"Valideynlərim məni
uşaqlıqdan
kitabla dost münasibətdə böyüdüb"
Avstraliyanın
Melburn Universitetində magistr təhsili alan Adil Adilli ilə
söhbət
Adil İqbal oğlu Adilli 1990-cı ildə
Bakıda anadan olub. Bakıdakı 38
nömrəli tam orta məktəbdə oxuyub. 2005-ci
ildə Bakı Türk Anadolu Liseyinə daxil olub. Burada 4
il təhsil aldıqdan sonra TCS (Türkiyə Cumhuriyyətləri
Sınavı) imtahanı verərək arzuladığı və yeganə seçimi olan Türkiyənin Ankara şəhərində
yerləşən Orta Doğu Texnik Universitetinin elektrik və elektronika mühəndisliyi
fakültəsinə qəbul olub.
Azərbaycanda
"BestComp Group" və Türkiyədə "Petkim" şirkətlərində təcrübə keçib. Hazırda "Azərbaycan
gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Avstraliyanın Melburn
Universitetində mexatronika
mühəndisliyi üzrə magistr təhsili alır.
- Orta məktəb illərində ən
çox hansı fənlərə üstünlük
verirdiniz?
- Orta məktəb illərində qazandığım
uğurların əsası Bakı Türk Anadolu Liseyində
qoyulub. Ən
yaxşı, peşəkar müəllimlərin dərs
keçdiyi bu liseydə olduqca
keyfiyyətli bir təhsil mühiti əmələ gəlmişdir. Digər istedadlı şagirdlərlə
4 il bu mühitdə
təhsil aldığıma görə
özümü şanslı hesab edirəm. Məktəb
illərində xüsusilə fizika və riyaziyyat elmlərinə
maraq göstərmişəm. Bu elmlərə olan həvəsim
daha çox
müxtəlif dərin
riyazi misallar və məsələlər
üzərində çalışmağıma səbəb
oldu. Məhz bunun nəticəsində
də 2009-cu
ildə Xəzər Universitetində keçirilən dəqiq
elmlər üzrə olimpiadada I,
Qafqaz Universitetində
riyaziyyat və məntiq olimpiadasında II yerləri tutmuşam. İxtisas seçimimdə ən əsas
dəstək mənim ailəm olub, onlar mənə güvənməklə bacarıqlarıma uyğun
ixtisası seçməyimə dəstək olublar.
- Olimpiadaların həyatınızda rolunu necə qiymətləndirərdiniz?
- Əlbəttə ki, şagirdlərin gələcəyinin
formalaşmasında müsabiqələrin və
olimpiadaların rolu əvəzsizdir. Bu cür yarışlar insanı əsasən
həm psixoloji, həm də elmi cəhətdən inkişaf etdirir.
Psixoloji
olaraq özünə
inam, bir hədəf uğrunda
çalışaraq ona nail
olmaq, daim irəliləmək
bacarığı formalaşır.
Müxtəlif çətinliklərdə
əsas hədəfi düşünərək problemlərin
həllini asanlaşdırmaq qabiliyyəti yaranır. Elmi olaraq isə bilmədiyin bir
şeyi axtarıb tapmaq bacarığını, daha dərin
və kreativ
düşünmə qabiliyyətini
gücləndirir.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Məndə xaricdə təhsil almaq arzusu IX
sinifdən yarandı. Buna
əsas səbəb
isə oxuyacağım sahə üzrə dünya
səviyyəli mütəxəssis olmaq istəyim olub. Məhz buna görə
də "Azərbaycan gənclərinin
2007-2015-ci illərdə xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"na
müraciət etməyə qərar verdim. Qeyd edim ki, Dövlət
Proqramı çərçivəsində
tələbələrin seçim prosesini çox
yaxşı qiymətləndirirəm. 2014-2015-ci tədris
ili üçün tələbə
seçimlərində prosesin online sistemə keçməsini
olduqca peşəkar bir qərar hesab edirəm, həm sənəd
verən tələbələr,
həm də Təhsil
Nazirliyinin nümayəndələri
vaxt faktorunda qazanmış
oldular.
- Tələbə həyatınız necə
keçir? Oxuduğunuz ali məktəb,
seçdiyiniz ixtisas barədə məlumat verərdiniz?
