"Əcnəbi tələbələr
Dövlət Proqramını
əla şans kimi qiymətləndirirlər"
Böyük Britaniyanın Birmingem
Universitetinin
magistrantı Rəşadə Atakişiyeva ilə
söhbət
Rəşadə
Rasim qızı Atakişiyeva 1992-ci ildə Sumqayıt şəhərində
anadan olub. 2009-cu ildə Sumqayıt şəhər 14 nömrəli
tam orta məktəbi bitirib. Elə
həmin ildə də Azərbaycan Dövlət İqtisad
Universitetinin beynəlxalq iqtisadi münasibətlər
fakültəsinə, 2010-cu ildə isə II kursdan ali məktəbin Xüsusi İstedadlar Qrupuna
(XİQ) daxil olub. Burada 3 il
ingilis dilində bakalavr təhsili alıb. Bir ildən artıq müddətdə "Atəşgah
Sığorta" şirkətinin maliyyə idarəsində
çalışıb. "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Böyük Britaniyanın Birmingem Universitetində magistr təhsili alıb.
- Orta məktəb illərində
uğurlarınız barədə. Xaricdə təhsil nə
vaxtdan sizi cəlb etdi?
- Orta məktəbdə oxuduğum
illərdə hər
zaman fəal şagird olmağa
çalışmışam. Daima
öndə olmaq,
hər şeyin
ən yaxşısına nail olmaq arzusu məktəb illərində
qazandığım
ardıcıl nailiyyətlərimdə mənə böyük
kömək olub.
Bundan başqa,
ailədə valideynlərimin ali təhsilli
olması, böyük bacımın təhsildəki uğurları (xaricdə təhsil alması) mənim
yüksək motivasiyamın başlıca səbəbləridir. Məktəb illərində sevdiyim fənlər
üzrə keçirilən
olimpiadalarda
iştirak etmiş
və ümumiyyətlə, məktəbi əla qiymətlərlə
bitirmişəm. İbtidai sinif illərindən
ingilis dilinə göstərdiyim maraq və daha sonra bu dildə aldığım bakalavr təhsili
mənim xaricdə magistr təhsili almaq istəyimi daha da gücləndirdi. ADİU-nun
Xüsusi İstedadlar
Qrupunda dərs aldığım müəllimlər və
opponentlərimlə məsləhətləşdikdən
sonra bu istəyim qərara çevrildi və
təbii ki, valideynlərimin dəstəyi
ilə getdikcə bu qərarım daha da qətiləşdi.
- Dövlət Proqramında
iştirakınızı necə xatırlayırsınız?
- Dövlət
Proqramına qəbul olmaq üçün
seçim prosesinə
hazırlaşmaq həyatımın ən önəmli dönəmlərindən biri idi. Proqrama müraciət elan
edilməmişdən 3-4 ay əvvəl qrup tələbələrimizdən
bir çoxu ilə
birgə həyəcanla bu prosesə
hazırlaşırdıq. Lakin cari ilin məzunları olduğumuz üçün
sənədlərlə bağlı bir
sıra çətinliklərlə
üzləşirdik və buna görə də
proqrama
bir qədər gec müraciət etdim.
Seçim mərhələlərində iştirak zamanı
Təhsil Nazirliyi tərəfindən
şəffaf və professional şəkildə keçirilən
müsabiqənin şahidi oldum. Aldığım məlumata görə,
bu il daha
da uğurlu işlər
görülüb və müsbət nəticələr
əldə olunub.
- Digər ölkələrdən
olan tələbə dostlarınızın
Dövlət Proqramı barədə rəylərini bilmək
də çox
maraqlı olardı.
- Doğrudan da, Birmingem Universitetində təhsil
aldığım zaman digər ölkələrdən
olan tələbə yoldaşlarıma (Küveyt, Oman, Nigeriya, Honkonq, Çin, Hindistan və s.) bu proqram barədə məlumat
verərkən onlar təəccüblənir
və bunu əla
şans kimi dəyərləndirirdilər. Bir daha vurğulamaq
istərdim ki, Dövlət Proqramı
çərçivəsində deyil, öz hesabına
İngiltərədə təhsil almaq
mənim üçün həqiqətən
də çox çətin ola bilərdi. Bu proqramın seçim mərhələlərindən
uğurla keçdiyim
üçün özümü
şanslı hesab edirəm.
- Təhsil sistemimizdə
aparılan islahatlara münasibətiniz?
- Çox müsbət
yanaşıram.
