17 yaşlı
pakistanlı məktəbli
Nobel sülh mükafatına layiq görüldü
O, bu
barədə xəbəri kimya dərsində alıb
Məktəbli qızın həyat hekayəti
Məlum olduğu
kimi, oktyabrın 10-da Osloda Nobel
Mükafatları Komitəsi
2014-cü il Nobel Sülh Mükafatına pakistanlı təhsil
fəalı Malala Yusifzay və hindistanlı uşaq
hüquqları müdafiəçisi Kailaş Satyartini layiq
görüb. Nobel Komitəsinin bildirdiyinə
görə, mükafat onlara uşaqlara qarşı repressiyalar
və onların təhsil hüquqlarının müdafiəsinə
görə verilib. 17
yaşlı pakistanlı məktəbli Malala Yusifzay artıq bir neçə
ildir ki, təhsil və insan haqları uğrunda
mübarizəsi ilə bütün dünyanın diqqətini
çəkməkdədir.
Dünyanın ən gənc Nobel mükafatı
laureatının çox
dramatik həyat tarixçəsinə bir daha nəzər
salaq.
"Ümid və cəsarətin simvolu"
Malala Yusifzay 1997-ci il
iyulun 12-də bir vaxtlar
"Pakistanın İsveçrəsi" adlandırılan
Svat bölgəsinin Minqora şəhərində anadan
olub. "Malala" "qəmli", "matəmli"
deməkdir. Bu ad sanki onun gələcək
taleyini müəyyən edib.
Milliyyətcə puştun, dini əqidəsinə
görə müsəlman olan Malala
5 yaşında məktəbə
gedib. 2009-cu il yanvarın 15-də
taliban rejimi qızlara məktəbə getməyi qadağan
edib. Qız məktəbləri
bir-birinin ardınca dağıdılıb. Nəticədə, 11 yaşlı Malala da bir neçə
gün məktəbə gedə bilməyib. Taliban qüvvələri Pakistanın Svat vadisini nəzarət altına
aldıqda, kiçik bir qız heç qorxmadan
düşüncələrini dilə gətirib. O,
taliban özbaşınalıqları barədə BBC-yə
"Gül Makai" təxəllüsü ilə
yazdığı gündəliklər sayəsində məşhurlaşıb. Gündəliklərdə Malala
bölgədə olan vəziyyəti təsvir edib, taliban
qüvvələrinin qızların məktəbə getməsinə
qadağa qoyması, uşaqların qorxudan məktəbə
gedə bilməməsindən bəhs edib. Sonradan gündəlik bir sıra televiziyalarda da
yayımlanıb. "Nyu-York
tayms" onun barəsində film çəkib. Taliblər onu susdurmaq
istəyiblər, həyatına sui-qəsd təşkil ediblər.
2012-ci il oktyabrın 9-da Malalanın da içində
olduğu məktəb avtobusunu saxlayan taliban üzvləri 15
yaşlı yeniyetməyə iki dəfə atəş
açaraq onu başından və boynundan yaralayıblar. Həmin gün Malala imtahan verib evə
qayıdırdı. O imtahan bəlkə
də Malala üçün yaşam və ölüm, yaxud
aydınlıq və qaranlıq
arasında ən çətin bir imtahan olub. O, 8 gün
komada, 88 gün xəstəxanada qalıb. Xüsusi təhlükəsizlik tədbirləri
altında hərbi vertolyotla
Pakistandan Birləşmiş Ərəb Əmirliyinə
aparılan Malala burada müalicə aldıqdan sonra
Böyük Britaniyaya çatdırılıb. O, Birmingen şəhərindəki kraliça Yelizaveta klinikasında
müalicəsini davam etdirib.
2013-cü il yanvarın 4-də ambulator müalicəni davam
etdirmək üçün Malala
Birmingem xəstəxanasından evə buraxılıb.
Ölüm təhlükəsi belə onu tutduğu yoldan çəkindirə
bilməyib, o, həmyaşıdlarının və bütün
azyaşlı uşaqların təhsil almaq hüququnun
müdafiəsi uğrunda mübarizəsini davam etdirib. Pakistanın siyasi və dini liderlərilə
yanaşı, Əfqanıstan prezidenti Həmid Kərzai, ABŞ rəsmiləri hücumu pisləyiblər.
