Ölkəmizin 65 il öncəki
(1947-1948-ci illər) təhsil həyatı
"Azərbaycan müəllimi"nin
səhifələrində
"Azərbaycan müəllimi" - 80
Bu il "Azərbaycan müəllimi"
qəzetinin nəşrə başlamasının 80 illiyi tamam
olur. Qəzetimizin tarixi Azərbaycan təhsilinin
inkişaf tarixidir. Qəzet fəaliyyət
göstərdiyi bütün illərdə təhsilimizin salnaməsinə
çevrilib, dövlətin təhsil siyasətinin həyata
keçirilməsində yaxından iştirak edib. Təhsilin
bütün sahələrində
görülmüş işlər, təhsillə
bağlı qəbul olunmuş dövlət və hökumət
qərarları, onların yerinə yetirilməsi vəziyyəti
burada öz dolğun əksini tapıb. Qəzet
öz səhifələrində ölkənin
tanınmış təhsil xadimləri, alim və mütəxəssislərin
çıxışlarına, müxtəlif problemlərlə
bağlı yazılara geniş yer ayırıb, Azərbaycan
təhsili və ədəbiyyatının bir sıra
tanınmış nümayəndələrinin ilk qələm
təcrübələri burada dərc olunub.
Qəzet ölkənin ictimai-siyasi həyatına
da biganə qalmayıb, ən mühüm hadisələrin
işıqlandırılmasında fəallıq göstərib. Dünya ölkələrində təhsilin
mövcud durumu qəzetin daim diqqətində olub, bu istiqamətdə
müntəzəm yazılar dərc edilib.
Nəşrə başladığı
dövrdən bəri qəzetimizin səhifələrində
dərc olunmuş bir çox yazıların, ayrı-ayrı
çıxış və məruzələrin bu gün də
oxucularımızda maraq doğuracağını nəzərə
alıb onlardan seçmələri təqdim edirik.
Xalq maarifimizin nailiyyətləri
"Azərbaycan
müəllimi", 1 may 1947-ci il, ¹17
...Sosyalist inqilabının yaratdığı vüsətli
imkanlara istinad edən Azərbaycan xalqı elm və maarifin
bütün sahələrində öz istedad və məharətini
göstərmiş, ədəbiyyat və incəsənət
aləmini ölməz əsərlərlə ziynətləndirmişdir.
Sovet hakimiyyəti illərində Lenin - Stalin
milli siyasəti sayəsində xalq maarifi coşğun bir tərəqqi
və inkişaf dövrü keçirmişdir.
1914-15-ci tədris ilində Azərbaycanda
mövcud olan 942 ibtidai məktəbdə cəmisi 62 min
uşaq oxuyurdu. Bunların təxminən
üçdə biri, yəni 22 min nəfəri azərbaycanlı
uşaqlar idi. Orta təhsilin vəziyyəti
daha acınacaqlı idi. Həmin tədris
ilində Azərbaycanda mövcud olan 15 orta və 18 natamam orta
məktəbin heç birində tədris ana dilində
aparılmırdı. Bu məktəblərdə
oxuyan 7.200 şagirdin çox əhəmiyyətsiz faizini azərbaycanlılar
təşkil edirdi.
Xalqın qəddar düşməni olan
müsavatçıların ağalığı
dövründə 300 məktəb qapanmış və 20.000
nəfərdən artıq məktəbli məktəbdən
kənara atılmışdı.
Yalnız sosyalist inqilabı maarifin və
məktəbin qapılarını Azərbaycan xalqının
üzünə geniş açdı.
...Sosyalist inqilabının xalqımıza bəxş
etdiyi ən böyük nailiyyətlərdən biri ölkəmizdə
ümumi icbari təhsilin həyata keçirilməsidir. Ordenli respublikamızda elə bir kənd, qəsəbə
tapılmaz ki, orada uşaqlar məktəbə cəlb
olunmasın. Bu il ölkəmizdə 1.500-dək ibtidai,
1.400-dək 7 illik və 435 orta məktəbdə 500 min nəfərdən
artıq fəhlə, kolxozçu və sovet
ziyalılarının balaları təhsil almaqdadırlar.
İnqilabdan qabaq əhalisinin yalnız 9
faizi savadlı olan Azərbaycan indi başdan-başa
savadlılar ölkəsinə çevrilmişdir. Keçmişdə öz şəxsi məktublarını
tin başında oturmuş mollalara, mirzələrə
yazdıran Azərbaycan zəhmətkeşləri indi nəinki
savadlanmış, hətta öz içərisindən
görkəmli elm, texnika, ədəbiyyat və incəsənət
xadimləri yetişdirmişdir.