İngiltərədə yaşadığım müddətdə
məni ən çox düşündürən
suallardan biri Azərbaycan və Böyük Britaniya təhsil sistemləri arasında hansı fərqli cəhətlərin
mövcud olması ilə bağlı idi. Qeyd etmək lazımdır ki, həqiqətən də bu iki
təhsil sistemi arasında çoxlu sayda nəzərəçarpan fərqlər var. Buna görə də Azərbaycan təhsil sisteminin sürətli inkişafı qaçılmazdır. Dövlətimizin
gənc və istedadlı tələbələrin
xaricə göndərilməsi
siyasətini
isə
bizim təhsil sisteminin üstünlüyü
kimi qiymətləndirirəm.
Bundan başqa, təhsilin digər istiqamətlərində də
yeni islahatların keçirilməsinə tələbat
duyulur.
- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə.
- Birmingem Universiteti
təkcə Böyük
Britaniyada deyil, bütün dünyada nüfuzlu ali məktəblərdən biridir.
Əsası 1900-cü ildə
qoyulmuş Birmingem Universitetinin məzunlarından 8 nəfəri Nobel mükafatı
alıb. Ali
məktəb məzunları
sonralar ölkənin hökumət başçısı seçilmiş
4 universitetindən (Oksford, Kembric, Edinburq, Birmingem) biridir. Ölkənin ən nüfuzlu universitetlərini birləşdirən
"The Russel Group"-a daxildir. Burada dünyanın
147 ölkəsindən
4300 əcnəbi tələbə
təhsil alır. Tədris edilən bir sıra fənlər üzrə Birmingem Universiteti milli reytinqlərdə liderdir.
Seçdiyim beynəlxalq
mühasibatlıq və
maliyyə ixtisası həm karyera istiqamətimə, həm də
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində müəyyən olunan ixtisas istiqamətlərinə
uyğundur. Hər il burada
kompüter elmləri,
mühəndislik, bank işi,
maliyyə və insan resursları menecmenti ixtisaslarında Azərbaycandan olan onlarla gənc təhsil almağa başlayır. Düşünürəm ki, təhsil
aldığım müddətdə
qazandığım nəzəri
və praktiki biliklərin gələcək
karyeramda rolu əvəzolunmazdır.
- Tələbə həyatınız
necə keçir, asudə vaxtınızı
necə təşkil edirsiniz?
- Bildiyiniz kimi, İngiltərədə magistr təhsili birillik olduğu üçün
burada həqiqətən
də tələbənin
asudə vaxtı çox az olur.
Buna baxmayaraq, ingilislərin
vaxt bölgüsü
məsələsində bacarıqları
məni heyrətləndirdi.
Onlar bizdən fərqli olaraq təhsillə yanaşı, hər
gün idmanla məşğul olur və əyləncəyə, o cümlədən
səyahətə kifayət
qədər vaxt ayıra bilirlər. Ümumiyyətlə, boş vaxt olanda bacardığım
qədər İngiltərənin
başqa şəhərlərinə
səyahət etməyə
çalışır, digər
ölkələrdən olan
əcnəbi
tələbələrlə görüşüb söhbətləşirəm.
- Universitetdə imtahan
sessiyası necə təşkil olunur?
- İngiltərənin, demək olar ki, bütün universitetlərində olduğu
kimi, bizim ali məktəbdə də keçilən hər bir tədris fənni üzrə semestrlərarası bir aralıq
("assignment"), semestr sonu isə
həmin fənn üzrə yekunlaşdırıcı
(final) imtahan verilməlidir.
Göstərilən imtahanlardan birincisi
ümumi balın 25%-ni, digəri isə qalan 75%-ni təşkil edir. Ümumi toplanan bal 50%-dən aşağıdırsa, yəni
kəsirdirsə, tələbə
yayın sonu həmin
imtahana hazırlaşıb
təkrar verməlidir. Diplom əldə etmək üçün bütün
fənlər üzrə
hesablanmış orta bal 50-dən yuxarı olmalı və dissertasiya işi üzrə bal 50-ni keçməlidir.
Hər iki sessiya bitəndən
sonra dissertasiya mövzusu seçilir. Tələbə ona ayrılmış
rəhbəri ilə məsləhətləşib hər
hansı bir mövzuda araşdırma apararaq 12000 söz limiti olan dissertasiya
işi hazırlayıb
təhvil verməlidir.
Mənim
fikrimcə, bu ən ideal təhsil metodudur.
- Universitetdə müəllim-tələbə
münasibətləri necə
qurulub?
