Paytaxt məktəblərində mütaliə
ilə bağlı
araşdırmalarımız nələri üzə
çıxardı?
Kitab
oxumağın şagirdlərin əqli və nitqinin
inkişafına
olan
faydaları haqqında mütəxəssis fikirləri
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov təhsil sistemində çoxdan daşlaşmış bir məsələyə - məktəblilərin mütaliəsi probleminə toxunub. Təhsil naziri bir çox hallarda mərkəzləşdirilmiş imtahanlarda yüksək nəticələr göstərən və yaxud təhsildə uğurları ilə fərqlənən gənclərimizin öz fikirlərinin ifadəsində çətinlik çəkmələrini onların mütaliəsinin zəif olması ilə əlaqələndirib və Təhsil Nazirliyinə, məktəb rəhbərlərinə şagirdlərin mütaliəsinin dövrün tələbləri səviyyəsində təşkili üçün tapşırıqlar verib.
Bəs bu gün gənclərimiz hansı ədəbiyyatları mütaliə edirlər? Məktəb kitabxanalarında bu iş necə təşkil olunur? Mütəxəssislər bu barədə nə fikirdədirlər?
Suallarımıza aydınlıq gətirmək üçün bir sıra məktəblərdə olub şagirdlərlə, müəllimlərlə, məktəb kitabxanaçıları ilə söhbətləşdik, bu barədə mütəxəssislərin fikirlərini öyrəndik.
Şagirdlər hansı ədəbiyyatı oxuyurlar?
Ümumtəhsil
məktəblərində sagirdlər arasında mütaliə
ilə bağlı mövcud vəziyyəti
araşdırmaq üçün
Bakının sayılıb-seçilən iki
orta təhsil müəssisəsində -
Bakı Avropa Liseyində, 132-134 nömrəli
təhsil kompleksində və eləcə də mərkəzdən
bir qədər kənarda yerləşən 67 nömrəli tam orta məktəbdə olduq.
Məsələnin
yuxarı siniflərdə daha aktual olduğunu nəzərə
alıb əsasən X-XI sinif şagirdləri
ilə görüşdük. Şagirdlərə
"Mütaliə ilə müntəzəm məşğul
olurlarmı? Əsasən hansı ədəbiyyatları oxuyurlar? Müəllimlər bu
işdə onlara nə kimi
kömək göstərir? Mütaliə üçün
kitab siyahısı verirlərmi? Məktəbə
qayıtdıqdan sonra nə oxuduqları
ilə maraqlanırlarmı" kimi suallar ünvanladıq.
Bakı Avropa liseyində
sorğuya cəlb etdiyimiz
10 şagirdin əksəriyyəti
mütaliə ilə məşğul olmağa,
kitab oxumağa
vaxtlarının olmadığını söylədi. Belə
cavab verənlər fikirlərini onunla əsaslandırdılar ki,
eyni zamanda həm dərslərinə,
həm də ali məktəblərə qəbul
imtahanlarına hazırlaşırlar. Buna
görə də əlavə kitab oxumağa, mütaliə etməyə
vaxtları qalmır. Cavablardan o da məlum oldu ki, mütaliə edən
şagirdlər bu faydalı işlə
müntəzəm deyil, təsadüfdən-təsadüfə
məşğul olurlar. Məsələn,
özünü mütaliə həvəskarı
kimi təqdim edən X sinif
şagirdi Anar Ağayev mütaliə etməyə vaxtım
çatmır deyənlərin bəhanəsini qəbul etməsə
də ondan yay tətili
dövründə hansı kitabları oxuduğunu
soruşduqda yalnız bir
əsərin adını çəkə bildi. Şagirdin fikrincə
əsas məsələ mütaliəyə maraq
yaratmaqlır. Bunu isə, ilk
növbədə, müəllimlər etməlidirlər. XI sinif şagirdi Əli İmanovun cavabı isə həmyaşıdlarından
fərqli oldu. O bildirdi
ki, "Mən ancaq dərslərimi
oxuyuram, mütaliə etmirəm. Bir də mütaliə mənim nəyimə
lazımdır. Mən gələcəkdə həkim
olmağı qərara almışam. Bu sənətin
sahibi üçünsə mütaliə
o qədər də vacib
deyil. Əsas odur ki, xəstələrim məni yaxşı həkim
kimi tanısınlar".
