Qlobal baxışdan milli hədəflərə
Müasir universitetlərdə akademik qloballaşma ali təhsilin məzmununu yeni trendlərə
uyğun dəyişir: universitetlər təkcə
diplomları ilə tanınmır, həm də insanlara sərhədləri
aşmağı öyrətməlidir. Yeni gerçəklik
isə ali təhsil məkanının
qaynaqlarını səfərbər etməyə təşviq
edir. Bu baxımdan təhsilin inkişafı üzrə
Dövlət Strategiyası ali təhsilin
yeni inkişaf üfüqlərini açır.
Strategiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki,
hansı ölkələr öz təhsilalanlarına ən çox lazım olan bilik və
bacarıqları verir, həmin
ölkələr digərləri ilə rəqabətdə
daha öndədir. Obrazlı desək, indi
var-dövlət və zənginlik üçün bədənin
boğazdan yuxarı hissəsini işlətmək
lazımdı. Bu məntiq bütün
dünyada diqqəti universitetlərə yönəldir.
Əslində Azərbaycan müəllimlərinin XIV
qurultayında təhsil naziri Mikayıl Cabbarovun ali təhsilin
qarşısında duran yeni tələblərlə
bağlı fikirləri, qlobal baxışdan milli hədəflərə
doğru universitet
missiyasının yeni invariantlarının təqdimatı idi.
Bu təqdimatın əsas sualı "XXI əsrdə
universitetlər hansı missiyanı daşıyır?"
idi.
Bu gün universitet anlayışının əsas zəmini
kimi istifadə olunan "universe" termini kainat, aləm,
dünya qarşılığını ifadə edərək
əsrlər boyu cəmiyyətin, sosiumun magistral inkişaf xətlərini,
sivilizasiyaların intibah çevrəsini müəyyənləşdirmişdir.
Dünyada modern universitet anlayışı yeni
biliklərin, innovativ düşüncənin, çevik
alqoritmik təfəkkürün toplandığı və
istehsal olunduğu yerdir. Çünki
universitet inkişaf lokomotivinə qoşula bilən, sintez və
analiz yolu ilə düşüncələrini ifadə edə
bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə
bir tərəfdən bütünləşdirici,
uzlaşdırıcı, digər tərəfdən fərqli
və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu
kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin
perspektiv viziyonunu müəyyənləşdirmək missiyasına sahibdir. Bu gün dünyanın inkişaf
standartlarının Avropadan qaynaqlanması ideyası bu qitənin
klassik universitet ənənəsinə sahib olması ilə
bağlıdır. Sirr deyil ki, dünyanın intibah
modulları vaxtilə Şərqdə, sonradan isə Avropa universitetlərində
cızılmışdır.
Müasir dünyada ali təhsilin yeni rolu dövlətin
öz gələcəyini hansı trendlərə uyğun
qurmaq istəyi ilə dərk olunur. Əməyin,
xammalın önəmli faktor kimi təsirinin
azaldığı, əksinə bilik və bacarıqların
daha üstün yerə gəlməsi ilə paradiqmalar da dəyişir.
Bu dəyişikliklər təkcə insan biliyinə
fokuslanmır, həm də biliyin istehsal olunduğu təsisatların
da yenidən təşkilini tələb edir. Yenidən təsisatlanma həm də millətin gələcəyini
necə görmək istəməsi və bunu proqnozlaşdırması
amilləri ilə sıx bağlıdır. Ali təhsildə yeni meyarların yaranması və
transformasiya prosesi universitetlərin bu öhdəliyi necə
yerinə yetirməsi ilə şərtlənir. Bunun
üçün də universitetlərin tarixən keçdiyi
yola nəzər salaraq gələcəyin viziyonunu müəyyənləşdirmək
və sosiomədəni transformasiyanı həyata keçirmək
üçün ondan tələb olunanları müzakirə müstəvisinə gətirmək
vacibdir. Bu yanaşmada milli statuslu universitet sözün təkcə hərfi mənası
ilə deyil, milli inkişafın yeni strateji hədəflərinin
müəyyən olunmasında, ölkənin qlobal rəqabətqabiliyyətlilik
immunitetinin qorunmasında, insan kapitalının keyfiyyətcə
yeni mərhələyə hazırlanmasında və dövlətin
yüksək rifah səviyyəsinə malik ölkəyə
çevrilməsində nüvə rolunu oynamalıdır.
Müasir dünyada universitetlərin 3 əsas fəaliyyət
sahəsi vardır: təlim-tədris,
araşdırma-inkişaf və xidmət. Yeni universitet
paradiqması ali təhsil müəssisələrinin
öz maliyyə və intellektual qaynaqlarını əldə
edə bilən, nəşrləri, istinad olunma faizi, beynəlxalq
tələbə və müəllim əməkdaşlığı
imkanları, məzunların iş tapa bilmə nisbəti və
layihələrdə çalışmaq miqyası ilə
şərtlənir. Qlobal universitet fəlsəfəsi
dünyanı bütöv fəaliyyət sahəsi kimi
görür. Universitetin əsas amacı da
insanlara sərhədləri aşmağı, təşəbbüskar
olmağı öyrətməkdir. Bunun üçün
də aşağıda qeyd olunan bir sıra məqamlar nəzərə
alınmalıdır:
* Tələbə mobilliyi və beynəlxalq akademik
proqramlarda iştirak edə bilən müəllim heyətinin
olması, məsafədən təhsilə üstünlük
verilməsi;
* Universitet idarəçiliyi şəffaflaşmalı,
tələbə təşəbbüslərinə imkan verilməlidir;
* Çoxdilli tədris-tədqiqat mühiti
yaradılmalı, multimedia tədris vasitələrinin
coğrafiyası genişlənməlidir.
