Dünya universitetlərinin 2014-2015-ci illər
üzrə növbəti reytinq cədvəli
açıqlanıb
Qəzetimizin 26 sentyabr 2014-cü il tarixli 37
nömrəli sayında Böyük Britaniyanın
"Quacquarelli Symonds" şirkətinin dünyanın 200 ən
nüfuzlu ali məktəblərinin reytinq cədvəli (QS
World University Rankings) dərc olunub. Oktyabrın 2-də isə
Britaniyanın Times Higher Education jurnalı 2014-2015-ci illər üzrə dünyanın
400 ən yaxşı universitetinin növbəti reytinq cədvəlini açıqlayıb. Ali məktəblərin
akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından
hesab olunan Times Higher Education-un
növbəti araşdırması
dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir. Reytinq Thomson Reuters kompaniyasının təqdim
etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən
məlumatlara əsaslanır.
Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz
olaraq Amerikanın Kaliforniya Texnologiya Universiteti
başçılıq edir. Dünyanın 200 ən
nüfuzlu universitetlərinin siyahısına əsasən Amerika və
Böyük Britaniya universitetləri liderlik edir. İlk 10-luqda
Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil
olunur. Harvard Universiteti Oksford Universiteti ilə birlikdə siyahının 2-3-cü
sırasında yerləşib. Stenford Universiteti 4-cü,
Kembric Universiteti isə 5-ci yeri tutublar. M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti nəhayət ən yaxşı 200 universitet
arasında yer ala bilib. MDU 200 ən yaxşı ali məktəb
sıralamasında 196-cı yeri tutub. Times Higher Education
jurnalının redaktoru Fill Beyt Rusiyanı dünyanın 200 ən
yaxşı universitetləri sırasına qayıtması
münasibətilə təbrik edib.
MDU və Rusiyanın daha
2 ali məktəbi - Novosibirsk Dövlət Universiteti və
Moskva Fizika Mühəndislik İnstitutu təbiət elmləri
üzrə 100 ən yaxşı universitetlər
sırasına düşə biliblər. Ən
yaxşı 200 universitet
sıralamasında liderlik ABŞ-a məxsusdur. Amerika reytinqdə
ən çox - 74 universitetlə, Böyük Britaniya 29,
Almaniya 12 ali məktəblə təmsil olunib. Reytinq müəllifləri qeyd edirlər
ki, 2013-cü illə müqayisədə ABŞ və
Böyük Britaniya mövqelərini itirməkdədirlər.
2013-cü ildə ilk 200-lükdə 77 ABŞ, 31 Böyük
Britaniya ali məktəbi yer alıb.
Asiyanın aparıcı ali məktəbləri yüksəliş
dövrünü yaşayır. Son 20 ildə ilk dəfə ən
yaxşı 200 universitet sırasında 24 Asiya universiteti yer
alıb. Onlardan 2-si ilk "25-lik"-də, 6-sı 50 ən
yaxşı universitet sırasında qərarlaşıb. Asiyada bir nömrəli mövqe
Yaponiyaya məxsusdur. Ən yaxşı 200 universitet
sırasında Türkiyə 4 universitetlə - Orta
Doğu Texnik Universiteti (85),
Boğaziçi Universiteti
(139), İstanbul Texnik
Universiteti (165), Sabançı Universiteti (182) təmsil olunub.
Reytinq ali məktəblərin fəaliyyətini 13 əsas kriteriya - elmi-tədqiqatlar,
biliklərin ötürülməsi, beynəlxalq perspektivlər
və dünya reytinqləri üçün unikal hesab olunan -
tədris mühiti və s.
üzrə qiymətləndirib.
Reytinqlə
daha ətraflı
www.timeshighereducation.co.uk/worlduniversity-rankings/2014-15/world-ranking səhifəsindən
tanış olmaq olar.
Azərbaycan müəllimi.- 2014.- 3
oktyabr.- S.7.