Açıq dərs"
– Şagirdin
formalaşmasında əhəmiyyətli
addım,
yoxsa tərbiyəyə vurulan zərbə?
"Uşaqlarınızı tərbiyə
etməyə çalışmayın. Çünki onsuz da
sizə oxşayacaqlar. Siz özünüzü tərbiyə
edin, yetər".
Bu günlərdə qarşıma
çıxan bu sözlər və onun əks olunduğu
şəkil məni bir daha gələcəyimizi etibar edəcəyimiz
bugünkü uşaqlarımızın və gənclərimizin
təlim-tərbiyəsinə nəzər salmağa vadar etdi.
Çoxcəhətli və mürəkkəb proses olan təlim-tərbiyə
prosesinin böyük hissəsi məktəbin, müəllimin
payına düşür. Bu məqsədlə müəllimlərimiz,
tərbiyəçilərimiz bir daha özlərinə diqqət
yetirməli, prosesin əsas iştirakçıları kimi təkrar
edildiklərini anlamalı və gözəl nümunə olmaq
üçün nələri etdiklərini və ya etmədiklərini
düşünməlidirlər.
Məktəblərimizdə şagirdlərin təlimi
ilə yanaşı tərbiyə prosesi də
aparıldığı üçün müəllimlərimizin
üzərinə çox ağır yük düşür.
"Elmsiz tərbiyə yarım, tərbiyəsiz elm təhlükəlidir"
fikrinə əsaslanaraq təlim və tərbiyə proseslərinin
bir-birindən ayrılıqda mövcud
olmadığını görürük.
Təəssüf ki, bu gün məktəblərimizdə
şagirdlərin təlim prosesində bəzən tərbiyə
işi unudulur və bəzi müəllimlərimiz özləri
də bilmədən şagirdlərinə mənfi nümunə
olur, onların şüuraltında silinməz izlər
buraxırlar. Onun üçün bu gün məktəblərimizdə
istifadə edilən vasitə və yollara təkrar nəzər
salınmalı, onlara yeni baxışla baxılmalıdır.
Təlim prosesində çox geniş istifadə
edilən "açıq dərs"lər bu baxımdan ən
önəmli nümunələrdəndir. Fikrimizcə, məktəblərimizdə
vaxtaşırı "açıq dərs"lərin təşkil
edilməsinin bir çox faydalı cəhətləri
vardır ki, onların bəzilərini belə sadalaya bilərik:
1. "Açıq dərs"lər müəllimlərdə
və şagirdlərdə məsuliyyət duyğusunu
artırır;
2. "Açıq dərs"lər
şagirdlərin sosiallığını artırır və
onların cəmiyyətə daha rahat inteqrasiyasına kömək
edir;
3. "Açıq dərs"lər daha təcrübəli
müəllimlərin təcrübəsini gənclərlə
praktik olaraq bölüşməsi üçün əvəzsiz
vasitədir;
4. "Açıq dərs"lər və
onların obyektiv müzakirəsi dərs deyən müəllimin
öz səhvlərini görməsi və aradan
qaldırması üçün həddindən artıq vacib
köməkdir;
5. "Açıq dərs"lər valideynlərin
tədris prosesinə cəlb edilməsinə xidmət edir. Beləliklə,
onlar həm kurikulumla tanış olur, həm də şagirdlərə
yanaşma yollarını öyrənirlər;
6. "Açıq dərs"lər
şagirdlərin əməkdaşlıq, birlikdə fəaliyyət
göstərmə duyğularını inkişaf etdirir;
7. "Açıq dərs" müəllimi
daha çox axtarmağa, öz üzərində işləməyə
məcbur edir;
8. "Açıq dərs" məktəb
rəhbərliyində dərs deyən müəllim, dərs
keçilən sinifdəki ümumi vəziyyət,
ayrı-ayrı şagirdlər haqqında məlumatların
formalaşmasına xidmət edir.
Təbii ki, biz bu siyahını artıra bilərik.
Amma bu yazıda niyyətimiz "açıq dərs"in
onsuz da hamı tərəfindən bilinən və müzakirəyə
ehtiyacı olmayan müsbət tərəflərini
araşdırmaq olmadığı üçün əsas məsələyə
keçmək istəyirik.
"Açıq dərs" özündə
bir neçə mərhələni birləşdirir: dərsə
hazırlıq, dərs prosesi, dərsin müzakirəsi.
Çoxumuza sirr deyil
ki, bu gün
bir çox müəllimlərimiz
"açıq dərs"ə hazırlaşarkən
özləri də fərqində olmadan
şagirdlərin tərbiyəsində yol
verilməsi mümkün olmayan
mənfi izlər buraxırlar. Sovet dönəminin
"saxta plan, saxta yarış" anlayışı təəssüf
ki, bəzi hallarda hələ
də özünü göstərməkdədir.