132-134 nömrəli təhsil
kompleksində 8 şagird həmsöhbətimiz
oldu. Burada da əsasən
Bakı Avropa Liseyindəki mənzərə
ilə qarşılaşdıq. Şagirdlər vaxt azlığından şikayətləndilər.
Onlardan yalnız biri -
X sinif şagirdi Nərmin
Heydərova bir neçə əsərin
adını çəkib, bu il həmin kitabları oxuduğunu
söylədi, dünya klassiklərini sevdiyini
bildirdi.
XI sinif
şagirdi Gülgün
Qüdrətli isə sonuncu dəfə
2012-ci ildə bir əsər mütaliə
etdiyini dedi. Gülgün onu da bildirdi ki,
yaxşı olar mütaliə üçün əsərlərin
siyahısını müəllimlər özləri bizə versin. Bu bizim
məsuliyyətimizi artırar.
Ancaq imkan tapdıqda
mütaliə ilə məşğul olduğunu
bildirən və son vaxtlar
oxuduğu bir neçə
əsərin adını çəkən X sinif
şagirdi Vüsal Cahangirov isə bu fikirdədir
ki, uşaqları mütaliəyə
valideynlər istiqamətləndirməlidirlər.
Şagirdlərin
cavablarından məlum oldu ki, məktəblilər əsasən xarici ölkə
yazıçılarını mütaliə etməyə, özü də
nə qədər qəribə görünsə də
Azərbaycan dilində deyil, xarici dildə - ingilis, rus, türk dillərində
oxumağa üstünlük
verirlər. Bizim yazıçı və şairlərin əsərlərinin
onları o qədər də
maraqlandırmadığını söyləyənlər də
oldu. Ancaq Azərbaycan yazıçılarının əsərlərini
mütaliə etdiyini bildirənlər isə
müasir Azərbaycan ədəbi
mühitində o qədər də
tanınmayan yazıçıların bir elə də
tərbiyəvi əhəmiyyət kəsb etməyən əsərlərinin
adlarını çəkdilər.
67 nömrəli tam orta məktəbdə
də 8 şagirdlə görüşdük.
Söhbət etdiyimiz şagirdlərin bir çoxu bildirdi ki, onların
mütaliəyə o qədər də həvəsi
yoxdur. Məsələn, XI sinif şagirdi Aytac Allahverdiyeva dedi ki, ancaq müəllimlər
tapşıranda oxuyuram. Qəbula
hazırlaşıram, əlavə müəllim yanına
gedirəm, mütaliəyə vaxtım yoxdur.
XI sinif şagirdi Nofəl
Heydərli: "Mütaliə məni maraqlandırmır.
Yadıma düşmür ki,
sonuncu dəfə nə vaxt
bədii əsər oxumuşam. Yəqin ki, ali məktəbə qəbul
olandan sonra oxuyaram", - dedi.
Hər üç məktəbdə respondentlərimiz
mütaliə işində müəllimlərdən, məktəb
kitabxanalarından nə kimi kömək
aldıqlarına da konkret
cavab verə bilmədilər,
suallarımıza cavab verərkən ümumi sözlərlə kifayətləndilər.
Amma deyilənlərdən belə qənaətə
gəldik ki, şagirdlərə nə yay tətili dövründə, nə də tədris
müddəti ərzində mütaliə üçün
kitab siyahısı verilməyib, onlardan oxuduqları kitablar
haqqında sorğu-sual edilməyib.
Mütaliə üçün müəllimlər tapşırıqlar verirlərmi?
Bakı Avropa Liseyinin Azərbaycan dili və
ədəbiyyat müəllimi, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi Aynur
Rüstəmova şagirdlər arasında mütaliənin zəif olmasını etiraf etdi.
