Gənc istedad "Xatirə" ansamblının solistidir

 

İbrahim Babayev 1997-ci ildə Bakıda anadan olub.  2012-ci ildə  Bakıdakı   16 nömrəli  texniki-humanitar  liseyin  IX sinfini bitirib. Kiçik yaşlarından musiqiyə böyük  həvəs göstərib. Valideynləri onu  Bakıdakı  Fikrət Əmirov adına 6 nömrəli uşaq incəsənət məktəbinin pianino sinfinə qoyublar. Amma o heç vaxt pianoçu olmaq istəməyib. Məşhur tarzən olmaq arzusu ilə yaşayır. Yeri gəlmişkən qeyd edək ki, atası ixtisasca həkim olsa da, eyni zamanda tara olan məhəbbəti elə onda atası yaradıb. Övladının arzusunu nəzərə alaraq nəhayət o, İbrahimi pianino sinfindən çıxardaraq  tar sinfinə qoyub. İlk tarı ona sonradan üzərində çox böyük əziyyəti olan müəllimi Ələkbər Ələkbərov hədiyyə edib. Tarda ikinci sinifdə oxuyarkən Ələkbər müəllim onun ifasında  "Bayatı-kürd" muğamını dinləyib gələcəkdə çox gözəl tarzən olacağına böyük ümidlər bəslədiyini söyləyib. 2012-ci ildə İbrahim musiqi məktəbini bitirərək Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinə daxil olub. Müəllimləri olan böyük sənətkarlar,  professor Ağasəlim Abdullayevin Ələkbər Ələkbərovun onun üzərində əməyi çox olub. İstedadını nümayiş etdirmək  üçün respublika müsabiqələrinə qatılıb. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  II Respublika müsabiqəsində I yerə layiq görülüb. İ.Babayev uşaq gənclər arasında  xalq çalğı alətləri  ifaçılarının  III respublika müsabiqəsində  yüksək səviyyədə çıxış etdiyinə görə  I dərəcəli diplomla mükafatlandırılıb. Bu müsabiqə onun həyatında dəyişikliklər edib. Xalq artisti, professor Ramiz Quliyev onun ifasını çox bəyənib. Onu Azərbaycan Radio   Televiziya Verilişləri QSC tərkibində olan "Xatirə"  ansamblına apararaq  bədii rəhbər,  xalq artisti Adil Bağırova təqdim edib. Hazırda İbrahim "Xatirə" ansamblının solistidir.

Qeyd edək ki, Daşkənddə ilk dəfə olaraq  gənclər arasında keçirilən "Ana yurdun ahəngləri" adlı xalq çalğı alətləri müsabiqəsi keçirilib. Ölkəmizi təmsil edən İbrahim Babayev müsabiqənin II dərəcəli diplomuna layiq görülüb.

Hazırda İbrahim Babayev Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin III kursunda tar ixtisası üzrə təhsil alır.

Azərbaycan musiqisinin zəngin olduğunu söyləyən gənc istedadın  arzusu  Milli Konservatoriyaya daxil olmaqdır.

 

Sifai Səfərova

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.10.