Cənubi Koreya ilə təhsil
sahəsində əməkdaşlıq
genişlənir
Naxçıvan
Dövlət Universitetində son iyirmi ildə tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid,
elektron universitet
qurulması istiqamətində mühüm
işlər görülmüşdür.
Koreya
Beynəlxalq Əməkdaşlıq Agentliyi
(KOICA) ilə birgə həyata keçirilən
"Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun
yaradılması" layihəsi də Azərbaycan ali məktəbləri içərisində ən
irihəcmli layihə olmaqla bu sahədə atılan mühüm
addımdır. 2012-ci ildə tərəflər arasında
layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-sukun
başçılığı ilə koreyalı mütəxəssislərdən
ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət
Universitetinə ezam olunmuşdur.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun iştirakı ilə
sistemin təqdimatı keçirilmiş,
müzakirələr aparılmış, yerli
mütəxəssislər məlumatlandırılmışdır.
2013-2015-ci illəri əhatə edəcək layihənin həyata
keçirilməsinə KOICA tərəfindən 3500000 ABŞ dolları həcmində vəsait
ayrılmışdır. Layihə çərçivəsində
universitet rəhbərliyi və
işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil
edilmişdir. Bu
günlərdə NDU-nun rektoru,
AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmovun rəhbərliyi
ilə nümayəndə heyəti Cənubi Koreyada
olmuşdur.
Universitetin elmi işlər
üzrə prorektoru, fizika
üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq əlaqələr üzrə
prorektoru, riyaziyyat
üzrə fəlsəfə doktoru Anar Kazımov, Həmkarlar İttifaqı Komitəsinin
sədri, riyaziyyat üzrə fəlsəfə
doktoru, dosent Elşən
Məmmədov, Tədris şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru,
dosent Rafiq Rəhimovun
iştirak etdiyi səfərdə
məqsəd NDU-nun Təhsil İnformasiya Sisteminin idarəsi
ilə bağlı bilikləri
möhkəmləndirmək, Koreyanın qabaqcıl
universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq
və ölkələrarası əməkdaşlığa
töhfə verməkdən ibarətdir.
Birhəftəlik səfər
çərçivəsində KOICA-nın baş
ofisində qəbul zamanı Cənubi Koreya
və KOICA ilə bağlı təqdimat keçirilmişdir.
Görüş zamanı rektor,
AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən
dövlət qayğısından
danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda
milli təhsilin inkişafı, müasir texnologiyaların tədrisdə və
təhsildə tətbiqi əsas strateji
sahə hesab olunur,
dövlətimiz tərəfindən daim
diqqət mərkəzində saxlanılır. Rektor
xatırlatmışdır ki,
adıçəkilən layihə universitetdə uğurla yekunlaşmaq
üzrədir. Hazırda Naxçıvana ezam olunan koreyalı
mütəxəssislər portal, distant təhsil, akademik
işlər üzrə sistemin və
avadanlıqların quraşdırılması, əməliyyatlarla
bağlı biliklərin öyrədilməsi, elektron
təlim sistemi üçün
kontentlərin hazırlanması ilə məşğuldurlar.
Təhsil İnformasiya Sisteminin
inkişafı mövzusunda keçirilən
treninq zamanı bu sahənin
inkişafının baslıca istiqamətləri müzakirə
olunmuş, bilik və
təcrübə mübadiləsi aparılmışdır. NDU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru, riyaziyyat
üzrə fəlsəfə doktoru Anar Kazımovun universitetdə müasir
informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, bu sahəyə
göstərilən dövlət qayğısı və dəstəyi
ilə bağlı prezentasiyası olmuşdur.
Prezentasiyada universitetin İnformasiya-Kommunikasiya
Texnologiyaları Mərkəzinin, elektron kitabxana və
müxtəlif internet mərkəzlərinin
fəaliyyətləri, virtual əməkdaşlığın
inkişafı məqsədilə onlayn
bağlantılar, beynəlxalq videokonfrans
və simpoziumların təşkili istiqamətində
görülən işlər
işıqlandırılmışdır.
