Beynəlxalq olimpiada və müsabiqələrin
qızıl,
gümüş mükafatçısı
İsveçrənin Lozanna Federal Texnologiya Məktəbində magistr təhsili alan İlqar Ramazanlı ilə söhbət
İlqar Ramazanlı 1992-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. Bakalavr təhsilini
Türkiyənin Ankara şəhərində - Orta Doğu Texnik Universitetinin kompüter mühəndisliyi
və riyaziyyat fakültələrində alıb. 2009-cu ildə Almaniyada keçirilən
Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc,
2009-cu ilin mayında Serbiyada keçirilən
Balkan Riyaziyyat Olimpiadasında
gümüş, 2009-cu ilin
yanvarında
Qazaxıstanda Beynəlxalq
Jautıkov Olimpiadasında
qızıl, 2012-ci ildə
Bolqarıstanda tələbələr
arasında keçirilən Beynəlxalq Riyaziyyat Müsabiqəsində
qızıl medala layiq görülüb. Bundan başqa, 2011-2012 -ci illərdə Rumıniya, Ukrayna, İspaniyada tələbələr
arasında beynəlxalq
proqramlaşdırma müsabiqələrində
də fərqlənib.
Hazırda "Azərbaycan
gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" çərçivəsində İsveçrənin Lozanna Federal Texnologiya
Məktəbində (Ecole
Polytechnique de l'Universite
de Lausanne - EPFL) riyaziyyat üzrə magistr təhsili alır.
- Orta məktəb illərində daha çox hansı fənlərə maraq göstərirdiniz?
- Məktəb
illərində daha çox riyaziyyat fənninə maraq göstərmişəm. Bu fənn
üzrə bir neçə fənn olimpiadalarında iştirak
etmişəm. 2007-ci ildə Respublika riyaziyyat fənn olimpiadasında II,
2008-ci ildə III yeri
tutmuşam.
Bundan əlavə, "YOS" Türkiyə universitetlərinə qəbul imtahanında 80 suala 80 doğru cavab verərək birincilərdən
olmuşam. İxtisas seçimimə isə daha çox riyaziyyata olan marağımın köməyi olub.
- Olimpiadaların
şagirdlərin təhsilində
və gələcək
karyerasında rolunu
necə qiymətləndirirsiniz?
- Olimpiadalar şagirdlərin orta məktəbdən artıq
ciddi şəkildə elmlə məşğul olmasına
fürsət yaradır. Buna görə
də olimpiadaların
şagirdlərin təhsilində çox ciddi yeri olduğunu
vurğulamaq istəyirəm. Lakin elm yolunda irəliləyən
bir insanın sadəcə olimpiadalarla kifayətlənməsi, özünü
yalnız yarışmalarla
məhdudlaşdırmasının çox doğru olmadığını düşünürəm. Ali təhsil və bundan sonrakı pillələrdə
qarşılaşacağımız
tədqiqat problemlərinin də ən azı olimpiadalar qədər əhəmiyyətli olduğunu
vurğulamaq
istəyirəm. Bəzən olimpiadalarda
çox da böyük uğur qazana bilməyən, lakin elmi tədqiqatlarda böyük uğurlara imza atmış alimlərə də rast gəlmək
mümkündür. Buna görə
də olimpiadalarda
böyük uğur qazanmayan şagirdlərin heç də ruhdan düşməsinə ehtiyac olmadığını düşünürəm.
- Xaricdə təhsil
almağa necə
qərar verdiniz?
- Xaricdə təhsil
almaq istəyimdə bir
neçə amil başlıca rol oynadı. İlk öncə onu vurğulayım ki, məndən bir yaş böyük olan qardaşım Əhməd də Ankaraya ODTU-da təhsil almağa getmişdi. Bundan əlavə, təhsil aldığım
dövrdə lisey yoldaşlarımın çoxu
xaricdə təhsil almağa maraq göstərirdi. Beləliklə
də mən də bakalavr təhsilimi Ankarada ODTU-da almağa qərar verdim. ODTU-dakı təhsilimi başa çatdırdıqdan sonra isə təhsilimi Avropada elmin daha da
inkişaf etdiyi bir universitetdə davam etdirməyi özüm üçün qətiləşdirdim.
Hazırda buraya
gəlməyim də Dövlət Proqramının dəstəyi
ilə həyata keçirilir. Bu proqram Azərbaycanın ən istedadlı gənclərinin
xarici ölkələrin
nüfuzlu universitetlərində
dərin bilik və təcrübə qazanmasına imkan yaradır. Mən Dövlət
Proqramı çərçivəsində
tələbələrin seçim prosesini çox bəyənirəm.
- Ölkəmizdə təhsil sahəsində aparılan islahatlara münasibətiniz...