Keçmişin ən ağır
mirası olan qadın maarifsizliyi əbədi olaraq torpağa
gömülmüşdür. İnqilabdan
qabaq heç bir hüquqa malik olmayan azərbaycanlı
qadın və qızların oxuması üçün şərait
yox idi.
1905-1906-cı ilin hesabatına görə
o zaman məktəblərdə yalnız 21 nəfər azərbaycanlı
qız oxuyurmuş. 1919-1920-ci ildə, yəni Aprel
inqilabından bir il əvvəl məktəblərdə
oxuyan azərbaycanlı qızların sayı yalnız 1.420 nəfərə
çatdırıla bilmişdi. İndi isə
təkcə Bakının 132 nömrəli qız orta məktəbində
1.700 nəfərdən artıq qız oxumaqdadır. Respublikamızın kütləvi məktəblərində
on minlərlə azərbaycanlı qız təhsil alır.
...Sovet Azərbaycanda uşaqlar Stalin
qayğısı ilə əhatə olunmuşlar. Hazırda respublikamızda 800ə yaxın uşaq
bağçası və 100-ə qədər uşaq evi var
ki, bunlarda 50.000-dək artıq uşaq tərbiyə almaqdadır.
...İnqilabdan əvvəl Azərbaycanda
müəllim hazırlığı ilə məşğul
olan heç bir məktəb və ya elmi müəssisə
yox idi. Çar hökuməti
dövründə Yerevan, Tiflis və Qori seminariyalarından cəmisi
262 nəfər azərbaycanlı müəllim
buraxılmışdı. İndi isə
respublikamızın təkcə ibtidai və orta məktəblərində
21.000 nəfərdən artıq müəllim
çalışmaqdadır. 27 il
içərisində ali və orta pedağoji məktəblərdə
33.000 nəfərdən artıq yeni müəllim
hazırlanmışdır. İndi
respublikamızın 18 pedağoji məktəbində 4.000 nəfərdən
artıq şagird oxuyur. Təkcə Maarif Nazirliyinin 2 ali, 7 müəllimlər institutu, respublikada isə
150-dən artıq ali, texniki məktəblər, elmi-tədqiqat
müəssisələri və texnikumlar vardır.
M.ƏLƏKBƏROV,
Azərbaycan
SSR maarif naziri
"Saçlı" romanının müzakirəsi
"Azərbaycan
müəllimi", 3 aprel 1947-ci il, ¹13
Bu günlərdə S.M.Kirov adına
Azərbaycan Dövlət Darülfünunu ədəbiyyat dərnəyinin
üzvləri yazıçı Süleyman Rəhimovun
"Saçlı" romanını müzakirə etmişlər.
Dərnək rəhbəri filoloji elmləri
namizədi Cəfər Xəndan yazıçı Süleyman
Rəhimovun yaradıcılığına xas olan cəhətlərdən
danışmış və onun əsərlərinin tərbiyəvi
əhəmiyyətini qeyd etmişdir.
Darülfünunun filoloji fakültəsinin IV kurs tələbəsi
Məryəm Axundova - Dəmirov və Ruxsara surətləri,
III kurs tələbəsi Əhəd Hüseynov - əsərin
dili, tələbələrdən Əlisəfa Məmmədov
və Ağasəf Axundov isə romanın məzmunu
haqqında məruzə etmişlər.
Məruzə və çıxış
edən dərnək üzvləri əsərin dilində olan
bəzi nöqsan cəhətləri, məzmunundakı bir
sıra uyğunsuzluqları tənqid edib ayrı-ayrı surətlər
haqqında ətraflı danışmışlar.
"Saçlı"nın
müzakirəsi zamanı yazıçı Hüseyn Mehdi
çıxış edərək əsərin bəzi məziyyətləri
haqqında öz fikrini söyləmişdir. Sonda
Süleyman Rəhimov "Saçlı" romanı
haqqında tələbələrin mülahizə və tənqidlərinin
doğru olduğunu söyləyərək əsərin gələcək
hissələrinin planı barəsində
danışmışdır. Müəllif
dərnək üzvlərinin xahişi ilə
"Saçlı" romanının III hissəsindən
"Sübhanverdizadənin ifşası" fəslini oxumuşdur.
Şirməmməd
HÜSEYNOV
Dahi Azərbaycan şairi
"Azərbaycan
müəllimi", 26 sentyabr 1947-ci il, ¹36
Azərbaycan xalqı Sovet
İttifaqının bütün başqa xalqları ilə birlikdə
öz böyük şairi Nizaminin anadan olmasının 800
illiyini bayram edir.
