"Azərbaycan dilinin nitq mədəniyyəti

və ritorika" adlı dərs vəsaiti çapdan çıxıb

 

Bakı Dövlət Universitetinin dosenti Fikrət Şiriyevin "Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika" (Bakı-"Nurlar" nəşriyyatı-2014) adlı ali məktəblər üçün dərs vəsaiti çapdan çıxıb.

Son illər Azərbaycanda nitq mədəniyyəti fənni üzrə ardıcıl araşdırmalar aparılır. Prezident İlham Əliyevin 23 may  2012-ci ildə imzaladığı sərəncamda  bununla bağlı qəbul edilmiş Dövlət Proqramında nitq mədəniyyəti məsələləri xüsusi diqqət mərkəzində saxlanır. Avropanın əksər ölkələrində orta məktəb proqramlarına daxil edilən "Nitq mədəniyyəti" fənni nəticədə xalqın səlis və rəvan danışmasına, hər kəsin öz fikirlərini çətinlik çəkmədən ifadə etməsinə gətirib çıxarır. Bu qədər zəngin lüğət tərkibinə və leksik imkanlara malik Azərbaycan dilində bəzən fikirlərin ifadəsi zamanı rastlaşdığımız xoşagəlməz hallar, fikir büdrəmələri, yersiz təkrarlar, lazımsız ifadələr və s. hər bir ziyalını narahat edir. Digər tərəfdən, bu gün gözəl Azərbaycan dilinin imkanlarından məharətlə yararlanıb fikirlərini dürüst və ifadəli çatdıran, cəlbedici nitqi ilə auditoriyanı valeh edib özünə bağlayan istedadlı natiqlər vardır. Belə təcrübələrin yayılması, həmin nümunələrin timsalında daha yaxşı danışıq vərdişlərinin kütləviləşdirilməsi universitet auditoriyalarından keçir. Ali məktəblərdə, hətta orta məktəblərdə nitq mədəniyyəti vərdişlərinin aşılanması, gənclərə düzgün və səviyyəli danışıq qaydalarının öyrədilməsi günün tələbinə çevrilib.

Klassik ritorikanın banisi hesab edilən Aristotelin dediyi - "şair və rəssamdan fərqli olaraq natiq doğulmurlar, bilik, ağıl və təcrübə hər kəsi natiq edə bilər",- kimi dəyərli fikirləri nəzərə alsaq, onda fənnin geniş tədrisi mübahisəsizdir. Dosent F.Şiriyevin hazırladığı 9 fəsildən ibarət dərs vəsaiti bu baxımdan çox dəyərli və gərəklidir. Burada həm ritorika elminin 3000 illik yolu, klassik yunan  Roma məktəbləri haqda məlumat verilir, həm də Şərq ritorikasının ilk nümunələri olan "Kəlilə və Dimnə", "Qabusnamə" kimi qədim əsərlərdən müqayisəli parçalar, Azərbaycan nitq mədəniyyəti tarixi barədə məlumat verilir. Kitabda nitq mədəniyyəti fənninin nəzəri müddəaları əksini tapıb, bu müddəalar Azərbaycan ədəbiyyatından verilmiş nümunələrlə əsaslandırılıb.

Dərs vəsaitində həmçinin ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitq, nitq normaları və s. haqda nəzəri və praktik tövsiyələr əksini tapıb. Dərs vəsaitində nitq mədəniyyətinə, söz ustalığına aid maraqlı nümunələr verilib, nitq terminləri lüğəti  təqdim edilib. Dünya şöhrətli akademik Vasim Məmmədəliyevin və tanınmış professor Sənubər Abdullayevanın elmi redaktorluğu ilə ərsəyə gələn, zəngin ədəbiyyatdan istifadə edilməklə və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab təkcə ali məktəb tələbələri üçün deyil, həm də Azərbaycan dilində səlis danışmaq arzusunda olan bütün insanlar üçün dəyərli mənbə olacaqdır.

 

Azərbaycan müəllimi.- 2014.- 26 sentyabr.- S.9.