Şagirdlərin sevimlisi

 

Şərəfli peşə sahiblərindən söz düşəndə ilk növbədə, müəllimlərimiz yada düşür. Bu peşə qaranlıqları nura boyayan, gələcəyin alimlərini, həkimlərini, müəllimlərini yetişdirən, ağla, düşüncəyə aydınlıq bəxş edən bir peşədir. Müəllimlər hər bir çətinliyə sinə gərib, bütün güclərini şagirdlərin yaxşı oxumasına, tərbiyəsinə sərf edirlər. Ömrünü müqəddəs peşəyə həsr edən fədakar müəllimlərimizdən biri də 32 nömrəli Ağdam tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Firəngiz Abdullayevadır.

O, 1955-ci ildə Ağdamda müəllim ailəsində anadan olub. Orta təhsilini 1972-ci ildə 2 nömrəli beynəlmiləl məktəbdə başa vuran Firəngiz xanım arzusunda olduğu müəllim peşəsinə yiyələnmək üçün sənədlərini Azərbaycan Pedaqoji İnstitutuna verir, elə həmin il də qəbul olur. 1976-cı ildə ali təhsilini "Azərbaycan dili və ədəbiyyat müəllimi" ixtisası üzrə başa vurduqdan sonra təhsil aldığı məktəbdə müəllimləri ilə birlikdə çiyin-çiyinə çalışır.

1991-ci ildən F.Abdullayeva Qarabağ hadisələri ilə əlaqədar 6 il Masallı rayonunda məskunlaşaraq ixtisası üzrə müəllim işləyib. İş təcrübəsi Bakı Şəhər Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda, Ağdam Rayon Təhsil Şöbəsində geniş yayılıb. Təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat kabineti rayon baxışında birinci yer tutub. Dərs dediyi şagirdlər rayon səviyyəli tədbirlərdə, məktəblərarası və rayonlararası bilik yarışlarında, müsabiqələrdə birincilik qazanıb. İşlədiyi müddət ərzində zəngin ədəbiyyat kabineti və "Folklor" klubu yaratmış, müxtəlif tədbirlər, müzakirələr, disputlar keçirmişdir. "Folklor" klubunda şagirdlərin topladıqları bayatılar, atalar sözləri və məsəllər, folklor nümunələri onlarda müsbət keyfiyyətlər formalaşdırır.

F. Abdullayeva ilk növbədə fənnini şagirdlərinə sevdirməyə çalışır. Şagirdlərin mənəviyyatını saflaşdırıb onlarda gözəl insani keyfiyyətlər aşılayır. Sözün məna və gözəlliyinə, onun ən incə çalarlarına qarşı həssaslıq yaradır, ana dilimizi sevməyi, onu yad ünsürlərdən qorumağı tövsiyə edir.

Firəngiz müəllim gənc nəslin dünyagörüşünün, bədii-estetik zövqünün, mədəni səviyyəsinin, mənəvi aləminin zənginləşməsində mütaliənin mühüm rol oynadığını bilərək şagirdlərində mütaliəyə həvəs oyadır. Şagirdlərin müstəqil fəaliyyətlərini, onlarda düşünmək, sərbəst rəy söyləmək, şəxsiyyəti qiymətləndirmək, əməkdaşlıq etmək, başqalarını dinləmək bacarığını, natiqlik qabiliyyətlərini, tənqidi təfəkkürlərini inkişaf etdirməyə çalışır. Bir müəllim kimi o hər zaman şagirdlərinə düzgün tərbiyə, dərin bilik verməyə çalışır. Bunun da nəticəsidir ki, vaxtilə dərs dediyi şagirdləri bu günün həkimləri, hüquqşünasları, mühəndisləri, müəllimləri və digər peşə sahibləridir. F.Abdullayeva onların hər birinin uğuruna ürəkdən sevinir, fəxr edir. Axı, onların uğurunda müəllimlərinin zəhməti az olmayıb.

Şagirdlərin sevimlisi olan Firəngiz müəllim biliklərini hər zaman artıraraq öz üzərində çalışmaqdan yorulmur, işinin öhdəsindən layiqincə gəlir. Təhsil sahəsində gedən islahatları izləyir, bu sahədə keçirilən treninqlərdə fəal iştirak edir. Bu günə kimi altmışa yaxın pedaqoji məqaləsi respublikayerli qəzetlərdə dərc olunub. F.Abdullayeva dəfələrlə respublika müəllimlərinin qurultayına nümayəndə seçilmişdir.

O, bu günöz işini, ürəkdən  bağlandığı, sevdiyi müəllimlik peşəsini davam etdirməkdədir. Pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2013-cü ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş, həm də "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Dincliyini ancaq öz işində, gücündə tapan, şagirdlərini bircə balası qədər sevən Firəngiz müəllimə cansağlığı, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

 

Kəmalə RƏHİMLİ,

"Təhsil" jurnalının əməkdaşı

 

Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.8.