Təhsil işçilərinin sentyabr konfranslarında

ötən tədris ilinin yekunları və qarşıda

duran  məsələlər müzakirə edilib

 

GƏNCƏ. Şəhər icra hakimiyyətində təhsil işçilərinin sentyabr  konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Elmar Vəliyev çıxış edərək  bütün təhsil işçilərini qarşıdan gələn "Bilik günü" münasibətilə təbrik edib, onlara işlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin milli təhsilimizin inkişafı, Avropaya inteqrasiyası, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul etməsini, qarşıya qoyulan məqsədin reallaşdırılması istiqamətində görülən vacib və zəruri işləri önə çəkib.

Tədbirdə "2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda  məruzə ilə çıxış edən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri  Zakir Hüseynov hazırda dövlətin təhsil siyasətinin prioritet sahələrindən biri kimi hər bir vətəndaşın keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsindən, təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb. Qeyd edib ki,  ümummilli lider Heydər Əliyevin  siyasi kursunu uğurla davam etdirən   ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə son illər təhsil sahəsində köklü islahatlar aparılır.

Konfransda qeyd olunub ki, ötən tədris ilində şəhər 31, 25, 12 nömrəli tam orta məktəblərin əsaslı təmirdən sonra , 16 və 32 nömrəli tam orta məktəblərdə yeni korpusun, Uşaq Yaradıcılıq Mərkəzinin yeni binasının açılışı olub.  Bu tədris ilində isə 4, 26, 39 və 40 nömrəli tam orta məktəblər şagirdlərin istifadəsinə veriləcək.

2011-ci ildən indiyədək 49 ümumtəhsil müəssisəsindən 35 məktəbdə əsaslı təmir işləri aparılıb, bunlardan son üç ildə 24, əvvəlki 8 ildə isə 11  məktəb təmir olunub. 

2013-2014-cü dərs ilində XI sinfi bitirən 4 məzun qızıl medala layiq görülüb.

Ali məktəblərə qəbul olunanların 179 nəfəri 500-dən,  48 nəfəri 600-dən, 14 nəfəri isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticələr əldə edib.

Tədbirdə müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edilib.

Sonda 650-dən çox bal toplayan məzunlar mükafatlandırılıb və onlara qiymətli hədiyyələr verilib.

SUMQAYIT. Tarix muzeyində Sumqayıt şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Sumqayıt  Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov  "2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə edib.

Bildirib ki, ali məktəbə qəbulun nəticələrinə görə göstəricimiz respublikada ən yaxşılardandır. Son üç il ərzində qəbul faizi uyğun olaraq 51,4%, 54,5%, 60,1%, 600-dən yuxarı bal toplayanlar 92, 99, 129 nəfər olub. Buraxılış imtahanlarının nəticəsinə görə respublika üzrə ən yüksək olan 3 bölgədən biri Sumqayıtdır. Şəhər üzrə müvəffəqiyyət göstəricisi IX siniflər üzrə 81%, XI siniflər üzrə 88,3 faiz olub.

Konfransda  41 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva, 2 nömrəli tam orta məktəbin direktor müavini İlahə Həsənli,  23 nömrəli tam orta məktəbin direktor müavini Nərminə Hacıyeva, 11 nömrəli tam orta məktəbin hərbi rəhbəri Vaqif İbrahimov, valideyn Nəzakət İmanquliyeva, 16 nömrəli tam orta məktəbin praktik psixoloqu Samirə Əhmədli və  başqaları çıxış edərək təhsil sahəsində qazanılan uğurlardan danışıb və bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə  öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Leyla  Abdullayeva ölkə Prezidenti tərəfindən respublikamızda aparılan geniş quruculuq işlərindən və digər sahələrə olduğu kimi təhsilimizə də göstərilən dövlət qayğısından danışıb. 

