Məktəb direktorunun
bir iş həftəsi
Bakı şəhəri Tahir Həsənov
adına 23 nömrəli tam
orta
məktəbin direktoru Yuliya Kərimova ilə söhbət
Onunla şəxsi tanışlığım olmasa da təhsillə bağlı mətbuatda çıxışları, söylədiyi fikirləri, verdiyi müsahibələri ilə açığını desək diqqətimi cəlb etmişdi. Gənc olmasına baxmayaraq kreativ düşüncəsi ilə digər həmkarlarından fərqlənən bu direktorla tanış olmaq istəyi məndə xeyli vaxt idi ki, yaranmışdı.Təsadüf elə gətirdi ki, qəzetimizin növbəti nömrəsi üçün direktorun bir iş həftəsi mövzusunda yazı hazırlamaq tapşırılanda məhz bu direktorla görüşməyi qərara aldım. Bu xanım direktorla görüşüb məqsədimizi bildirəndə təbəssümlə ilk sözü bu oldu: "Elə mən də siz gəlməmişdən qabaq həftə ərzində gördüyüm işlərin özlüyümdə təhlilini aparırdım, sanki ürəyimi oxudunuz". Söhbət Bakının tanınmış təhsil müəssisələrindən biri olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimovadan gedir.
- Yuliya xanım, sizinlə daha yaxından tanış olmaq istərdik...
- Bakı Dövlət Universitetinin filologiya fakültəsində
təhsil almışam. Həmin fakültənin 1998-ci ildə bakalavriat, 2000-ci ildə isə
magistratura pillələrini bitirmişəm. Bir müddət
Avropa Azərbaycan Cəmiyyətinin təsisçiliyi ilə
fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbi
özəl ümumtəhsil müəssisəsində Kurikulum
və təlim mərkəzinin rəhbəri olmuşam, eyni
zamanda Bakı Dövlət Universitetinin pedaqogika
kafedrasının müəllimi vəzifəsində
çalışmışam. 2006-2007-ci illərdə
ABŞ-ın Ohayo ştatının Kent Universitetinin təhsil
fakültəsində kurikulum və təlim
araşdırmaları üzrə magistr səviyyəli
proqramı bitirərək ikinci magistr dərəcəsi almışam.
2012-ci ildən Bakı Dövlət Universitetinin pedaqogika
kafedrasının doktorantıyam. 2014-cü il martın 31-də
paytaxtın sayılıb-seçilən məktəblərindən
biri olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov
adına 23 nömrəli tam orta məktəbə direktor təyin
olunmuşam.
- Sizin
üçün məktəb direktorluğu nədir və bu
vəzifəyə təyin olunduqdan sonra ilk diqqət
yetirdiyiniz hansı məsələ olub?
- Mənim üçün direktorluq yeni, heç də
asan olmayan, eyni zamanda isə çox maraqlı və
yaradıcı bir işdir. Fikrimcə, bu günün məktəb
direktoru kreativ düşüncəyə malik, yeni təşəbbüslərin
reallaşdırılmasında önəmli rol oynamaqla
yanaşı, ətrafına peşəkar, yaradıcı
müəllimlərdən ibarət bir komanda toplayaraq
müasir təhsilimizin inkişafına öz töhfələrini
verməyi bacarmalıdır. Məhz mən işimə bu
cür yanaşıram.
6 aydan çoxdur ki, məktəb direktoruyam. Direktor
kimi fəalliyətə
başladığım ilk gündən nəzarətimə
götürdüyüm ən vacib məsələ məktəbdə
nizam-intizamın gücləndirilməsi, hər bir kəs tərəfindən
bu qaydalara ciddi əməl edilməsi, məsuliyyət hissinin
artırılması oldu. Artıq bununla bağlı müəyyən
irəliləyişlər hiss olunmaqdadır.
Direktor olaraq məktəbin inkişafında əsas məqsədləri
3 prioritet istiqamətdə qruplaşdırmışam. Bunlar məktəbdə
müasir, informasiya cəmiyyəti üçün
mühüm olan keyfiyyət göstəricilərinə cavab
verən təhsil prosesinin qurulması, tədrisin keyfiyyətinin
yüksəldilməsi; müəllimlər və şagirdlər
arasında işgüzar, şagirdyönümlülük
prinsipinə əsaslanan münasibətlərin qurulması və
ictimaiyyətdə məktəbin yüksək peşəkarlıq
səviyyəsinə malik olan müəssisə kimi
obrazının formalaşmasıdır.