Bəzi müəllimlərimiz "açıq dərs"
anlayışını bir növ şou, göstəriş,
qeyri-adi dərs kimi qəbul
edir və öz
şagirdlərinə qəbul etdirir. Bununla da sanki onlar
digərlərindən daha bilikli,
daha savadlı olduqlarını göstərməyə
çalışırlar. Çox hallarda dərsə hazırlıq mərhələsi
uzun bir müddəti əhatə
edir və şagirdlərə dərsdə
oynayacaqları "rol" dəfələrlə
təkrar etdirilərək mexaniki şəkildə
əzbərlətdirilir. Hətta bəzən daha qabağa gedilərək
dərsdə şagirdlərin əvvəlki dərslərdə
heç zaman görmədikləri
və istifadə etmədikləri xüsusi
geyimlər, xüsusi avadanlıq, musiqi alətləri və s.
təşkil edilir.
Təbii ki, biz bunların
hamısına qarşı deyilik.
"Açıq dərs"in gündəlik dərsdən bəzi
fərqləri olmalıdır, amma bu dərslər bir-birindən köklü
şəkildə fərqlənməməlidir. Müəllim
"açıq dərs"ə hazırlaşarkən öz şagirdlərinə gələn
qonaqları salamlamağı, zəruri məqamlarda özlərini
təqdim etməyi öyrətməlidir. Amma dərsdə hansı suala hansı cavabı verəcəyini əzbərlətmək
şagirdi subyekt kimi məhv etməyə bərabərdir.
Əvvəla, şagird heç
bir əziyyət çəkmədən öz ağlının, təfəkkürünün
məhsulu olmayan cavabları verir, özünə aid olmayan qiyməti alır və məsuliyyət duyğusunu unudaraq bunun bütün vacib məqamlarda
belə olacağını düşünür.
İkincisi, həyatı yeni-yeni
dərk edən uşaq və ya gənc, özünə çox
zaman ideal hesab etdiyi müəlliminin
düşdüyü vəziyyətə
görə yalan
danışdığını, saxtakarlıq etdiyini,
göstəriş üçün
hər gün etmədiyi hərəkətləri
etdiyini gördükdə kiçik
yaşlarından yalana, riyakarlığa
öyrənir, "deməli, lazım olanda
yalan da danışmaq
olar" fikri
şüuraltında özünə yer
tapır. Beləliklə də müəllimin şagirdində
aşılamalı olduğu ən böyük xüsusiyyətlərdən olan dürüstlük duyğusu lap əvvəldən
özünü itirir.
Bunları
nəzərə alaraq, "açıq
dərs"ə verilən tələblərə bir daha diqqətlə
baxmalı, məktəb idarəçiləri öz
müəllimləri arasında təbliğat aparmalı və
yeni tipli
"açıq dərs"lərin təşkilinə nail olmalıdırlar. "Açıq dərs"lə adi, gündəlik keçilən dərs
arasında heç bir
fundamental fərq olmamalı, yaxşı
müəllimin hər dərsi "açıq dərs"
olmalıdır. Müəllim şagirdlərinə
filan tarixdə "açıq dərs"ləri
olacağını elan edərkən həyəcanlanmamalı,
bu duyğusunu
şagirdlərinə büruzə verməməli, dərsin
hazırlıq mərhələsində, yuxarıda qeyd etdiyimiz kimi, ancaq texniki
məsələlərlə məşğul olmalıdır.
Şagirdlər dərsdə özünü
hər günkü kimi
hiss etməli, öz bilik və bacarıqlarını təbii
şəkildə nümayiş etdirməlidirlər.
Eyni zamanda müəllim
də son dərəcə təbii
olmalı, özünün gözəl cəhətlərini
eşidib sevindiyi kimi, yol verdiyi
səhvləri də öyrənib aradan
qaldırmağa çalışmalıdır.
Məktəb
rəhbərliyi də öz növbəsində
"açıq dərs"dən gözlədiyi tələblərə
nəzər salmalı, süni şəkildə
hazırlanmış şou xarakterli dərsləri sərt tənqid etməli,
həmin müəllimlə ətraflı iş
aparmalıdır.
Unutmamalıyıq ki, bir
şagird bu gün öyrənə bilmədiyi riyaziyyat mövzusunu sabah öyrənə bilər, amma
bu gün itirdiyi dürüstlük
duyğusunu bir daha heç zaman qazana bilməz.
Namiq NAĞIYEV,
Təhsildə İnnovasiyalar Mərkəzi
Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.9.