komitəsinin təskil etdiyi "İstedadlı usaqlar festivalı-2013" layihəsi üzrə qazandığı uğurlarına, Moskvada V.Spivakov  adına XI Beynəlxalq festivalda Çelyabinsk şəhərində "Dostluğun ipək yolu: mədəniyyətlərarası dialoq" adlı layihə çərçivəsində keçirilən festivallarda uğurlu ifalarına görə diplomlarla təltif edilib.

2014-cü ildə isə Azərbaycan Dövlət Filarmoniyasının Kamera Orqan zalında Gənclər gününə həsr olunmuş "Gəncliyin səsi " festivalında, həmçinin Gürcüstanda keçirilən pianoçuların VI  beynəlxalq müsabiqəsində uğurlarına görə diplomlarla  mükafatlandırılıb. 

Hazırda  Emil Əhmədzadə  Bakıdakı 214  nömrəli tam orta məktəbin IX sinfində təhsil alır.  Gələcəkdə beynəlxalq  müxtəlif nominasiyalar üzrə keçiriləcək  müsabiqələrdə ölkəmizi layiqincə təmsil edəcəyinə tam əmindir.

 

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.