Təhsil Nazirliyində
Anlaşma
Memorandumu imzalandı
Oktyabrın 30-da Təhsil
Nazirliyi ilə Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun
imzalanması mərasimi keçirilib.
Tədbirdə
çıxış edən təhsil naziri
Mikayıl Cabbarov Azərbaycanda təhsil
sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini
vurğulayıb. Ölkə Prezidentinin sərəncamı
ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" bu sahəyə verilən önəmi bir
daha bariz şəkildə
nümayiş etdirir. Bu sənəd
təhsilimizin qarşısında duran əsas
çağırışları müəyyən edir, bir çox
vacib hədəflər üzrə islahatlara zəmin yaradır, təhsil sisteminin institusional əsaslarının,
infrastrukturunun və insan
resurslarının inkişaf etdirilməsi
üçün yolları göstərir.
Nazir bildirib ki, müasir iqtisadi inkişaf
konsepsiyası təhsil sahəsi ilə biznes
dünyasının əməkdaşlığının hərtərəfli
perspektiv inkişafını tələb edir. Bunu nəzərə alaraq,
Təhsil Nazirliyi işəgötürənlərlə,
biznes dünyası ilə sosial
əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.
Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdirildiyini
xatırladıb. Müxtəlif ali
təhsil müəssisələrində sahibkarların
iştirakı ilə məzunlar üçün
əmək yarmarkalarının keçirilməsi, peşə
təhsili məktəblərində tədrisə
sahibkarların cəlb olunması, tələbələrin
sahibkarlıq müəssisələrində təcrübə
keçməsi ilə bağlı fəaliyyətin
artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin
genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən
hissəsidir. "Müasir Azərbaycan
Peşəkarları" layihəsini xatırladan Mikayıl Cabbarov bildirib ki, bu layihə çərçivəsində
peşə təhsili müəssisələrində
hazırlanan mütəxəssislər əmək
bazarındakı tələbata uyğunluğu
ilə seçilir. Belə mütəxəssislərin
75 faizindən çoxu tədrisi başa vuran kimi özünə ixtisasına uyğun iş yeri tapır. Bu isə yeni tədris metodlarının işəgötürənlərin
gözləntilərinə uyğun olduğunu göstərir.
Nazir bildirib ki, müasir dövrdə tədrisin mövcud əmək bazarına
uyğunlaşdırılması bütün
sahələrdə kadr
çatışmazlığının aradan
qaldırılmasına, sahibkarlıq obyektlərinin yüksək
səviyyəli yerli kadrlarla
təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün, ilk növbədə, sahibkarlarla
ali məktəblər və peşə təhsili
müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi
vacibdir. Sahibkarlar onlara hansı keyfiyyətlərə malik kadrların gərək olduğunu
birbaşa tədris müəssisələrinə
sifarış edir, müvafiq
tələblərə uyğun
formalaşmasına istiqamət verir. Eyni zamanda sahibkarların tələbələrin
təcrübəyə cəlb olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Dünya əmək
bazarına uyğun, əcnəbi mütəxəssislərdən
geri qalmayan rəqabətqabiliyyətli
mütəxəssislərin hazırlanması müasir
təcrübi biliklərin səviyyəsindən asılıdır.
Nazir sahibkarlara biznesin strateji hədəflərini müəyyənləşdirərkən
kadr ehtiyatının hazırlanması işini unutmamağı tövsiyə edib. Tələbələrin innovativ
ideyalarının dəstəklənməsi, xüsusi təqaüdlərin təsis edilməsi gələcəyin praqmatik
düşüncəli mütəxəssislərinin hazırlanmasına verilən
ən böyük töhfədir. Mikayıl
Cabbarov
ASK-nın ali təhsil
müəssisələrində
biznes-inkubatorların
yaradılması layihəsinə dəstək verəcəyinə əminliyini vurğulayıb.
ASK-nın prezidenti Məmməd Musayev
Azərbaycanda sahibkarlığın vəziyyəti və
nazirliklə adıçəkilən qurum
arasında imzalanan Memorandumun
əhəmiyyətindən danışıb. Məmməd Musayev savadlı gənclər hesabına kadr ehtiyatının yaradılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığa
hazır olduğunu bildirib.
Təhsil naziri Mikayıl Cabbarov və
ASK-nın prezidenti Məmməd Musayev Memorandumu
imzalayıblar.
Memorandum sahibkarlarla Təhsil
Nazirliyi arasında əlaqələrin daha da inkişaf
etdirilməsi, özəl sektorda
çalışan sahibkarlarla sosial partnyorluğun
yaradılması, iqtisadiyyatın sürətli inkişafı
şəraitində yeni texnologiyaları mənimsəmiş
kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə
tutur.
Tərəflər
arasında razılaşmaya əsasən, ASK-nın təhsil
və peşə təhsili komissiyalarının tərkibinə
Təhsil Nazirliyinin nümayəndəsi də
daxil edilib.
Azərbaycan
müəllimi.- 2014.- 31 oktyabr.- S.3.