Aynur müəllim şagirdlərin dediklərindən fərqli
olaraq onlara yay tətili dövründə müəyyən bir
ədəbiyyat siyahısı yazdırdığını və
məktəbə gəldikləri zaman
oxuduqlarını mütləq şəkildə sorusduğunu, bunun tələb
kimi uşaqların qarşısına qoyulduğunu söylədi.
Liseyin digər ədəbiyyat müəllimi
Hidayət Allahverdi 36 illik pedaqoji fəaliyyəti dövründə
şagirdlərində kitaba, mütaliəyə
maraq oyatmağa
çalışdığını söylədi.
Aşağı
siniflərdə sagirdlərin kitab oxumağa həvəsi olduqlarını,
tapşırılandan əlavə digər əsərlər
də tapıb oxumağa
çalışdıqlarını deyən Hidayət müəllim,
yuxarı siniflərdə, xüsusilə X, XI siniflərdə
bu marağın getdikcə azaldığını da inkar etmədi.
Bakının
Sabunçu rayonundakı 67 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Sədaqət Qurbanqızı son illər
uşaqların mütaliəyə marağının
azalmasının onu da
narahat etdiyini dedi və bu işdə Azərbaycan
dili və ədəbiyyat müəllimlərinin
də günahı olduğunu etiraf etdi. Bildirdi ki, ilk
növbədə məhz müəllimlər
şagirdlərdə mütaliəyə maraq
oyatmalıdır. Sədaqət müəllim bunu
nəzərə alaraq sagirdlərin
mütaliəsini istiqamətləndirmək məqsədilə
tapşırıqlar verdiyini, yay tətili dövründə oxumaları üçün kitab
siyahısı təqdim etdiyini söylədi.
132-134
nömrəli təhsil kompleksinin Azərbaycan
dili və ədəbiyyat müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Aynur Dadaşova
bildirdi ki, hər bir müəllim
şagirdlərinin mütaliəyə olan
marağının inkişaf
dinamikasını izləməyə
çalışmalıdır. Onu da əlavə
etdi ki, şagirdlərə
adətən yay
tapşırığı olaraq növbəti
sinifdə proqramda nəzərdə tutulan yazıçıların əsərlərini
oxumağı tövsiyə edir.
Məktəb kitabxanalarında vəziyyət necədir?
Usaqların mütaliəyə
marağının artırılmasında məktəb
kitabxanaları da əhəmiyyətli rol oynayır. Olduğumuz hər 3 təhsil müəssisəsinin
kitabxanalarında da demək olar ki, kitab
çeşidi zənginliyi var.
Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1143 nəfər şagird kontingenti olan Bakı Avropa Liseyinin kitabxanasında 26461 kitab
var ki, onlardən da 3086-sı bədii ədəbiyyatdir.
Kitabxananın müdiri Sevda
Cəfərova bildirdi ki,
liseyin 1143 şagirdindən 40 faizi yay tətili dövründə kitabxanaya
müraciət edib. Bunların da əksəriyyəti
orta siniflərdə təhsil
alanlardır.
2450 şagirdin
təhsil aldığı 132-134 nömrəli təhsil kompleksinin kitabxanasında da istər
sagirdlərin, istərsə də müəllimlərin tələbatını ödəyəcək kifayət qədər ədəbiyyat
(55129 kitab) var. Onlardan 11731-ni bədii ədəbiyyat təşkil
edir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablardan 6024-ü bu məktəbə hədiyyə olunub.
Kitabxana müdiri Əminə
Xatunovanın verdiyi məlumatdan o da aydın oldu ki, yay
tətili dövründə kompleksin X-XI
siniflərində təhsil alan 200-ə qədər
şagirdin cəmi 25 nəfəri kitabxanaya
bədii ədəbiyyat üçün
müraciət edib.
