Bolonya prosesi təhsilimizə nə verib?
Gələn
il Azərbaycanın Bolonya prosesinə
qoşulmasının 10 ili tamam olur
Yusif
ƏLİYEV, Niyazi RƏHİMOV,
"Azərbaycan
müəllimi"
Təşəkkül tarixi ötən əsrin
sonlarına təsadüf edən Bolonya prosesi Avropa ölkələri
təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının
formalaşdırılmasını nəzərdə tutur. Ölkəmiz bu prosesə 2005-ci il mayın 19-da qoşulub. Gələn il Bolonya Bəyannaməsini
imzalamağımızın 10 ili tamam olur.
Hər bir yeniliyin tətbiqində
olduğu kimi, Bolonya prosesinə qoşulanda da ölkəmizdə
ilk vaxtlar bunu təqdir edənlər və məqbul saymayanlar
var idi. Təxminən 6 il öncə
Bolonya prosesinin mahiyyəti ilə bağlı ali məktəblərin
birində apardığımız sorğu zamanı bir
professor sanki bu prosesi ölkəmiz üçün məqbul
saymayanların fikrini ifadə edərək demişdi: "Bu
ona bənzəyir ki, palma ağacını gətirib
Bakıda əkirsən".
Professorun ironiyasına rəğmən
"palma ağacı" nəinki ölkəmizə gətirilərək
əkilib, həm də artıq kök atıb, şaxələnib.
Azərbaycan Bolonya Bəyannaməsini
imzalayanda onun bəzi müddəaları, prinsipləri
artıq ölkəmizdə tətbiq olunurdu. Belə ki,
1992-ci ildə qəbul olunmuş "Təhsil haqqında"
Qanuna əsasən ikipilləli ali təhsilə,
çoxballı qiymətləndirmə sisteminə
keçilmiş və bu sahələrdə xeyli müsbət
təcrübə toplanmışdı. 2005-ci ildən isə
bu sahədə aparılan işlərin Bolonya sisteminin tələblərinə
uyğunlaşdırılmasına, bəyannamədə nəzərdə
tutulan digər müddəaların, o cümlədən kredit
sisteminin (Avropa Kredit Transfer Sisteminin) tətbiqinin, təhsilin
keyfiyyətinə nəzarətin gücləndirilməsinin,
mobilliyin genişləndirilməsinin, ixtisasların və
diplomların qarşılıqlı tanınmasının,
diploma əlavələrin Avropa ölkələrinin ali təhsil
haqqında müvafiq sənədlərinə
uyğunlaşdırılmasının, məzunların
işlə təminatına nail olunmasının, ali təhsil
sisteminin cəlbediciliyinin təmin edilməsinin gerçəkləşdirilməsinə
başlanılıb. İlkin mərhələdə ölkənin
10 ali məktəbində bəzi
ixtisaslarda eksperimental qaydada tətbiq olunan kredit sistemi sonra
bütün ali məktəbləri və ixtisasları əhatə
edib. Prosesin tətbiqi ilə bağlı bir
sıra normativ sənədlər hazırlanaraq təsdiq
edilib.
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə,
xüsusən də ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin
tələblərinin yerinə yetirilməsi sahəsində
işləri sürətləndirmək məqsədi ilə
ölkə başçısı tərəfindən 31
yanvar 2008-ci il tarixində "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına
inteqrasiyası ilə bağlı bəzi tədbirlər
haqqında" sərəncam imzalanıb. Həmin sərəncama
əsasən "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı" qəbul olunaraq icrası təmin
edilib. Bütün bunların nəticəsi
olaraq deyə bilərik ki, son 10 ildə Bolonya prosesi ölkəmizdə
tam tətbiqini tapıb. Bəs bu proses Azərbaycan təhsilinə
nə verib? Təhsil Nazirliyindən Azərbaycanın Bolonya
prosesinə qoşulmasının aşağıdakı kimi
üstünlükləri olduğu bildirilib:
* Azərbaycanın ali təhsilinin
Avropa təhsil məkanına inteqrasiyası;
* Tələbə və müəllim kontingentinin vahid
Avropa ali təhsil məkanına qoşulan
ölkələr arasında mobilliyinin
asanlaşdırılması (eyni zamanda bir ölkənin ali təhsil
müəssisələri arasında);
* Tələbə və müəllim kontingentinin vahid
Avropa ali təhsil məkanına qoşulan
ölkələr arasında məşğulluq (işədüzəlmə)
prosesinin asanlaşdırılması;
* Diploma əlavənin vahid modelinin yaradılması ilə
məzunların əmək bazarında fəaliyyətə
başlamasını asanlaşdırması;
* Uzunömürlü təhsil almaq imkanlarının
yaradılması (ali təhsil müəssisələrindən
akademik uğursuzluğa görə xaric olunmanın aradan
qaldırılması);
* Hər bir tələbəyə fərdi yanaşma;
* Hər bir müəllimin tədris etdiyi kursa (fənnə)
sərbəst yanaşması;
* Tələbələrə öz təhsil prosesini
seçməkdə sərbəstliyin verilməsi (məs., müəllim və fənn
seçimində sərbəstliyi);
* Yay semestri imkanlarından istifadə;
* Tədrisi vaxtından əvvəl bitirmə imkanları
(bakalavriat səviyyəsində 3.5 il,
magistratura səviyyəsində 1.5 il);
* Diplomların ekvivalentliyi və
qarşılıqlı tanınması imkanları.