Layihənin
icraçı şirkəti "Donqvon
CNS"-nin rəhbəri Mun-seo
Park heyəti qəbul edərək layihənin
Naxçıvan Dövlət Universitetində elektron
təhsil şəbəkəsinin qurulması, onlayn
təhsilin təşkili baxımından faydalı
olacağına əminliyini bildirmiş, gələcək
əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Nümayəndə
heyəti Cənubi Koreyanın ali təhsil
müəssisələrini ziyarət etmiş,
buradakı ali təhsil sistemi,
tədris prosesi ilə yaxından
tanış olmuşlar. Səfər Kimçonq Universiteti ilə
əməkdaşlığın möhkəmlənməsi
baxımından da faydalı olmuşdur. Xatırladaq ki,
Kimçonq Universiteti
ilə əlaqələr 2010-cu
ildə yaradılmış, 2011-ci ildə
qarşılıqlı əməkdaşlıq haqqında
müqavilə imzalanmışdır. Bu gün hər iki universitet arasında elmi təcrübə
və tələbə mübadiləsi, səfərlər
qarşılıqlı əlaqələr sahəsində
aparılan səmərəli işin uğurlu davamıdır. Rəsmi görüş
zamanı rektor, xanım Sunq
Ae Kanq Kimçonq
Universiteti haqqında ətraflı məlumat
vermişdir. Qeyd olunmuşdur ki,
Naxçıvan Dövlət Universitetindən tərcümə
(ingilis dili-Azərbaycan dili),
hüquqşünaslıq, stomatologiya
ixtisasları üzrə 3 nəfər birinci
kurs tələbəsi 2012-2013-cü tədris
ilinin ikinci semestrində
tələbə mobilliyinə əsasən ali
təhsillərini Koreyanın Kimçonq
Universitetində davam etdirmişdir.
NDU-nun rektoru Saleh Məhərrəmov
ölkələrarası əlaqələrin
inkişafında elm, təhsil sahəsində
tərəfdaşlığın rolundan
danışmış, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlığında
dost, tərəfdaş olan
Kimçonq Universiteti
ilə əməkdaşlığın bundan
sonra da davamlı
olmasını
arzulamışdır.
Naxçıvanlı
qonaqlar universitetdə müasir
texnologiyalarla təchiz olunmuş, xüsusi səliqə-sahmana
malik auditoriyalarda olmuş,
koreyalı tələbələrlə
görüşmüşlər.
Koreya Kiber Universitetində rektor, professor Choong Soon Kim
heyəti qəbul edərkən dünyada
ilk kiber universitet olan bu ali
təhsil ocağının Koreya Chungang Təhsil Vəqfi (KCEF) altında Koreya Universiteti ilə
birlikdə fəaliyyət göstərdiyini, Koreya
ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirmişdir. Saleh Məhərrəmov
Azərbaycanda, o cümlədən
Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron
universitet quruculuğu,
elm və təhsilin müasir
informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində
görülən işlər barədə məlumat vermişdir. Görüşdə
universitetlərarası əməkdaşlığın
inkişafı ilə bağlı təkliflər səsləndirilmişdir.
Cənubi Koreyanın
POSCO poladtökmə şirkəti ilə tanışlıq,
buradakı ağır səneyinin müasir
texnologiyalar hesabına inkişaf
etdirilməsi xüsusi maraq
doğurmuşdur. Səfər zamanı qonaqlar paytaxt Seul şəhəri ilə yanaşı Kimçonq, Qyunju, Bulquska şəhərlərində, Qyungbok sarayında olmuş,
Koreya Milli Muzeyinə
və digər tarixi yerlərə ekskursiya etmiş, ölkənin
tarixi, şəhərsalma mədəniyyəti,
sosial şəraiti ilə tanış olmuşlar.
Yekun tədbirdə KOICA şirkətinin sertifikatları təqdim olunmuş, layihənin uğurla
gerçəkləşməsi, əməkdaşlığımızın
davamlı olması ilə bağlı fikirlər səsləndirilmişdir.
Mehriban
SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.-
2014.- 10 oktyabr.- S.5.