- Hazırda Avstraliyanın Melburn
Universitetində (University of Melbourne) təhsilimi davam etdirirəm. Universitetin əsası
1853-cü ildə qoyulub və hazırda Avstraliyanın bir
nömrəli, "Times Higher Education"un tərtib etdiyi reytinq
sıralamasına görə
dünyanın ən
yaxşı 34-cü universitetidir.
Ali məktəbin
45 minə yaxın tələbəsi var və
bunlardan 11 minə yaxını, yəni 26 faizi əcnəbidir. Bu isə olduqca
yüksək bir rəqəmdir, ona
görə əcnəbi tələbələrə
qarşı heç bir ayrı-seçkilik yoxdur. Melburn Universiteti tələbələrinə
dəyər verən və öz məzunları ilə dəyər qazanan,
bütün dünyada elmin
inkişafına töhfələr vermiş məşhur alimlər
yetişdirmiş bir ali təhsil
müəssisəsidir. İxtisasım isə
mexatronika mühəndisliyidir. Mexatronika iki sözün
birləşməsindən əmələ gəlib:
"mexanika" və
"elektronika".
Ətrafımızda gördüyümüz hər hərəkət
edən və
elektriklə işləyən sistem
əslində bir mexatronik
sistemdir. Mexatronika deyiləndə,
bəlkə də ən çox yada düşən robot texnikası olur. Hazırda dünyada bu sahənin mütəxəssislərinə
ehtiyac günü-gündən artmaqdadır. Sənayedə təxmin edilən önəmli
dəyişikliklər məhz
mexatronik sistemlər vasitəsi ilə baş verir və bu
proses davam edəcək. Bəlkə
də bu səbəbə görə deyərdim ki, mexatronika sahəsi Azərbaycan
üçün ən öndə gələn prioritetlərdən
olmalıdır.
Hazırda bizə 4 fənn tədris olunur və bu dərslərin hər
birindən imtahan verməliyik. İxtisasım mexatronika
mühəndisliyi olduğu üçün dərslərin
bir hissəsi olaraq layihələr hazırlayırıq. Layihələr
adətən
robotlar, müxtəlif proqramlar
və ya qurğular düzəltməkdən ibarətdir. Bir semestr adətən
tapşırıqları yerinə yetirməklə, layihələr
hazırlamaqla və semestrin sonunda final imtahanları verməklə keçir.
- Xaricdə təhsilin hansı üstünlüklərini
qeyd edə bilərsiniz?
- Xaricdə təhsil deyəndə, ən çox diqqətə
fundamental bilik gəlir. Amma mən başqa
faydalar barədə danışmaq istəyərdim. Bunlardan ən əsası, tələbənin
təkbaşına, tanımadığı bir yerdə
qarşılaşdığı müxtəlif növ çətinlikləri sərbəst şəkildə
özünün həll etməsi bacarığıdır. Bu xarakteri özündə yaradan tələbə gələcək həyatda müxtəlif çətinliklərə
qarşı daha yaxşı müqavimət göstərə
bilir. Bundan
heç də az əhəmiyyət kəsb etməyən
başqa bir məqam da var. Bu da yeni bir ölkədə tələbənin
qarşılaşdığı fərqli mədəniyyətləri
təmsil edən insanlardır. Bildiyiniz kimi, hər insan öz dünyagörüşü
etibarı ilə bir
dünyadır. Yeni-yeni insanlarla
ünsiyyətdə olan tələbə yeni dünya
kəşf edir. Bu cür ünsiyyət, tanışlıq isə,
öz növbəsində, tələbənin xarakterini, həyata baxış bucağını dəyişir.
- Müəllim-tələbə
münasibətlərinə dair hansı maraqlı məqamları
qeyd edə bilərdiniz?
- Universitetdə gördüyüm müəllim-tələbə
münasibəti fərqlidir. Müəllimlər tələbələrlə
olduqca səmimidirlər, bir müəllim-tələbə
münasibətindən savayı dost-dost münasibəti daha
çox özünü büruzə verir. Bundan əlavə, tələbələrin
dərsi daha yaxşı mənimsəmələri
üçün müəllimlərin
əllərindən gələni etdiyini daima müşahidə
etməkdəyəm.
- Universitetdə imtahan sessiyası necə təşkil olunur?