800 il bundan əvvəl Azərbaycan
torpağının ən bərəkətli və ən
şairianə bir yerində - qədim Gəncədə
xalqımızın şeir və sənət dühası
olan ölməz Nizami yaşamış və
yaratmışdır.
Azərbaycan xalqının doğma
oğlu və sevimli şairi Nizami Gəncəvi Azərbaycan
torpağını, onun sehrli mənzərələrini, uca
dağlarını, coşğun çaylarını,
ceyranlar gəzən və turaclar oxuyan ucsuz-bucaqsız düzlərini
alovlu bir ilhamla tərənnüm etmişdir. O, doğma
elinin qədim şöhrətini, şəhər və kəndlərini,
yaylaq və otlaqlarının səfalı gözəlliyini
böyük iftixar hissilə təsvir etmişdir. O,
böyük şair və böyük vətəndaş idi.
O, öz xalqını böyük bir şair məhəbbətilə
sevir və onun taleyinə ürəkdən yanırdı.
...Nizami heç bir zaman həyatı ətalətdə,
fəaliyyətsiz müşahidə edən şairlərdən
olmamış və təkcə gözəl arzularla kifayətlənməmişdir.
...Nizami öz xalqının gözəl
ideallarını tərənnüm etməklə bütün
bəşəriyyətin duyğu və düşüncələrini,
saf əməllərini tərənnüm edirdi. Məhz ona görə böyük insanpərvər
şairin yaratdığı əsərlər bütün bəşəriyyətin
sevimli neməti olmuşdur.
Səməd
VURĞUN,
Stalin
mükafatı laureatı
Məktəb və müəllimlərin təcrübə
mübadiləsi
"Azərbaycan
müəllimi",
10 aprel 1947-ci il, ¹14
Sovet məktəbində tərbiyələndirici
təlim ən ciddi və mühüm prinsiplərdən
biridir. Lakin təlimlə tərbiyə
işlərinin əlaqəsi süni olmamalıdır. Müəyyən elmi məsələlərin
düzgün izahı və şərh edilməsi öz-özlüyündə
tərbiyə işinin ünsürüdür.
Lakin gənclərimizin tərbiyəsi ilə
yalnız dərs zamanı məşğul olmaq kifayət
deyildir. Məktəblə ailə və
ictimai təşkilatlar arasında sıxı əlaqə
olduqda gənclərimizin tərbiyəsində görkəmli
müvəffəqiyyətlər əldə etmək olar.
Bu isə bir çox hallarda təcrübə
mübadiləsi ilə mümkündür. Təcrübə mübadiləsində istifadə
edilə biləcək yollardan biri də pedağoji mühazirədir.
Biz pedağoji mühazirələr haqqında
danışarkən ilk növbədə təlim və tərbiyə
məsələlərini yaxşılaşdırmaq
üçün ən görkəmli pedağoji
ustalarının iş təcrübəsindən istifadə
edən müəllimlərin təcrübəsini
yaymağı nəzərdə tuturuq. Müəllimlərin
arasında elmi-pedağoji biliklərin yayılması,
onların sərbəst yaradıcılıq işilə məşğul
olması, elmi təcrübələrin toplanması, ümumiləşdirilməsi
və tətbiqi işində müəllimlərə kömək
cəhətdən pedağoji mühazirələr çox
böyük fayda verir.
Müşahidələrdən aydın olmuşdur ki, bəzi
müəllimlər öz təcrübələrini ümumiləşdirməkdə
çətinlik çəkir və bir çox hallarda məktəbin
təcrübəsini yaymaq yollarını bilmirlər...
C.CƏBRAYILBƏYLİ,
Azərbaycan
SSR Pedaqoji Elmlər İnstitutunun direktoru
1947-ci ilin xalq maarifi büdcəsi
"Azərbaycan
müəllimi", 7 avqust 1947-ci il, ¹29
...Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin 2-ci
sessiyası Azərbaycan SSR-nın 1947-ci il
dövlət büdcəsini ətraflı və geniş
müzakirə edərək yekdilliklə təsdiq etdi. Yeni Stalin beşilliyinin tarixi vəzifələrinə
və 1947-ci ilin xalq təsərrüfat planına tamamilə
uyğun olaraq tərtib olunmuş bu büdcə ordenli
respublikamızın xalq təsərrüfatı və mədəniyyətinin
gələcək inkişafı üçün möhkəm
maliyyə təməli yaradır.
