"Təkcə ictimai
nəqliyyatdan istifadə
zamanı 26 kitab
oxumuşam"
Mütaliə ilə bağlı əməkdaşımızın budəfəki hədəfi ali məktəb tələbələri oldu
Mütaliə ilə bağlı qəzetimizin ötən sayında dərc olunmuş yazını hazırlayarkən şagirdlər arasında apardığımız araşdırma zamanı yeniyetmələrin demək olar ki, əksəriyyəti ali məktəblərə qəbul imtahanlarına hazırlaşdıqlarına görə mütaliə ilə məşğul olmadıqlarını etiraf edir, bəziləri hətta tələbə olduqdan sonra bədii ədəbiyyat oxuyacaqlarını bildirirdilər. Bəs görəsən, ali məktəblərdə təhsil alan tələbələrimiz arasında mütaliə ilə bağlı mövcud vəziyyət necədir? Tələbələr hansı ədəbiyyatları oxumağa üstünlük verirlər? Məsələnin aktuallığını nəzərə alıb paytaxtın iki ali məktəbində olduq və tələbələrlə söhbətləşdik. Mütaliə ilə bağlı, təbii ki, bu dəfə də mütəxəssis fikrinə ehtiyac duyduğumuzdan onlardan bir neçəsinə müraciət etdik.
İlk həmsöhbətlərimiz
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin I və III kurs tələbələri
oldu.
III kurs tələbəsi
Natəvan Abdullayeva hər gün mütaliə ilə məşğul
olduğunu desə də ondan axırıncı dəfə
hansı kitabı oxuduğunu
soruşduqda cavab verməkdə
çətinlik çəkdi.
I kursda təhsil alan tələbə
Şahsənəm Şiriyevanın "Hazırda hansı ədəbiyyatları
mütaliə edirsən" sualına cavabı konkret oldu:
- "Heç bir kitab oxumuram.
Kitaba marağım azdır. Ətrafımda mütaliə edən
uşaqlar yoxdur və mən də oxumağa ehtiyac duymuram.
Universitetdə müəllimimiz oxuyacağımız
yazıçı və şairlərin əsərlərindən
ibarət bir siyahı verib. Məcbur olub onları
oxumalıyam". Onunla
eyni kursda olan, lakin fərqli ixtisas üzrə təhsil
alan Osman Cəfərli mütaliəsiz yaşaya bilmədiyini desə də
cəmi 3-4 kitabın
adını çətinliklə yadına saldı. III kurs tələbəsi olan
Gültəkin Muradova hazırda 3 əsəri birdən
oxuduğunu, bunun üçün gününün
müəyyən hissələrini həmin kitabları oxumaq
üçün ayırdığını bildirdi. Təkcə
ictimai nəqliyyatdan istifadə zamanı 26 kitab oxuduğunu
söyləyən tələbə mütaliənin onun bədii
zövqünün
formalaşmasında əhəmiyyətli rol
oynadığını istisna etmədi. Onunla eyni kursda olan, eyni ixtisas üzrə təhsil
alan Günel İbrahimli məktəb
vaxtı mütaliə ilə məşğul olmağa həvəs
göstərmədiyini, lakin tələbə olduqdan sonra onda
kitab oxumağa maraq yarandığını söylədi.
Oxuduğu xeyli sayda
kitabın adını
çəkən Günel mütaliə etdiyi əsərlərlə
bağlı təəssüratlarını, xoşuna gələn
sitatları ayrıca bir dəftərə qeyd etdiyini də
dedi. III kurs tələbəsi Validə Hüseynova Azərbaycanın
müasir gənc yazarlarının əsərlərinin onu
daha çox cəlb etdiyini söylədi və son vaxtlar
oxuduğu bir neçə kitabın adını çəkdi.
Bildirdi ki, kitaba maraq ona valideynlərindən keçib,
gözünü açandan onların mütaliə ilə məşğul
olduqlarını görüb.