ABŞ-ın dövlət katibi
Hillari Klinton Malalanın cəsarətini
yüksək qiymətləndirərək yaraqlıların qadının
gücü qarşısında zəif olduqlarını
deyib. BMT-nin Baş
katibi Pan Gi Mun 12 iyul tarixini "Malala günü" elan edib. Britaniyanın sabiq
baş naziri Qordon Braun isə Malalanı ümid və cəsarətin
simvolu adlandırıb. Taliban isə
bildirib ki, qız sağ qalarsa, ona qarşı yenidən sui-qəsd
törədəcək. Pakistan hökuməti
Malalaya atəş açan şəxsin yeri haqqında məlumat
verənlərə 105 min ABŞ dolları məbləğində
mükafat təyin edib. Cinayətkar hələ də
tutulmayıb.
"Bir müəllim, bir uşaq,
bir kitab,
bir qələm
dünyanı dəyişdirə bilər"
Malalanın möcüzə
nəticəsində
sağ qalması onu Pakistanın ucqar bir vadisindən
Nyu-Yorkdakı Birləşmiş Ştatlar Təşkilatının dəhlizlərinə qədər
uzanan fövqəladə bir səfərə
çıxarıb. "Malala günü" ilk dəfə sui-qəsddən 9 ay sonra, 2013-cü il iyulun 12-də Nyu-Yorkda
BMT-nin mənzil-qərargahında qeyd edilib. O, 16 yaşını BMT-dəki
çıxışı ilə qeyd edib. Toplantı
iştirakçılarını müsəlman qaydası ilə "əssalam-əleyküm"
deyə salamlayan gənc qızın
çıxışı aşağıdakı sözlərlə
yadda qalıb: "Bir müəllim, bir uşaq, bir kitab, bir qələm
dünyanı dəyişdirə bilər. Təhsil
yeganə həll yoludur. Gəlin öz
hüquqlarımızı müdafiə edək, mübarizə
aparaq". Bütün
dünyaya yayılan çıxışında Malala siyasətçilərə
üz tutaraq hər bir
uşağın məktəbə getməsinin təmin
olunması üçün
onlardan təxirəsalınmaz tədbirlər görməyi
xahiş edib.
Çıxışında Malala bildirib: "Əziz
dostlar, taliblər məni başımdan vurdular. Təkcə məni deyil, dostlarımı da
yaraladılar. Onlar fikirləşdilər
ki, güllələr bizi başladığımız işləri
dayandırmağa məcbur edəcək. Lakin
onlar yanıldılar. Bu sakitlikdən minlərlə
səs qalxdı. Onlar elə bildilər ki, mənim məqsədimi dəyişə
və ambisiyalarımı öldürə bilərlər. Lakin onların səylərinə
baxmayaraq, mənim həyatımda hər şey əvvəlki
kimi qaldı. Yalnız bir
şey dəyişdi: məndəki zəiflik, qorxu və
ümidsizlik öldü. Onların yerinə güc, qüvvə və cəsarət
gəldi". O əlavə
edib ki, bu gün dünyada məktəbə getməyən
uşaqların sayı 57 milyona çatıb. Onlardan
31 milyonu qızlardır.
Pakistanda və bir sıra dünya ölkələrində
qızların təhsili barədə düşünməyərək
onları gənc
yaşlarından nikaha girməyə məcbur edirlər. Biz qızların təhsilinə vəsait
ayırmalı və
onların təhsil hüququ uğrunda mübarizə aparan
insanları müdafiə etməliyik.
Barak Obama
Malalanı Ağ Evə dəvət edib
Pakistanlı qız ötən
il Avropa parlamenti tərəfindən insan
haqları sahəsində beynəlxalq mükafat alıb.
