Ağcabədi Pedaqoji Kolleci

müsbət dəyişikliklər yolunda

 

Kollektivi ruhlandıran qərar

 

Təxminən 7 ay əvvəl Ağcabədi Pedaqoji Kollecində baş vermişbu tədris ocağının adına utanc gətirən bir hadisəni oxucularımız, yəqin ki, xatırlayırlar. Təhsil müəssisələrində baş verən neqativ hallara qarşı barışmaz mövqe tutanciddi mübarizə aparan Təhsil Nazirliyi bu olaya da operativ münasibət bildirmişdir. Bundan sonra nazirlik kollecin idarə edilməsinə birbaşa nəzarət etməyə başlamış, bu məqsədlə də Təhsil  Nazirliyinin orta ixtisas təhsili sektorunun baş məsləhətçisi Ənvər İmanov Ağcabədi Pedaqoji Kollecinə icraçı direktor təyin olunmuşdur. Bununla da nazirliyin bilavasitə nəzarəti və yaxından köməyi sayəsində kollecdə son illər baş verən və getdikcə dərinləşən tənəzzülün qarşısı alındı.

Bu gün qısa müddətdə keçilmiş yola nəzər salarkən kollecdəki müsbət dəyişiklikləri, kollektivdə yaranmış sağlam əhvali-ruhiyyəni, müəssisənin artıq inkişaf yoluna qədəm qoyduğunu görməmək mümkün deyil. Bəs buna necə nail olunub? Yeni dərs ilində kollec kollektivinin qarşısında nə kimi vəzifələr durur?

Məlum olduğu kimi, hər hansı bir çətin, böhranlı vəziyyətdən çıxmaq üçün, ilk növbədə, mövcud durum təhlil olunmalı, bu vəziyyəti doğuran səbəblər müəyyənləşdirilməli və problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Kollecin yeni rəhbərliyi də fəaliyyətə məhz bundan başladı. Müzakirələr, təhlillər aparıldı, real vəziyyətə aydınlıq gətirildi.

Məlum oldu ki, kollecdə tədris intizamı pozulub, rəhbərlik- müəllim, müəllim-tələbə münasibətlərində səmimiyyət itib, maddi-tədris bazasının möhkəmləndirilməsi qayğısına qalınmayıb, kollecin fəaliyyətini tənzimləyən bir sıra rəsmi sənədlərin tələblərinə əməl olunmayıb.

Elə bu istiqamətlərdə vəziyyətin qaydaya salınması məqsədi də fəaliyyət üçün əsas hədəflərin müəyyənləşdirilməsinə təkan verdi.

 

114 tələbə kollecdən xaric edilib

 

Tezliklə tələbə kontingentinin tərkibində dəqiqləşdirmə aparıldı. Tədris məşğələlərində iştirak etməyən tələbələr barəsində intizam tədbirləri görüldü. Üzrsüz səbəblərdən dərs məşğələlərində və imtahan sessiyalarında iştirak etməyən 114 tələbə kollecdən xaric edildi. Bütün bunların nəticəsində tələbələrin dərsə davamiyyəti təmin olundu.

 

Tədris prosesi normal məcraya düşür

 

Kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də zəruri addımlar atılıb. Tədris prosesinə nəzarət gücləndirilib. Pedaqoji Şuranın 15 aprel 2014-cü il tarixli qərarı ilə kollecdə ictimai əsaslarla metodkabinet yaradılıb. Təhsil Nazirliyinə verilmiş təqdimat əsasında metodkabinet müdiri vəzifəsi kollecin ştat cədvəlinə daxil edilib, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Xuraman Ağayeva həmin vəzifəyə təyin olunub. Metodkabinetin qısa fəaliyyəti dövründə tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bir sıra işlər görülüb. Belə ki, bütün müəllimlər kollecdə fəaliyyət göstərən 9 fənn birləşməsinə daxil edilib,  ayrı-ayrı fənlər üzrə "açıq dərs"lər, qarşılıqlı dərsdinləmələr təşkil olunub. Həmin dərslərin müzakirəsi aparılıb və gənc müəllimlərə zəruri metodik köməkliklər göstərilib.

