Uşaqlara adların və soyadların
seçilməsində nələrə diqqət etməli?
Azərbaycan
Milli Elmlər Akademiyasının Terminologiya
komissiyasının nəzdində yaradılmış Adlar və
Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü, Milli Məclisin
deputatı Nizami Cəfərovla söhbət
İnsan övladı dünyaya gəldikdən sonra onun həyatında bir çox yaddaqalan hadisələr olur ki, bunlardan biri də ad qoyulmasıdır. Hamımıza məlumdur ki, adların insan həyatında xüsusi rolu var. Körpələrə qoyulan bu adlar mənasına uyğun olaraq uşaqların xarakterinin formalaşmasına, psixologiyasına böyük təsir edir. Psixoloqlar hesab edirlər ki, valideynlər körpəyə ad qoyanda hansısa bir ideologiyaya və ya hisslərə qapılmamalıdırlar. Körpələrə ad seçərkən həm onun səslənməsinə, həm də mənasına diqqət yetirmək lazımdır. Uşaqlara elə adlar verilməlidir ki, böyüyəndə utanmasın. Qeyd edək ki, vaxtilə valideynlərin səhvən qəribə adlar verdiyi şəxslər sonralar öz adlarını dəyişdirməyə çalışırlar. Öz adından narazı olan insanlar sıxıntı və narahatlıq hiss edirlər. Bu sıxıntı onlarda ciddi psixoloji gərginlik yaradır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin mütəxəssisləri yeni doğulan uşaqlara ad qoyularkən milli adlara üstünlük verilməsini tövsiyə edirlər. Qeyd edilir ki, valideynlər Azərbaycan dilinin böyük izahlı onomastik lüğətindən istifadə edərək uşaqlara ad seçimi edə bilərlər. Statistik məlumatlara görə, 2013-cü ildə respublikamızda yeni doğulan körpələrdən oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı verilib. Bundan başqa Əli, Hüseyn, Məhəmməd, Ömər, Fatimə, Xədicə, Aylin, Nuray və s. adlar da daha çox üstünlük təşkil edir.
Soyadlara gəldikdə isə, adından da göründüyü kimi, bu, bir insan doğulduğu zaman ona ailəsinin daşıdığı soyadın verilməsi ilə izah olunur. Yəni uşaq dünyaya gəldiyi zaman atasının və ya anasının daşıdığı soyadı ona verirlər. Azərbaycan özünün dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra ölkədə ən çox müzakirə olunan məsələlərdən biri də məhz ad və soyadların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının öndə tutulmasıdır. Məsələ ilə bağlı hökumət tərəfindən ciddi addımlar atılmaqdadır. Belə ki, uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda da öz əksini tapmışdır.
- Nizami müəllim, bir
neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya komissiyasının nəzdində
yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi
Komissiyanın üzvlərindən biri də
sizsiniz. Təəssüratlarınız?
- Adlar,
soyadlar və
ata adları məsələsi həmişə
çox ciddi bir milli məsələ olub. Təkcə Azərbaycanda deyil,
bütün dünyada
ad, soyad məsələsi
daim diqqət mərkəzində olub. Təbii ki, adlar dövrlə, zamanla əlaqədar
həmişə dəyişir. Hər dövrün
öz xüsusiyyətləri olur və cəmiyyətə özünün
ad mədəniyyətini gətirir.
Azərbaycan xalqı olaraq, biz ad
və soyad məsələsində demək
olar ki, üç mərhələ keçmişik.
Bu üç mərhələnin
üçü də bizim
şəxs adları sistemimizdə
indi də var. Birinci mərhələni təşkil edən
bugünkü adlarımızın ən
qədimi və əsas hissəsi türk
mənşəli adlardır.
İkinci mərhələdə demək olar ki, ərəb-fars
adları bu gün də
çoxluq, üstünlük
təşkil edir.
Üçüncü mərhələ XIX əsrdən başlayaraq müasir dünya mədəniyyəti
ilə daha sıx təmasda olması nəticəsində
Azərbaycanda Avropa
mənşəli adların meydana gəlməsi
və bu adlara zaman keçdikcə daha çox təsadüf olunması ilə
başlayıb.
Ərəb-fars
mənşəli adların yenə də çoxluq
təşkil etməsi birinci növbədə
islam dini ilə
bağlıdır. İslamı qəbul etdikdən sonra bu dinlə
bağlılığı olan Əhməd, Məhəmməd, Həsən,
Hüseyn və digər adlar
ərəb mədəniyyətindən, islam mədəniyyətindən bu günümüzə gələn
adlardır.
Ancaq XX əsrin ortalarından sonra, daha dəqiqi, 60-cı illərdən başlayaraq artıq nisbətən müasir adlar geniş yayılmağa başladı.