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov  çıxış edərək Sumqayıtın təhsil işçilərini Azərbaycan Respublikasının təhsil naziri  Mikayıl Cabbarovun adından yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

Təhsil islahatlarının uğurlarından danışan nazir müavini Sumqayıt  təhsilində qazanılan nailiyyətləri  xüsusi vurğulayıb və təhsil işçilərinə qarşıda duran vəzifələr barədə   tövsiyələrini verib.

Sonda ali məktəblərə qəbul zamanı 670-dən yuxarı bal toplamış 20 nəfər tələbəyə, 2 nəfər qızıl medalçıya qiymətli hədiyyələr təqdim olunub.

GÖYÇAY. "2013-2014-cü tədris ilində Göyçay rayonunun orta təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verilib. Tədris ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, təlimdə ən müasir metodların tətbiqi kimi aktual məsələlərin həlli diqqət mərkəzində saxlanılıb".

Bu fikirlər Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevin təhsil işçilərinin ənənəvi konfransındakı hesabat məruzəsində səsləndirilib. Diqqətə çatdırılıb ki, ötən tədris ilində orta məktəblərdə 15 min 102 şagirdin təlim-tərbiyəsi ilə 2264 müəllim məşğul olub. Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış ediblər. Aparılan təhlillərə görə, rayon üzrə 2013-2014-cü tədris ilində müvəffəqiyyət faizi 99 faiz, keyfiyyət göstəricisi 50 faiz olub. Hesabat ilində 311 nəfər ali məktəblərə, 89 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Abituriyentlərdən 12 nəfəri 600-dən, 50-si isə 500-dən yuxarı bal toplayıb.

Məlumat verilib ki, bu il Təhsil Nazirliyinin sifarişi ilə Müskürlü kəndində 180, Qəbələ-Müskürlü kəndində isə 80 yerlik məktəb binaları tikilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə şahmat məktəbi əsaslı təmir edilib. Digər tədris ocaqlarında əsaslı və cari təmir-bərpa işləri aparılıb.

Təhsil ocaqları bütün lazımi avadanlıq və dərsliklərlə təmin olunub.

Konfransda müəllim əməyinin qiymətləndirilməsinə də diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  müəllimlərin müxtəlif fəxri adlara, ordenmedallara layiq görülməsi Göyçay rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və Təhsil Nazirliyinin  nümayəndəsi  Aydın Əhmədov çıxış edərək  həyata keçirilən  təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən danışıblar. 

TƏRTƏR. Rayon müəllimlərinin 2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş ənənəvi sentyabr konfransı keçirilib. Rayonun təhsil işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Sonra təhsil şöbəsinin qarşısında şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə     rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev "2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.

Məlumat verilib ki, 2013-2014-cü dərs ilində rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 179 nəfəri ali, 46 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Gənclərdən 16 nəfəri 500-600 arası, 6 nəfəri isə 600-dən çox bal toplayıb.

Yeni dərs ilinə hazırlıqla əlaqədar görülən işlərdən də bəhs edilib. Bildirilib ki, rayonun QazyanBorsunlu kənd tam orta məktəbləri əsaslı təmir olunaraq inventar və avadanlıqla təmin edilib, Rəcəbli kənd ümumi orta məktəbi üçün yeni korpus tikilib. Şəhər 5 və 6 nömrəli tam orta məktəblərində təmir işləri yaxın günlərdə başa çatacaq. Bu təhsil ocaqları sentyabrın 15-də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Rayonun qalan məktəblərində cari təmir işləri aparılıb, həyətlərində səliqə-sahman yaradılıb. Yeni dərs ili ərəfəsində 39 min 486 nüsxə dərslik alınaraq rayonun təhsil müəssisələrinə paylanılıb.

Konfransda Təhsil  Nazirliyinin nümayəndəsi Ənvər Abbasov müəllimlərin qarşısında duran vəzifələrdən  danışıb.