Sualı bu sahənin biliciləri kimi
tanınan mütəxəssislərə ünvanladıq.
Aşağıda onların qeydlərini təqdim edirik:
Hamlet
İSAXANLI,
Xəzər
Universitetinin təsisçisi, Direktorlar
və Qəyyumlar
Şurasının sədri, professor
Avropa dövlətləri
iqtisadi, siyasi və digər məsələlərdə birləşdiyi
kimi təhsil sahəsində də müəyyən
edilmiş ümumi qaydaların tətbiqini zərirət hesab
edirdi. Avropa təhsil sistemində müəyyən
harmonizasiyanın yaradılması, ahəngdarlığın
təmin edilməsi məqsədilə ilk dəfə
Fransanın Sorbon Universitetində 4 Avropa ölkəsinin
iştirakı ilə memorandum imzalandı. Bundan sonra
İtaliyanın Bolonya Universitetində bir çox Avropa
ölkələrinin nümayəndələrinin
iştirakı ilə Bolonya prosesinin tətbiqi ilə
bağlı bəyannamə imzalandı. Müxtəlif illərdə,
Avropa ölkələri get-gedə bu prosesə qoşulurdu.
Prosesin tətbiqində əsas məqsəd o idi ki, Avropa
ölkələrinin təhsil sistemləri bir-birini başa
düşsün. Lakin bu o demək deyildir ki,
bütün Avropa təhsil sistemi eyniləşsin və
standarta salınsın. Çoxpilləli təhsil, kredit
sistemi, təhsilin keyfiyyətinin qarşılıqlı qiymətləndirilməsi,
tələbə, müəllim mobilliyi, diplomların
qarşılıqlı tanınması Bolonya prosesinin əsas
müddəalarıdır.
Azərbaycan 2005-ci ildə Bolonya prosesinə
qoşuldu. Həmin dövrdə
çoxları bu prosesin nədən ibarət olduğunu
başa düşmürdü. Biz Xəzər
Universitetində bir sıra ali təhsil
müəssisələrinin dekanlarının
seminarlarını təşkil etdik və proses haqqında
geniş məlumatlar verdik. Bununla bağlı həmin
dövrdə mətbuatda da bir sıra məqalələr
yazdım və Bolonya prosesinin mahiyyətini
açıqlamağa çalışdım. Prosesin tətbiqi zamanı bir çox çətinliklər
baş verirdi. Geniş təbliğat aparılmasına
baxmayaraq bu proses Avropadakı kimi tam başa düşülmədi
və bu gün də bununla bağlı müəyyən
problemlər var.
Ölkəmizdə bu prosesin tətbiqinin
bizə verdiyi ən vacib amillərdən biri kredit sistemidir. Bu sistem demək
olar ki, bütün ali təhsil müəssisələrində
tətbiq olunur. Xəzər Universiteti
yarandığı gündən bu günə qədər
kredit sistemini tətbiq edir. Çünki
biz Amerika təhsil sistemini əsas götürürük və
düşünürdük ki, bu sistem gec-tez Avropada da öz təsdiqini
tapacaq. Ancaq Bolonya prosesinin Azərbaycana
bundan başqa elə bir xeyri olduğunu düşünmürəm.
Buna səbəb respublikamızda bu prosesin də
müəyyən qədər
standartlaşdırılmasıdır. Qeyd
edim ki, Bolonya prosesinə qoşulmuş ölkələrin
qarşısına konkret şərtlər qoyulmur, sadəcə
tövsiyələr edilir. Ümumiyyətlə,
dünyanın bir çox ölkələrində universitetlərə
sərbəstlik verilir. Həmin universitetlərdə
dövlət tərəfindən təsdiq edilmiş xüsusi
tədris planı olmur. Buna misal olaraq Amerikanı
göstərmək olar. Amerikada universitetlərə
nəzarət edən qurum belə yoxdur. Hətta
orada belə bir deyim var ki, Amerika təhsilinin gücü onun
sistemsiz olmasındadır. Yəni,
universitetlər tam sərbəstdirlər. Qəbulu
da özləri aparır, diplomu da özləri verir.
Bolonya prosesinin əsas prinsiplərindən
biri məhz keyfiyyətdir. Bu
keyfiyyəti almaq üçün isə universitetlərə
muxtariyyət və sərbəstlik verilməli, standart tədris
planı olmamalıdır. Təsəvvür
edək ki, kompüter elmləri ilə bağlı tez-tez
yeniliklər baş verir və həmin yeniliklərin tədrisi
ilə bağlı tədris planında heç nə nəzərdə
tutulmur. Deməli, bu yeniliklər tələbəyə
çatdırılmır və ya gec
çatdırılır.
