"Millət vəkili
olmaq istəyirəm"
Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin
X
sinif şagirdi Nərmin Heydərova ilə söhbət
22 yanvar 1999-cu ildə
Bakı şəhərində
anadan olub. Atası
iqtisadçı, anası
rus dili müəllimidir. 2005-2006-cı illərdə Bakıdakı
F. Rzayev adına
150 nömrəli tam orta
məktəbdə təhsil
alıb. 3-cü sinifdən təhsilini
132-134 nömrəli təhsil
kompleksində davam etdirməyə başlayıb.
Hazırda həmin məktəbin
10 "b" sinfində oxuyur,
sinif nümayəndəsidir. Kiçik yaşlarından
incəsənətin bir çox sahələri ilə də maraqlanır. Fortepiano sahəsində uğurları da olub. Özünün dediyinə görə
indi müxtəlif mövzularda şəkillər
çəkməyi xoşlayır.
Ailədə özündən
başqa bir qardaşı var ki, o da Azərbaycan
Turizm İnstitutunun tələbəsidir.
Nərminlə tanışlığımızın müddəti əslində
o qədər də çox deyil. Onunla
ilk ünsiyyətimiz bu
yaxınlarda şagirdlərin mütaliəsi
ilə bağlı apardığımız araşdırma
zamanı olub. Nərmin suallarımıza
məntiqli, eyni zamanda özünəməxsus
cavabları, ən əsası pozitivliyi ilə bizdə özünə qarşı
diqqət və maraq oyatmışdı. Dərs əlaçısı və
sinif nümayəndəsi
olan bu gənc
qızla daha yaxından tanış olmaq, şagird kimi keçirdiyi təhsil həyatının
əsas məqamları,
maraq dünyası ilə bağlı onunla söhbətimiz, düşünürük ki,
oxucularımız üçün
də maraqlı olar.
"Səhərimi idmanla açıram"
- Günümü planlaşdırmağı
mənə kiçik
yaşlarımdan anam öyrədib, buna görə ona minnətdaram. Düşünürəm
ki, hər bir şagird gününü nə qədər uğurlu planlaşdırarsa, bir
o qədər də
dərslərində nailiyyətlər
əldə edər. Mən də günümü özüm
üçün belə
planlaşdırmışam: Səhərimi idmanla açır, səhər yeməyindən
sonra məktəbə
gedirəm. Şanslıyam ona
görə ki, məktəblə
yaşadığım ev arasındakı məsafə
çox qısadır
və bu da mənə məktəbə vaxtında və rahat şəkildə
gəlib çatmağa
imkan verir. Məktəbdə olduğum
bir neçə saatı səmərəli keçirməyə
çalışıram. Sinifdə
müəllimlərimizlə keçilən
dərslərin mövzusuna
uyğun maraqlı debatlar təşkil edirik, yoldaşlarımla birlikdə müzakirələr
aparırıq. Dərs prosesində
"sakit bir şagird" obrazında olmağı xoşlamıram,
əksinə, öyrəndiklərimi
və bildiklərimi nümayiş etdirməyə
can atıram, müəllimlərimlə
fikirlərimi paylaşıram.
Dərslərim bitdikdən sonra
evə gəlib bir qədər dincəlirəm. Sonra
seçdiyim ixtisas qrupu üzrə əlavə hazırlığa gedirəm.
Axşam isə məktəbdə müəllimlərimiz
tərəfindən verilən
ev tapşırıqlarını
yerinə yetirməyə
başlayıram. Mənim
üçün ən
vacib məhz dərslərimə yüksək
səviyyədə hazırlaşmaqdır.
Çalışıram ki, hər zaman dərslərimə hazırlıqlı olum, müəllimlərimin mənə
olan etimadını doğruldum. Bilirsiniz,
istər məktəbdəki
dərslərə hazırlıq,
istərsə də ali məktəbə
qəbulla bağlı
əlavə hazırlıq
mənim son nəticədə
mükəmməl təhsil
almağıma şərait
yaradır. Həftənin demək olar
ki, 5 gününü
bu rejimə uyğun qururam. Dərs günləri ərzində
əsasən günüm
monoton olaraq təkrarlanır.
Bütün fənləri
sevirəm və dərslərimə fərq
qoymadan eyni səviyyədə hazırlaşır və
bundan zövq alıram. Bunun üçün ilk növbədə
müəllimlərimə minnətdaram
ki, onlar mənə tədris etdikləri fənlərə
qarşı maraq yaradıblar. Ən çox sevdiyim
fənlər riyaziyyat
və ingilis dilidir.
İnsan
məqsədinə çatmaq
üçün mütləq
əziyyət çəkməlidir. Mənim də hədəflərim var. Məktəbi
qızıl medalla bitirərək ali məktəblərə qəbul
imtahanlarında maksimum
nəticə - 700 bal toplayıb
arzuladığım "ADA" Universitetinin beynəlxalq
münasibətlər fakültəsinə
daxil olmaq istəyirəm.
Təkcə dərsə
hazırlıqlı olmağımla
kifayətlənmir, bununla işimi bitmiş hesab etmirəm. Məktəbin ictimai işlərində
də fəal olmağa çalışıram.
