2014-cü ilin Nobel
mükafatı
laureatlarının
adları açıqlanıb
İsveçin
paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə
uyğun olaraq elm sahəsində
2014-cü il üzrə Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. Bu barədə
Nobel Mükafatları Komitəsi məlumat yayıb. Hər
il oktyabrın ilk günlərində
Nobel həftəliyi (6-13 oktyabr) çərçivəsində
tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat üzrə
laureatların adları açıqlanır.
Oktyabrın
6-da İsveçin Karolinsk İnstitutu ilk olaraq
tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatlarının adlarını
açıqlayıb. http://www.nobelprize.org/
saytının məlumatına əsasən, 2014-cü il fiziologiya və tibb
üzrə Nobel mükafatına
"Beyində mövqe müəyyənləşdirmə
sisteminə cavab verən hüceyrələrin kəşfi"nə görə
ABŞ-Britaniya alimi Con O’Keefe və norveçli 2 alim - May-Britt
Moser və Edvard Moser cütlüyü layiq görülüb.
Mükafatın yarısı Con O’Keefeyə, yarısı isə
norveçli cütlüyə verilib. Bu üç alim birlikdə
beyində "GPS" sistemini xatırladan və insanlara məkanda
istiqamətlənməyə, mövqe tutmağa kömək
edən beyin hüceyrələrini kəşf ediblər. Nobel
Mükafatları Komitəsinin açıqlamasında
qeyd olunur ki, "onların işi kəllə beynində sinir
hüceyrələrinin necə mürəkkəb bir
intellektual prosesdən keçdiyini göstərib". Onlar
beyində insanın fəzada
mövqeyini müəyyənləşdirən hüceyrələr
tapıblar. İsveç Nobel
Mükafatları Komitəsinin məlumatında
qeyd olunur ki, alimlərin kəşfi filosofların və alimlərin əsrlərlə
düşündükləri problemi
həll edir: "Beyin bizi əhatə edən fəzanın
xəritəsini necə yaradır? Biz bu mürəkkəb ətraf
mühitdə yolumuzu necə tapa
bilirik?". Kəşf olunan hüceyrələr beyində
mövqenin müəyyənləşməsi sisteminə cavab
verir. Bu sistem beyində
"daxili GPS sistemidir". 1971-ci ildə O’Keefe ilk dəfə
sistemin ilk hissəsini-xüsusi hüceyrələri kəşf
edib. Bu hüceyrələr xəritəni yaratmağa kömək
edir. Con O’Keefenin tələbələri
Edvard və May-Britt Moserlər isə 2005-ci ildə beyin toxumasında daha bir hüceyrə
tipi (grid-cells) aşkar ediblər.
Bu hüceyrə koordinasiya və istiqamət sisteminin
yaradılmasına xidmət edir.
Onların kəşf etdiyi hüceyrələr
koordinasiya sistemini yaradır. Alimlərin tədqiqatları
bütün dünyada hər il yüz milyardlarla dollar xərclənən
Alzheimer xəstəliyi ilə mübarizədə də
böyük rol oynaya bilər. Ekspertlərə
görə, alimlər beyində naviqasiya sisteminin fundamental
iş prinsipini kəşf ediblər. Bu kəşf yaddaş, təfəkkür və planlaşdırma kimi digər koqnitiv prosesləri anlamaq üçün yeni imkanlar
açır. Bu tədqiqat baş-beyinin xəstəliklərinin müalicəsində yeni
texnologiyaların işlənib hazırlanmasına inkan verəcək.
"Alimlər canlı hüceyrələr
daxilində ayrı-ayrı molekulların hərəkət
yolunu izləyə biliblər. İndi tam əminlklə
molekulların insan beynində
necə əlaqə
yaratması, Parkinson, Alzheimer və Xantinqton xəstəliklərinin
yaranmasında iştirak edən zülalları tədqiq etmək,
eləcə də embrionlarda hansı proseslərin getdiyini
müəyyən etmək olar",-deyə Nobel Komitəsinin
açıqlamasında bildirilir.
May-Britt ali elm mükafatına layiq görülməsi xəbərini
şok içində qarşıladığını bildirib. Onun əri
isə təyyarə ilə Münhenə uçduğundan xəbəri
gec alıb. "Təyyarədən düşəndə bir nəfər əlində
gül dəstəsi ilə məni
qarşılayaraq yaxınlıqdakı maşına dəvət etdi. Nə baş verdiyini bilmədim. Telefonumu açanda 150 xəbər və 75 yazılı mesaj gördüm. Mesajlardan biri Nobel
Komitəsindən Qoran Hanssondan idi. Artıq
hər şeyi başa düşdüm. Fantastik bir
gündür" .