Növbəti obyektimiz Bakı Slavyan
Universiteti oldu. Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin I
və III kurs tələbələri ilə söhbətimiz
zamanı onlara müəllimlər
tərəfindən semestr ərzində oxuyacaqları yazıçı və
şairlərin əsərlərindən ibarət bir
siyahı verildiyini, əsasən mütaliələrini həmin
oxunması vacib hesab edilən əsərlər üzərində
qurduqlarını və
oxuduqları əsərlərin imtahan prosesində nəzərə
alındığını söylədilər. III kurs tələbəsi
Gülarə Abuzərova yayda şəxsi istəyi ilə 2 bədii kitabı,
qalanlarının isə müəllimin təqdim etdiyi
siyahı əsasında oxuduğunu bildirdi. III kurs tələbəsi
olan digər tələbə Xədicə Cahangirli daha çox xarici ölkələrin
yazıçılarının əsərlərini mütaliə
etməyə üstünlük verdiyini dedi və axırıncı dəfə
oxuduğu bir neçə əsərin adını çəkdi.
III kurs tələbəsi Cəbrayıl Əlili və
I kurs tələbəsi Zeynəb
Mikayılova kitab oxumağa, mütaliə etməyə qətiyyən
maraqları olmadıqlarını, müəllimin verdiyi
siyahıdakı əsərləri isə məcbur olub
oxuduqlarını bildirdilər. Səbəbini isə belə
açıqladılar: "Həvəsimiz yoxdur. Mütaliə bizi maraqlandırmır". III
kursda təhsil alan Türkan Aşurova da mütaliəsini
müəllimin tapşırdığı əsərlər üzərində qurduğunu
söylədi. Onunla eyni kursda, lakin ayrı ixtisas üzrə təhsil
alan Nəzrin
Dadaşova əsasən müəllimin
tapşırdığı əsərləri oxuduğunu və
bu əsərləri dərsdə tələbə
yoldaşları ilə birlikdə müzakirə etdiklərini
bildirdi. Yay tətili dövründə
özü üçün maraqlı hesab edərək
oxuduğu 2 kitabın adını çəkdi.
Hər iki ali məktəbin ümumilikdə 21 tələbəsi ilə
apardığımız sorğunun nəticələrindən
aydın oldu ki, gənclərimizin əksəriyyəti
mütaliə ilə məşğuldur. Ancaq özlərinin də
vurğuladığı kimi, mütaliələrini əsasən
müəllimin tapşırdığı əsərlər üzərində qururlar.
Bugünkü gənclərin səxsi istəyi (onların
sayı isə kifayət qədər azdır) ilə
oxuduğu əsərlər içərisində Azərbaycan
klassiklərinin əsərlərinin olduqca az
yer alması təəssüf doğurur. Özünü
mütaliə həvəskarı kimi göstərən bəzi
gənclərimiz elə yazarların əsərlərinin
adını çəkirdi ki, onların hələ
heç özləri Azərbaycan
ədəbi mühitində o qədər
də yaxşı tanınmır. Tələbələrimizin
düşüncə tərzində bir iz qoymayacaq, təhsil həyatlarında,
bütövlükdə dünyagörüşlərinin
formalaşmasında, həyata baxışlarının
müsbət mənada dəyişməsində əhəmiyyətli rol
oynamayan həmin yazarların əsərlərinə gənclər
tərəfindən bu qədər maraq göstərilməsi əslində narahatlıq doğurur.
Bədii əsərləri
oxumayanların
şifahi
və yazılı nitqi qüsurlu olur
Buludxan
XƏLİLOV,
filologiya
üzrə elmlər doktoru, professor
Bədii əsər oxumayan, mütaliə ilə məşğul
olmayan insan mənəvi
cəhətdən kamil ola bilməz. İndi
yeniyetmələrin, gənclərin böyük əksəriyyəti
bədii əsər oxumaq tələbatından və
ehtiyacından çox-çox uzaqdır. Bunun
bir neçə obyektiv və subyektiv səbəbi vardır.