Parlamentdəki çıxışı ilə Malala
avropalı deputatları özünün məntiqli çıxışı
ilə heyran qoyub. Malala bildirib
ki, ona verilən mükafat təhsil sahəsində mübarizəsini davam
etdirməyə cəsarət
verəcək. Malala bir ölkənin
"super güc"
sayılması üçün ordusuna və
silahına deyil, onun öz vətəndaşlarına verdiyi təhsil,
fundamental azadlıqlara, gender bərabərliyinə baxılması zəruriliyini qeyd edib.
Avropa
parlamentinin 766 üzvünün ayaqüstə alqışlarla
qarşıladığı
çıxışını
Malala "57 milyon uşaq İPhone, Xbox, Playstation və
ya şokolad deyil, bir kitab və bir qələm istəyir"
sözləri ilə tamamlayıb.
Malalanın təsirli çıxışından sonra
söz alan Avropa
parlamentinin sədri Martin Şults "sənin arzun oğlan və
qızların məktəbə gedə bilməsidir. Bu arzunun
gerçəkləşməsini təmin etmək bizim vəzifəmizdir"
deyərək Malala Yusifzayın milyonlarla uşağın və gənc qızların səsi
və ümidi olduğunu
bildirib. Ötən il ABŞ-a səfəri zamanı prezident Barak Obama, birinci
xanım Mişel Obama və onların böyük qızı
Maliya Malalanı Ağ Evə dəvət ediblər. Amerika səfərindən Britaniyaya qayıtdıqdan
sonra isə o, Bukingem sarayında kraliça İkinci
Yelizavetanın qəbulunda olub və öz kitabını ona
şəxsən təqdim etmək imkanı qazanıb.
"Mənim
bütün dünya uşaqlarına mesajım budur..."
Malala 16 yaşında bütün dünyada sülh hərəkatının
simvolu və Nobel sülh mükafatına ən gənc namizəd olub. Malala iki dəfə Nobel sülh
mükafatına namizəd göstərilib, ötən il ala bilməyib, bu il isə layiq
görülüb. O, bütün təhdidləri,
susmağı rədd edərək təhsil haqqı
uğrunda mübarizəyə başlayıb. Onun qələmə
aldığı "Mən, Malala" kitabı tək bir insanın səsini bütün dünyaya çatdırmağa
qabildir. O, kitabına bu sözlərlə
başlayıb: "Malala
kimdir",-deyə soruşdu silahlı adam. Malala mənəm, bu
da mənim hekayəm.
Haqsızlığa məruz qalan və sonra da susdurulan
bütün qızlar... Səsimizi
birlikdə qaldıracağıq!". Bu kitab bütün
dünyada gənclər üçün əsl betsellerə
çevrilib.
"Qardian" qəzetinin yazdığına görə,
Norveç Nobel Mükafatları Komitəsi ilk dəfə
etiraf edib ki, 2013-cü
ildə Malalanın sülh mükafatı ala bilməməsinin
yeganə səbəbi onun həddən artıq gənc
olması olub. Lakin bu il
oktyabrın 10-da dünyada ən çox arzuolunan
mükafatın sahibi olub. Beləliklə də Malala 17 yaşında
Nobel mükafatı almış ən gənc laureatdır.
1901-2014-cü illər ərzində 47 qadın Nobel mükafatı
alıb. Malala sülh mükafatı almış 16-cı
qadındır. Oslodakı Nobel İnstitutunun direktoru Q.Landested
Malalanın
mükafat alması münasibətilə deyib:
"Nobel mükafatını almaq laureat üçün
böyük məsuliyyətdir.
Mükafat
kifayət qədər gənc və ya tanınmayan
şəxsə verildikdə isə o, bu şəxsin həyatını
həmişəlik dəyişir.
Biz onları dünya səhnəsinə çox erkən
buraxırıq. 2013-cü ildə Malala barədə
bu cür düşündük və fikirləşdik ki, onun
mükafat alması tezdir.