- Direktor
kimi iş həftənizi,
rejimini necə qurursunuz?
- Məktəb direktorunun "həftəsini" və
iş rejimini təsvir etmək üçün biznes sahəsində
daha çox rast gəlinən bu metaforanı işlətmək
olar: 24/7. Yəni sən istirahət günləri olmadan, məzuniyyət bilmədən həftənin
7 gününün 24 saatını
çalışmalısan. Düşünürəm ki, təhsil
işçiləri tərəfindən də təhsilə belə
yanaşılmalıdır. Bu o deməkdir ki, sən
birbaşa məktəbdə,
şagird və müəllimlər ilə əhatə olunmasan da belə, məktəbdəki
işlər daim fikrindədir və nəzarətin
altındadır. Beynində planlarını qurursan, daxilən
özünlə söhbət edirsən, bəzən artıq
virtual olaraq bir sıra məsələləri
həll edirsən, yeniləri barədə
düşünür, onun həlli yollarını
axtarırsan və s. Bu normal bir haldır. Məktəb
direktoru olmaq, onu idarə etmək
çox məsuliyyətli işdir.
Yeni iş həftəsinə bazar günü
axşamdan başlayır, ötən həftəni
özlüyümdə ətraflı təhlil edirəm.
Görülən işlərlə bağlı dəyərləndirmə
aparır, gündəliyimi açıb, həftə ərzində
apardığım qeydlərə baxır, həll olunmuş
məsələləri özüm üçün yenidən
bir xatırlatma edir, həllini
tapmayan, yenidən baxılmasını tələb edən
məsələləri isə yeni həftənin 1-cü
günü üçün qeyd edirəm və prioritetə
görə həftənin günləri üzrə
paylayıram.
Təhsil müəssisəsində dərslər saat 8.00-da
başlayır. Mən 7.30-da işə gəlirəm, 1-ci dərsin
zəngi vurulmadan, məktəbə gələn şagirdləri
və müəlllimləri qarşılayır, onlara xoş əhvali-ruhiyyə
arzulayıram, zərurət yaranarsa onlara məktəbdaxili
qaydaları yenidən xatırladıram, bir sıra vacib göstərişləri yerindəcə
verirəm.
-
Direktorun məktəbdə təlim-tərbiyənin keyfiyyətinin
yüksəldilməsi üçün diqqət yetirməli
olduğu məsələlərdən biri də metodiki işə
düzgün rəhbərlik və mütəmadi olaraq buna nəzarət
etməsidir. Sizin tərəfinizdən bu iş necə həyata
keçirilir?
-Mən bu işi hər bir müəllimin
dərsini dinləməklə və onu ətraflı şəkildə
müzakirə etməklə həyata keçirməyə
çalışıram. Belə ki,
həftənin 5 günü 10 müxtəlif sinifdə dərsləri
izləməklə yanaşı, təlim prosesini
müşahidə edirəm. Bu mənim üçün ən vacib işlərdən
biridir: dərsləri mütəmadi olaraq izləmək,
şagirdlərin dərslərdə iştirakı, onların
dərsə hazırlıqları, bilik və
bacarıqlarının hansı səviyyədə olması,
bu uşaqların hər birini şəxsən
tanımağımda, eyni zamanda müəllimlərin
hazırlığı və öz işlərinə necə
münasibət göstərmələri barədə kifayət
qədər məlumatlı olmağımda əhəmiyyətli
rol oynayır. Xüsusilə X, XI siniflər demək olar ki, mənim
şəxsi nəzarətim altındadır.
İştirak etdiyim dərslərin sonra nəticələrini
müəllimlər ilə müzakirə etmək, onların
dərs haqqında fikirlərini öyrənmək, bəzi
metodiki tövsiyələr vermək mənim gündəlik
gördüyüm işlərdəndir.
Bilirsiniz, bəzi məsələlər var ki, onlar dərhal
həllini tapmalıdır, bəzi məsələlər isə
uzunmüddətli planlaşmanı və komanda tərkibində
iş tələb edir. Belə məsələlər
üçün mən çərçivəli plan tuturam.
Belə çərçivələr hər həftə
üzrə olur, həllini tapan məsələlər
çox olanda, görürəm ki, istədiyimə nail ola
bilmişəm və məktəbdə
işlər öz axarı ilə gedir.