Tədris planı dinamik olmalıdır.
Bolonya prosesinin də ana prinsiplərindən biri
standartlaşdırmadan uzaq durmaqdır. Prosesdə
hər hansı bir dərsin müəyyən edilmiş krediti
yoxdur. Lakin bu məqama bizdə bir o qədər
də fikir verilmir. Buna görə də
bir çox çatışmazlıqlarımız var. Ona görə də
düşünürəm ki, Bolonya prosesi Azərbaycanda kredit
sisteminin tətbiqindən başqa tədrisin keyfiyyətinə
təsir edəcək elə bir köklü dəyişiklik gətirməyib.
Lakin Avropa universitetləri ilə tələbə mübadilələri,
diplomların tanınması və sair kimi məsələlərdə
müsbət mənada dəyişikliklər var.
Düşünürəm ki, dünyada gedən elmi proseslərlə,
yeniliklərlə yaxından tanış
olmalıyıq. Ölkə olaraq elmi
potensialımızı artırmalıyıq. Universitetlərimizdəki professor-müəllim heyəti
yerində saymamalıdır. 15-20 il
bundan qabaq tətbiq olunan tədris planları əsasında dərslər
aparmamalı, yeniliklərə can atmalıdır.
Elturan
YUSİFOV,
Gəncə
Dövlət Universiteti
tədris-metodika bölməsinin müdir
Avropa təhsil sisteminə
qoşulmaqla Azərbaycan təhsili yeni inkişaf mərhələsinə
qədəm qoydu. Bütün Avropa ölkələrinin təhsil
sistemini əhatə edən Bolonya prosesinə qoşulmaqla təhsil
sistemimiz dünya təhsil sisteminə çıxış əldə
etdi.
Bolonya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir.
Bu sistem özündə əsas iki məsələni
birləşdirir. Buraya tələbələrin
mobilliyini təmin etmək və öz təhsilalma
trayektoriyasını müstəqil müəyyənləşdirmək
imkanları daxildir.
Bolonya prosesinə qoşulmaqla Azərbaycan təhsilinin
humanistləşdirilməsi prosesinə start verilmiş oldu. Tələbənin tədris
yükünün həcmi azaldıldı, ənənəvi təhsil
sistemində ixtisas üzrə tədris planında tam kursu
bitirmək üçün tələbəyə 60-a
yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit
sisteminə keçidlə əlaqədar olaraq təsdiq
edilmiş yeni Dövlət Standartlarında fənlərin
sayı və saatların miqdarı 2 dəfəyədək
azaldıldı. Tələbənin həftəlik auditoriya
saatlarının miqdarı 36-dan 26-ya qədər
azaldılmış, tələbələrin sərbəst hazırlaşmasına
diqqət artırılmışdır.
Bolonya
prosesinə keçidlə əlaqədar tələbələr
üçün daha operativ və müasir biliklər almaq,
eyni zamanda təlimin, tədrisin keyfiyyətini
yaxşılaşdırmaq və digər baxımlardan bu
sistemin geniş imkanlar açdığını görmək
mümkündür.
Bu sistem üzrə
müəllim daha məlumatlı olmalı, auditoriyaya daha
hazırlıqlı şəkildə girməli, innovativ
texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir.
Bolonya prosesi ali təhsilin iki-bakalavriat və magistratura səviyyələrində
olmağı nəzərdə tutur.
Bolonya prosesi əsasında
magistraturada təhsil alan tələbəyə 2 il müddətində
hər hansı sahə üzrə daha dərinləşdirilmiş
biliklərin verilməsi vacibdir. Bu da dünyada sınaqdan
çıxan bir üsuldur. Azərbaycan təhsili bu sistemə
inteqrasiya olunmaqla dünya təhsil sisteminə inteqrasiya olunub.
Boloniya prosesi ixtisas
sistemi dərinləşdirilən biliklərin verilməsi
baxımından da üstünlüklərə malikdir. Bu
keçidi Azərbaycanın təhsil tarixində mütərəqqi proses adlandırmaq olar. Boloniya
prosesi geriyədönməz prosesdir. O, günümüzün
reallığıdır. Bolonya prosesinin tətbiqi məsələsi
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununda da öz əksini tapıb.
Azərbaycan təhsilinin
bir hissəsi olan Gəncə Dövlət Universitetində də
tədrisin kredit sistemi əsasında qurulması
professor-müəllim heyəti və tələbələr
qarşısında yeni üfüqlər açıb.
Universitetin beynəlxalq əlaqələri genişlənmiş,
Avropa Birliyinin TEMPUS, ERASMUS və Türkiyə Cümhuriyyətinin
Mövlanə proqramları çərçivəsində tələbə
mübadiləsi həyata keçirilib.
Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.4.