Lakin Malala ötən il təhsil yolunda qlobal səfir
kimi çox yaxşı çıxışlar etdi və biz
hiss etdik ki, ona mükafat verməyin vaxtı
çatıb",-deyə Nobel Komitəsinin direktoru
bildirib. Komitənin
arqumentləri ilə Malala da razılaşıb. "Mən
o zaman özümü mükafata layiq hesab edərəm ki, təhsil üçün bir iş
görmüşəm, onda mən insanlara əminlik hissi ilə
deyə bilərəm ki, bəli, mən bu məktəbi
inşa etmişəm, müəllimlərə təhsil vermişəm, çox
sayda uşaqları məktəbə göndərmişəm.
O zaman əgər mən Nobel nükafatı alsam, onda
mükafata layiq olub-olmadığımı deyərəm".
Malala Nobel mükafatına layiq görülməsi barədə
xəbəri
Birmingem şəhərində oxuduğu orta məktəbdə
kimya dərsində aldığını bildirib.
Həyəcan içində olmasına
baxmayaraq, o, fizika və ingilis dili dərslərini davam etdirib.
O, əldə
etdiyi uğura görə, ilk növbədə, atasına minnətdar olduğunu
bildirib. "Mənin
bütün dünya uşaqlarına mesajım budur: öz
hüququnuzu qoruyun". Malalanı ABŞ
prezidenti Barak Obama da təbrik edib. O, Malalanın bu mükafata layiq
görülməsini hər bir insanın ləyaqətini qorumağa çalışan
insanların qələbəsi
adlandırıb.
..."Qaranlığı
gördüyümüzdə aydınlığın önəmini,
susdurulanda səsimizin dəyərini anlayırıq, eyni şəkildə
silahları gördükdə qələm və kitabların
önəmini anladıq. "Qələm silahdan güclüdür" deyimi
doğrudur. Radikallar qələm və
kitabların gücündən qorxurlar. Təhsilin gücü onları qorxudur. Onlar qadınlardan qorxurlar, qadın səsinin
gücü onları qorxudur".
..."Pakistanda məktəbə getməyimizə əngəl
yaradıldıqda
təhsilin əsl əhəmiyyətini dərk etdim. Təhsil
qadın üçün güc deməkdir. Terrorçular buna görə təhsildən
qorxurlar. Qadınların təhsil almasını
istəmirlər. Çünki bilirlər
ki, təhsil aldıqlarında qadınlar daha güclü
olacaqlar".
İqtisadiyyat
üzrə Nobel
mükafatı
laureatının
adı açıqlanıb
Oktyabrın 13-də 2014-cü il iqtisadiyyat üzrə
Nobel mükafatı laureatının adı açıqlanıb.
İsveç Kral Akademiyasının qərarı ilə mükafata "bazarın gücünün və
tənzimlənməsinin analizinə" görə
fransız alimi, Tuluza Universitetinin professoru Jan Tirole layiq görülüb.
Komitənin məlumatında qeyd olunub ki, Tirole dövrümüzün ən
nüfuzlu iqtisadçı alimlərindən biridir. O, öz tədqiqatlarında bir
neçə güclü şirkətlər olan sənaye sahələrini
anlamaq və tənzimləmək məsələsinə
aydınlıq gətirib. Hazırda sənaye sahələrində bir neçə şirkət
və ya iri monopoliya
aparıcı rol oynayır. Tirolenin fikrincə,
müxtəlif bazarlar müxtəlif anti-monopol tənzimləmə
tələb edir. Nobel Komitəsi bildirib ki,
Tirolenin işləri anti-monopol komissiyalara kömək edir.
Qeyd edək ki, iqtisadiyyat üzrə mükafat 42 il əvvəl
İsveçin Dövlət bankının 300 illiyi ilə
bağlı yaradılıb və Nobelin xatirəsinə həsr edilb.
Jan Tirole 1953-cü il avqustun 9-da
Fransanın Troye şəhərində anadan olub. 1976-cı ildə Paris Ali Politexnik Məktəbini
bitirib. 1981-ci ildə Massaçusets Texnologiya
İnstitutunda iqtisadi nəzəriyyənin problemlərinə
dair doktorluq elmi işini müdafiə edib. Hazırda Tuluza
Universiteti nəzdində sənaye təşkilatları nəzəriyyəsi
İnstitutuna rəhbərlik edir.
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllim.- 2014.- 17 oktyabr.- S.8.