2013-cü ildə təhsil
sahəsində həyata keçirilmiş
ən mühüm islahatlar, tədbirlər və
yeniliklər
2013-cü il
ərzində Təhsil Nazirliyi tərəfindən
təhsil sistemində şəffaflığın təmin
edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin
olunması, kadr potensialının səriştə
və kompetensiya baxımından gücləndirilməsi
sahəsində bir sıra islahatyönlü
tədbirlər həyata keçirilib və mühüm
addımlar atılıb.
Belə
addımlardan biri XI sinfi
bitirən 90 mindən çox məzunun
hamısına attestat almaq
imkanının yaradılması oldu.
Ölkə Prezidentinin
tapşırığı əsasında orta
məktəbləri bitirən şagirdlərin hamısına
attestatın verilməsi barədə Təhsil Nazirliyinin
təklifi Hökumət səviyyəsinə çıxarılıb və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 23 may tarixli Qərarı ilə qanunvericilik
aktlarına müvafiq dəyişikliklər
edilib.
Bu il
buraxılış imtahanlarında 2 qiyməti almış
yüzlərlə məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək
ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul olunub.
Ali və orta ixtisas
məktəbləri ilə yanaşı, həmin şəxslərin
ilk peşə-ixtisas təhsili müəssisələrinə
qəbul olunmaq şanslarının olduğunu da nəzərə
alsaq, bununla da həmin gənclərin sosial
həyata aktiv şəkildə qoşulmaq imkanlarının xeyli
artdığını görərik.
2013-cü
ildə ölkənin təhsil həyatındakı yeniliklərdən
biri də dərs ilinin
başlanmasına qədər 6 yaşı tamam
olmamış xüsusi istedadı ilə
seçilən uşaqların vaxtından əvvəl məktəbə
qəbulu üzrə yeni qaydaların qəbulu
olub. Yeni qaydalara uyğun yaradılmış komissiyaların fəaliyyəti
nəticəsində 8 min 846 nəfər uşaq bu il
vaxtından əvvəl birinci sinfə qəbul
edilib.
Cari ildə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə
mərkəzləşdirilmiş qaydada
aparılan müəllimlərin işə qəbulu prosesində
çeviklik artırılıb. Əvvəlki
dövrdə müəllimlərin işə qəbulu ilə
bağlı təkcə test imtahanları
6-7 həftə ərzində aparılırdısa, cari ildə
isə bu proses cəmi
13 gün çəkib. Qeyd
edək ki, bu il 3286 vakant yer müsabiqəyə
çıxarılıb. Vakant yerlərə
18782 nəfər elektron ərizə verib. Müəllimlərin
işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə,
ümumilikdə 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin
işə qəbulu üzrə vakant yerlərin
sayı artsa da, keçid balı aşağı
salınmayıb, işə qəbul olunacaq
müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas
meyarı kimi götürülüb.
Bundan başqa, Təhsil Nazirliyi
tərəfindən noyabr ayında
ümumtəhsil məktəblərində boş
qalmış vakant yerlərə əlavə
yerləşdirmə aparılıb. Əlavə yerləşdirmədə
cari ildə müəllimlərin işə
qəbulu müsabiqəsində keçid
balı toplamış, lakin işə qəbul
olunmamış şəxslər iştirak
ediblər. Bu mərhələdə iştirak
edən 1257 nəfərdən 165 nəfəri işə qəbul
olunub.
2013-2014-cü dərs
ili üçün
I, II, IV, V, VI, VIII, IX və X siniflər üçün
146 adda 4022150 nüsxə dərslik və
dərslik komplektləri çap edilib və yerlərə
çatdırılıb. VI sinif dərslikləri
ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. Digər
dərsliklər isə əvvəlki nəşrlər üzərində
redaktə işi aparılmaqla çap olunub.
Təhsil Nazirliyində
əvvəlki illərdən fərqli olaraq,
qarşıdakı illərdə ümumtəhsil məktəb
dərsliklərinin 1 il sınaqdan
keçirilməklə tədrisdə istifadəyə verilməsi
qərara alınıb. Bu yanaşma
dərsliklərin keyfiyyətinin yüksəldilməsinə,
dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik
yaradıcılığına müəllif
potensialının aktiv cəlb
olunmasına kömək edəcəkdir. Bu
sahədə ilk addım olaraq
hər il iki sinif üzrə dərsliklərin
hazırlanmasına başlanılıb. Artıq 2014-2015-ci tədris
ilinə kurikulum əsasında VII və
VIII siniflərin yeni dərslik komplektlərinin
hazırlanması prosesinə başlanılıb. VII siniflərin
dərslik komplektləri növbəti tədris ilinin əvvəlinə kimi
çap olunaraq
ümumtəhsil məktəblərinə
çatdırılacaqdır. VIII siniflər üçün
hazırlanan dərsliklərin məhdud sayda
çap edilərək 1 il
seçilmiş məktəblərdə pilot layihə kimi
sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi
nəzərdə tutulur. Bu
mexanizmin qarşıdakı illərdə
də davam etdirilməsi
planlaşdırılır. Dərslik müəlliflərinin
peşəkarlığını artırmaq və müəlliflik
iddiasında olan mütəxəssisləri
dərslik yaradıcılığına aktiv
təşviq etməkdən ötrü təlim
kurslarının keçirilməsi də nəzərdə tutulur.
