Kurikulum Mərkəzində respublika
müəllimlərinin
növbəti görüşü
2014-cü
il yanvar ayının ilk həftəsində Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Təhsil
Problemləri İnstitutu Kurikulum
Mərkəzində növbəti dəfə "Yeni təlim proqramı (kurikulumlar):
respublikamızın məktəblərində işin
təşkili, reallıqlar, perspektivlər" mövzusunda elmi-praktik
konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə
təhsil nazirinin müşaviri
Ağababa İbrahimov,
TPİ-nin direktoru Qulu Novruzov və direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər
Abbasov, Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin Əlaqələndirmə
Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum
Mərkəzinin şöbə müdirləri iştirak edib. Mərkəzin
konfrans zalında keçirilən tədbirə
respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal müəllim
qatılıb.
Tədbiri giriş sözü ilə
açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov belə işgüzar görüşlərin tez-tez keçirilməsinin vacibliyini
vurğulayıb. Natiq respublikamızda həyata
keçirilən uğurlu təhsil
islahatlarından və özəlliklə də Azərbaycan
dövlətinin inkişaf etmiş
ölkələrin təcrübəsini öyrənərək
sürətlə tətbiq etməsindən danışıb.
O, 2013-cü il oktyabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində
mütərəqqi islahatları nəzərdə tutan növbəti bir sənədə
imza atdığını bildirib.
Natiq bu sənədin təhsil sahəsilə maraqlanan hər kəsi narahat
edən məsələlərin köklü
həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiq olunması barədə sərəncam
olduğunu xatırladıb.
"Dövlət Strategiyası təhsil islahatlarının daha sistemli
aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək
istiqamətində düşünülmüş
konseptual bir sənəddir",
- deyə o bildirib.
Q.Novruzov həmçinin Azərbaycan təhsil
sistemindəki yeniliklər və qarşıda duran
vəzifələr barədə məlumat verib.
O, kurikulumların və ümumilikdə təhsildə
atılan inkişafyönlü
addımların daha uğurla
nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim
axtarışda olan müəllimlərin əsas
rol oynadığının vacibliyini xüsusi qeyd edib. Natiq
məktəb kurikulumlarının hazırlanması barədə
də məlumat verib. Bildirib
ki, bölgələrdə yerləşən
hər bir təhsil müəssisəsinin
özünün məktəb
kurikulumlarının hazırlanması işinə
başlanılır. Yəni hər məktəbin özünün məktəb kurikulumu
olacaq. Direktor
çıxışında həmçinin görüş
iştirakçılarına təhsil naziri
cənab Mikayıl Cabbarovun təhsillə
bağlı söylədiyi fikirləri çatdırıb.
Təhsil
nazirinin müşaviri
Ağababa İbrahimov
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan əsas hədəflərin həyata
keçirilməsində və geniş
ictimaiyyətin məlumatlandırılmasında məhz təhsil
işçilərinin böyük xidmətlərinin
olacağını
vurğulayıb. O, ümumi
təhsil sistemində aktual problemlərin
həllinə istiqamətlənmiş islahatyönlü
tədbirlərin həyata keçirilməsində əsas məqsədin
məktəblərdə sağlam və səmərəli
təhsil mühitinin yaradılmasından,
təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə
olunmasının müasir tələblər səviyyəsinə
çatdırılmasından ibarət olduğunu
vurğulayıb.
Təhsil
Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər
Abbasov ölkəmizdə həyata
keçirilən təhsil islahatlarının mərhələləri,
həmçinin mövcud şəraitdə
işlərin icra vəziyyəti barədə
danışıb, bu ilə qədər əldə
olunan ilkin nəticələr barədə fikirlərini
paylaşıb. O da
kurikulumların və ümumilikdə təhsildə
aparılan inkişafyönlü
addımların daha uğurlu
alınmasında məhz yaradıcı və yenilikçi
müəllimlərin əsas rol
oynadığını qeyd edib. Çıxışçı hər bir müəllimin dərsin qurulmasında sərbəst
şəkildə təhsil texnologiyalarından istifadə edə
bilməsinin vacibliyini
vurğulayıb. Ə.Abbasov şablon dərs texnologiyasının
olmadığını, bunun yalnız
müəllimlərin öz seçimi və
yaradıcılığına söykəndiyini bildirib, yalnız dövlət
standartının düzgün
reallaşdırılmasının gərəkliliyini
vurğulayıb. Kurikulumlar barədə hazırlanmış kitab
və metodik tövsiyələrin hələlik bir qədər
az olduğunu, lakin bununla yanaşı, bu sahədə işlərin davam
etdirildiyini deyən natiq
dərsliklərin yeni nəslinin
hazırlandığını nəzərə
çatdırıb.
Sonra mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Şəmkir,
Gəncə, Biləsuvar, Masallı, Astara,
Quba, Goranboy, İmişli, Xızı, Sabirabad,
Lənkəran, Lerik, Saatlı,
Laçın, Ağdam, Salyan,
Hacıqabul, Neftçala, Şamaxı, Qəbələ,
Samux, Göyçay,
Beyləqan, Balakən, Şəki, Abşeron rayonları, Sumqayıt və Bakı şəhərindən
gələn ən fəal müəllimlər müzakirələrə
qoşularaq çıxışlar ediblər.