1947-ci ilin dövlət büdcəsində xalq maarifinə
730.332 min manat təxsisat nəzərdə tutulmuşdur ki, bu
da ümumi büdcə həcminin 40,7 faizini təşkil etməklə,
1946-cı ildəkindən 170.736 min manat artıqdır.
Xalq maarifi üzrə olan bu təxsisatın
əsas hissəsini keçən illərdə olduğu kimi
ümumi icbari təhsil haqqında qanunun yerinə yetirilməsi
xərcləri təşkil edir.
1947-ci ildə respublikamızda olan 1.531 ibtidai, 1.341
yeddiillik və 448 orta məktəbin saxlanması və onlarda
558.900 şagirdin oxudulması üçün 308.791 min manat vəsait
ayrılmışdır.
Məktəblərimizdə təlim-tərbiyə
işlərinin keyfiyyətini yaxşılaşdırmaqda dərs
ləvazimatı və məktəb avadanlığının
böyük əhəmiyyətə malik olduğunu nəzərə
alaraq, bu məqsəd üçün büdcədə 6.780
min manat nəzərdə tutulmuşdur ki, bu da 1946-cı ildə
xərclənmiş vəsaitə nisbətən 2.356 min manat
artıqdır.
...Orta məktəblərin işlərini
yaxşılaşdırmaq məqsədilə
respublikamızda geniş surətdə yayılmış
internat şəbəkəsinin saxlanması üçün
büdcədə 13.503 min manat nəzərdə
tutulmuşdur. Bu təxsisat 1947-ci ildə
internatlarda 6.000 şagirdin saxlanmasını təmin edir ki,
onların da əksəriyyəti dövlət hesabına yemək
və paltar alırlar.
...Azərbaycan SSR-nın 1947-ci ildə
dövlət büdcəsində elmi-tədqiqat işlərinin
genişləndirilməsi haqqında Stalin
tapşırığı əks olunmuşdur. Büdcədə, elmi-tədqiqat müəssisələrinin
saxlanması və onların qabaqcıl sovet elmini irəli
aparmaq uğrunda səmərəli
çalışmalarını təmin etmək
üçün 73.227 min manat nəzərdə tutulmuşdur
ki, bu da 1946-cı ildə həmin məqsəd
üçün xərclənmiş məsarifdən təxminən
18 milyon manat artıqdır.
Azərbaycan Elmlər Akademiyasının
xərcləri də onun apardığı elmi-tədqiqat
işlərinin genişlənməsi ilə əlaqədar
olaraq artır. Elmlər Akademiyasına, keçən il xərclənmiş
olduğu 26.974 min manata qarşı, bu il 31.094 min manat
buraxılır...
R.BABAXANOV,
Azərbaycan
SSR Maliyyə Nazirliyinin maarif
və səhiyyəni
maliyyələşdirmə şöbəsi rəisi
Naxçıvan maarifi yüksəliş yollarında
"Azərbaycan
müəllimi",
28 oktyabr 1947-ci il, ¹40
...Sovet hökuməti hələ özünün ilk
varlığı ilində, yəni 1921-22-ci tədris ilində
Naxçıvan respublikasında 48 məktəb açdı.
Bu məktəblərə 3 min yoxsul və fəhlə
balaları cəlb olundu. Bunların
içərisində ilk dəfə məktəbə gələn
880 nəfər azərbaycanlı qızı var idi. Həmin
il Naxçıvan və Ordubad şəhərində
xüsusi qız məktəbləri yaradıldı,
Naxçıvan şəhər qız seminariyası təşkil
edildi. Bütün bu tədbirlər inqilaba qədər
hüquqsuz bir həyat keçirən azərbaycanlı
qadınların həyatında yeni dövr açdı,
onların ictimai həyatda və dövlət işində
daha fəal iştirak etmələri üçün şərait
yaratdı.
...İnqilaba qədər Naxçıvanda savadlı
adamlar barmaqla sayıla biləcək qədər az idi. Lakin indi Naxçıvan başdan-başa savadlılar
respublikası olmuş, əhalinin maarif və mədəniyyəti
görünməmiş dərəcədə
artmışdır. Naxçıvanda indi 23.765
nəfər şagirdi əhatə edən 180 ibtidai, 7 illik və
orta məktəb vardır. Burada 1.165 nəfər
müəllim dərs verir.
...Naxçıvan şəhərində 2 illik müəllimlər
institutu açılmış, tibb və musiqi məktəbi
təsis edilmişdir. Bundan başqa respublikada kənd
təsərrüfat məktəbi
açılmışdır ki, bu da rayonlara orta ixtisaslı kənd
təsərrüfat mütəxəssisləri verir.
