Dərslərimi yeni təlim
texnologiyalarına uyğun qururam
Əsasında
şagirdləri şəxsiyyət kimi
formalaşdırmaq konsepsiyası dayanan kurikulum gənc nəsli müasir,
sivil dünyaya qovuşdurmaq məqsədini
daşıyır. Kurikulum siyasətinin mərkəzində
şagird, onun mənəvi,
psixoloji dünyası, müstəqilliyi, milli dəyərlərə sahibliyi
dayanır. Bunları nəzərə alaraq
mən də şagirdlərimizin müasir
ruhda tərbiyə olunmasına, şəxsiyyət
kimi formalaşmasına çalışıram. Yeni təlim texnologiyalarının bu məqsəd üçün
effektli olduğunu
anladığım üçün dərslərimi
bu istiqamətdə qururam.
Ədəbiyyat dərslərində
şagirdlərin həyat tərzinə, ruhuna,
düşüncəsinə, psixologiyasına uyğun
əsərlərin tədrisi zamanı yeni
təlim metodlarının tətbiqi daha effektli alınır. Orta məktəb
ədəbiyyat kursunda elə əsərlər
var ki, onların tədrisi
zamanı yeni təlim
texnologiyalarının bir çoxunun
tətbiqi mümkündür. Belə əsərlərdən
biri S.Behrənginin "Balaca
Qara Balıq" hekayəsidir. Əsər
məzmunu, sujet xətti, ideyası
baxımından müasir
dövrümüzə, uşaq
psixologiyasına çox yaxındır. Hekayənin baş qəhrəmanı
olan Qara Balıq bütün xarakteri ilə
kiçikyaşlı uşağı xatırladır. Öz kiçik
dünyasına sığmayan Balığın sərbəst
həyat uğrunda sona
qədər mübarizəsi nəinki kiçiklər, hətta
böyüklər üçün bir örnəkdir. Böyük
bir xalqın azadlıq arzusunu
ifadə edən Balıq obrazı şagirdlərin
düşüncəsində müxtəlif reaksiyalar
oyadır. Hekayənin əvvəlində
şıltaq uşaq təsiri
bağışlayan kiçik
balığın sonda böyük
bir qəhrəmana çevrilməsi, məqsədi
uğrunda bütün
maneələri öz ağlının
gücünə cəsarətlə dəf etməsi
şagirdləri maraqlandırmaya bilməz. Şagirdləri Balıq
obrazı, onun çarpışmaları,
digər obraz və xarakterlər
haqqında, hekayənin əsas ideyası haqqında düzgün düşünməyə istiqamətləndirmək
üçün, ilk
növbədə, məzmunun mükəmməl mənimsədilməsi
gərəkdir. "Balaca Qara Balıq" hekayəsinin məzmununa
ayrılmış bir dərs saatında
hekayənin mənimsənilməsi heç
də asan iş deyil. Ənənəvi təlimdə bu cür dərslər, əsasən, fərdi oxudan, hissələrə ayıraraq
adlandırmaqdan, evdə məzmununu öyrənərək nəqletmədən
ibarət idi. Nəzərə alsaq ki, məzmunun düzgün mənimsədilməsi əsərin
təhlili üçün zəmindir, o zaman belə dərslərin
az dəyərli olduğu
müəyyənləşər.
Ədəbiyyat dərslərində
bədii əsərin məzmununun mənimsənilməsi üçün
maraqlı yeni
üsullar var. Ziqzaq, proqnozlaşdırılmış oxu, fasilələrlə oxu
belə üsullardandır. Hekayənin tədrisində fasilələrlə
oxu üsulunu effektiv hesab edirəm. Düzdür, ziqzaq və proqnozlaşdırılmış oxu üsulları da
maraqlıdır, ancaq bu
üsulların aşağı siniflərdə tətbiqi
zamanı bir qədər vaxt
itkisi meydana
çıxır. Fasilələrlə oxuda
isə vaxtdan səmərəli istifadə
etməklə yanaşı, əsərin təhlili üçün zəmin yaranır. Odur ki, S.Behrənginin
"Balaca Qara
Balıq" hekayəsinin məzmununu aşağıdakı plan üzrə tədris edirəm.
Motivasiya. Sinif 4 qrupa bölünür,
aşağıdakı suallar və şəkilli
slaydlar təqdim edilir:
1. Balıq harada yaşayır? (Balığın
yaşadığı müxtəlif su
hövzələrinin şəkilləri göstərilir)
2. Canlılar
haqqında nə bilirsıniz (Qara
Balığın əhatəsində olan,
balıqla qidalanan quşlar
və dəniz heyvanlarının şəkli göstərilir).
Slaydlar təqdim olunduqca verilmiş suallar ətrafında şagirdlərin fikirləri
dinlənilir. Cavablar
müxtəlif ola bilər. Düzgün cavabları səsləndirmirəm,
dərsin gedişində bu sualların
cavablarının tapılacağını bilirəm və bunu nəzarətdə saxlayıram. Ancaq şagirdlərin S.Behrəngi haqqında məlumatları
olmadığından S.Behrənginin həyatı haqqında məlumatlar
verirəm. Tədqiqat sualı:
1. İnsan azadlığını necə
əldə edə bilər?
