Ötən dərs ilinin mühüm hadisələri
* Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr
2013-cü il tarixli sərəncamı
ilə təhsilimiz üçün mühüm həyati əhəmiyyət
daşıyan və onun gələcəyini
müəyyən edən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" təsdiq
olunub.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2014-cü il iyulun 24-də
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturunun təkmilləşdirilməsi
haqqında" sərəncam imzalayıb. Sərəncamla respublikamızda mövcud rayon (şəhər)
təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional idarəsi
yaradılıb.
* Təhsil Nazirliyinin
təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə "Pedaqoji profilli ixtisaslar üzrə
ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi
təhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər
və stimullaşdırıcı
tədbirlərin müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər
edilib.
* Bu il ilk
dəfə olaraq maksimum
adda və sayda - 271 adda 7,8 milyon nüsxə dərslik
çap olunub.
* Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin "2014-2015-ci tədris ilində Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə
Prezident təqaüdünün verilməsi
haqqında" sərəncamına uyğun
olaraq 102 nəfər ən yüksək nəticə
göstərmiş tələbəyə
Prezident təqaüdü verilib.
* Təhsil Nazirliyinin
təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq ali məktəblərdə təhsil alan, xüsusi istedadı və
təlim uğurları ilə fərqlənən tələbələrdən
ibarət "SABAH" qrupları yaradılıb. Bu məqsədlə Təhsil Nazirliyi
tərəfindən keçirilmiş
müsabiqənin nəticələrinə əsasən 738 tələbə
"SABAH" qruplarına qəbul olunub.
* Təhsil Nazirliyinin
təşəbbüsü ilə Bakı şəhərində
məktəb direktorları və gələcəkdə direktor olmaq istəyən
müəllimlər üçün
müsabiqə yolu ilə təlimlər keçirilib. Təlimlərdə iştirak üçün
547 pedaqoji kadr
müraciət edib. 4 aylıq təlimlərdən
müvəffəqiyyətlə keçən 42 nəfər
"Uğur sertifikatı" əldə
edib. "Uğur sertifikatı" sahiblərindən 14
nəfəri Bakı şəhərindəki məktəblərə
direktor təyin olunub.
* "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"
çərçivəsində "Sağlam
təhsil - sağlam millət" layihəsi
həyata keçirilməyə başlanılıb. Layihə
çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində
pilot olaraq "Sağlam təhsil sinfi"
fəaliyyətə başlayıb.
* Azərbaycanın təhsil tarixində
ilk dəfə olaraq
Bakı şəhərində fəaliyyət göstərən
bütün pedaqoji
heyətin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi aparılıb. Sınaq qiymətləndirilməsində
ümumilikdə 357 məktəbin 28.825 müəllimi - bütün müəllimlərin 96 faizi iştirak edib. Sınaq
qiymətləndirilmədə iştirak
edən müəllimlərin 14,4 faizi zəif,
85,6 faizi qənaətbəxş nəticə
göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş
müəllimlərdir.
* İlk dəfə
olaraq Təhsil Nazirliyi
tərəfindən "Ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə
müəllimlərin yerləşdirilməsi və işə
qəbulu Qaydaları"na müvafiq
şəkildə işləyən müəllimlərin bir rayondan (şəhərdən)
digər rayona (şəhərə) yerdəyişməsi
mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu
ilə həyata keçirilib. İş yerini dəyişmək
üçün 1149 nəfər müəllim
elektron ərizə verib.
Onlardan 771 nəfəri yerdəyişmə
üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər
iş yerini dəyişmək
hüququ qazanıb.
* 2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin
işə qəbulu üzrə müsabiqə keçirilib.
İlk dəfə olaraq
müsahibə mərhələsində müəllimlərin
kommunikativ qabiliyyətləri də qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə 1692 nəfər
işə qəbul olunub. Onlardan
1405 nəfərinə həvəsləndirmə tədbirləri
tətbiq olunub.
* Bakıda "Xaricdə Təhsil Alan və Məzun Olmuş
Gənclərin Beynəlxalq Forumu" ictimai birliyinin (ASAİF)
XII Forumu keçirilib.