Əslində bu proses
30-cu, 40-cı illərdən sonra tədricən
başlamışdı. Məsələn, Anar,
Elçin, Aytən, Aydan,
Aysu, Aysel, Aytac, Orxan, Toğrul kimi adlar
gündəmə gəldi və 50-60- cı illərdən sonra daha da
geniş yayılmağa başladı.
Əgər bizim ad
sistemimizdə bir vaxtlar tipik adlar kimi Əhməd, Məmməd
deyilirdisə, sonrakı dövrlərdə yeni
adlar da çox populyar oldu. Bu adların bəzisi türk
mənşəli adlardır. Ümumiyyətlə,
sözügedən dövrdə ərəb-fars mənşəli
adlara çox rast gəlinsə də, bütövlükdə türkləşmə meyli daha çox
hiss olunur. Düzdür
yeniləşmə, müasirləşmə nöqsan deyil. Əslində
yeniləşmə olmalıdır. Amma eyni adın çox qoyulması nöqsan
sayılır. Burada mürəkkəblik ondan ibarətdir ki, yeni meydana gələn adlar
o qədər çox
qoyulur ki, bu gün eyni
addan on minlərlə
insan var. Bizim ad sistemimizdə bəzi
adlar, xüsusilə, Cəfər
Cabbarlının əsərlərində təsadüf etdiyimiz Sevil, Almaz, Gülüş, Yaşar, Oqtay kimi şəxs adları bir
vaxtlar çox sürətlə
qoyulmağa başladı.
- Eyni
adın çox qoyulmasına əngəl
olan hər
hansı bir məhdudiyyət qanunvericilikdə
mövcuddurmu?
- Xeyr.
Normal səslənən adların
qoyulmasında heç bir
limit, qadağa yoxdur. Amma... elə adlar var ki ənənəvidir, adlar sistemimizə sonradan gəlsə
də, normal səslənir. Sadəcə çox qoyulduğuna
görə problem yaradır. Bəzən bir auditoriyada, bir sinifdə, lap bir məclisdə eyni adı daşıyan azı 10 nəfərə
rast gəlmək olur.
Nəinki adlar, hətta soyadlar
belə eyni olur. Bu da bütün hallarda ümumi ictimai mühitdə
qüsur sayılır. Bu
o deməkdir ki,
xalqın təfəkkürü geniş miqyasda, lazım olan miqyasda ad qoya
bilmir. Ad qoymaq özü də bir yaradıcılıqdır axı...Yəni
istər- istəməz bu sahədə ciddi bir araşdırma,
axtarış olmalıdır.
Amma daha böyük
qüsur bir vaxtlar az qala
ənənə halında çox olan ikipilləli adların, məsələn,
Həsənqulu, Məmmədqulu, Cəfərqulu, Fatmanisə,
Nisəbəyim, Anaxanım kimi adların bu gün yenə də
qoyulmasıdır. Cəmiyyət,
bugünkü dövr,
müasirlik ikipilləli adları təqdir
etmir. Yəni mürəkkəb adlara ümumiyyətlə, həmişə bir etiraz var.
Bu da daha çox ondan irəli gəlir ki, Allahqulu, Hüseynqulu, Həsənqulu
kimi adlarda bir aşağılama xüsusiyyəti mövcuddur. Təbii ki, hər
bir insan Allahın bəndəsidir,
Allahın quludur, amma bunu daha qabarıq şəkildə,
adlarda təzahür etdirmək heç də təqdiredici deyil.
İkipilləli adlar istər-istəməz
bu gün
populyarlığını azaltmaqdadır.
Bəzi regionlarda indi də ikipilləli
kişi adlarının sonluğunda
Alı adı çoxluq təşkil edir. Alı adı əslində elə
Əlinin təhrif edilmiş
variantıdır. Türkiyə türklərində də
Alı daha çox
işlənir.
Bizdə belə bir ənənə də var
ki, əksər vaxtlarda
yeni doğulan uşağa valideyn adətən öz
ata-anasının adını qoyur. Bütün dünyada mövcud olan bu ənənəni
xalqımız əgər bu gün də
yaşadırsa, valideynlər mütləq şəkildə
ata-analarının adlarını öz
övladlarına qoymaq istəyirlərsə,
onda heç olmasa həmin adları müasirləşdirmək vacibdir. Unutmaq olmaz ki,
axı övlad sənin xüsusi
mülkiyyətin deyil, o,
cəmiyyətin hadisəsidir. Sən bu gün müasir olmayan, səslənməsi istehza
doğuran hər hansı bir adı uşağına qoyarsansa, sabah
övladın cəmiyyət içinə çıxanda özünü yaxşı hiss
etməz, adı onda kompleks
yaradar. Bəlkə də həmin uşaq müstəqil həyata qədəm basanda, ilk növbədə
ata-ananın qoyduğu adı dəyişdirəcək.