Tədqiqat işində
əsas iş üsulumuz
fasilələrlə oxu olduğundan
hekayənin oxusunu təşkil edirəm. Hekayənin əvvəlcədən
ayrılmış hissələri
və həmin hissələrə aid
sualları təqdim edirəm. Hissələr oxunduqdan
sonra sualların
cavablandırılmasını təşkil edirəm. Elan edirəm ki, birinci hissədə hər qrup
öz nömrəsinə uyğun suala cavab verəcək. Növbəti hissədə
isə ardıcıllıqla digər
nömrəli suala cavab
verəcəkdir.
I hissə: Suallar:
1.Balıq harada yaşayirdı?
Hissəni adlandırın.
2.Balığın arzusu nə idi? 3.Balıq, yoxsa, ana haqlıdır? 4.Balığın bu hərəkəti kimə təsir göstərdi?
II hissə: Suallar:
1.Balıq hara gəlib
çıxdı? Hissəni adlandırın.
2."Çömçəquyruqlar" kimi
təmsil edirdi?
3.Balıq qurbağa ilə nə
danışmaq istəyirdi? 4.Qurbağaya haqq
qazandırmaq olarmı?
III hissə: Suallar:
1.Balıq hansı canlılarla
rastlaşdı? Onlar kimi
təmsil edir? Hissəni adlandırın. 2.Xəncər nəyi ifadə edir? 3.Rizə balıqları niyə balıqla getmək istəmədilər?
4.Balıq Saqqa quşuna necə qalib gəldi?
IV hissə: Suallar:
1.Balıq arzusuna çatdımı?
Hissəni adlandırın. 2.Balıq hara gəlmişdi? Bura digər yerlərdən
nə ilə fərqlənir? 3.Balığın
ölümü sizə
necə təsir etdi? 4.Qızıl balıq nə düşünürdü?
Qruplar
cavabları səsləndirdikcə
digər qrupları fikir söyləməyə,
müzakirəyə cəlb
edirəm. Beləliklə, dərsin tədqiqatın aparılması mərhələsində
məlumat mübadiləsi
və müzakirəsi
mərhələlərini də
həyata keçirmiş
oluruq.
Nəticədə
tədqiqat sualımızı
xatırladıram. Şagirdləri Balaca Balıq
obrazı haqqında bir daha düşünməyə
vadar edirəm. Artıq şagirdlər Balaca Qara Balığın sadəcə balaca qara balıq olmadığını anlayırlar.
Balığın xarakterindəki
iradə, mətinlik, qorxmazlıq, cəsarət
kimi müsbət keyfiyyətləri və bu keyfiyyətlərin də azadlığa aparan əsas vasitələr olduğunu müəyyənləşdirirlər.
Beləliklə, şagirdlər
belə nəticəyə
gəlirlər:
"İnsan daxilindəki
istəyi ilə iradə, mətinlik, qorxmazlıq, cəsarət
nümayiş etdirməklə azadlıq
əldə edə bilər".
Yaradıcı tətbiqetmədə şagirdlərə
fərdi olaraq "Balaca Qara Balığın
arzuları və düşüncələri məndə
hansı duyğuları
oyatdı" mövzusunda esse yazmaq tapşırılır.İşin
müəyyən hissəsini
ev tapşırığı
kimi də vermək olar. Təbiidir ki, az vaxt ərzində bu işi tamamlamaq olmaz.
Qiymətləndirmə mərhələsini meyarlar
üzrə
həyata keçirirəm.
Onu da qeyd
etmək istəyirəm
ki, kurikulum üzrə qiymətləndirmə
daha çox şagirdlərin bacarıqlarına
əsaslanır, yəni
şagird biliyinə
görə deyil, biliyi tətbiqetmə bacarığına görə
qiymətləndirilir.
Ümumiyyətlə,
ədəbiyyat dərsləri
həyat dərsidir.Tədris
olunan hər bədii əsər bir əxlaq kodeksidir. İnsan yaxşını, pisi, gözəllikləri,
eybəcərlikləri, insan
xarakterindəki ziddiyyətləri,
həyatın müxtəlifliyini,
gözəlliklərdən zövq almağı, milli, mənəvi, bəşəri dəyərlərə,
etik-əxlaqi normalara yiyələnməyi bədii
əsərlərdən öyrənir.
Bədii
əsərdə öz
xarakterinə, həyat
təcrübəsinə, psixoloji
düşüncəsinə uyğun detalları şagirdlər öz həyatları ilə müqayisə etdikdə effektli nəticə əldə olunur. Məhz yeni təlim metodlarının
tətbiqinin mərkəzində
bu dayanır və bununla da ədəbiyyat tədrisində uğurlu
nəticələrə doğru
addımlayırıq.
İqbal
MƏMMƏDOV,
Şamaxı rayonu Nağaraxana
kənd tam orta
məktəbinin Azərbaycan
dili və ədəbiyyat müəllimi
Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.9.