2600-dən artıq sagird kontingenti olan 67 nömrəli tam orta məktəbin kitabxanasının 1100 oxucusu var. Kitabxana müdiri Həmayıl Hacıyevanın sözlərinə görə, onların arasında ən böyük üstünlüyü aşağı və orta siniflərin şagirdləri təşkil edir. Yuxarı siniflərdə bu göstərici zəifdir. Aydın oldu ki, yay tətili dövründə kitabxanaya 530 sagird bədii ədəbiyyat üçün müraciət etmişdir ki, onların də əksəriyyəti aşağı sinif şagirdləridir. Bu məktəbdə də 300-dən çox X-XI sinif şagirdindən yay tətili dövründə təxminən 40-a yaxını kitabxanaya müraciət edib.
Bəs bu haqda mütəxəssislər nə fikirdədir?
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bədii ədəbiyyat
uşaqların şəxsiyyət kimi
formalaşmasında mühüm vasitələrdən
biridir. Kiçik yaşlardan onların yaşlarına və
maraqlarına uyğun ədəbiyyatla
tanış olmaları onlarda həyat
hadisələrinə, insanlara, təbiətə
böyük maraq
yaradır.
Bədii
əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin
inkişafı uşaqların dünyagörüşünü
genişləndirdiyi kimi, məlumatlarını
da artırır. Şagirdlər təlim
prosesində öyrəndiklərini bədii ədəbiyyatı
oxuyub təhlil edərkən bir daha təsdiqləyirlər. Ona görə də
uşaqların kamilləşməsinə, bədii-estetik zövqünün inkişafına təsir edən
bədii ədəbiyyatın oxunması tədris
proqramlarına daxil edilməli, sistemli və müntəzəm şəkildə
həyata keçirilməlidir.
Ənvər ABBASOV,
Təhsil
Problemləri İnstitutunun
direktor müavini
Şifahi
və yazılı ünsiyyət şəxsiyyətin
mühüm atributlarından
olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva
edir. Biz gələcəkdə
cəmiyyəti irəliyə
apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq.
Bu mədəniyyətin aşılanması yollarından
və vasitələrindən
biri də mütaliədir. Təbii ki,
müasir insan üçün son dərəcə
zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi
daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə
düşür.
Təhsil islahatları
dövründə bu məsələlərin müzakirəsi həmişə
gündəmdə olub
və yeni təhsil proqramlarının
(kurikulumların) hazırlanmasında
metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin
təsdiq etdiyi
milli səviyyəli səriştələrdə
(kompetensiyalarda), istərsə də siniflər
üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə
onu dəyərə (oxu
mədəniyyətinə, yazı mədəniyyətinə)
çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə
"Oxu" və "Yazı", ədəbiyyat
fənni üzrə "Ədəbiyyat və həyat",
"Şifahi nitq",
"Yazılı nitq" məzmun xətləri
üzrə qruplaşdırılmış standartların
başlıca funksiyası, məhz oxu və
yazı bacarıqlarının formalaşdırılmasına
xidmət göstərməkdən ibarətdir.
Əgər digər fənlərin təlimi prosesindəki oxu və
yazı fəaliyyətləri və
şagirdlərin özlərinin müstəqil mütaliəsi
də buraya əlavə edilmiş
olarsa, o zaman yalnız ümumi təhsildə oxu və
yazı mədəniyyətlərinin formalaşması üçün
xeyli əlavə imkanların yaradıldığı
aydın görünər.
Standartların
reallaşdırılması, oradakı tələblərin
yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini
planlaşdırmasından, fəaliyyət kurikulumunu
hazırlamasından çox
asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik
komplektini nəzərdən keçirməli,
şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək
üçün
planlaşdırma aparmalı, oxu və
yazı üzrə, o cümlədən
mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları
müəyyənləşdirməlidir.