QAX. Dövlətimizin başçısının təhsilin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirən Qax təhsil işçiləri üçün 2013-2014-cü tədris ili uğurlu olub.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları daha sonra konfransın keçirildiyi Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıb, məktəbdə yaradılan diyarşünaslıq muzeyi ilə tanış olublar.

Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat məruzəsində bildirilib ki, ötən dərs ilində rayonun 54 ümumtəhsil müəssisəsində 6975 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1309 müəllim məşğul olub.  Cari ildə rayonun tam orta məktəblərini bitirən 448 nəfər məzundan 300 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 176 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında 49 nəfər 500-dən, 19 nəfər isə 600-dən yuxarı nəticə göstərib.

Qeyd olunub ki, ötən dərs ilində rayon məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanıblar.

Hesabat məruzəsində bildirilib ki, yeni dərs ili ərəfəsində 24 məktəbdə zəruri təmir işləri görülüb. Şəhər 4 nömrəli tam orta məktəbində dövlət vəsaiti hesabına əsaslı təmir işləri davam etdirilir. Təhsil Nazirliyindən alınan 179 adda 25836 ədəd dərslik, zəruri məktəb sənədləri hazırda bölgü əsasında məktəblərə çatdırılır.

Təhsil Nazirliyinin  nümayəndəsi Sübhi Kazımov çıxışında  təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzulayıb.

Sonda ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrə fəxri fərmanlar təqdim olunub.

MASALLI. Rayon təhsil işçilərinin sentyabr konfransında 2013-2014-cü tədris ilində görülən işlərin yekunu, 2014-2015-ci tədris ilinə hazırlığın vəziyyəti barədə təhsil şöbəsinin  müdiri  Astan İbişovun məruzəsi dinlənilib. Bildirilib ki, rayonda 65 tam orta  ümumtəhsil məktəbində 22548, 30 ümumi orta məktəbdə 3872, 4 ibtidai məktəbdə 73 şagird təhsil alır. 26493 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2735 nəfər müəllim məşğul olur. Yeni dərs ilində məktəblərin dərsliklərlə təminatı üçün bütün zəruri tədbirlər  görülüb. 105763 ədəd dərslik gətirilib və şagirdlərin istifadəsi üçün məktəblərə paylanılıb. 2014-cü ildə qəbul imtahanlarının nəticəsinə  görə 546 nəfər sənəd verən məzundan 277 nəfəri  tələbə adını qazanıb. Bu il ali məktəblərə qəbulda rayon üzrə ən yüksək nəticə göstərən Çaxırlı kənd tam orta məktəbinin məzunu Aygün Dadaşova 678 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub. Vurğulanıb ki, yeni dərs ilində təhsil işçiləri öhdələrinə düşən bütün vəzifələri müasir tələblər səviyyəsində və vaxtında yerinə yetirmək üçün əllərindən gələni əsirgəməyəcək.

KÜRDƏMİR. Rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda  təhsil şöbəsinin müdir əvəzi Xəqani Qurbanov hesabat məruzəsində  rayonda 43 tam orta, 13 ümumi orta, 2 ibtidai məktəb və 4 məktəbdənkənar müəssisə olmaqla 58 ümumtəhsil məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, ötən tədris ilində bu məktəblərdə təhsil alan 14355 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1448 müəllim məşğul olub.

Məktəblərin maddi-texniki təminatı məsələlərindən bəhs edilərək bildirilib ki, qarşıdakı tədris ili ərəfəsində rayonun Mürtülü və Xınıslı kəndlərində yeni məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulub.

Konfransda Təhsil Nazirliyinin  nümayəndəsi Avaz Yusifov gənc müəllimlərə  göstərilən dövlət qayğısından və onların qarşısında duran vəzifələrdən söz açıb.

Tədbirin sonunda Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən  bu il ali məktəblərə yüksək balla  qəbul olan məzunlara və  bir qrup təhsil işçisinə pul mükafatı, fəxri fərman və qiymətli hədiyyələr verilib.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 12 sentyabr.- S.5.