- Azərbaycan təhsilində baş verən son müsbət dəyişikliklərlə bağlı
demək istərdim ki, xaricdə təhsil almaq üçün tələbələrə
hərtərəfli dəstək
göstərilməsi həqiqətən
də çox faydalı və sevindirici bir amildir. Bir çox xidmət növlərinin elektronlaşdırılması
da Təhsil Nazirliyinə müraciət edən insanların işlərinin asanlaşmasına kömək edir. Bir Azərbaycan
vətəndaşı olaraq
təhsilimizdə bu cür inkişafı, mütərəqqi addımları görmək bizlərə çox xoş təsir bağışlamaqdadır.
- Tələbə
həyatınız necə
keçir?
- Açıq desəm,
tələbə həyatım
əsasən dərs oxumaqla keçir. Çox nadir hallarda isə dostlarımla futbol oynamağa fürsət tapa bilirəm, lakin hər fürsət düşdükcə
yeni bir ölkəyə - səyahət
etməyi, tanımadığım ölkələri
gəzib-görməyi çox
sevirəm.
- Azərbaycan diasporası ilə əlaqələriniz. Ölkəmizi, mədəniyyətimizi uzaq ölkədə təmsil edə bilirsinizmi?
- Azərbaycanın İsveçrədəki
səfirliyi Bern şəhərində
yerləşir.
Səfirliyimiz ölkədəki bütün azərbaycanlıları qeydiyyata
alaraq bayramlarda, müxtəlif tədbirlərdə
tələbələri və
digər həmvətənlərimizi bir araya gətirir. Ümid edirik ki, mədəniyyətimizi
yetərincə təmsil
edə bilirik. İsveçrədə
Azərbaycana olan münasibət isə normaldır, ölkəmizi
tanıyan, mədəniyyətimizə
maraq göstərən
insanlar az deyil.
- Xaricdə təhsilin
hansı üstünlüklərini
qeyd edə bilərsiniz?
- İlk öncə,
xaricdə təhsil
almaqla beynəlxalq təhsil sistemlərində nələrin öyrənildiyi ilə tanış olmaq mümkündür. Hansı yeni texnologiyalar öyrənilir, hansı yeniliklər üzərində çalışmalar
aparılır. Bütün
bunlarla tanışlığın
zəruri olduğunu və əhəmiyyət kəsb etdiyini vurğulamaq
istərdim. Bundan əlavə, bir çox fərqli millətlərdən olan qrup yoldaşlarım vasitəsi ilə müxtəlif mədəniyyətlər
ilə də tanış olmaq mümkündür.
- Oxuduğunuz ali məktəb barədə məlumat verərdiniz...
- Oxuduğum universitet ( EPFL) İsveçrədə
yerləşən texniki ixtisaslar sahəsində dünyanın ən güclü universitetlərindən
biridir, əsası
1853-cü ildə qoyulub. Universitetdə müəllim-tələbə münasibətlərinin
çox mehriban olduğunu vurğulaya bilərəm.
Mənə dərs deyən professorlardan Janos Pachın (kombinatorlu həndəsə), Emre Telataın (informasiya nəzəriyyəsi), Friedrich Eisenbrandın
(kombinatorial optimallaşdırma) adlarını
çəkə bilərəm,
onlarla istənilən məsələ
ilə əlaqədar
danışa bilərsən. Bu şəxslərin
hər biri öz tədqiqatları ilə dünyanın ən məşhur professorlarındandır.
Bizim universitetdə dünyanın müxtəlif ölkələrindən
çoxlu sayda tələbə təhsil
alır. Qeyd etməliyəm ki,
universitetdə əcnəbi
tələbələrə münasibət çox gözəldir, hər bir əcnəbi tələbə bir mədəniyyətlə tanışlıq
deməkdir.
Universitetdə əsasən
dərslər bitdikdən sonra 2-3 həftəlik bir fasilə olur. Həmin müddət ərzində tələbələr
semestr müddətində
öyrəndikləri bilikləri
yeniləşdirə bilərlər. Bu fasilədən
sonra isə imtahan sessiyası başlayır.
İmtahanlar bəzən
yazılı, bəzən
isə şifahi şəkildə olur.
- Gələcək planlarınız
barədə nə deyə bilərsiniz?
- Təhsilimi başa
çatdırdıqdan sonra da elm yolu ilə davam etməyi planlaşdırıram. Hər hansı bir universitetdə və ya tədqiqat mərkəzində elmi tədqiqatlar aparmaq niyyətim var. Zənnimcə, riyaziyyat digər elm sahələri və
texnologiyaların inkişafına
olan təsirinə görə istər Azərbaycanda, istərsə
də dünyanın digər ölkələri üçün
çox önəmlidir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 19 sentyabr.- S.9.