Təltif olunan təhsil işçilərinə
mükafatlar təqdim edilib
Təhsil Nazirliyində Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə "Tərəqqi"
medalı, "Əməkdar müəllim" və
"Əməkdar bədən tərbiyəsi və idman
xadimi" fəxri adları ilə təltif olunan təhsil
işçilərinə mükafatların təqdim
olunması mərasimi keçirilib.
Görüşdə təhsil naziri Mikayıl
Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamları ilə 5
oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində
"Tərəqqi" medalı, "Əməkdar müəllim"
və "Əməkdar bədən tərbiyəsi və
idman xadimi" fəxri adları ilə təltif olunmuş təhsil
işçilərini təbrik edib. Nazir
bu sərəncamların ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu
bildirib. Mikayıl Cabbarov
təhsil sahəsində islahatların uğurla
həyata keçirilməsində müəllim peşəsinin
ictimai nüfuzunun
artırılmasının, onun yüksək
maddi və mənəvi
motivasiyasının vacib olduğunu
vurğulayıb. Bütün dövrlərdə hər bir
ölkənin uğurlu gələcəyinin,
ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin
təhsilin inkişaf səviyyəsi ilə
müəyyən olunduğunu söyləyən
nazir inkişaf edən
ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya təhsilindəki
sürətli tərəqqi proseslərindən faydalanması
istiqamətində işlərin görüldüyünü
nəzərə çatdırıb.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, 89 ümumtəhsil
müəssisəsində məktəbəhazırlıq
qrupları yaradılıb. Bu proses məktəbəqədər təhsilin
inkişafına dair cari
ilin əvvəlində Heydər Əliyev
Fondunun prezidenti,
ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə
keçirilən tədbirdə qoyulan hədəfə
doğru bir
addımdır.
Təhsil naziri vurğulayıb ki, bu il paytaxtın bütün ümumtəhsil məktəb
müəllimləri sınaq qiymətləndirməsində iştirak edib.
Mikayıl Cabbarov yeni əməkhaqqı
sisteminin tətbiqinin dərs yükünün və hər bir
dərs saatı üçün baza əməkhaqqının
artırılması ilə mümkün
olacağını qeyd edib.
Yaxın zamanlarda bununla
bağlı konkret təkliflər Nazirlər
Kabinetinə təqdim olunacaq.
Nazir bildirib ki, təhsil sahəsi üçün
vaxtilə ən böyük
problem saxta diplomlu müəllimlərin işə qəbulu
olub. Təhsil Nazirliyi bu sahədə ciddi araşdırmalar aparır və artıq
belə müəllimlərin işə qəbulu mümkün olmayacaq.Bu sahədə
görülən işlərin nəticəsi olaraq
Azərbaycan Müəllimlər İnstitutunun
Gəncə filialının fəaliyyəti
dayandırılıb, orada qanuni təhsil alan tələbələr
digər ali təhsil müəssisələrində
yerləşdirilib. Mikayıl Cabbarov qeyd edib ki,
Təhsil Nazirliyində yaradılan vahid məlumat
bazası gələcəkdə saxta diplom probleminin
yaranmasının qarşısını alacaq.
Nazir onu da
qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən
ümumtəhsil müəssisələrində vahid imtahan bazasında
buraxılış və qəbul imtahanlarının
keçirilməsi ilə bağlı təşəbbüs
irəli sürülüb. Bu yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm
yaradıcılıq ali təhsil müəssisələrini,
həm də bir sıra digər təhsil
müəssisələrini əhatə edəcək. Bununla bağlı Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında məsləhətləşmələr
aparılır. 2014-2015-ci tədris ilindən başlayaraq
yeni qaydaya əsaslanan
imtahanlar həmin müəssisələri
əhatə edəcək. Bu, Kənd Təsərrüfatı
Nazirliyinin mövqeyi nəzərə
alınmaqla kənd təsərrüfatı, eləcə də
idman ixtisaslarına şamil
oluna bilər.
Təhsil
naziri Mikayıl Cabbarov
çıxışında bildirib ki, 2015-ci il yanvarın 1-dən
nəzərdə tutulan regional
təhsil idarələrinin yaradılması gələn ilin dövlət büdcəsində müvafiq vəsait
nəzərdə tutulmadığı üçün
təxirə salınıb.
Növbəti ildə də rayon təhsil
şöbələri mövcud sistem şəklində çalışacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində
isə struktur islahatları davam etdiriləcək.
"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiq olunduğu
bir il ərzində təhsilin
keyfiyyətinin artırılması istiqamətində
atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov
qarşıda duran işlərin həyata
keçirilməsində müəllimlərin üzərinə mühüm vəzifələr
düşdüyünü qeyd edib.
Görüşdə
Bakı şəhəri 6 nömrəli məktəb-liseyin tarix müəllimi Elmin İmanov, Bakı şəhəri 135 nömrəli
tam orta məktəbin
coğrafiya müəllimi Rafiq
Məmmədov, Xaçmaz rayonu
Xudat şəhər 2 nömrəli tam orta məktəbin
müəllimi Nəzakət Əhmədova təhsil işçilərinə
göstərilən yüksək diqqətə görə
dövlət başçısına minnətdarlıqlarını
bildirib, şagirdlərin hərtərəfli
bilik və bacarıqlara malik
şəxsiyyət kimi yetişdirilməsi
işində əzmlə çalışacaqlarını qeyd ediblər.
Tədbirin sonunda
fəxri adlarla təltif olunan
təhsil işçilərinə medal və
vəsiqələr təqdim olunub.
Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.3.