Mütəmadi olaraq mütaliə
ilə məşğul
olduğumdan
deyilənə görə
gözəl diksiyaya, nitqə malikəm. Bir çox tədbirlərdə
çıxıslarım olub.
Artıq
neçə illərdir
bilik və bacarığımı məktəblilərin
fənn olimpiadasında
sınayıram. Riyaziyyat, Azərbaycan
dili və ədəbiyyat, ingilis dili fənləri üzrə I, II, III yerləri
tutmuşam. Bu ilin
3 may tarixində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti
ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən
VII İntellekt Olimpiadasında I yerə layiq görülmüşəm.
Daha sonra Bakı Slavyan Universitetində təşkil
olunan konfransda "Heydər Əliyev və müasir tariximiz" mövzusunda elmi tezislərlə çıxış
etmişəm.
"Musiqiyə qulaq asarkən özümü
tamamilə dincəlmiş
hiss edirəm"
- Ailəmizdə valideynlərimin müxtəlif
sahələrlə maraqlanmaları
mənim də hər zaman diqqətimi çəkib.
Məsələn, atamın
fortepianoda gözəl
ifa etməsi məndə də həmin alətdə çalmağa
maraq yaradıb və məhz bundan sonra musiqiyə
çox vaxt ayırmağa başladım.
Bu gün mən
musiqisiz yaşaya bilmərəm. Çünki
musiqiyə qulaq asarkən özümü
tamamilə dincəlmiş
hiss edirəm.
Dil
öyrənməyə marağım
isə anamdan keçib. İxtisasca
rus dili müəllimi
olması mənim bu dili mükəmməl
bilməyim üçün
təkan olub. Bundan başqa ingilis, fransız, ərəb dillərini bilirəm. Hazırda qardaşımdan ispan dilini öyrənməyə
çalışıram.
Təsviri
incəsənətə marağım
isə tamamilə öz içimdən gəlir. Rəsmlə kiçik yaşlarımdan
məşğul oluram.
Bir çox sərgilərdə
iştirak edərək
müvəffəqiyyət qazanmışam.
Mənim üçün bunlardan
ən yaddaqalanı
2011-ci ildə
Çexiyada keçirilən
sərgidə nümayiş
etdirdiyim rəsm əsəri idi. Təqdim etdiyim rəsm əsərində Azərbaycanın
milli ornamentlərindən
biri olan butadan istifadə edərək qədim musiqi alətlərimizin və tarixi abidələrimizin təsvirini
vermişdim. Həmin
əsər o zaman III yerə
layiq görüldü.
"Kinoteatra getməyi sevirəm"
- Dünyagörüşümü artırmaq və öz həyatımı yaşamaqdan
da geri qalmamaq
üçün isə
həftəsonunu tamamilə
özümə ayırır,
əsasən kinoteatra
getməyi sevirəm. Sevdiyim janrda və ya xoşladığım
aktyor, aktrisaların filmlərini böyük həvəslə izləyirəm.
Hər bir gənc kimi
mən də alış-veriş etməyi
sevirəm və dəbdən geri qalmamağa çalışıram.
Atamla
axşamlar Dənizkənarı
Milli Parka gəzməyə
çıxırıq. Anamla isə tamam
fərqli münasibətdəyik,
sanki rəfiqəyik. Demək olar ki, hər
anımı onunla keçirirəm. O mənim
idealımdır, ilham
qaynağımdır.
Özümə dayaq
və nümunə kimi yaşca məndən böyük qardaşımı görürəm.
Onunla maraqlarımız
demək olar ki, eynidir: birlikdə
futbola gedərək oyunları izləyirik.
"Bu arzu məndə tam məqsədə çevrilib"
- Gələcəkdə millət vəkili olmaq üçün namizədliyimi
irəli sürəcəyəm.
Bu fikirə ilk gəldiyim günü indiyə kimi xatırlayıram. 3-cü
sinifdə oxuyurdum, qış ayları idi. Televizorda ümummilli lider Heydər
Əliyevin millət vəkilləri ilə görüşünü seyr
edirdim. Həmin görüşdə qadın
millət vəkillərimizin
azad söz haqqının olması ilə bağlı öz fikirlərini tamamilə sərbəst şəkildə
bildirmələri, ulu
öndərin onları
diqqətlə dinləməsi
mənim marağıma
səbəb oldu. Bir anlıq özümü onların
arasında hiss etdim və dedim, məhz bura mənim yerimdir - Milli Məclis! Bəlkə də bu çoxlarına
qəribə gələ
bilər. Həmin
yaşda olan uşaqlar
adətən həkim,
polis və ya müəllim olmaq istəyir. Mən isə tam fərqli
olaraq deputat olmaq istəyimi dilə gətirdim. O
gündən artıq
illər keçib, lakin mən uşaqlıq arzumdan vaz keçməmişəm.
Zamanla bu arzu məndə
tam məqsədə çevrilib.
Mənim üçün hələlik
əlçatmaz olan istəyimin gələcəkdə
reallaşacağına ümidvaram.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 10 oktyabr.- S.4.