Müsabiqə və festivallar qalibi

 

Abbas Abdullazadə 1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə 4 nömrəli Uşaq  İncəsənət Məktəbinin fortepiano sinfinə daxil olub. Burada təhsil alarkən bir çox tədbirlərdə uğurla çıxış edib. 2002-ci ildə Uşaq musiqi və incəsənət məktəblərinin "Qönçə-2002" devizi ilə keçirilmiş VI Bakı uşaq musiqi festivalında uğurlu  çıxışına görə fəxri fərmanla, 2006-cı ildə Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda müşayiət ifaçılığı baxışında ifasına görə diplomla mükafatlandırılıb. 2007-ci ildə gənc pianoçuların Q.Qarayev adına IV Respublika müsabiqəsində orta yaş qrupunda IV dərəcəli diplom qazanıb. 2008-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə daxil olub. Bu qədim musiqi ocağında daha həvəslə təhsil almağa, yeni nailiyyətlər qazanmaq üçün öz üzərində işləməyə başlayıb. Təhsil aldığı müddətdə bir çox müsabiqələrdə və festivallarda uğurla çıxış edərək laureat adına layiq görülüb. İxtisas müəllimi Diana Zəkiyevanın onun üzərində böyük əməyi olub. 2009-cu ildə "Asəf Zeynallı-100" müsabiqəsində III yeri tutub. 2010-cu ildə Ü.Hacıbəylinin 125 illiyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülüb. 2011-ci ildə  gənc pianoçuların festivalında çıxış edibdiplomla təltif olunub. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin  anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən Respublika müsabiqəsində II dərəcəli diploma layiq görülüb. Həmin il  Bakı Musiqi Akademiyasında prorektor Oqtay Abasquliyevin sinfinə daxil olub. II kurs tələbəsi olan  A.Abdullazadə 2014-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Uluslararası IX Pera Piyano Festivalı" 19-24 yaş solo kateqoriyalı piano yarışmasında  II yerin sahibi olub.

Abbas Abdullazadə gələcəkdə doğma Azərbaycanını bir çox xarici ölkələrdə  uğurla təmsil etmək üçün əzmlə çalışacağını  əminliklə ifadə edib.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.