14 yaşlı şahmatçımız beynəlxalq

qrossmeyster adına layiq görülüb

 

Azərbaycan şahmatçısı Günay Məmmədzadə 14 yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülüb. Şahmat Federasiyasından aldığımız məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Rusiyanın Soçi şəhərində keçirilən Prezident Şurasının iclasında qərar qəbul edilib.

Bununla da Günay  Məmmədzadə Azərbaycanın şahmat tarixində qadınlar arasında ən gənc qrossmeyster olub.

Qeyd edək ki, Günay Vüqar qızı Məmmədzadə 2000-ci ildə Bakı şəhərində anadan olub. 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbində  şahmatla məşğul olub. 2006-2007-ci illərdə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibidir.  O, dəfələrlə dünyaAvropa çempionatlarının mükafatçısıdır. İlk dəfə 2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında keçirilən yarışda III, IV yeri, 2007-ci ildə isə  Gürcüstanın  Batumi şəhərində keçirilən Avropa çempionatında isə  III yerə çıxıb. Həmin il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında  II,  2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I yerə çıxaraq üçrəngli bayrağımızı zirvəyə qaldırıb.  Vyetnamın Vunqtau şəhərində  səkkizyaşlı qızlar arasında keçirilən dünya çempionatında  III,  2009-cu ildə isə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında I yeri tutub.  2009-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi,  2007, 2008, 2009-cu illərdə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yerə layiq görülüb. 2011-ci ildə qadınların Bakı  çempionatında II,  sonralar dəfələrlə Avropa çempionu və beynəlxalq turnirlərin qalibi olub.  Nəhayət, 2012-ci ildə Rumıniyanın  Yası (İassi) şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatında  I yerə çıxaraq dünya çempionu adını qazanıb.

 

  Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.12.