Bu ilin
uğurlarından biri də "2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə
dair Dövlət Proqramı" üzrə
layiqli namizədlərin seçilməsi prosesi olub. Proqramın
icra olunduğu 6 il ərzində ilk dəfə
namizədlərlə tam şəffaf
şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin,
nazirliklərin, qeyri-hökumət təşkilatlarının
əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr
aparılıb və obyektiv seçim edilib. Bu il
əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə
- 787 nəfər aparıcı xarici ali məktəblərdə təhsil almaq hüququ qazanıb.
Təhsil
Nazirliyi tərəfindən bu il həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafına yönəlmiş
və dövlət-biznes partnyorluğuna əsaslanan
sosial xarakterli Müasir Azərbaycan Peşəkarları
Layihəsinin icrasına başlanılıb. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə
və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə
xidmət edir. Bu layihə çərçivəsində
müxtəlif dövlət və özəl, o
cümlədən xarici tərəfdaşlarla
əməkdaşlıq qurularaq bir sıra ilk-peşə ixtisas
təhsili müəssisələrinin bazasında müasir resurs mərkəzləri
yaradılıb.
Təhsil Nazirliyinin tabeliyində olan
internat məktəblərində, lisey və gimnaziyalarda
qidalanmanın təşkilinin vahid mərkəzdən
idarə edilməsinə başlanılıb. Nazirliyin
tabeliyindəki xüsusi internat
məktəbləri üçün (əqli
və fiziki qüsurlu
uşaqlar, vərəm, revmatizm
xəstəliyi) müvafiq dietik
menyular hazırlanıb. Menyulara
xəstəliklərin nozoloji formasına,
gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun
fərdi dəyişikliklər edilib. Bundan əlavə,
qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları,
uşaq və yeniyetmələrin üzərinə
düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və
iş rejimi nəzərə
alınmaqla təşkil edilib. Qidalanmanın təşkilinin vahid
mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik
və sanitar-epidemioloji tələblərin
yerinə yetirilməsini daim nəzarətdə
saxlamaq və baş
verən hər hansı bir
çatışmazlığın operativ
şəkildə aradan
qaldırılması məqsədlərinə xidmət edir. Rasional və
balanslaşdırılmış qidalanma
uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən
biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi
sinir sisteminin
inkişafına və formalaşmasına önəmli təsir
göstərir. Uşaq və yeniyetmə
yaşlarında düzgün qidalanma qida maddələrinə
olan gündəlik tələbatı
ödəməklə yanaşı, həm də onların hərtərəfli
inkişaf ahəngini təmin edir.
2013-2014-cü tədris
ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki
27 ümumi təhsil müəssisəsində
370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir
tələblərə cavab verən
avadanlıqlarla təmin olunub. Bu iş dövlət
büdcəsindən ayrılmış müvafiq
vəsait hesabına Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib.
Ümumi təhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına dair
Müvəqqəti Təlimat qəbul olunub
və "Müəllimin formativ qiymətləndirmə
dəftəri" hazırlanıb.
Təhsil Nazirliyi tərəfindən ictimai
təşəbbüslərin dəstəklənməsi
üzrə layihə müsabiqəsi keçirilib.
Müsabiqənin nəticəsi olaraq
"Təhsil siyasəti üzrə təşəbbüslər"
istiqaməti üzrə 13, "Təhsil sahəsində tədqiqat
təşəbbüsləri" üzrə 5, ümumilikdə
18 layihə müsbət qiymətləndirilib.
2013-cü
ildə növbəti uğurlu
addımlardan biri də məktəb
direktorları və gələcəkdə bu
vəzifədə çalışmaq arzusunda
olan pedaqoji kadrlar üçün təlimlərin
təşkili olub. İlkin
mərhələdə təlimlər yalnız Bakı şəhərində
fəaliyyət göstərən ümumi
təhsil müəssisələrini
əhatə edir. 547 nəfər pedaqoji kadr qeydiyyatdan
keçib. Təlimlərdə iştirak etmək üçün
namizədliyini irəli sürmüş
547 nəfər 3 mərhələli müsabiqədən
keçməlidir. Müsabiqənin birinci
mərhələsi artıq başa
çatıb. Növbəti mərhələyə 152 nəfər
pedaqoji kadr keçə
bilib. Müsabiqənin növbəti mərhələsi
yanvar ayının sonunda
yekunlaşacaqdır.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində olan ümumi
təhsil məktəblərinin direktorlarına təsərrüfat
məqsədləri üçün
2013-cü ilin dekabr
ayından etibarən avans şəklində
müvafiq aylıq vəsaitlərin ödənilməsinə
başlanılıb. Aylıq avans məbləğlərinin
həcmi şagirdlərinin sayı 1000 nəfərədək
olan məktəblərdə 400,
şagirdlərinin sayı 1000-1300 nəfər olan
məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən
çox olan məktəblərdə
600 manat müəyyən edilib.