Respublikanın
əməkdar müəllimi, görüşün
koordinatoru Almaz Həsrət
qeyd edib ki, kurikulumların daha geniş ictimaiyyətə
çatdırılması ilə bağlı
yaradılmış kurikulum.az portalı
2010-cu ildən bu günə qədər
təhsil işçiləri və təhsillə maraqlanan bütün şəxslərin
böyük marağına səbəb olub.
Müzakirələrin daha geniş
təşkili üçün 2010-cu ildən
Facebook sosial şəbəkəsində
portalın eyni adlı qrupu
qurulub. Qrupa bu günə qədər 8 mindən artıq üzv qoşulub. Bu isə kurikulumlara olan diqqət və marağın göstəricisi
sayıla bilər. Elə həmin maraq nəzərə
alınmaqla 2013-cü ildən başlayaraq
respublika səviyyəli görüşlər
təşkil edilir. Ötən il ərzində ikisi
Bakıda, biri Şəkidə olmaqla 3 belə görüş
keçirilib. Bu
görüşlər Azərbaycan mediasında da geniş
işıqlandırılıb. Görüşlərin səmərəli
sonuclar verməsi nəzərə
alınaraq 2014-cü ildə də ənənənin davam etdirilməsi qərara alınıb və
yanvarın ilk həftəsində növbəti
görüş keçirilib.
İmişli rayon Aranlı kənd
tam orta məktəbinin
direktoru, əməkdar müəllim Malik Qəhrəmanlı, Biləsuvar rayon İsmətli kənd tam
orta məktəbinin ibtidai
siniflər üzrə metodbirləşmə sədri, əməkdar
müəllim Rüstəm Əliyev, İqtisad
Universitetinin müəllimi Xuraman Osmanova, Şəmkir
rayon Kür qəsəbə 2 nömrəli tam orta məktəbin
müəllimi Ruhiyyə Rəfiyeva, həmin rayonun
Zəyəm qəsəbə S.Məmmədov adına tam orta məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Vüsalə Mehtiyeva, Saatlı rayon S.Vurgun adına 1 nömrəli tam
orta məktəbin fiziki
tərbiyə müəllimi Cəfər Məmmədov, həmin
rayonun Əhmədbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Orxan
Alışov, Laçın rayon Ə.Məmmədov adına
Qışlaq kənd tam orta məktəbinin müəllimi
Şəfa Mirzəyev, TPİ-nin əməkdaşı
Afaq Əliyeva, Bakı məktəblərinin
müəllimləri Sənubər Məmmədova, Vəfa Vəliyeva,
Roza Qasımova, Abdulla
Qəhrəmanov, Leyla Mürsəlova, Firahnaz Heydərova,
Azərbaycan Müəllimlər İnstitutunun
müəllimi Hüseyn Hüseynov, Sumqayıt şəhərindən
müəllim Cəmalə Cəfərova və b. praktik təhsil
işçiləri kimi yerlərdə işin tətbiqi vəziyyəti ilə
bağlı maraqlı
çıxışlar ediblər. Əsasən kurikulumun bölgələrdə tətbiqi, kənd
məktəblərində bununla
bağlı işin təşkili, təlimçilərin hazırlığı və
onların yerlərdə keçdiyi
kursların keyfiyyəti ilə
bağlı, kurikulumun daha
aydın dərk olunması üçün
keçirilən kursların təlim gününün
uzadılması, məntiq dərsinin proqrama
salınması məsələsi, məktəb rəhbərliyinin
maarifləndirilməsi işinin təşkilinə
diqqətin ayrılması, qiymətləndirmə və onun
mexanizmi,
fiziki tərbiyə fənninin tədrisi
problemləri, yeni dərsliklərin
hazırlanması işinin təşkili,
bölgələrdə yeni dərsliklərə
münasibət, pedaqoji
kadr hazırlığı və müəllim
hazırlığında olan problemlər
və s. məsələlərə həsr
olunan çıxışlar ətrafında
geniş müzakirələr
aparılıb.
Tədbirin sonunda TPİ-nin direktoru Qulu Novruzov yaxın zamanda
"Yeni təlim proqramı (kurikulumlar): respublikamızın məktəblərində
işin təşkili, reallıqlar,
perspektivlər" adı altında geniş
elmi-praktik konfransın keçiriləcəyini
bildirib.
Keçirilmiş görüş bütün iştirakçıların
ürəyincə olub, ölkənin
qabaqcıl müəllimlərinin əlaqələrinin
möhkəmləndirilməsi, bilik və
bacarıqların paylaşılması baxımından
yüksək dəyərləndirilib. Görüşdə başlanan müzakirələr kurikulum.az portalının Facebook
qrupunda da davam etdirilir. Qərara gəlinib
ki, mövzu ilə
bağlı görüşlər, seminarlar,
elmi-praktik konfranslar daha çox bölgələrdə
keçirilsin.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.5.