Ona görə də ad
qoyarkən ailə tələblərindən daha
çox cəmiyyətin, ümumi
inkişaf mədəniyyətinin tələbləri
nəzərə alınmalıdır.
Sovet dövründə Şura, Vladlen, Kolxoz, Kombayn, Traktor, Sovet, Pambıq kimi gülünc adlar qoyulurdusa, indi də həddindən
artıq müasir texnologiyalarla
bağlı texniki adların qoyulması qüsur sayılır. Əlbəttə ki, gülünc adlarla yanaşı fəsillərin, ayların
ad kimi qoyulması (Yanvar, Fevral, Aprel, Payız və s.),
Avropa dillərindən götürülən
adların, əcnəbi dövlət
başçılarının, xarici
müğənnilərin və s. əcnəbi
adların bizim adlar
sistemimizə gətirilməsi çox yolverilməz haldır.
Artıq
bu gün Azərbaycan
dünyaya inteqrasiya olunur, dünya Azərbaycana
gəlir. İstər-istəməz
əgər ana
başqa millətin nümayəndəsidirsə,
onda həmin ailədə doğulan
uşağa iki mədəniyyətli
ad qoymaq məsələsi
ortaya çıxacaq. Yəni buna da təəccüblü baxmaq
lazım deyil.
Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi Komissiyası adlar
və soyadlar üzərində kifayət
qədər işlədi. Görkəmli mütəxəssislərin
köməyi ilə Azərbaycanda nə qədər şəxs
adları vardısa, hamısının adları üzə çıxarıldı. Mən də
bir üzvü olduğum komissiya işini bitirdi və nəticələr
Nazirlər Kabinetinə təqdim edildi.
Müəyyən müqayisələr, müzakirələr
aparıldı və əlavə olaraq təbiətlə,
Azərbaycanın tarixi ilə, folklorumuzla, qədim türk
dünyası ilə bağlı
olan yeni adlar da təklif olundu. Milli köklərə istinadın genişlənməsi,
türk dünyasına inteqrasiya
baxımından belə adların qoyulması yaxşı
haldır.
Biz ad və soyadlarla bağlı yaradılmış komissiya olaraq, belə qənaətə
gəldik ki, şəxs adlarına üç münasibət olmalıdır:
1.Qeydsiz-şərtsiz,
yəni mübahisəsiz qəbul olunan adlar.
2. Mübahisəli olan adlar. Onların çəkisi
get-gedə azalır və yaxşı olar
ki, belə adlar
ümumiyyətlə qoyulmasın.
3. Qoyulması qadağan olan adlar. Elə adlar var ki, bunlar
sahibinə utanc gətirir. Bu
gün birdən-birə hansısa bir azərbaycanlının beyninə
düşərsə ki,
uşağının adını Lenin, Stalin, Hitler, hətta Bin Laden qoysun, bu tipli təşəbbüslərin əlbəttə qarşısı
alınacaq. Heç bir
normal ata-ana
uşağına təhqiramiz adlar qoymaq istəməz. Amma
belə adların qoyulması bəzən anlamamaqdan,
bilməməkdən də meydana
çıxır.
- Bəs komissiyada soyadlarla
bağlı hansı müzakirələr oldu?
- Biz,
Azərbaycanda hansı soyad formaları varsa, əvvəlcə onların statistikasını
çıxardıq. Məlum oldu ki, faktiki olaraq
populyar soyad
formaları bunlardır: "ov", "yev" soyad forması təxminən
80 faiz təşkil edir,
"lı", "li", "lu", "lü" sonluqlu və "zadə" sonluqlu
soyadlar da
ayrılıqda hər biri 10 faizə qədərdir.
Mən hətta fikirləşirdim ki, şəkilçisiz formada
olanlar- məsələn, Süleyman
Rüstəm, Məmməd Rahim, Səməd
Vurğun- üstünlük
təşkil edəcək. Amma bu çox az
idi.
- Sizcə, səbəb
nə idi?
- Ona
görə ki, bu formalar daha çox
ədəbi təxəllüs, ədəbi ad
səviyyəsində olub. Yəni,
yazıçı, şair, alim özünə şəkilçisiz, qoşa adlar götürsə
də, rəsmi sənəddə
əsl adı Səməd
Vurğun yox, Səməd
Vəkilov, Süleyman Rüstəm yox, Süleyman Rüstəmzadə
kimi yazılıb. Bu
səbəbdən də bizdə şəkilçisiz adlar geniş
yayılmayıb. Amma qardaş
Türkiyədə bu forma
çox geniş
yayılıb və uyğun
sayılır. Azərbaycanda
"oğlu", "qızı"
yazılış forması ilə olan soyadlar da elə böyük faiz təşkil
eləmir. Ötən əsrin 20-ci illərindən sonra "ov", "yev" sonluğu kütləvi
şəkildə soyadlarımıza yazılmağa
başlayıb.
