"Yemək bişirməyi bacarmıram"

 

SABAH qruplarında təhsil alan tələbələrin yataqxanasından reportaj

 

Bəzən belə bir fikir səslənir ki, tələbə həyatını yaşamaq istəyən yataqxana şəraitində yaşamalıdır. Yataqxanada yaşamış tanışlarım da bu sözü təsdiqləyirdi. Deyirdilər ki, biz tələbəliyi təkcə universitetdə yox, elə yataqxanada da yaşamışıq. Yeni tədris ili bir neçə aydır başlayıb. İstədik ki, yataqxana şəraiti ilə yeni tanış olan tələbələrlə görüşək, onlarla söhbət edək. Bu məqsədlə bir neçə universitetin yataqxanaları ilə əlaqə saxladıq. Bəziləri təmirdə olduğu, bəzilərində isə məcburi köçkünlər məskunlaşdığı üçün yataqxana tapmaqda çətinliyimiz oldu. Nəhayət ki, "Damla" yataqxanası adı ilə tanınan və SABAH qruplarında təhsil alan, rayon qeydiyyatlı tələbələrin yerləşdiyi yataqxanaya yollandıq.   Müsahibimiz Nilgün Aslanova bizi qapıda qarşılayır. Yataqxana rəhbərliyi ilə salamlaşır və öyrənirik ki, 5 mərtəbədən ibarət olan bu yataqxanada böyük əksəriyyəti SABAH qrupunda təhsil alan tələbələr qalır. Digər tələbələrin isə sayı çox azdır. Lakin onlar SABAH qrupundan fərqli olaraq aylıq üç yüz manat ödəniş etməlidirlər.   Daha sonra Nilgünlə bərabər onun otağına qalxırıq, nədənsə otaq yoldaşları görünmürdü. Səbəbini soruşduqda:

 

- Onlar aşağıda stolüstü tennis oynayırlar, sabah yarışları varona hazırlaşırlar.

Onda Nilgün, biz elə səninlə yataqxana şəraitindən danışaq, - deyib, II kurs tələbəsi olanilk dəfə yataqxanada qalan bu xanımla söhbətə başlayırıq.

- Zəhmət olmasa, özün barədə məlumat ver.

- Nilgün Aslanova, 1995-ci ildə Gəncədə doğulmuşam.  Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinin SABAH qrupunun II kurs tələbəsiyəm. İqtisad Universitetinə daxil olmaqda məqsədim buradakı  Xüsusi İstedadlar Fakültəsində oxumaq idi. Sonra SABAH qruplarının açılacağını eşitdimora qəbul olmaq üçün bir il hazırlaşdım. Qəbul olduğuma zərrə qədər peşman deyiləm. SABAH-la adi qruplar arasında çox böyük fərq var. Əsl tələbəlik ab-havasını SABAH-a girəndə görə bildim. Burda ixtisaslaşırıq.

- Keçən il harda qalırdın?

-  "Nərimanov" metrosunun yaxınlığında kirayədə qalırdım. Amma qızlarla yox. Ayrı ev tutmuşdu valideynlərim. Sadəcə axşamlar qohumumuz gəlib yanımda qalırdı. Orada 375 manat ödəyirdim. Hələ kommunal  özümün də digər xərclərimi nəzərə alanda aylıq xərcim 800 manata gəlib çatırdı. Amma bu il valideynlərim onu çatdıra bilməzdilər. Bacım 11-ci sinif şagirdidir, hazırlığa gedir, onun da xərcləri var. Keçən il hər ay ərzində 50 manat təqaüd almışam. Bu ildən zərbəçiyəm. 79 manat alıram. SABAH-ın da təqaüdü var, 50 manatdır. Qiymətlərimin yaxşı olması üçün çalışıram ki, təqaüdüm artsın. Çünki qarşıma hədəf qoymuşam, bu il ailəmdən pul istəməyim. Əslində ailəmdən sonuncu dəfə sentyabrda 200 manat pul  almışam. Onu xərcləyib qurtarmışam. Amma təqaüdüm olduğu üçün artıq pul almağa ehtiyac qalmır.

- Yataqxanaya gəlməyin necə oldu?