- Birmingem Universitetində
professorlarla tələbə
arasında mükəmməl
münasibətlər qurulub
və ümumiyyətlə,
hər bir şey tələbənin
uğurlu nəticələr
əldə etməsinə,
dolayısı ilə
universitetin beynəlxalq reytinqinin
yüksəldilməsinə yönəlib. İstənilən professorun
tədris etdiyi fənn barədə sualı olan hər bir tələbə
bir neçə gün əvvəl elektron poçt vasitəsilə
müəyyən vaxtda görüş
təyin edib onunla müzakirələr
apara və məsləhətlər
ala bilər.
Bu metod mənə
imtahanlara hazırlaşmaqda
xeyli kömək edib.
- Xaricdə təhsilin
hansı üstünlüklərini
qeyd edə bilərdiniz?
- Xaricdə təhsilin
mənə bəxş
etdiyi faydalar, düşünürəm ki,
əvəzolunmazdır. Təhsil dövründə ixtisasım
üzrə əldə
etdiyim biliklər və qazandığım təcrübə
kifayət qədər
artdı. Ümumiyyətlə, Böyük Britaniya təhsil sisteminin əsas üstünlüyü
odur ki, universitetlərdə ixtisasdan
kənar heç bir fənn keçilmir və hər kəs yalnız özünə lazım olan fənləri mənimsəyərək öz ixtisası üzrə ixtisaslaşmış kadra çevrilir. Bundan başqa, komanda şəklində, son ana qədər işləmək, kommunikasiya,
ingilis dili, akademik yazı bacarıqlarım kifayət
qədər inkişaf
etdi. Əsas üstünlüklərdən biri də çoxlu
xarici dostlar qazanmağım oldu. Universitetin kampusunda tələbənin
şəxsi inkişafı
üçün demək
olar ki, hər bir şərait mövcuddur. Hətta universitetdə karyera mərkəzi də fəaliyyət göstərir, biz burada CV-lərimizi yoxlatdırır və İngiltərədə işə
qəbul üçün
imtahan və müsahibələrdə uğurlu
nəticələr əldə
etmək məqsədilə
həmin universitet nümayəndələrindən faydalı məsləhətlər
alırdıq.
- Seçdiyiniz ixtisas
ölkəmiz üçün
nə dərəcədə
önəmlidir?
- Bildiyimiz kimi,
2008-ci ildən Azərbaycanda
əksər böyük
müəssisələrin maliyyə
hesabatlarının hazırlanmasında
Beynəlxalq Maliyyə
Hesabatları Standartları
tətbiq olunmuşdur
ki, bu da
daha etibarlı, şəffaf və müqayisəli hesabatların emalına şərait yaradır. Bu sahədə
kadrların çoxluğu
həmin standartların
daha düzgün tətbiqini və bu yolla da
müəssisələrin dünya
bazarına daha asan çıxışını
təmin edir. Bundan başqa, xaricdə təhsil almış tələbələr
nəinki beynəlxalq
mühasibatlıq və
maliyyə, həmçinin
digər ixtisaslar üzrə də yerli universitetlərdə ixtisası
üzrə fənləri
tədris etməklə
həmin gənclərin
maarifləndirilməsində böyük rol oynaya bilər.
- Azərbaycan diasporası
ilə əlaqələriniz
barədə...
- Yaşadığım şəhərdə 20-dən çox
azərbaycanlı tələbə
müxtəlif ixtisaslar
üzrə təhsil alır, ara-sıra onlarla görüşür,
təəssüratlarımızı bölüşürük. Azərbaycanlı
tələbələrlə sıx əlaqələr qurduqdan sonra qərara aldıq ki,
Birmingemdə Azərbaycan cəmiyyəti yaradaq və buna nail ola bildik. Ölkəmizin
təbliğatına gəldikdə
isə xaricdə təhsil
alan azərbaycanlı
olaraq ölkəmizin ən yüksək səviyyədə tanınması
üçün əlimizdən
gələni edirik. Məsələn, Novruz bayramında
cəmiyyət olaraq birləşib maraqlı tədbir və çıxışlar hazırladıq. Digər ölkələrdən olan
tələbələr də
tədbirimizə qoşuldular və bu
aksiya mədəniyyətimizin tanınmasında
uğurlu addımlardan biri oldu.
- Gələcək planlarınız
barədə nə deyə bilərdiniz?
- Gələcəkdə maliyyə və mühasibatlıq sahəsində
daha dərin biliklər, o cümlədən
bu sahədə beynəlxalq sertifikatlar əldə etmək və ixtisaslaşmaq istəyirəm. Əsas məqsədim ən nüfuzlu şirkətlərin birində öz bilik və bacarıqlarımı
daha da genişləndirməkdir.
- Bu yolda biz də
sizə uğurlar arzulayırıq.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 31 oktyabr.- S.8.