- Şübhəsiz ki, burada bir
məcburiyyət də mövcud olub, eləmi?
- Əlbəttə,
necə ki, latın əlifbasını ləğv
etməklə əlifbamızı zorla kiril əlifbası
ilə əvəz ediblər. O cür
prinsiplə də soyadlarımıza yanaşıb "ov", "yev" sonluqlarını məcburən
xalqımıza qəbul elətdiriblər. Əlbəttə, bu məcburiyyətdən əvvəl də
Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov
kimi soyadlara təsadüf
olunub. Amma onlar könüllü, səmimi
şəkildə Rusiya mədəniyyətinə
bir hörmət, bir ehtiram, onu təqdir etmək
etibarı ilə öz soyadlarını bu şəkildə yazdırıblar. Azərbaycanda
Şıxlinski, Naxçıvanski, Bakıxanov, Şəkinskaya
kimi soyadlar olub ki, onların varisləri
bu soyadları bundan sonra da saxlamaq
istəyəcəklər.
- Komissiya
hansı soyad formalarını qənaətbəxş
hesab etdi?
- Soyadlarımızla
bağlı apardığımız müzakirələrdə
qərarlaşdırdıq ki, altı formadan istifadə olunsun. Birinci şəkilçisiz formadır: Əhməd
Həsən; İkinci "lı",
"li", "lu",
"lü" ilə, üçüncüsü
"oğlu" ilə yazılan
formadır. Bu formada
ailədə olan qız uşaqları da "oğlu" sonluqlu
soyadı daşıyır. Mən "qızı" sonluğunun əleyhinəyəm. Çünki uşağa
verilən "oğlu" oğul, qız mənasında deyil,
sadəcə, soyad sonluğudur.
Sabah "qızı" soyadını
daşıyan insan oğlan
övladına bu soyadı necə
ötürəcək? Amma qız
uşaqlarının "oğlu" soyadını daşıma ənənəsi
Azərbaycanda əvvəldən mövcuddur.
Məsələn, "Həsənoğlu".
"Zadə"
sonluğu da bir qədər mübahisəli idi ki, guya
bu, İran mənşəlidir,
amma sonra dördüncü
forma kimi "zadə"
sonluğunu qəbul edəsi olduq. Çünki bu soyad forması bizdə çox
geniş yayılıb və daha çox milli hadisə kimi
çıxış eləyir. Üstəlik də "zadə" sonluğu
heç
vaxt, heç bir dövrdə azərbaycanlılara xüsusi bir təzyiq vasitəsi
kimi qəbul etdirilməyib. Bu forma bizə müsəlman
mədəniyyətinin hadisəsi kimi gəlib.
İranda da bu soyad forması geniş yayılıb. Maraqlı da burasıdır ki, bu soyad formasını daha çox türklər
daşıyır.
Beşinci və altıncı "soy",
"gil" formalarını qəbul edəndə heç də
hamımız, o cümlədən mən
də, inanmırdıq ki, bunun
bir əhəmiyyəti olacaq.
Bu bir eksperiment
kimi təqdim olundu.
- Gələcəkdə
bir də yenidən soyad
məsələsinə qayıdıla bilərmi?
- Gələcəkdə
başqa bir milli familiya, soyad forması təqdim olunacaqsa,
yenə də çalışmaq lazımdır ki, bu qədər çox forma
yayılmasın. Ən çoxu bir, iki, üç
forma saxlamaq kifayət
edər və bu formalar
yalnız özünü azərbaycanlı
hesab edənlərə aid
olar.
Azərbaycanda yaşayan, bu
ölkənin vətəndaşı olan başqa xalqın nümayəndələri isə
özlərinin soyad formalarından istifadə
edərlər. Yəni, özləri istəsə bizim ad-soyadımızı götürə bilər. Amma heç kimə təzyiq
edib deyə bilmərik ki,
sən bizim ad,
soyadı götür. Biz soyad
formalarını qəbul edəndə elə etməliyik ki, bu formalar
yalnız Azərbaycan Respublikasında yaşayan
vətəndaşlarımızın yox, dünya azərbaycanlılarının da qəbul edə bildiyi forma olsun ki,
nəticə etibarilə birlik, inteqrasiya təmin oluna bilsin.
Ellada UMUDLU,
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.6.