Ali məktəblərə 700 balla qəbul

olmuş məzunlar harada çalışırlar?

 

Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə maksimum nəticələr əldə edərək 700 bal toplayırlar. Ölkəmizdə bu uğura ilk dəfə 2007-ci  ildə rast gəlinib. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı 42 nəfərdir.  2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə isə 9 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Həmin abituriyentlərdən bir çoxu hazırda təhsillərini davam etdirsə də, bəziləri artıq təhsillərini başa vurublar. Bəs, görəsən ali təhsil müəssisələrini bitirən həmin məzunlar hazırda nə işlə məşğuldurlar? Cəmiyyətdə öz layiqli yerlərini tutublarmı? Yəqin ki, təhsildə ən yüksək nəticə göstərməklə cəmiyyətin diqqətini özlərinə çəkməyi bacaran bu insanların indi hansı işlə məşğul olduqlarının hamı üçün maraq doğuracağını nəzərə alıb həmin şəxslərdən bir neçəsi ilə əlaqə saxladıq.

  

Emil Abbasov

 

2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə  700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə  Koreya Respublikasının SeulSuvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri  ixtisası üzrə magistratura bölməsinə qəbul olunub.  Hazırda təhsilini davam etdirir.

 

Rüfət Babayev

 

2008-ci ildə Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Qafqaz Universitetində təhsil alarkən Böyük Britaniyanın Mancester Universitetinə göndərilib və 1 il həmin universitetdə kompüter elmləri üzrə  təhsil alıb. Qafqaz Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda universitetdə kompüter mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bununla yanaşı, ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla da məşğuldur.  Almaniya və Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən birində doktorantura təhsili almağı  qarşısına məqsəd qoyan Rüfət ixtisası üzrə mükəmməl bir mütəxəssis olmaq istəyir. 

 

Nurlan Əhmədov

 

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2012-ci ildə universiteti yaxşı qiymətlərlə bitirib. Sonra İngiltərənin Royal Hollovey Universitetinə daxil olsa da müəyyən səbəblərdən orada təhsil ala bilməyib. Lakin buna baxmayaraq ruhdan düşməyən Nurlan Qafqaz Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda Universal Az LLC şirkətində xarici təchizat və logistika üzrə mütəxəssis işləyir.

 

Emil Əliyev

 

2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə səhhətiylə bağlı problemi olduğu üçün 2 il akademik məzuniyyət götürüb, ona görə də təhsil müddəti uzanıb. 2014-cü ildə ali məktəbi bitirən Emil hazırda hərbi xidmətə getmək üçün hazırlaşır. Vətənə xidməti borcunu verdikdən sonra Dövlət Qulluğuna keçirilən imtahanlara hazırlaşmağı qarşısına məqsəd qoyduğunu bildirir.  Arzusu dövlət qulluqçusu olmaqdır.

 

Fəridə Musayeva

 

2009-cu ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub. 2013-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetində mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin may ayında ədliyyə qulluğuna imtahan verərək  Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsində  aparıcı məsləhətçi vəzifəsinə hazırlıq məqsədilə təcrübə keçir.

 Bəli, araşdırmalarımızdan məlum oldu ki, istedadlı və çalışqan insanlar daim cəmiyyətdə öz layiqli yerlərini tuturlar. Biz də gənclərimizə gələcək həyatlarında uğurlar arzulayır, əmin olmaq istərdik ki, bu gənclərimiz ölkəmizin inkişafı naminə var gücləri ilə çalışacaq və istedadlarından maksimum dərəcədə istifadə edəcəklər. 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.4.