- Gün ərzində
müxtəlif işlərlə məşğul olursunuz.
Valideynlərlə ünsiyyətdə olmağa imkan
tapırsınızmı?
- Əvvala onu deyim ki, məktəbin həyatında,
onun idarə olunması prosesində valideynlərin istirakı
olduqca vacibdir. Mənim otağımın qapısı
şagirdlər və müəllimlər üçün
daim açıqdır. Səhər tezdən müəllimlər,
şagirdlər və valideynlər müxtəlif sorğular
ilə müraciət edə bilərlər. Onların
suallarına cavab vermək, fərdi görüşlər
üçün vaxt təyin etmək, bəzən vacib qərarları
yerindəcə vermək - bunlar hamısı hər
günün səhər saatlarında baş verir. Valideynlərin
mənə müraciətləri təbii ki, övladları ilə bağlı
olur. Bu müraciətlər yazılı də ola bilər,
şifai də. Yazılı surətdə mənə
ünvanlanan müraciətlərdən elələri olur ki,
elə yerindəcə həllini tapır, bəzilərinin isə
araşdırılması müəyyən vaxt tələb
etdiyindən onun həlli 2 gündən 1 həftəyə
kimi çəkə bilər. Çalışıram ki, mənə
edilən müraciətlə bağlı obyektivliyi qorumaq
şərtilə sonda şagirdin xeyrinə qərar
çıxarım.
Həftədə bir dəfə mən sinif rəhbərləri
ilə iclas keçirirəm. Belə iclaslar mənim
üçün məktəbdə oxuyan hər bir şagird və
hər bir sinif haqqında vaxtı-vaxtında məlumat
almağa imkan yaradır.
-
Günün ikinci yarısını necə
planlaşdırırsınız?
- Günün ikinci yarısı daha çox müxtəlif
təsərrüfat işləri, sosial yönümlü məsələlərlə
məşğul olmaq üçün vaxt ayırmağa
çalışıram.
Bilirsiniz ki, bizim məktəb bu il Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən
əsaslı yenidənqurmadan sonra şagird və müəllimlərin
ixtiyarına verilib. Məktəbimizin məzunu olan, Azərbaycan
təhsil sisteminin inkişafına öz mühüm töhfələrini
verən Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və
UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva bu məktəbin yenidən
qurulması prosesini hər zaman diqqətdə saxlayıb.Məktəbimizdə
istər müəllimlərin fəaliyyəti, istərsə
də şagirdlərin yüksək təhsil almaları
üçün hərtərəfli imkan, şərait
yaradılıb, lazımi avadanlıq və ləvazimatlarla təchiz
olunub. Buradakı bütün sinif otaqları və
ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar
səviyyəsindədir. Onlardan səmərəli istifadə,
avadanlıqlardan səliqə ilə rəftar etmək məktəbimizdə
hər bir kəs tərəfindən riayət edilməsi vacib
olan ciddi qaydalardan biridir.
Bilirsiniz, hər günün özünəməxsus vəzifələri,
çətinlikləri və uğurları var.
- Yuliya
xanım, hər günün özünəməxsus vəzifələri,
çətinlikləri və uğurları var deyəndə
nələri nəzərdə tutursunuz?
- Məktəbin hər günü çətin və
maraqlı, gərginlik yaradan və eyni zamanda rahatlıq gətirən
olur. Bütün bunlar müəyyən
hazırlığı, çevikliyi və birlikdə iş
görmək bacarıqlarını tələb edən məsələlərdir.
Məktəb bir müəssisə olaraq, canlı orqanizmdir,
daim dəyişir, bəzən isə sabit qalır.
Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü
və tapşırığı ilə bir sıra layihələr
həyata keçirilir. Həftə ərzində bir neçə
dəfə həmin layihələrlə bağlı bu işə
cavabdeh olan müəllimlər ilə danışmaq, işlərində
rast gəlinən problem və çətinlikləri öyrənmək,
layihənin gedişatını izləmək, əldə
olunan nəticələrlə müntəzəm tanış
olmaq da diqqət göstərdiyim
işlərdən biridir.