...Müəllimlər və bütün ziyalılar
Naxçıvan respublikasının maarif və mədəniyyətini
yüksəltməkdə həmişə böyük səy
göstərmiş və göstərirlər. Naxçıvan
respublikasının kəndlərində dövlət vəsaitilə
tikilmiş 36 böyük məktəb binasından başqa, zəhmətkeşlərin
köməyilə 76 yeni məktəb binası tikilmişdir.
Naxçıvan müəllimləri gəncləri sosialist vətənimizə
sonsuz məhəbbət ruhunda tərbiyə etdikləri kimi,
böyük vətən müharibəsi cəbhələrində
də şərəflə imtahan verdilər, vətənimizin
səadət və istiqlaliyyəti uğrunda fədakarlıqla
vuruşdular...
Əli
HÜSEYNOV,
Naxçıvan
MSSR maarif naziri
ABŞ-da xalq maarifinin vəziyyəti
"Azərbaycan
müəllimi", 1 aprel 1948-ci il, ¹13
Hazırkı beynəlxalq şəraitin
xüsusiyyətlərindən biri budur ki, Amerika mürtəceləri
həyata keçirdikləri imperialist siyasətini hər
cür "demokratik" cümlələrlə pərdələmək
üçün böyük səy və canfişanlıq
göstərirlər. Onlar bunu edirkən belə
bir təsir yaratmaq istəyirlər ki, guya ABŞ-dakı
gündəlik mədəni və ictimai-siyasi həyat
bütün dünyanın izləməli olduğu bir
nümunədir. Halbuki ABŞ-da
demokratiyanın nə dərəcədə inkişaf etdiyini göstərən
xalq maarifi cəbhəsində vəziyyət o qədər də
yaxşı deyildir.
1948-49-cu ilin dövlət büdcəsi haqqında
(ABŞ-da büdcə ili iyulun 1-dən
başlayır) ABŞ prezidenti Trumenin konqresə olan məktubu
bu yaxınlarda mətbuatda dərc edilmişdir. Trumenin
təklif etdiyi rəqəmlər işin nə yerdə
olduğunu açıq göstərir.
Burada büdcənin 28 faizi - yəni 11
milliardı silahlanma işi üçün ayrılır. "Beynəlxalq
fəaliyyət" - yəni "Marşall planı" və
buna oxşar tədbirlər üçün sərf edilən
xərclərlə birlikdə "milli müdafiə" xərcləri
dövlət büdcəsinin 46 faizini təşkil edir. Halbuki maarif ehtiyacları üçün ayrılan
vəsait büdcənin 1 faizindən artığını təşkil
etmir. Əgər ayrı-ayrı ştatlarda maarifə sərf
edilən vəsaiti də buna əlavə etsək onda
ABŞ-ın dövlət büdcəsində bu iş
üçün ayrılan vəsait 2,5
faizdən artıq olmaz.
...Müharibə zamanı Amerika ordusunun 350 min
saldatı öz adını yaza bilməmişdir. Luiziana ştatında əhalinin 36 faizi
savadsızdır. Təhsilin pulsuz olduğu ibtidai məktəblərdən
uşaqların 20 faizi, orta məktəbdən 59 faizi, ali məktəbdən
isə 90 faizi təhsili başa vurmadan gedirlər. Bunun səbəbi
əməkçilərin öz uşaqlarına orta və ali təhsil vermələri üçün vəsaitlərinin
çatışmamasıdır.
ABŞ-da bir neçə milyon uşaq heç oxumur; 3
milyondan artıq uşaq yarıtmaz məktəblərdə təhsil
alır; 3 milyon yaşlı adam heç
bir zaman məktəbdə oxumamışdır; 10 milyon adam elə
yarıtmaz təhsil almışdır ki, onları əslində
savadsız hesab etmək olar.
Amerikada müəllimlərin nə qədər
acınacaqlı vəziyyətdə olması burada
demokratiyadan dəm vuranların cəfəng danışdıqlarını
aydın göstərir. Əmək haqqının hədsiz dərəcədə
az olması üzündən son 6 il ərzində
yarım milyon müəllim öz sənətini dəyişdirməyə
məcbur olmuşdur.
...Ölkədə 150 min müəllim
çatışmır, halbuki təhsil müəssisələrindən
bu il cəmi 10 min müəllim buraxılacaqdır.
Səhifəni
hazırladı:
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.7.