Kollecdə yay semestri imtahanlarının şəffaf təşkil olunması da əsas qayğılardan biri olub. Bu məqsədlə öncədən imtahan cədvəlləri, imtahan biletləri hazırlanaraq təsdiq edilib. Bununla yanaşı, buraxılış dövlət imtahanlarının təşkili də diqqətdə saxlanılıb, ayrı-ayrı ixtisaslar üzrə dövlət imtahanlarına buraxılan tələbələrin tərkibi dəqiqləşdirilib, imtahan biletlərinin hazırlanıb təsdiq edilməsi təmin olunub. İmtahanların şəffaflığını və obyektivliyini təmin etmək üçün apelyasiya komissiyası yaradılıb, sessiya müddətində tələbələr tərəfindən edilən müraciətlərə diqqətlə baxılıb və təlimata uyğun cavablandırılıb, müvafiq qərarlar çıxarılıb. Nəticədə həm semestr, həm də buraxılış dövlət imtahanları valideynlərin iştirakı ilə tam şəffaf və obyektiv keçirilib.

Tədris bazasını zənginləşdirən addımlar

 

Yeni rəhbərliyin dövründə kollecin maddi tədris bazasının möhkəmləndirilməsi sahəsində də bir sıra işlər görülüb. Belə ki, bəzi zəruri avadanlıq və təsərrüfat inventarları alınıb.

Kollecdə informasiyakommunikasiya texnologiyalarından tədris prosesində istifadəyə xüsusi önəm verilir. 100 ədəd kompüter olan təhsil ocağında 50 kompüterdən ibarət kompüter zalı, 2 kompüter kabineti fəaliyyət göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə kompüterlər internetə qoşulub. Cari ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən kollecə proyektorlar, "ağıllı lövhə"lər verilib. Bunlar 5 fənn kabinetində quraşdırılıb. Onlar növbəti dərs ilində mütəxəssislər tərəfindən sazlandıqdan sonra müəllim və tələbələrin istifadəsinə veriləcək. Nazirlik tərəfindən habelə 10 notebook verilib ki, onların da 5-i "ağıllı lövhə"lər üçün nəzərdə tutulub. Qalan 5 notebook tələbələrin kredit sistemi ilə fərdi tədris planının hazırlanması üçün tyutorlara verilib. Kollecdə imtahanlar test üsulu ilə kompüterlərdən istifadə olunmaqla aparılır.

 

Müəllimlərin əməkhaqqına hər ay 40 faiz əlavə olunur

 

Kollecdə pedaqoji kadrlarla, onların sosial durumunun yaxşılaşdırılması, ixtisaslarının artırılması sahəsində son dövrlərdə aparılan işləri də yüksək qiymətləndirmək olar. Kollektivin sosial durumunun yaxşılaşdırılması üçün xüsusi vəsaitdən müəllimlərə hər ay əməkhaqqının 40 faizi qədər əlavə vəsait ödənilir.

 

Müəllim-tələbə münasibətləri yeni məzmunda

 

Ağcabədi Pedaqoji Kollecində son dövrlərdə görülmüş bütün bu işlər, atılan inkişafyönümlü addımlar kollektivdə sağlam mənəvi mühitin, normal şəxsiyyətlərarası münasibətlərin yaranmasına da təsirsiz ötüşməyib. Nəticədə rəhbərliklə, müəllimlər və tələbələr arasında səmimi ünsiyyət yaranıb.

Ali idarəetmə orqanı olan Pedaqoji Şuranın işi canlandırılıb. Kollecin tələbələri orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən bilik yarışlarında, inşa müsabiqələrində də fəal iştirak edir, yüksək yerlər tuturlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən bilik yarışının rayonzona turunda Ağcabədi Pedaqoji Kollecinin komandası I yeri tutub. Tələbələrin kütləvi idman tədbirlərinə cəlb olunması da diqqət mərkəzində saxlanılır.

 

 Yeni hədəflər: məsuliyyətlilik

 

Ağcabədi Pedaqoji Kollecinin qarşısında yeni dərs ilində daha mühüm hədəflər durur: müsbət dəyişiklikləri davam etdirmək, ölkədə gedən təhsil islahatlarına, Dövlət Strategiyasının səriştəli təhsilverənlərin hazırlanması sahəsində müəyyənləşdirdiyi strateji hədəflərə nail olmaq, keyfiyyətli təhsil xidməti göstərmək.  Bu məqsədlərə nail olmaq üçün kollektiv bir sıra vəzifələrin həllini, o cümlədən fənn kabinetlərinin zənginləşdirilməsini, tədrisin səmərəliliyinin artırılmasını, müəllimlərin ixtisasartırma  kurslarına cəlb edilməsini, pedaqoji prosesi tənzimləyən sənədlərin, bu sahədə qəbul olunmuş qərarların müəllimlər tərəfindən öyrənilməsinin təşkilini nəzərdə tutur. 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 19 sentyabr.- S.7.