Qız qalası

 

Tarixi-mədəniyyət abidələrimiz

 

Milli memarlığımızın nadir nümunəsi

 

Qız qalası - Azərbaycanın  paytaxtı  Bakı  şəhərinin qədim tarixi rəmzlərindən biri,  milli memarlığımızın  nadir nümunəsidir. Abidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. Daşdan hörülmüş  nəhəng silindr formasında olan bu abidənin hündürlüyü  şimal tərəfdən 28, cənub tərəfdən isə 31 metrdir. Təməl hissədə qala divarlarının qalınlığı 5, 8-ci mərtəbədən yuxarıda isə 4 metrə çatır. Qala 8 gümbəzdən ibarətdir ki, onlar da qalanı 8 mərtəbəyə bölür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşla hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin  əvvəlki səthindən 2 m hündürlükdə və 1,10 m enində olan tağlı qapı yeridir. Qız qalasının yuxarıdan görünüşü günəşi və odu bildirən və Azərbaycanda geniş yayılmış "buta" işarəsinə oxşayır.

Qız qalası unikal-konstruktiv quruluşuna görə nəinki Azərbaycanda, eləcə də yaxın Şərqdə analoqu olmayan bir abidədir. 

 

Adının mənşəyi əfsanələrlə bağlıdır

 

Qalanın adının  etimologiyası, təyinatı  ilə bağlı mübahisələr  indiyə qədər  səngimək bilmir. Onun ucaldılma tarixi və mahiyyəti  yetərincə müəmmalıdır. Qız qalasının  adının mənşəyi çoxsaylı əfsanələrlə bağlıdır. Bəzi müəlliflərə görə, qalanın qızla bağlı əfsanəyə (Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır.  Belə ki, əfsanəyə görə, qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Söylənilən digər əfsanələrdən biri də şahın aşıq olduğu    evlənmək üçün qala tikdirməyi ona şərt qoyan  bir qıza  həsr olunanıdır. Bir çox alimlərin fikrincə,  bu gözətçi qalası və yaxud  müdafiə istehkamlarının bir  hissəsidir, digər tədqiqatçilar onun qədim məbəd, başqalari isə bir növ rəsədxana olduğunu  iddia edirlər. Bu fərziyyələrin hər biri çoxlu sayda əsaslı dəlillərə söykənir. Lakin təyinatından asılı olmayaraq tikilinin misilsiz memarlıq  abidəsi olması faktı danılmazdır. Məhz bu səbəbdən Qız qalası dövlətimiz tərəfindən  dünya əhəmiyyətli abidə kimi mühafizə olunur. 2000-ci ilin dekabrında Qız qalası  İşərişəhər və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya İrs siyahısına salınıb.

Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüz ildə tikildiyini sübut etməyə çalışanlar da. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır.

Qız qalasının cənub-qərb divarında 14 metr hündürlükdə ərəb dilində qədim kufi xətti ilə yazılmış daş kitabə yerləşdirilmişdir. Yazıda "Qülleyi Məsud ibn Davud"  sözləri həkk olunub. Yazı kalliqrafik xüsusiyyətlərinə görə XII əsrə aid edilir. Bəzi alimlər burada qalanı ucaldan memarın adının həkk olunduğunu ehtimal edirlər.

Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, bu möhtəşəm abidə tarixin bütün sınaqlarına  sinə gərərək ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra həmin abidə muzey kimi fəaliyyət göstərib. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Görülən işlər nəticəsində  Qız  qalasının təkrarolunmaz  görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir.

 

Qala daxilində muzey ekspozisiya

 

Qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb. Konservasiya prosesi dövründə abidənin tarixinin və təyinatının öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar da aparılıb.

Qaladakı pilləkən yenisi ilə əvəz edilib. Qız qalasının mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu, tikintisində məqsəd, təyinatı və sair məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Hər bir mərtəbədə ekspozisiyaya  uyğun  işıqlandırma  sistemi quraşdırılıb. Burada  Qız qalasının  müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda Qız qalasının təyinatı barədə film nümayiş etdirilir.

Ekspozisiyada  Qız qalasının özünəməxsus və bənzərsiz memarlığı geniş əksini tapıb. Burada orijinal maket qurulub. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl məlumat yerləşdirilib.

Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı, dini və şəhərsalma mövzularına geniş yer verilib. Burada Qız qalası haqqında əfsanələrlə də tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixiburada baş verən döyüşlər əksini tapıb.

Qalada xüsusilə uşaqların böyük marağına səbəb olacaq "İçərişəhərin müdafiəsi" adlı interaktiv oyun da təqdim edilir.

"Qədim məbəd" bölməsindəki heliodispley orijinallığı ilə diqqəti cəlb edir.

Ekspozisiyada Qız qalasının qədim rəsədxana rolunu oynaması fərziyyəsinə də geniş yer ayrılmışdır.

Ümumiyyətlə, bu maddi-mədəniyyət abidəsində həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası  bura gələn hər bir kəsdə zəngin təəssürat və xoş ovqat yaradır. Onu da  xüsusi qeyd edək ki, milli mənəvi dəyərlərimizin, maddi-mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı yaxından dəstəyini, o cümlədən ekoloji məsələlərin həllinə hərtərəfli köməyini əsirgəməmişdir.

 

Hazırladı:

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.9.