* Azərbaycan Respublikası Təhsil
Nazirliyinin əmri ilə ümumi
təhsili xüsusi nailiyyətlərlə
başa vurmuş 176 nəfər
XI sinif məzunu qızıl medalla, 25 nəfər isə gümüş
medalla təltif olunub.
* Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2014-cü il 7 may
tarixli fərmanı ilə Bilik Fondu yaradılıb. Fondun fəaliyyətində məktəbli gənclərlə
bağlı layihələr də xüsusi
yer tutur. Bu baxımdan Bilik Fondunun "İlboyu təhsil"
layihəsinə artıq start verilib. Layihə çərçivəsində
"Qardaşlaşmış məktəblər"
proqramı həyata keçirilir.
* Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
2014-2015-ci dərs ili üçün
ali və orta ixtisas təhsili müəssisələrinə
keçirdiyi qəbul imtahanlarında 9 nəfər
ən yüksək nəticə - 700 bal
toplayıb. Onlardan
5-i I, 2-si IV, 2-si isə II ixtisas
qruplarında imtahan verən gənclərdir.
* Bu il ölkə üzrə 122 məktəb
yenidən inşa olunub və ya qurulub, bu
təhsil müəssisələrində
əlavə korpus və sinif otaqları
tikilib. 56 məktəb
əsaslı təmir
edilib, 64 məktəbdə
cari təmir işləri aparılıb.
265 fizika, kimya
və biologiya laboratoriyası müasir avadanlıqlarla təchiz olunub, 70-dən artıq yeni məktəb İnternet şəbəkəsinə
qoşulub.
* Təhsil
Nazirliyi tərəfindən
ali təhsil müəssisələrinə qəbulda
500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə
100 manat məbləğində
əlavə təqaüd
verilməsi haqqında
qərar qəbul olunub.
* Məktəblilər arasında
keçirilən fənn
olimpiadalarının ilk - rayon (şəhər) mərhələsinin
I turunda 36908 şagird
iştirak edib. Bu turda qalib
gələn 6374 şagird II turda mübarizə aparıb. Həmin turun nəticələrinə görə 849 nəfər
respublika mərhələsində iştirak etmək hüququ
qazanıb. Respublika mərhələsinin
nəticələrinə əsasən 189 şagird
I-IV yerləri tutub. Olimpiadada
20 şagird I, 27 nəfər II, 61 nəfər
isə III yerə çıxıb. 81 şagird
4-cü - həvəsləndirici yerə layiq
görülüb.
* Azərbaycan
məktəbliləri ötən dərs ilində beynəlxalq
fənn olimpiadalarında 7 medal
qazanıblar. Medallardan biri
qızıl, qalanları isə bürüncdür.
* Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən müxtəlif şəhər
və rayonlarda yaşayan
gənclərin digər bölgələrə "Ölkəmizi
tanıyaq" devizi ilə maarifləndirici
tur-aksiyaları keçirilib. Avqust-sentyabr aylarında
reallaşdırılan həmin tur-aksiyalarda
minlərlə məktəbli iştirak edib.
* Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 16 may
2014-cü il tarixli 600
nömrəli əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq olunub. "Qaydalar"da hər bir müəllimin işə ilk
dəfə qəbul olarkən içməli olduğu
"Müəllim andı" təsbit olunub.
* "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" uğurla həyata keçirilir.
Ötən il Dövlət Proqramı
çərçivəsində 787 gənc dünyanın
aparıcı ölkələrinin ali məktəblərində
təhsil almaq hüququ
qazanıb.
* Təhsil
Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafına yönəlmiş
və dövlət-biznes tərəfdaşlığına əsaslanan
sosial xarakterli "Müasir Azərbaycan Peşəkarları
Layihəsi"nin icrasına başlanıb. Bu layihə çərçivəsində
müxtəlif dövlət və özəl, o
cümlədən xarici tərəfdaşlarla
əməkdaşlıq qurularaq bir sıra ilk peşə-ixtisas
təhsili müəssisələrinin bazasında müasir resurs mərkəzləri yaradılıb.
* 5
yaşlı uşaqların məktəb təliminə
hazırlığının təmin olunması istiqamətində müsbət addımlar
atılıb. Bakı şəhəri üzrə 72 məktəbdə
hazırlıq qrupları açılıb.
Hazırladı: Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 19 sentyabr.- S.4.