Aylıq vəsaitlər direktorlar tərəfindən
məktəblərin təcili həlli tələb olunan cari məsələlərinin
həllinə sərf ediləcək.
2013-cü il oktyabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil sahəsində
mütərəqqi islahatları nəzərdə tutan növbəti bir sənədə
imza atıb. Bu sənəd ölkə ictimaiyyətini
düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat
edən məsələlərin köklü
həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın
təsdiq olunması barədə sərəncamdır.
Dövlət Strategiyası təhsil islahatlarının daha sistemli
aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək
istiqamətində düşünülmüş
konseptual bir sənəddir.
Dövlət Strategiyasının həyata keçirilməsi
üzrə fəaliyyət planının layihəsinin
hazırlanması məqsədilə Təhsil Nazirliyində işçi qrup
yaradılıb.
2013-cü ildə təhsil
sahəsindəki yeniliklərdən biri də
ümumtəhsil məktəblərində həyata
keçiriləcək islahatların əsas prioritetlərinin elan olunmasıdır. Bu sahə üzrə
prioritetlərin açıqlanması "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda nəzərdə tutulan
əsas hədəflərin həyata keçirilməsinə
və geniş ictimaiyyətin məlumatlandırılmasına
xidmət edir. Ümumi
təhsil sistemində aktual problemlərin
həllinə istiqamətlənmiş islahatyönlü tədbirlərin
keçirilməsində əsas məqsəd məktəblərdə
sağlam və səmərəli təhsil
mühitinin yaradılması, təhsilin
keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə
olunmasının müasir tələblər
səviyyəsinə çatdırılmasından ibarət olub.
2013-cü il dekabrın 14-də Təhsil Nazirliyi
tərəfindən Azərbaycan müəllimlərinin XIV
qurultayı keçirilib. Azərbaycanın
bütün bölgələrindən
nümayəndələrin seçildiyi qurultayda dövlət rəsmiləri, millət
vəkilləri, ümumtəhsil, ilk
peşə-ixtisas, orta ixtisas
və ali təhsil müəssisələrinin,
yerli təhsil qurumlarının rəhbərləri,
nüfuzlu müəllim, ziyalılar
və digər müvafiq qurumların əməkdaşları
iştirak ediblər.
Təhsil Nazirliyi tərəfindən dərsliklərin
satış məqsədilə çap
edilməsindən əldə edilən gəlirin istifadəsi
məsələlərinin tənzimlənməsi barədə
müvafiq qərar qəbul olunub. Bu qərar dərslik müəlliflərinin
hüquqlarının qorunması və müasir
tələblərə cavab verən dərsliklərin
hazırlanması üçün
onların yaradıcılığa həvəsləndirilməsi,
eyni zamanda dərslik
yazılması fəaliyyətinin təşviqini təmin etmək
məqsədlərinə xidmət edir.
Artıq dərsliklərin əlavə nəşrindən Təhsil
Nazirliyinin müvafiq
hesabına daxil olan vəsaitin
50 faizi dərslik müəlliflərinə
ödəniləcək. Müvafiq gəlirin
digər hissəsinin isə dərsliklərin
yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi
və tətbiqi üçün sərf
olunması qərara alınıb.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün
tipdən olan ümumtəhsil məktəblərində,
gimnaziya və liseylərdə, peşə
məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində
müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək
rəhbərlərinin həftəlik dərs yükünün
maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb.
Bu il Təhsil Nazirliyi KİV-lə daha səmərəli
münasibətlərin qurulması üçün
yeni siyasət formalaşdırıb. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edib.
Cari ildə
Təhsil Nazirliyinin fəaliyyəti ilə
bağlı dəqiq və dolğun məlumatların
mətbuatda dərc olunması, media ilə
əməkdaşlığın yaradılması
imkanlarının artırılması məqsədilə
KİV nümayəndələri üçün
seminar və brifinqlər keçirilib,
onların İsmayıllı rayonuna
səfəri təşkil olunub. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində olan
mətbu orqanların fəaliyyətinin gücləndirilməsi,
ali məktəblərin mətbuat xidmətləri
ilə faydalı işin qurulması
istiqamətində müvafiq addımlar
atılıb.
Azərbaycan müəllimi.- 2014.-
10 yanvar.- S.3.