Qeyd olunmalıdır ki, bu il tibb və
fiziologiya üzrə Nobel mükafatına 263 alimin namizədliyi
irəli sürülüb.
***
İsveç
Kral Elmlər Akademiyası oktyabrın 7-də
fizika üzrə 2014-cü ilin Nobel mükafatı
laureatlarının adlarını açıqlayıb. Akademiyanın qərarı ilə yaponiyalı alimlər İsamu Akasaki, Hiroshi Amano
və Shuji Nakamura ali elmi
mükafata layiq
görülüblər.
Nobel Mükafatları Komitəsinin
açıqlamasında qeyd olunur ki, alimlər parlaq və effektiv göy
işıq saçan diodlar kəşf
ediblər. Alimlər bu mükafata az
enerjili, effektiv göy işıq diodları - LED sahəsində
gördükləri işlərə görə layiq
görülüblər. Alimlərin işləri sayəsində
yüksək səmərəli ağ işıq mənbələri
ümumi istifadəyə verilib, onlardan gündəlik cihazlarda, məsələn,
smartfonlarda istifadə olunur.
Alimlər bu diodu
1990-cı illərin əvvəllərində
hazırlayıbar. Nobel Komitəsi qeyd edib ki,
qırmızı və yaşıl işıq diodları on
illərlə istifadədə olub,
LED isə bu sahədə əsl inqilab edib.
Nobel Mükafatları Komitəsinin
açıqlamasına
müvafiq olaraq, alimlərin
tədqiqatları
bütün müasir texnika
və elektron texnologiyasının simasını tamamilə dəyişib.
Alimlər qeyd ediblər ki, diodlar vasitəsi ilə
aparılan işlərdə
praktik nəticələrin əldə olunması
nitrid-halliumun zəruri kristallarını əldə etməyə imkan verib. Göy diodlar fasiləsiz olaraq 100 min saat
işləyə bilər. Bu ixtira köhnə
işıq mənbələrinə daha davamlı və səmərəli
alternativ olan ağ işığın əldə
edilməsində yeni imkanlar açır. "Dünyada istehsal olunan elektrik
enerjisinin dörddə biri işıqlandırmaya sərf olunduğundan LED
texnologiyası planetimizin enerji ehtiyatlarının
qorunmasını təmin edir",- Nobel Komitəsinin bəyanatında
qeyd olunur.
Tələbələrlə görüşündə İsamu Akasaki heç vaxt bu cür yüksək
ada layiq olduğunu düşünmədiyini etiraf edib. "Mən
heç vaxt uğur və ya uğursuzluq barədə
düşünməmişəm, sadəcə vacib bildiyim
işi görmüşəm",-deyə İ.Akasaki bildirib.
O, tələbələrə görmək istədikləri
işlə məşğul olmağı tövsiyə edib.
***
İsveç
Kral Elmlər Akademiyası oktyabrın 8-də
kimya üzrə 2014-cü
ilin Nobel mükafatı laureatlarının adlarını
açıqlayıb.
İsveç Nobel
Mükafatları Komitəsinin açıqlamasında
bildirilib ki, kimya üzrə ali
elmi mükafata "flüoressensiya mikroskopiyanın inkişafı üçün
super-həll" təklif etdiklərinə görə amerikalı Eric
Betzig, Uilyam E. Moerner və Almaniya alimi Stefan W.Hell layiq görülüblər. Məlumatda
qeyd olunur ki,
alimlərin tədqiqatları
mikroskopiyanı nano zərrəciklər səviyyəsinə
gətirib çıxarıb. Onlar flüoressens
molekulların köməyi ilə mövcud dəqiqlik həddini
keçiblər. Flüoressens mikroskopiya üzvü və
qeyri-üzvü maddələrin strukturunun şəklini
flüoressensiya, işıqlanma ilə çəkməkdir. Bu üsul tibdə, ərzaq
sənayesində mikrokimyəvi analiz zamanı geniş istifadə
olunur. Flüoressent mikroskoplar optik və
elektron mikroskoplardan sonra yeni nəsil qurğulardır. Bu mikroskop çox kiçik
miqyaslarda müxtəlif hüceyrələrin
quruluşunu öyrənməyə kömək edir. Təsvirlər lazer vasitəsi ilə oyanıqlı
vəziyyətə gətirilmiş molekul və atomların
lümensasiyasından istifadə etməklə əldə
olunur. Məsələ ondadır ki, elektron mikroskoplar canlı
hüceyrələri və
ya onların daxilində gedən
prosesləri öyrənməyə imkan vermir. Məhz bu məqamda adları
çəkilən
nobelçi alimlərin yaratdıqları flüoressent
mikroskoplar köməyə gəlir.