Asif CAHANGİROV,
əməkdar müəllim, təhsil eksperti
Mütaliənin əhəmiyyətini,
vacibliyini daim mütaliə edənlər dərk edir və başa düşür. Bir çox gəncimizin, eləcə
də, açığını deyək, sayı o qədər
də az olmayan pedaqoji işçilərin bədii ədəbiyyata, müxtəlif növ
elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq göstərməməsi
məni həmişə narahat etmişdir. İstər müəllimlər,
istər valideynlərlə görüşlərdə,
istərsə də ictimaiyyət arasında
vurğulamışam ki, mütaliə inkişaf, öz üzərində
daim işləmək deməkdir və
mütaliə edənlər öz
erudisiyası, geniş bilik
və mükəmməl kompetensiyaları, karyera
inkişafı ilə həmişə ətrafdakılardan seçilir.
Bəziləri düşünür ki, indiki kompüter, informasiya dövründə mütaliədən
danışanda söhbət yalnız nəşr olunmuş kitablardan gedir. Əslində elektron
vasitələri mütaliə üçün
daha geniş imkanlar açmış, əlverişli şərait
yaratmışdır.
Sözsüz ki, məktəblilərimizin
mütaliəyə şüurlu və sistemli şəkildə yanaşması üçün
Təhsil Nazirliyinin, Təhsil Problemləri
İnstitutunun dəstəyinə ehtiyac vardır.
İlk növbədə, mövcud çap məhsulları
və elektron resurslarının dərin təhlili
aparılmaqla, müxtəlif yaş
qrupları üzrə tövsiyə edilən ədəbiyyatın siyahısı
hazırlanmalıdır. Məsələn, elektron
resursları, bədii ədəbiyyatın əhəmiyyətliliyini
nəzərə almaqla fənlər
üzrə sinifdənxaric oxu üçün 250-300 kitab
müəyyənləşdirib 2-3
illik proqram
hazırlamaq olar. İnformasiyanın daim çoxaldığını nəzərə
alsaq hər il üçün hər bir
fənn üzrə 10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi
ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı,
fəaliyyəti, yaradıcılığı haqqında olan kitabları,
bioqrafik əsərləri seçib mütaliə üçün
tövsiyə etmək məqsədəuyğun olardı.
Yalnız mütaliə
deyil, həmin prosesin
məktəb rəhbərliyi və müəllimlər, eləcə
də təhsili idarəetmə orqanları tərəfindən
sistemli idarəolunmasının, onun monitorinqinin vacibliyini də vurğulamaq
istərdim. Yəni, əgər biz məsələnin
əhəmiyyətini dərk ediriksə, ona
bir kampaniya kimi, formal
yanaşılmamalıdır. Bunu, məsələn, hər bir
əsər üzrə inşaların yazdırılması,
diskussiyaların təşkil olunması, valideynlər də cəlb
olunmaqla hansısa kütləvi tədbirlərin
keçirilməsi və ya başqa şəkildə etmək olar.
Bununla biz nə qazanırıq?
İlk növbədə, şagirdlərdə oxu zövqünü
formalaşdırmaqla bərabər özlərinin
inkişafına marağı artırırıq. İkincisi, müxtəlif sahələrdə
biliklərini dərinləşdiririk, tədqiqat fəaliyyətini
yüksəldir və inkişaf etdiririk. Biz onlarda elə zövq
formalaşdırırıq ki, sonralar özləri kitab
seçərkən artıq müqayisələr aparmaq onlara asan olur. Məsələn,
Nizamini, Şekspiri, Heminqueyi, Tolstoyu, Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan, onların əsərləri əsasında
formalaşan gənc hansısa eybəcər
və bayağı əsərləri artıq vərəqləməyəcək,
ciddi məna kəsb etməyən elektron saytlarına daxil olmayacaq. Bu dahilərin əsərləri ilə
tanış olan adam primitiv ədəbiyyatı oxumayacaqdır.
Eyni zamanda biz internet resurslarından elm, bədii ədəbiyyat sahəsində
saytları uşaqlara verəndən və
onlar bu internet saytlarından istifadə edəndən sonra onların lüzumsuz saytlara meyli də
azalacaqdır.
Hazırladılar:
Yusif ƏLİYEV,
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.3.