Obyektiv səbəbi onunla bağlıdır ki,
mövcud test sistemi şagirdlərin dərslikdə olan bədii
əsərlərin məzmununu, təhlilini, ideyasını
öyrənməyə və mənimsəməyə imkan
vermir. Başqa bir tərəfdən isə
informasiya- kommunikasiya texnologiyaları vasitələrinin məişətimizə
daxil olması şagirdlərin böyük əksəriyyətinin
vaxtını əlindən alır. Yaxşı
olar ki, orta məktəbdə oxuyan şagirdlər
üçün bədii ədəbiyyat oxumaq barədə
vahid tələblər qoyulsun. Həmin tələblərə
görə, proqramda olan bədii əsərləri oxumayan,
şeir parçalarını əzbərdən bilməyən
şagirdlərə qiymət vermək olmaz.
Bu gün bədii əsərlərdən
uzaq düşən şagirdlər müstəqil
danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Bədii əsər oxumayan şagirdin lüğət
tərkibi də kasad olur. O danışanda çətinlik
çəkir, fikrini ifadə etmək üçün söz
tapa bilmir.
Ümumiyyətlə, bədii
zövqü bədii əsərlər formalaşdırır. Bədii əsərləri oxumayanların şifahi və
yazılı nitqi qüsurlu olur.
Bu problemin həllinə kömək üçün təklif
edirəm:
- İbtidai siniflərdə tədris olunan bədii əsərlərin
standartları elə asan və sadə olmalıdır ki, onu hər
bir ibtidai sinif şagirdi mənimsəmiş olsun;
- Yuxarı siniflərdə dərsliklərə ən
vacib bədii əsərlər salınmalıdır;
- Həm ibtidai siniflərdə, həm də yuxarı
siniflərdə şagirdlərin bədii ədəbiyyata
marağını artırmaq üçün bədii qiraətlər
keçirilməli, vaxtilə orta məktəblərdə fəaliyyət
göstərən özfəaliyyət dərnəklərinin
işini gücləndirmək lazımdır (Bu dərnəklərdə
səhnəciklər hazırlanaraq şagirdlərin
ifasında təqdim olunurdu);
- Orta məktəb uşaqları üçün
çap olunan kitablara - bədii əsərlərə xüsusi
yer ayrılmalı, məktəblərdə şair və
yazıçılarla görüşlərin sayı
artırılmalıdır;
- Ali məktəblərin filologiya fakültələrində
oxunması məcburi olan bədii əsərlərin
siyahısı tərtib olunmalı və tələbələrin
həmin bədii əsərləri oxuması məcburi
sayılmalıdır və s.
İdmanın
bədənə göstərdiyi
təsiri,
kitab beyinə göstərir
Fərrux
RÜSTƏMOV,
pedaqoji
elmlər doktoru,
professor,
əməkdar elm xadimi
Mütaliə insanı kamilləşdirir,
onun nitq və qabiliyyətini inkişaf etdirir, onu yaxın-uzaq
keçmişə aparır. Müdriklərdən
biri deyib ki: "İdmanın bədənə göstərdiyi
təsiri, kitab beyinə göstərir". İnsanların
mənəvi inkişafı, şəxsiyyət kimi
formalaşmasında mütaliə vərdişi mühüm
rol oynayır.
