Diş
fırçası alarkən
diqqət edilməli
olan məsələlər
İqtisadi
İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti tövsiyə edir
İnsanın
sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə
malikdir. Şəxsi gigiyena vasitələri isə insanlara
öz sağlamlığı və gözəlliyinin qeydinə
qalmağa imkan yaradan geniş çeşidliliyə malik məhsullardır.
Bu vasitələrin mühüm qrupunu ağız
boşluğuna qulluq vasitələri təşkil edir. Diş
fırçası da bu məhsullar qrupuna aiddir və mütləq hər bir insanın
orqanizminin xüsusiyyətlərinə uyğun olaraq fərdi
qaydada seçilməlidir.
Diş fırçası dişləri
diş pastası ilə təmizləmək üçün
istifadə edilən fırça növüdür. Müasir
diş fırçaları formalarına görə müxtəlifdirlər.
Onların işlək başlığı müxtəlif
ölçü və sərtlikli, sintetik və ya təbii
saçaqlardan ibarətdir.
Diş
fırçaları sərtliyinə görə yumşaq,
orta sərtlik və sərt olmaqla üç hissəyə
bölünürlər. Sərt formalı
fırçaları əsasən sağlam dişlərə
və damaga sahib, eyni zamanda qoyma dişləri olan insanlar
istifadə edə bilərlər. Bu formalı fırçalar
damaqları maksimum masaj etdiyi halda, digər tərəfdən
diş minasının aşınmasına və damaqların
zədələnməsinə də səbəb ola bilirlər.
Orta sərtlikli fırçaların istifadəsi diş və
damağı normal olan əksər insanlar üçün
uyğundur. Yumşaq formalı diş fırçaları isə
əsasən dişlərində yüksək qanaxma problemi
olan şəxslər və uşaqlar üçün
tövsiyə olunur. Fırçanın saçağı zədə,
qaşınma, qanaxmanın qarşısını almaq
üçün lazımi qaydada istehsal edilməli,
tutacağı ələ yatımlı olmalıdır.
Hazırda
istehsalçılar tərəfindən elektrik diş
fırçaları da istehsal edilir. Onlardan həftədə
1-2 dəfədən artıq olmamaq şərtilə istifadə
etmək tövsiyə edilir. Nəzərə
alınmalıdır ki, bu vasitələrin doğru
seçimi bir sıra xoşagəlməz halların qarşısını
almağa imkan verəcəkdir.
Normativ sənədlərin
tələblərinə əsasən, sərtlik indeksi
yumşaq fırçalar üçün 3, orta sərtlikli
fırçalar üçün 5, sərt fırçalar
üçün 7 vahiddən artıq olmamalıdır.
Diş
fırçasının dəstəyində
istehsalçının və ya əmtəə
nişanının adı göstərilməli, malın
qablaşdırılmasında diş
fırçasının sərtlik sinfi və müvafiq
normativ sənədin nömrəsi əks olunmalıdır.
Qeyd olunanlarla yanaşı, fırçanın dəstəyi
və ya qablaşdırması üzərində sərtlik
indeksi barədə də məlumat yerləşdirilə bilər.
Diş fırçası
seçərkən natural tükdən istifadə edilmiş
fırçaları əldə etməmək tövsiyə
olunur. Belə ki, natural tükdən istifadə olunaraq
hazırlanmış diş fırçalarının
tükləri daha tez tökülür ki, bu da dişlərin
fırçalanaraq təmizlənməsi prosesində onun
qoparaq boğaza getməsinə səbəb ola bilər. Həmçinin
sintetik materiallarda bakteriyalar daha nadir hallarda yayılır. Bu səbəbdən
sintetik saçaqlı diş fırçası əldə
etmək daha məqsədəuyğundur.
Diş
fırçasının tutacağı və baş hissəsinin
birləşdiyi yerin elastik olması mühüm əhəmiyyət
daşıyır. Belə ki, elastik birləşmə dişlərə
olunan təzyiqin avtomatik tənzimlənməsini təmin edir,
dişlərin təmizlənməsi və masajını
optimallaşdırır. Onu da nəzərə almaq
lazımdır ki, seçim edərkən kiçik
başlı fırçalara üstünlük verilməsi məsləhətdir.
Diş fırçasının başı 3 diş
uzunluğundan artıq olmamalıdır. Bu, xüsusilə arxa
dişlərin təmizliyi üçün vacibdir.
Diş
fırçası ağız boşluğunu zədələməməli,
elektostatik olmamalı və tüklərinin ucu yuvarlaq
olmalıdır. Yuvarlaq uclu fırçalar selikli
qişanın zədələnməsinin
qarşısını alır.
Tükləri müxtəlif uzunluğa malik diş
fırçaları dişlərin daha yaxşı təmizlənməsinə
imkan verir.
Stomatoloqlar tərəfindən
dişlərin gündə iki dəfə yuyulması
tövsiyə edilir. Axşam yatmazdan əvvəl yuyulması
isə əsas gigiyenik prosedur qaydası hesab edilir. Belə ki,
gün ərzində dişin dibində toplanmış qida
qalıqları bakteriyaların kəskin artımına, daha
sonra isə kariyesin yaranmasına, diş kökünün xəstəliyinə
səbəb ola bilər.
Diş
fırçaları asan çirkləndiyinə görə
onların təmizliyinə ciddi riayət olunmalıdır.
İstifadə edilib qurtardıqdan sonra mikroorqanizmlərin
çoxalmasının qarşısını almaq
üçün diş fırçası isti suyun altında
yuyulmalı və yalnız şaquli formada saxlanmalıdır.
Fırçanı nəm halda bağlı futlyara qoymaq olmaz.
Diş
fırçasına zəmanət verilmir və onun
yararlılığı ondan necə istifadə edilməsindən,
müddətindən asılıdır. Diş
fırçasının orta xidmət müddəti 2,5-3
aydır. Yeni diş fırçası diş ərpini 3 ay
istifadə edilmiş fırça ilə müqayisədə
25-30% daha yaxşı təmizləyir. Tükləri deformasiya
olmuş diş fırçası mütləq dəyişdirilməlidir.
İki nəfərin bir fırçadan istifadə etməsi
yolverilməzdir.
İstər
istehlakçılar, istərsə də satıcılar bilməlidir
ki, diş fırçası
Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə
dəyişdirilməli olmayan malların siyahısına
daxildir və onlar alındıqdan sonra dəyişdirilə və
geri qaytarıla bilməz.
Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.6.