"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu
Tarixi-mədəniyyət abidələrimiz
Heç kəsə sirr deyil ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, milli ruhundan, yüksək bilik və bacarığından, intellektual səviyyəsindən, və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deməyi bacarıb. Qürurverici haldır ki, bu gün fəxrlə "Mən Azərbaycanlıyam" deyən yeniyetmə və gənclərimiz tarixi keçmişimizə böyük maraq göstərirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya da məhz müxtəlif şəhər və rayonlarda yaşayan gənclərimizin ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrimizin öyrənilməsində, müstəqillik illərində əldə olunmuş nailiyyətlərlə bağlı ətraflı məlumatlanmasında müstəsna əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, ölkəmiz qədim tarixi-mədəniyyət abidələri ilə zəngindir. Nahaqdan söyləmirlər ki, kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır. Ölkəmizdə dövlət səviyyəsində tarixi-mədəniyyət abidələrinin qorunması, onlara xüsusi diqqət və qayğı ilə yanaşılması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər azərbaycanlı olaraq hər birimiz üçün xüsusi önəm kəsb edir. Qazetimizin bu nömrəsindən başlayaraq paytaxtımızda, eləcə də respublikamızın müxtəlif bölgələrində olan tarixi-mədəniyyət abidələrimiz, muzeylərimizlə bağlı hazırladığımız məlumatları oxucularımızın diqqətinə çatdıracağıq. Məqsədimiz böyüməkdə olan gənc nəslə ölkəmizin tarixi-mədəniyyət abidələrinin bir daha yaxından tanıdılmasına dəstək verməkdir. Silsilə xarakteri daşıyacaq ilk material "İçərişəhər" haqqındadır.
Bakının ən qədim,
vaxtilə bütövlükdə qala
divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdir.
Orada bu günə qədər qorunub
saxlanılmış müdafiə, dini
ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin
və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət
tarixində mühüm yer
tutan memarlıq məktəblərinin
yüksək peşəkarlıq səviyyəsindən
xəbər verir.
Qala divarları ilə əhatə olunduğuna görə xalq
arasında Qala da
adlanır. Bu qədim yaşayış məskəni
Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda həm yaşayış məhəlləsi,
həm də tarixi memarlıq kompleksidir.
İçərişəhər
Xəzər dənizi sahilində orta
yüksəklikli təpəliklərdə yerləşir.
Yaşayış məskəni hündürlüyü
8-10 metr, eni 3,5 metr olan qala
divarları ilə əhatə olunub. Sahəsi
22 hektar olan ərazidə
yerləşir.
İçərişəhər
Orta Şərqin qədim məskənlərindən
biridir. Qazıntılar göstərir ki, insanlar bu
ərazidə hələ tunc
dövründə məskunlaşmışlar. XIX əsrədək
bir neçə minlik
məhəllə elə Bakının özü
demək idi.
İçərişəhər bütövlükdə
bir şəhərsalma mədəniyyəti
nümunəsidir. Buradakı çoxsaylı abidələrdən
4-ü, İçərişəhərin özü
də daxil olmaqla
Qız qalası, "Şirvanşahlar
Sarayı" Kompleksi, Məhəmməd
məscidi dünya əhəmiyyətlidir.
Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300-dən çox
ailə yaşayır.
İçərişəhər
tarixən ümumi əlamətlərlə
birləşən bu məhəllələrdən
ibarətdir: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar,
Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr)
və Salyan darvazalarından daxil olmaq olardı. XIX əsrin
axırlarında daha bir
neçə darvaza tikildi.
Müxtəlif vaxtlarda
inşaatçılar və arxeoloqlar
yeraltı keçidlər aşkar ediblər.
İçərişəhər
kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb,
2000-ci ilin dekabrında İçərişəhər
Qız qalası və Şirvanşahlar
sarayı ilə birlikdə UNESCO-nun Dünya İrs
siyahısına salınıb. Bununla
İçərişəhərin təkcə Azərbaycanın
deyil, bütövlükdə dünya şəhərsalma sənətinin incisi olduğu təsdiqlənmişdir.
İçərişəhər
ərazisində fəaliyyət göstərən əsas
muzeylər aşağıdakılardır: "Qız
Qalası" və "Şirvanşahlar
Sarayı" Kompleksi, Arxeologiya
və Etnoqrafiya İnstitutunun
Muzey-sərgi zalı, Miniatür Kitab Muzeyi, Vaqif
Mustafazadənin və Kamil Əliyevin
ev-muzeyləri. Bundan başqa,
İçərişəhərdə müxtəlif qalereyalar və sərgi zalları, Muğam teatrı fəaliyyət göstərir.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
Əsasnaməsi 2007-ci il 16 may tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib və idarə həmin vaxtdan
fəaliyyətə başlayıb. İdarənin
yaradılmasının əsas məqsədi İçərişəhər
ərazisindəki abidələrin və bütövlükdə
memarlıq- şəhərsalma kompleksinin
lazımi səviyyədə qorunub
saxlanması və gələcək nəsillərə
çatdırılması üçün
özündə mərkəzi və yerli
icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən
unikal idarəetmə sisteminin
təşkil olunmasıdır.
Onu da qeyd
edək ki, İçərişəhər
və onun müdafiə istehkam
qalaları hərbi vətənpərvərlik simvolu
olaraq gənc nəslin milli
qürur hissləri ilə tərbiyə
olunmasında bariz bir
örnəkdir.
Ulu öndər Heydər Əliyevin qeyd
etdiyi kimi, "Öz
adlarını İçərişəhərin daş kitabələri üzərində həkk
etmiş qədim Azərbaycan memarları
və sənətkarlarının zəkası və zəhməti
ilə açıq səma altında yaradılmış bu "muzey-şəhər" hər bir azərbaycanlının qəlbində sonsuz
qürur hissi doğurur. İçərişəhər Azərbaycan
xalqının milli sərvəti, milli iftixarıdır".
Hazırladı: Samirə KƏRİMOVA,
Fotolar: Rəsad ZİYADOVUNDUR
Azərbaycan müəllimi.-
2014.- 12 sentyabr.- S.9.