Hər bir fərdin şəxsiyyətə
çevrilməsi, cəmiyyətdə sosiallaşması,
mövqe qazanması onun təhsil səviyyəsi ilə
bağlıdır. Ümumtəhsil məktəblərində
şagirdlər, ali məktəblərdə
tələbələr, hətta onları öyrədənlərin
özləri belə bədii ədəbiyyat oxumağa həvəs
göstərmirlər. Fikrimizcə, bunların səbəbləri
aşağıdakılardır:
- kitab oxuma vərdişinin kiçikyaşlı uşaqlara
aşılanmaması;
- uşaqların asudə
vaxtının düzgün bölünməməsi, telefondan
və kompüterdən istifadəyə çox vaxt sərf
edilməsi;
- nəşr edilən ədəbiyyatın
azlığı və baha olması;
- kitab təbliğatının zəif
olması, şəhərdə kitab mağazalarının
sayının kəskin şəkildə azalması;
- tədris yükünün
ağır olması, asudə vaxtın qalmaması.
Təcrübə göstərir ki, şagirdlər
az-çox ibtidai siniflərdə müəllimlərin təkidli
tələbləri
nəticəsində
həcmcə kiçik
olan kitablar oxuyurlar. Yuxarı siniflərdə isə bu vərdiş
unudulur, çünki şagirdi də, valideyni də, müəllimi
də bir məsələ düşündürür:
şagirdin ali məktəbə qəbul
olunması. Bunun üçün isə yeganə
yol - yaddaşı inkişaf etdirməkdən, müəyyən
fənlərlə bağlı testləri əzbərləməkdən
ibarətdir.
Kitab oxuma vərdişini daha çox
valideynlər yaratmalıdırlar. Təəssüflər
olsun ki, uşaqlara kiçik yaşlarından şəkilli
kitablar, nağıllar oxumaq əvəzinə valideynlər,
xüsusilə analar, onlara mane olmasın deyə, uşaqlarının
qarşılarına planşet qoyur, müxtəlif
oyunlar təqdim edirlər. İndi elə
uşaqlar var ki, planşetlə, kompüterlə yatır və
onunla da oyanır. Onlar kompüterdən
asılı vəziyyətə düşüblər. Bu onların həm səhhətinə, həm də
şəxsiyyət kimi formalaşmasına mənfi təsir
göstərir. Oxunan bədii kitabların
böyük əksəriyyəti isə faydasız kitablar
olur. Ən yaxşı kitab insanı
düşünməyə vadar edən kitabdır. Elə kitablar var ki, onları oxumaq xeyirdən
çox ziyan gətirir. Vaxtilə F.Bekon
deyirdi ki, kitab zamanın dalğaları üzərində səyahət
edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə
daşıyan fikir gəmisidir.
Uşaqlara kiçik yaşlarından
oxuma, öyrənmə və düşünmə vərdişinin
aşılanması zəruri və vacibdir.
Ailə
kitabxanası ənənəsi
yenidən bərpa olunmalıdır
Qəzənfər
PAŞAYEV,
filologiya
üzrə elmlər doktoru, professor
Kitab oxumaq, mütaliə ilə məşğul olmaq insanın söz
ehtiyatının zənginləşməsində, dünyagörüşünün,
gözəl nitq mədəniyyətinin formalaşmasında, ən
başlıcası onun həyata
baxışının yaxşı mənada dəyişməsində
əhəmiyyətli rol oynayır.
Çox təəssüf ki, bu gün
doğrudan da kitab oxuyanların, mütaliə ilə məşğul
olanların sayı azalıb. Xüsusən bu, yeniyetmə
və gənclərimiz arasında artıq kütləvi xarakter halını almağa
başlayıb. Mənim fikrimcə, bunun əsas
səbəblərindən biri son illər informasiya-kommunikasiya
texnologiyalarının sürətlə həyatımıza
daxil olması, xüsusilə böyüməkdə olan gənc
nəslin həyatında həlledici amilə çevrilməsi,
ölkəmizdə saysız-hesabsız xarici TV
kanallarının yayımlanması bütövlükdə
mütaliəyə olan marağı azaldıb.