Təhsilin inkişafı üzrə Dövlət
Strategiyasında qeyd olunduğu kimi, ölkəmizdə
universitetlərin üzərinə düşən
missiyanın yenidən dəyərləndirilməsi və təhsil-tədqiqat-innovasiya
məkanı olaraq
yeni diskursa cəlb olunması çox vacibdir.
XXI əsrin universiteti insanları öz
ixtisaslarını daim təkmilləşdirməyə istiqamət verməlidir.
Bunu doğuran hipotezlərdən
başlıcası budur ki, biliklər cəmiyyətində
sadəcə olaraq universitet məzunu olmaq yetərli deyildir.
Formal, informal təhsilin təşviq edilməsi,
problem həll edə bilən, gerçək dünya problemlərinə
yanaşmada daha doğru həllər ortaya qoymaq
bacarıqları yeni əsrin universitet məzununu transdisiplinar
(fənlərarası əməkdaşlığa) zehniyyətə
kökləyir.
Azərbaycanda demoqrafik amil - əhalisinin 66 %-nin 35 yaşınadək gənclərin
təşkil etməsi faktı universitetlərin üzərinə
ciddi öhdəliklər qoyur. Onu da nəzərə alsaq ki,
bu cür demoqrafik üstünlük həmişə davamlı olmur, o
zaman biz yeni universitet viziyonunu daha dərindən müzakirə
etməliyik. Bu zaman təhsilin məzmun, idarəetmə və tədqiqat zəminində
dəyişikliklərin olması qaçılmazdır.
Yeni
universitet gerçəkliyi
Qloballaşma və rəqabət
mühitində universitetlər dünyaya açılma
strategiyalarını zamanın şərtlərinə
uyğun qurmağa başlamışlar. Ümumiyyətlə,
universitetlər cəmiyyətin inkişafının müxtəlif
dövrlərində sosiumun ideallarının gerçəkləşməsində
mühüm rol oynamışlar. Məşhur tədqiqatçı
Stiv Fuller "Bu ideal nədir?" sualına belə cavab
verirdi: "Cəmiyyətin rifahı naminə biliklərin
universallaşması amili".
Məhz ali təhsil sisteminin yenidən
qurulması üçün isə bir sıra
alt-standartları müasir təhsil viziyonuna uyğun layihələndirmək
vacibdir. Bunları aşağıdakı kimi təsnif etmək
olar:
* Bütövlükdə təhsildə, xüsusilə
də ali təhsildə informasiyanın və
biliyin yerinə, ömürboyu sürəkli öyrənmə,
təhsilin mərkəzinə fərdi və peşə
inkişafını, reflektiv düşünməni və tətbiq
etməni gətirmək;
* Universitetlərdə disiplinə əsaslanan fundamental
elm sahələri ilə yanaşı, mövzu
ağırlıqlı fənlərarası tədrisə
üstünlük vermək;
* Bir-birindən fərqli və əlaqəsi olmayan
çoxsaylı fakültələri əhatə edən
böyük universitet əvəzinə, konkret təyinatlı
universitet anlayışına keçid; burada xüsusi
yanaşma ondan ibarətdir ki, ayrı-ayrı universitetlərin
adlarını deyil, orada daha üstün fakültə,
departament örnəklərini seçmək faydalıdır.
Azərbaycan miqyasında baxsaq,
universitetlərin gələcək viziyonunun müəyyənləşməsində,
dünyada ölçmə meyarlarına yanaşmada, reytinq
ölçmə modulundan daha çox şəbəkələşmə
kriteriyasını dəyərləndirmək;
* Veb
texnologiyalarının tətbiqi ilə universitet mühitində
şəbəkələşməni genişləndirmək.
XXI əsr universitet anlayışına
yeni çalarlar əlavə edib. Elmi biliklərin
qazanılmasında sərhəd faktorunun itdiyi bu əsrdə
universitet - innovativ ideyaların, deməli, həm də yeni
sivilizasiyanın əsas düşüncə mənbəyi
hesab olunur. Sürətlə dəyişən dünyada həm də forma və məzmun
baxımdan yeni nəsil universitetlər yaranır. Bu paradiqmaya əsas dəyər olaraq
üstünlük verən ölkələr gələcək
şokunu daha rahat qarşılayır və milli
özünütəsdiq immuniteti qazanırlar.
Cəsarət
VALEHOV,
fəlsəfə doktoru, dosent
cesaret.valehli@edu.gov.az
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.5.