Həftə ərzində
planlaşdırılmış işlərdən əlavə
digər mühüm işlərimiz olur. Belə ki, tez-tez məktəbimizə
qonaqlar gəlir, mühüm tədbirlər həyata
keçirilir. Təhsil müəssisəmizdə Təhsil
Nazirliyinin iclasları keçirilir. Məsələn, bu ilin
sentyabr ayının sonunda Rusiya Federasiyanın Dövlət
Dumasının deputatı V.V.Jirinovski məktəbimizə səfər
etmişdi.V.V.Jirinovski dərsdə iştirak etmiş, daha
sonra yuxarı sinif şagirdləri ilə görüşərək
onların suallarını
cavablandırmışdı. Digər bir tədbirimiz yenə
də sentyabr ayının sonuna təsadüf edən, məktəbimizin
adını daşıdığı Azərbaycanın Milli
Qəhrəmanı Tahir Həsənovun xatirə günü
ilə bağlı olub. Bu ilin 10-13 oktyabr tarixlərində isə
məktəbimizdə Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü
ilə IV Bakı Humanitar Forumun iştirakçısı,
Almaniyada fəaliyyət göstərən psixoloq Qalina
Xanzelmanın təqdimatı keçirilib.
- İş gününüz adətən neçədə
bitir? Bu qədər gərgin iş qrafiki ilə
çalışan bir xanım ailədə övladları ilə
məşğul olmağa vaxt tapa bilirmi?
- İş günüm adətən saat 7-də bitir. Təbii
ki, övladlarıma vaxt ayırmaq mənim analıq borcumdur və
bundan xüsusi zövq alıram. Böyük oğlum 7-ci
sinifdə oxuyur və artıq məni gözləmədən
sərbəst olaraq ev tapşırıqlarını yerinə
yetirir. Mən işdən qayıdanda o, dərsləri və
aldığı qiymətlər haqqında məlumat verir, məktəbdə
baş verən maraqlı hadisələr barəsində
danışır. Kiçik oğlum 1-ci sinif şagirdidir.
Onun dərsləri ilə şəxsən özüm məşğul
oluram. Mən hesab edirəm ki, məktəb təhsilinə
yeni başlayan uşağın evdə anası və digər
ailə üzvləri ilə birlikdə dərslərinə
hazırlaşması təhsilə motivasiyanı artırmaq
üçün çox vacib bir amildir. Buna görə
övladlarım ilə özüm məşğul oluram,
böyük oğlumun nailiyyətləri göstərir ki, belə
yanaşmanın nəticəsi çox yaxşıdır.
-
Mütaliəyə böyük maraq göstərdiyinizi də
bilirik. Bəlkə özünüz bu haqda
danışasınız...
- Boş vaxtlarımda (bu, əsasən istirahət
günləri olur) övladlarımla kitab mağazasına getmək
bizim ailədə bir bayram əhvali-ruhiyyəsi yaradır. Biz ailəlikcə mütaliə və
oxuduqlarımızı birlikdə müzakirə etməyi
çox sevirik.
Mən ədəbiyyat
üzrə Nobel mükafatı alan bütün
yazıçıların əsərlərini oxumağı
özüm üçün məqsəd qoymuşam.
Dünya təhsil
sistemində baş verən yenilikləri, ayrı-ayrı
inkişaf etmiş ölkələrın təhsillə
bağlı maraqlı təcrübələrini öyrənmək, internetdə təhsil sahəsində
aparılan beynəlxalq tədqiqatlarla tanış olmaq mənim
üçün olduqca maraqlıdır. Mən hesab edirəm ki, peşəkar
insan daima öz üzərində işləməli, müxtəlif
inkişafetdirici proqramlarda, görüşlərdə,
konfranslarda iştirak etməli, peşəkarlığın
inkişafı üçün geniş imkanlardan istifadə
etməyə çalışmalıdır.
Biz ömürboyu
öyrənmə dövründə yaşayırıq,
özümüz peşəkarlığımızı
inkişaf etdirmək üçün qarşımıza məqsədlər
qoymalıyıq və onları reallaşdırmalıyıq.
Qərb ölkələrində deyirlər ki, əsl lider
düzgün qərarları düzgün vaxtlarda verməyi
bacaran yox, başqalarına düzgün qərarları
düzgün vaxtlarda verməyi öyrədəndir. Mənim
üçün səmərəli liderlik iki mərhələdən
ibarətdir: mühüm qərarları verməyi bacarmaq və
birlikdə iş zamanı həmin bacarığı
komandamın üzvləri arasında inkişaf etdirmək.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 24 oktyabr.- S.7.