İmtahanların test vasitəsilə aparılması, imtahan
prosesində müəllimlə gənc arasında canlı
ünsiyyətin olmaması, uşaqların yalnız seçdikləri
ixtisasa müvafiq biliklərə yiyələnərək
bununla kifayətlənmələri və digər
sadalamadığım səbəblər,
düşünürəm ki, son nəticədə onların
hərtərəfli dünyagörüşünün
artırılmasında, öz fikirlərini səlis,
düzgün şəkildə ifadə edə bilməsində,
nitq mədəniyyətinin formalaşmasında müəyyən
çətinliklər yaradır.
Çoxları mənimlə
razılaşar ki, vaxtilə bizim gözəl mütaliə mədəniyyətimiz
var idi. Yəqin ki, çoxlarının yadında
olar, hansı sahədə işləməsindən
asılı olmayaraq hər bir kəsin evində kitabxana olardı
və burada müxtəlif mövzularda kitablar saxlanılardı.
Düşünürəm ki, həmin
gözəl ənənə yenidən bərpa
olunmalıdır.
Uşaqlarda mütaliə mədəniyyəti
kiçik yaşlarından formalaşmalıdır. Bu mühit,
ilk növbədə, ailədə yaranmalı, sonradan isə
məktəb illərində müəllimlər tərəfindən
uşaqlar mütaliə ilə məşğul olmağa
istiqamətləndirilməli, universitet illərində də
mütaliə mütləq davam etdirilməlidir.
Mütaliə
insan xarakterinin formalaşmasına
təsir
göstərən amillərdəndir
Alxan
BAYRAMOĞLU,
filologiya
üzrə elmlər doktoru, professor
Mütaliə -
dünyagörüşdür, söz ehtiyatıdır, nitq mədəniyyətidir,
həyat təcrübəsidir, əxlaq tərbiyəsidir,
insan xarakterinin formalaşmasına təsir göstərən
amillərdəndir, ədəbi zövqdür, həyat tərzidir. Demək, mütaliə ümummilli işdir, millət
və dövlət üçün taleyüklü məsələdir.
Ona görə bu iş dövlətin strateji maraqlarından
biri kimi diqqət mərkəzində saxlanılmalıdır.
Demək olmaz ki, ölkədə,
xüsusən gənclər arasında mütaliə yoxdur. Xeyr, var, ancaq bir qədər zəif və xeyli pərakəndə
haldadır. Zəiflik ona görədir ki, əsrin,
dövrün ritmi çox sürətlidir və geniş
mütaliəyə vaxt və səbr məhdudlaşıb.
Hər kəs kitabxanaya getməyə vaxt sərf
etmək istəməyib bütün informasiya ehtiyacını
da, bədii tələbatını da İnternet vasitəsilə
ödəməyə üstünlük verir. Bundan başqa, mütaliə orta məktəbdən
aşılanmalı olduğu halda orta məktəbin tədris
planları o qədər yüklənib ki, şagirddə əlavə
oxuya vaxt və güc çatmır.
Mütaliəni fəal həyat mövqeyi səviyyəsinə
çatdırıb milli və dövləti mənafeyimizə
uyğun strateji məqsədlərə yönəltmək
üçün kitab nəşrini heç olmasa ictimai nəzarətə
götürmək, bunun üçün mütəxəssislərin
təmsil olunduqları qurumlar yaratmaq, kitabxana - oxucu münasibətlərini
işgüzar şəklə salmaq, hazırda keçirilən
"imza günləri"ni məktəblərdə təşkil
etmək, bu zaman müəllifin mənafeyinə toxunmamaq şərti
ilə kitabların satış qiymətlərini güzəştli
şərtlərlə təklif etmək lazımdır.
Gənclər, tələbə və
şagirdlər alimi və müəllimi - elm, bilik və
intellekt daşıyıcısını nüfuzlu və təminatlı
görsə, onda oxumaq, mütaliə həvəsi də,
marağı da artar.
Hazırladı:
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2014.- 3 oktyabr.- S.3.