- Eşitmişdim ki, bölgələrdən gələnlər üçün ödənişsiz yataqxana olacaq. Gündə 3 dəfə pulsuz yemək veriləcək. Açığı, əvvəl bu mənə real görünmədi. Bu barədə rəsmi açıqlama olandan sonra müraciət etdim. Yenə də valideynlərimin tərəddüdləri var idi. Dedilər ki, gedək şəraitə baxaq, xoşumuza gəlməsə yenə ev tutaq. Amma gəlib buradakı ab-havanı görəndən sonra yox demək mümkün deyildi.

- İndi aylıq xərclərin nə qədərdir?

- Burda xərclərim azalıb, kirayə pulu ödəmirəm. Yeməyi özləri verir. Artıq təqaüdümlə xərclərimi ödəyə bilirəm.

- Bu otaqda neçə nəfər qalırsınız?

- Üç nəfər qalırıq. Onlar da SABAH-ın tələbələridir. Bir nəfər Pirallahı qəsəbəsindəndir və İqtisad Universitetinin tələbəsidir, digəri isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir və Qubadandır.

- Maraqlıdır, qızlarla aranızda hansısa probleminiz olubmu?

- Yox, bəlkə evdə yaşasaydıq, bölgüsü olsaydı, aramızda nəsə problem yaşanardı. Amma  burada problem olmur. Bir neçə aydır buradayıq, bir-birimizə artıq öyrəşmişik.

- Yataqxanada dərs oxumaq çətindir?

- Əksinə. Gecə saat 4-də belə düşüb oxu zallarına baxın, elə bilərsiniz ki, günorta saat 4-dür. Hamı dərs oxuyur. Birinci mərtəbədə oxu zalı internet klub var. Orda həm oğlanlar, həm qızlar dərs oxuya bilər. Əvvəllər otağımda oxuyurdum, sonra mən həmin otaqlara düşdüm. Ətrafıma baxdım ki, oturmağa yer yoxdur. Evdə qalanda insanın həvəsi olmur, yorğun olursan, ya da televizora baxmaq, gəzmək üçün  bəhanə axtarırsan. Amma burada belə deyil. Ətrafında hamını oxuyan görəndə sən həvəslənirsən.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Kino zalımız var. Orda istədiyimiz filmləri izləyirik. Əvvəlcədən qeydiyyat bölməsinə yaxınlaşırıq. Fləşkartda filmi veririk, saat təyin edirik. Həmin vaxt divardan asılır istəyənlər o saatda yığışıb filmə baxırlar. Bu adətən 5-ci gün axşamlar olur. Bundan başqa, yataqxanada Tələbələrin İdarəçilik Sistemi yaradılıb. Biz özümüz rus, ingilis dillərində danışıq klubları təşkil edirik. Kitabxanamız var, amma kitab problemimiz olur. Təhsil Nazirliyi bizə maliyyə ayırıb. Hər tələbə istədiyi kitabın adını yazıb, siyahı hazırlanıb. Gələn həftə gedib kitabları alacağıq. Hər həftəni bir kitabın müzakirəsinə ayıracağıq. Tennis otağımız, trenajor zalımız var. Həm veloturlar təşkil edirik, paintbola gedirik.

- Yataqxanaya giriş çıxış saatları necə dəyişir?

- Səhərlər saat 7-dən açılır yataqxana. Həftəiçi axşam saat 11-də, həftəsonu saat 12-də bağlanır.

- Heç gecikmisən?

- Gecikməmişəm. Amma gəlmədiyimiz vaxt, ya da icazə almaq istəyiriksə icazə vərəqinə yazırıq səbəbin göstəririk. Nəzarətçilərə bu barədə məlumat verilir.

- Dedin ki, 3 dəfə pulsuz yemək verilir. Menyuda nələr olur?