- Universitetdə imtahanlar adətən semestrin sonunda
keçilən hər fənn üzrə olur. Və bir neçə fakültənin
tələbələrini geniş bir zalda əyləşdirirlər,
təxminən 3000
tələbə olur.
Çox ciddi yoxlama rejimində eyni vaxtda imtahan başlayır. Tələbəyə
15 dəqiqə ərzində suallarla tanış
olmaq və bəzi anlaşılmayan məsələləri
aydınlaşdırmaq üçün müəllimlərə
sual verməyə icazə verirlər. Bu vaxt ərzində yazmaq
qadağandır,
sadəcə oxumaq olar. Ondan sonra isə imtahan
vaxtı başlayır.
- Xaricdə təhsil sizə nə verir?
- Bu çox gözəl bir duyğudur. Özəlliklə
mənim sahəm kimi dinamik bir sahədə ən son
texnologiyaları, təcrübələri və metodları öyrənmək və
tətbiq etmək, onlardan
istifadə etmək
insana çox fərqli bir özgüvən verir.
- Gənclərimizin xaricdə təhsil almaq səylərinə
necə baxırsınız?
-Fikrimcə, biz gənclərin Azərbaycanın
inkişafı üçün edə biləcəyi ən
böyük dəstək hər kəsin öz sahəsini ən
mükəmməl şəkildə öyrənməsi olar. Hazırda bu sahələrin
əksəriyyəti
nüfuzlu universitetlərdə öyrədilir, ona
görə bizim gənclərin
borcudur ki, həmin universitetlərdə təhsil almaq
imkanı qazansınlar. Və
bunları etmək qədər də önəmli olan
başqa bir məqam
təhsil aldıqdan sonra Azərbaycana geri
qayıtmaq və əl-ələ
verərək ölkəmizi bir addım daha da qabağa
aparmaqdır.
- Azərbaycandan çox uzaqda- Avstraliyada təhsil
alırsınız. Bir qədər də
yaşadığınız şəhər haqqında məlumat
verərdiniz...
- Yaşadığım şəhər Melburn şəhəridir.
Avstraliyanın Sidneydən sonra ikinci
böyük şəhəridir. Ümumiyyətlə, Avstraliya şəhərlərinin
görünüşü çox sistemlidir, horizontal olaraq
şəhərin quruluşuna baxsanız onun necə
sistemli bir şəhər
olduğunu görmək mümkündür. Adaptasiya prosesi bir həftə davam
etdi və olduqca asan
keçdi. Şəhərin önəmli bir qismini əcnəbilər təşkil
etdiyindən əcnəbilərə
münasibət olduqca gözəldir. Burada
milliyyətçilik görülməyəcək qədər
azdır.
- Azərbaycan diasporası ilə əlaqələriniz. Tələbələrimizin təşkilatlanması
nə səviyyədədir?
-Melburn şəhərində azərbaycanlıların
sayı olduqca
azdır. Buna baxmayaraq,
biz burada Azərbaycan diasporası yaratdıq və tez-tez
azərbaycanlı tələbələrlə
görüşlər təşkil edirik. Ümid
edirəm ki, bu təşkilatlanmanı daha da güclü bir vəziyyətə
gətirəcəyik. Bir azərbaycanlı
tələbə olaraq uzaq Avstraliyada ölkəmizi, mədəniyyətimizi
layiqincə təmsil etməyə
çalışırıq. Fərqli mədəniyyətlərin
nümayəndələri ilə ünsiyyət saxlayarkən
ölkəmizin nailiyyətləri barədə
danışırıq. Bu müddət ərzində
ölkəmizə qarşı çox müsbət fikirlərin əmələ
gəlməsində vasitəçi olmuşam.
- Kitab oxuyursunuzmu? Mütaliənin faydasını nədə
görürsünüz?
- Valideynlərim məni uşaqlıqdan kitabla dost
münasibətdə böyüdüb, həyatımın bütün mərhələlərində kitab oxumağa çalışmışam. Mənim
dünyagörüşümün önəmli bir qisimini məhz oxuduğum kitablar formalaşdırıb.
- Gələcək planlarınız ?
-Hazırda əsas məqsədim ixtisasımı daha da
dərindən mənimsəməkdir. Gələcək
planlarım isə Azərbaycana qayıdıb ölkəmizdə
robot texnikası və İKT sahəsinin inkişafına
yaxından töhfə verməkdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 17 oktyabr.- S.7.