Bu cihazlar
canlı orqanizmlərdə ayrı-ayrı strukturları görməyə,
zülalların quruluşunu, molekulyar prosesləri öyrənməyə,
DNK strukturunu oxumağa imkan
verir.
***
İsveç
Kral Elmlər Akademiyası oktyabrın 9-da ədəbiyyat üzrə 2014-cü ilin Nobel mükafatı
laureatının adını
açıqlayıb. Akademiyanın qərarı ilə ədəbiyyat
sahəsində mükafata müasir fransız yazıçısı və
ssenarist 69 yaşlı Patrik Modiano
layiq görülüb. Nobel Mükafatları Komitəsinin
açıqlamasında yazıçının
"inanılmaz insan talelərini sənətə gətirdiyi və
insan həyatını dərindən
təsvir etdiyi" qeyd edilib.
***
Qeyd edək ki, oktyabrın 10-da sülh,
13-də iqtisadiyyat üzrə qaliblərin adları
açıqlanacaq. Bununla da İsveçdə Nobel həftəliyi
başa çatacaq.
2014-cü ilin laureatlarının
mükafatlandırılması mərasimi, hər il
olduğu kimi, dekabrın 10-da Alfred Nobelin anım
günündə keçiriləcək. Qaliblərə mükafatın təsisçisinin
əksi təsvir olunmuş qızıl medal, diplom və 8
milyon İsveç kronu və ya 1,2 milyon ABŞ dolları məbləğində pul mükafatı veriləcək.
Tibb və
fiziologiya üzrə laureatlar
Con O’Keefe ABŞ, eyni zamanda Böyük Britaniya vətəndaşlığına
malikdir. 1939-cu ildə
ABŞ-ın Nyu-York şəhərində anadan olub. Nyu-York
Universitet Kollecini və Kanadanın Makginli Universitetini bitirib. 1969-cu ildə
Kanadanın Makginli Universitetində fizioloji psixologiya üzrə
doktorluq elmi işini müdafiə edib. Daha sonra London
Universitet Kollecində
fiziologiya doktoru kimi fəaliyyət
göstərib. 1987-ci ildə koqnitiv nevralgiya
kafedrasının professoru təyin olunub. Con O’Keefe
hazırda London Universitet Kollecində neyronların tədqiqi
üzrə Mərkəzin direktorudur.
May-Britt Moser
Norveç vətəndaşıdır. 1963-cü
ildə Norveçin Fosnavag şəhərində anadan olub.
O, gələcək əri Edvard Moser ilə birlikdə Oslo
Universitetində psixologiya elmini öyrənib. May-Britt 1995-ci ildə neyrofiziologiya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alıb və fəlsəfə
doktoru kimi Edinburq Universitetində çalışıb. Daha sonra London
Universitet Kollecinə dəvət olunub. O, 1996-cı ildən Tronheym
Texniki və Təbii Elmlər
Universitetində professor olaraq fəaliyyətə
başlayıb. May-Britt
Moser hazırda
Tronheym "Neural" Mərkəzinin direktorudur.
Edvard Moser Norveç vətəndaşıdır. 1962-ci ildə
Norveçin Olesunn şəhərində anadan olub.
1990-cı ildə Oslo
Universitetini bitirib. 1995-ci ildə Oslo Universitetində neyrofiziologiya
üzrə doktorluq elmi dərəcəsi alıb. O, həyat yoldaşı May-Britt Moserlə birlikdə əvvəlcə
Edinburq Universitetinə, sonra isə London Universitet Kollecinə
dəvət alıb. 1996-cı ildə Tronheym Texniki və Təbii Elmlər Universitetində
fəaliyyətə başlayıb. 1998-ci ildə
universitetin professoru seçilib. O, eyni zamanda Tronheymdə Kavli
İnstitutunda
"Neuroscience" İnstitutunun direktorudur.
