Multimedia Tədris

Resursları təhsilə verir?

  

Gələcəyin layiqli qurucularının yetişdirilməsi sahəsində fəaliyyət göstərən hər bir müəllim özünü elmi cəhətdən təkmilləşdirməli, elmi ədəbiyyatı müntəzəm olaraq izləməli, yəni təhsilini fasiləsiz olaraq davam etdirməli, digər tərəfdən isə pedaqoji ustalığını artırmalıdır. Peşəkar  müəllimlə bərabər təlim prosesində ən  əsas resurs olan dərsliklər zamanın tələblərinə cavab verməlidir. Dərslik təhsil prosesində müəllim-şagird fəaliyyətinin  tam təsəvvür olunmasını üzvi şəkildə əlaqələndirilməsini təmin edir.

Keçmiş dərsliklərdən fərqli olaraq yeni dərsliklərin bir sıra əsas xüsusiyyətləri var. Yeni dərsliklər:

şagirdlərin məntiqi yaradıcı təfəkkürünü  inkişaf etdirir, təlim marağını gücləndirir, şagirdləri axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir;

tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların formalaşmasına zəmin yaradır;

fəndaxili fənlərarası inteqrasiya imkanlarını genişləndirir;

şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına şərait yaradır;

inklüzivlik prinsipləri gözlənilir.

Bu baxımdan İnnovativ Tədris Mənbələri şirkəti tərəfindən hazırlanan multimedia resursları qeyd olunan problemin həllində atılan ilk addımlardan biridir. Belə elektron dərsliklər nəinki, deyildiyi kimi, şagirdlərin gündəlik yükünü azaldacaq, eyni zamanda bir sıra müsbət cəhətləri ilə onların müstəqil olaraq bilik və bacarıqlar əldə etmələrinə daha geniş imkanlar açacaqdır.

Multimedia tədris resurslarının hər bir səhifəsində qeyd olunan işarələrin köməyi ilə şagird resurslar üzrə sərbəst işləyir.

Multimedia tədris resurslarının ən üstün cəhəti ondan ibarətdir ki, şagird müəllimin köməyi olmadan mətndə verilən şəkilləri müvafiq işarənin köməyi ilə canlandırır və həmin şəkillər üzrə əlavə məlumatlar əldə edir. Bu məlumatlar şagirdlərin  mətn üzrə daha çox informasiya əldə etməsinə  şərait yaradır. Adi dərsliklərdə şəkillər üzrə yalnız passiv  məlumat  alırdılarsa, multimedia tədris resurslarındakı şəkillər dinamikdir, şagirdlər sanki şəkillərlə ünsiyyət qurur, hər hansı canlı və cansız varlıqların təbiətdəki fərqli xüsusiyyətlərini daha yaxşı müşahidə edir, təbiət hadisələrini daha düzgün fərqləndiriə bilirlər. Bu görüntülər mətn üzrə işlədiyi zaman şagirdin tez yorulmasının qarşısını alır, dərs onun üçün daha  maraqlı və rəngarəng  olur.  Qeyd olunmalıdır ki, multimedia tədris resursları metodik cəhətdən də yeni dərsliklərin xüsusiyyətlərinə uyğun hazırlanmışdır. Mətnlərdə verilən şəkillər mətnin yaxşı mənimsənilməsinə çox kömək edir.

Bundan başqa, bu resurslarda uyğun işarənin köməyi ilə şagird ani bir vaxtda  mündəricat hissəsinə keçərək istənilən mövzunu səhifə üzrə seçə bilər. Bu da şagirdin dərslik üzrə işləyərkən vaxta qənaət etməsinə imkan verir.

Multimedia tədris resurslarının üstün cəhətlərindən biri də təlim prosesində inklüzivliyin gözlənilməsidir. Yəni dərsliyin hər səhifəsində müvafiq işarənin köməyi ilə səhifədə diktor mətninin oxunuşuxüsusi əl işarələri ilə eşitmə  nitq qüsuru   olan uşaqlar asanlıqla mövzuda nədən bəhs olunduğunu dərk edir. Bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim prosesinə marağını artırır və onların işini daha da asanlaşdırır.

Hazırlanan resurslar fənlər üzrə hər biri bir fləş karta yüklənib. İstifadəçi onu özü ilə istədiyi yerə aparaorada da imkan olduğu halda internetsiz öz dərsləri üzərində işləyə bilər. Bu resurslar şagirdlərdə İKT bacarıqlarının erkən yaş dövrlərində formalaşmasına imkan yaradır.

 

Sevda TAĞIYEVA,

Bakı Şəhəri üzrə Təhsil

İdarəsinin baş metodisti 

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.9.