İbtidai sinif müəlliminin
qabaqcıl iş təcrübəsi öyrənilib
Qabaqcıl təcrübənin
öyrənilməsi Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının metodiki iş sistemində əsas
istiqamətlərdən sayılır. Filialın
dislokasiyasına daxil olan
rayon və şəhərlərin
ümumtəhsil müəssisələrində
qarşılıqlı dərsdinləmələri,
"açıq dərs"lərin təşkili məhz
qabaqcıl təcrübənin müəyyənləşdirilməsi,
öyrənilməsi və tətbiqi işinə xidmət edir.
AMİ-nin Mingəçevir
filialının təşəbbüsü, Mingəçevir
Şəhər Təhsil Şöbəsinin
razılığı və tövsiyəsi ilə qabaqcıl
təcrübənin daha bir
ünvanı müəyyənləşdirilmişdir: Mingəçevir
şəhər təbiət-riyaziyyat və humanitar
elmlər təmayüllü liseyin ibtidai sinif müəllimi
Jalə Aftandil qızı Hüseynova.
AMİ-nin Mingəçevir filialının əməkdaşları
2013-2014-cü tədris ilində Jalə Hüseynovanın iş təcrübəsini
öyrənmişlər. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir
filialının direktoryanı şurasında Jalə
Hüseynovanın qabaqcıl iş təcrübəsi
geniş müzakirə edilmiş
və yayılması tövsiyə olunmuşdur.
Jalə
Hüseynova 1982-ci ildə Mingəçevir
şəhərində anadan olub. 1998-ci ildə Mingəçevir şəhər 10 nömrəli orta
məktəbi bitirib, elə həmin il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası və
metodikası" ixtisasına qəbul olunub.
Əmək fəaliyyətinə təhsil aldığı 10
nömrəli orta məktəbdə başlayıb, 2011-ci
ildən Mingəçevir şəhər təbiət-riyaziyyat
və humanitar təmayüllü liseydə
sinif müəllimi işləyir. Gənc
müəllim pedaqoji fəaliyyətə böyük həvəs və
yaradıcılıq ruhu ilə
başlayıb. Uğurları ilə valideynlərin hörmətini,
tədris idarəetmə qurumlarının diqqətini cəlb
edib.
Jalə
Hüseynovanın bütün dərsləri
şagirdlərin fəal iştirakı ilə canlı və
maraqlı keçir. Buna
səbəb müəllimin elmi və pedaqoji hazırlığı ilə
yanaşı, həm də dərsdə yeni
metod və üsullardan,
əyani vəsaitlərdən düzgün
və səmərəli istifadə etməsidir.
Jalə müəllim
təhsildəki yenilikləri, yeni təlim
texnologiyalarını, kurikulumun tələblərini,
müxtəlif treninqlərdə əldə etdiyi
bilikləri öz pedaqoji
fəaliyyətinə uğurla tətbiq edir. Onun təcrübəsində
diqqəti cəlb edən əsas cəhət informasiya-kommunikasiya
texnologiyaları ilə işə daha çox önəm verməsidir. Jalə
müəllim deyir ki,
dərsin əhəmiyyəti təkcə onun
məzmunu ilə deyil, həm də
forması ilə şərtlənir. Tədris zamanı texniki vasitələrdən istifadə məzmunun
daha tez
qavranılmasına kömək edir. Bu cür dərslər
şagirdlər tərəfindən maraqla
qarşılanır, asan mənimsənilir.
Dərsin motivasiya ilə başlanması
şagirdlərdə maraq oyatmaqla
bərabər, idrak qabiliyyətini yüksəldir,
fəallığı artırır. Şagirdlər lövhəyə
çıxıb müəllimin
tapşırıqlarını yerinə yetirməkdə həvəsli
olurlar. Müxtəlif təqdimatlar nümayiş etdirmək, kompüter
və proyektorlardan istifadə Jalə Hüseynovanın dərslərini
daha səmərəli və rəngarəng
edir.
Jalə müəllimin
dərsləri şagirdlərə sərbəst
düşüncə vərdişləri aşılayır,
düşünməyi öyrədir. Jalə
Hüseynovanın tədris prosesindəki uğurları
aşağıdakı məqamlarda özünü
göstərir:
- dərsin mərhələlərinin
əvvəlcədən düzgün
planlaşdırılması;
- dərsin tipindən asılı olmayaraq təlimin öyrədici, tərbiyəedici
və inkişafedici məqsədlərinin
düzgün müəyyənləşdirilməsi;
- iş
forması, təlim üsulu və resurslardan bacarıqla istifadə olunması;
- motivasiya mərhələsinin
üç əsas yolundan istifadə;
- tədqiqatın aparılması;
- informasiya mübadiləsi;
- informasiyanın müzakirəsi
və təşkili;
- nəticənin çıxarılması;
- produktiv (yaradıcı)
tətbiqetmə;
- qiymətləndirmə və
refleksiya və s.
Yaradıcı
axtarışlara xüsusi
önəm verən Jalə müəllim qeyd edir ki,
ibtidai siniflərdə
şagirdlərin qiymətləndirilməsində
ən yaxşı vasitələrdən biri sözdür. Verbal (sözlə) aparılan qiymətləndirmə şagirdlər
üçün maraqlıdır.
Azyaşlı uşaqlar təriflənməyi,
alqışlanmağı xoşladıqları
üçün sözlə
qiymətləndirmə onların
fəallığını daha da artırır.
Nəticədə şagirdlərin özünə inamı güclənir.
Jalə
Hüseynova zəhmətlə
dolu mənalı bir müəllim ömrü yaşayır. Uşaqlara qayğı, onların təlim və tərbiyəsi gənc müəllimin həyatının
mənasını təşkil
edir. Onun ən böyük
mükafatı şagirdlərin
ona olan məhəbbətidir.
Bilik
xəzinəsinə gedən
yollar dərsdən başlayır. Dərsin yüksək
səviyyədə təşkili
isə müəllim fəaliyyəti ilə bağlıdır. Bu həqiqəti yaxşı
bilən Jalə Hüseynova heç vaxt biliyi ilə
kifayətlənmir, dövrün
tələblərinə uyğun
olaraq daim mütaliə edir, axtarır, elmi-pedaqoji fəaliyyətini yüksəltmək
qayğısına qalır.
Çalışır ki, gələcəyin
qurucuları olan şagirdlər yüksək
savad və intellektə sahib olsunlar.
Namaz
MANAFOV,
AMİ-nin Mingəçevir filialının xarici dillər kafedrasının
müdiri, dosent,
Səhyəddin MƏMMƏDOV,
Əlavə təhsilə metodiki
xidmət kabinetinin müdiri
Azərbaycan müəllimi.-
2014.- 3 oktyabr.- S.9.