Fizika
üzrə laureatlar
İsamu Akasaki
Yaponiya vətəndaşıdır. 1929-cu ildə Yaponiyanın Chiran şəhərində anadan
olub. 1952-ci ildə
Kiot Universitetini bitirib. 1964-cü ildə Nagoya Universitetində doktorluq elmi dərəcəsi
alıb. Hazırda Nagoya Universitetində
çalışır.
Hiroshi Amano Yaponiya vətəndaşıdır. 1960-cı ildə
Yaponiyanın Hamamatsu şəhərində anadan olub. 1983-cü ildə
Nagoya Universitetini bitirib. 1989-cu ildə
Nagoya Universitetində doktorluq elmi işini müdafiə edib. 1992-ci ilə qədər
bu universitetdə çalışıb. Daha
sonra Meidze Universitetinə dəvət olunub. 2010-cu ildən Nagoya
Universitetində çalışır.
Shuji Nakamura Amerika vətəndaşıdır.
1954-cü ildə Yaponiyanın İkata şəhərində
anadan olub. 1977-ci
ildə Tokuşimo Universitetini bitirib. 1994-cü ildə Tokuşimo
Universitetində texnika elmləri üzrə doktorluq elmi dərəcəsi
alıb. 1999-cu ildən ABŞ-ın Santa Barbara
ştatındakı Kaliforniya
Universitetinin professorudur.
Kimya
üzrə laureatlar
Eric Betzig Amerika vətəndaşıdır. 1960-cı ildə ABŞ-ın
Miçiqan ştatındakı
Ann-Arbore şəhərində
anadan olub. O, Kaliforniya Texnologiya
İnstitutunu (1983, fizika üzrə),
Kornell Universitetini (1988, tətbiqi fizika və mühəndislik) bitirib. 1988-ci ildə
Kornell Universitetində fəlsəfə doktoru elmi dərəcəsi
alıb. Hovard Hyuz
Tibb Elmi Tədqiqatlar Mərkəzinə rəhbərlik
edir. Virciniya ştat Universitetinin kimya professorudur.
Stefan W. Hell Almaniya vətəndaşıdır.
1962-ci ildə Rumıniyanın Arad şəhərində
anadan olub. Almaniyanın
Heydelberq Universitetini bitirib.
1991-ci ildə fizika üzrə doktorluq elmi
işini müdafiə edib. 1996-cı ildən Heydelberq Universitetinin
fizika, 2002 -ci ildən isə
Maks Plank Biofizika
İnstitutunun direktorudur. Nanotexnologiyanın inkişafı sahəsində işlərinə görə beynəlxalq
Kavli medalına (1 milyon dollar) layiq görülüb.
Uilyam E.Moerner Amerika vətəndaşıdır.
1953-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı Plezenton şəhərində
anadan olub. Vaşinqton və
Kornell universitetlərində ali təhsil alıb. 1982-ci ildə fizika üzrə doktor elmi dərəcəsi
alıb. Hazırda Stenford Universitetində kimya və
tətbiqi fizika professoru kimi tədqiqatlar aparır.
Ədəbiyyat
üzrə laureat
Patrik Modiano Fransa vətəndaşıdır. 1945-ci il
iyulun 30-da Fransanın Bulon-Biyankir şəhərində anadan
olub. Parisdəki
IV Henrix Liseyində oxuyub. 1968-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. O, ssenari müəllifi kimi də
tanınır. Əsərlərinin
əksəriyyəti avtobioqrafik xarakter daşıyır və ya
İkinci Dünya müharibəsi illərində Fransanın
işğalına həsr olunub.
Əsərləri bir sıra dünya dillərinə
tərcümə olunub və əsasında filmlər çəkilib.
2000-ci Kann kino festivalının münsifi olub. "Ulduz meydanı", "İtmiş adamlar", "Gecə gözətçisi", "Ailə xronikası", "Kədərli villa" və
başqa əsərlərin
müəllifidir. P.Modiano bundan əvvəl
Avstriyanın "Avropa Ədəbiyyatı" Dövlət
Mükafatına (2012), Fransanın ən nüfuzlu ədəbi
ödülü olan Goncourt Mükafatına (1978) da layiq görülüb.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2014.- 10 oktyabr.- S.5.