- Yemək vaxtları səhər 7-dən 9-a, günorta 12-dən 3-ə qədər, axşam 6-8 arası olur. Həftəsonları  vaxt bir az dəyişir. 8-10,  1-3, 6-8-ə qədər vaxt verilir. Menyu da super (gülür). Şorba, püre-toyuq, balıq, qarabaşaq, düyü, salatlar, içkilər (ayran, kompot, soklar) s. Yemək bişirməyi bacarmıram. Bu yataqxana mənim üçün şans oldu. Əvvəl bufetimiz yox idi, yeni açılıb. Gün ərzində çayla içməyə şirniyyat alanda bir dəfə birimiz, başqa vaxt digərimiz alırıq. Yemək məsələsində başqa heç nəyə xərcimiz çıxmır.

Otaq bizə bir az soyuq gəlir, ona görə istilik sistemi ilə maraqlanırıq.

- İstilik sistemi bir neçə gündür işləyir artıq. Bütün otaqlarda normaldır. Sadəcə bizim otaq dəhlizin sonunda yerləşdiyi üçün bir az soyuq olur. Amma texniklərimiz var, bir problem olanda istədiyimiz vaxt çağırırıq, gəlib həll edirlər. Ümumiyyətlə, bir şikayətimiz olanda qeydiyyat bölməsindəki şikayətlər təkliflər dəftərinə yazırıq. Yataqxana rəhbərliyinə istədiyimiz vaxt problemlərimizi deyə bilirik.

Nilgün həm qeyd edir ki, yataqxanada mühafizə sistemi çox yaxşıdır. Günün istənilən saatında rahatlıqla həyətə çıxıb təmiz hava ala, gəzə bilirlər. Ümumiyyətlə, burada vaxtları çox yaxşı keçir. O, hətta bu yataqxana üçün belə deyir:

- Yataqxana bizim sosiallaşmağımıza çox kömək edir. Burada hətta susan da danışır.

Elə biz , susanların danışdığı oxu idman zalları ilə tanış oluruq. Nilgünlə çox qısa da olsa stolüstü tennis oynayırıq. Yataqxananın bufetində oturub çay da içirik.

Daha sonra oğlanların qaldığı otaqlardan birinə baş çəkirik. Bizi Murad Əliyev qarşılayır, amma otaqdakı digər tələbələr gözümüzə dəymir. Nədənsə özümüzü "Əhməd haradadır?" filmindəki yoxlamalar kimi hiss edirik. Müsahibimiz Murad deyir ki, o, ictimai fəaldır:

- Murad Əliyev, dünya iqtisadiyyatı ixtisasının SABAH qrupunun II kurs tələbəsiyəm. İsmayıllı şəhərindənəm, orda doğulub böyümüşəm. Keçən il kirayə qalırdım, "Memar Əcəmi" metrosunun yaxınlığında, həyət evi idi. Aylıq 60 manat ödəyirdim. Kommunal xərclər həmin məbləğə daxil idi. Yemək bişirə bilmirdim. Bişirəndə çətinlik çəkirdim.

- Keçən il aylıq xərcin qədər idi? Valideynlərin sənə qədər pul verirdi?

- Aylıq xərcim 200-300 manat arası dəyişirdi.  Keçən il təqaüdüm 50 manat idi, bu il isə zərbəçiyəm. Təbii ki, SABAH-ın da təqaüdü var. Amma yenə xərclərimi ailəm ödəyir. Bu il isə aylıq xərcim 100-150 manat arası dəyişir.

- Yataqxanada nədən razı, nədən narazısan?

- Bir otaqda 4 nəfər çoxdur. Biz hələ ki, 3 nəfər qalırıq. Fikirləşirəm ki, 4 nəfərlə qalsaydıq çətin olardı. İki nəfər daha idealdır. Tək olmağın da tərəfdarı deyiləm.

- Saat limitini aşmısan?

- Bəli, iki dəfə olub. Rəhbərliyə izahat vermişəm. Üzrlü səbəblərim olub, deyə problem yaşamamışam.

 Ümumiyyətlə mən, bizə yaradılmış şəraitdən çox razıyam. SABAH qruplarını da yüksək səviyyəli təhsil almaq üçün biz tələbələrə verilən böyük şans kimi qiymətləndirir bu layihənin təşəbbüsçüsü olan təhsil nazirimiz Mikayıl Cabbarova minnətdarlığımı bildirirəm.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2014.- 28 noyabr.- S.7.