Müasir dərs fenomeni
Dünyanın təhsil meridianında
özünün rol və əhəmiyyətinə görə
daha çox maraq doğuran dərs həmişə öz
zamanında müasir olmuşdur. Məktəblə
məşğul olan insanlar dərsi yaşadıqları
dövrün tələblərinə söykənərək
dəyərləndirmiş, onun qiymətini vermişlər.
Beləliklə, dərsin müasirlik atributu onun
vacib əlamətlərindən biri kimi həmişə əhəmiyyət
daşımışdır. Bu mənada
bir pedaqoji anlayış kimi "dərs", "təhsil"
anlayışı ilə birgə yaranaraq bu günümüzə
qədər gəlib çatmışdır. Pedaqoqlar, psixoloqlar öz mülahizələrində
dərsi müxtəlif tərəflərdən təhlil edərək
düşüncə prizmalarından keçirmiş, onu daha
dolğun, həm də praktik müəllimlərin anlam səviyyəsinə
uyğun ifadə etməyə çalışmışlar.
Bütün bunlarla yanaşı, dərs
özünün pedaqoji-psixoloji keyfiyyətləri ilə
zamanların düşüncə müstəvisində
müzakirə obyektinə çevrilmişdir.
Psixoloqlar araşdırmalarında XXI əsri
kreativlik əsri kimi adlandırırlar. İnsanlarda istedadlılığa,
yaradıcılığa daha çox dəyər verən bu əsrdə
təhsil sistemində də məhz həmin keyfiyyətlərin
əsas götürülməsi vacib hesab edilir. Sual olunur ki, bəs onda bu gün "müasir dərs"
anlayışı necə başa düşülməlidir?
Onun mahiyyətini necə izah etmək olar?
Azərbaycanın görkəmli psixoloqu Əbdül
Əlizadə yeni pedaqoji təfəkkürlə bağlı
psixopedaqoji araşdırmalarında bu məsələyə
münasibət bildirərək qeyd edir ki, "müasir dərs"
anlamında "müasir" sözünün özünəməxsus
evristik mənası var. "Müasir dərs" pedaqoji
(psixoloji) elmlərin ən yeni uğurlarına söykənməlidir"
(Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür:
ideyalar, prinsiplər, problemlər. Bakı.
"Adiloğlu" nəşriyyatı, 2001.).
Dərs həm də dövrün
insanlarını yetişdirmək imkanına malik prosesə
çevrilməlidir. Məktəbin vətəndaş
yetişdirmək vəzifəsinin yerinə yetirilməsində
uğurla çıxış etməlidir.
"Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında qeyd olunur ki,
"Şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud
"yaddaş məktəbi"ndən "təfəkkür
və düşüncə məktəbi"nə
keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər
görüləcəkdir" (www.prezident.az). Göründüyü
kimi, ölkəmizin təhsil siyasətində təfəkkür,
düşüncə, intellekt məktəbinin
yaradılması prioritet istiqamətlərdən biridir. Müasir məktəbin dərsi də bu müqəddəs
vəzifələrin icrasına çevriləcəkdir.
Özünün yaradıcılıq
imkanlarını axtaran müasir müəllim, ilk növbədə,
tədqiqatçılığa başladığı fəaliyyətini
dərsdəki yaradıcı fəaliyyəti ilə başa
vuracaqdır. Müəllimin fəaliyyətinin
səmərəliliyində, keyfiyyətliliyində onun
yaradıcı yanaşmaları yüksək qiymətləndiriləcəkdir.
Bu mənada müasir dərs fenomeninin
yaranmasında müasir müəllim özünün əvəzsiz
fəaliyyətini göstərməli olacaqdır. Cünki "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
göstərildiyi kimi, "Müəllim amili təhsilalanın
öyrənməsi və inkişafı, nailiyyətlərinin
monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli
şəxs kimi formalaşmasına müəllimin təsiri
müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən
və peşəkarlıq səviyyəsindən xeyli
asılıdır".
Müasir dərsin mühüm keyfiyyətlərindən
biri onun yeni düşüncə, yeni pedaqoji təfəkkürün
məhsulu kimi meydana çıxmasıdır. Bu isə o deməkdir ki, dərsə quru,
şablonçuluqla yanaşmaq müasir ölçülərə
sığmır. Onu sadəcə inzibati
strateji struktur kimi qəbul etmək olmaz. Müasir
dərs həm də bəzi hallarda konkret vaxt çərçivəsini,
struktur vahidliyini qırıb-dağıdır. Ona da
demokratik yanaşmağı yaradıcı bir proses kimi
müraciət olunmasını tələb edir. Dərs idarə
olunan bir proses olduğundan onun məntiqi struktur cəhətdən
bütövlüyü əsas şərtlərdən biri
kimi yüksək dəyərləndirilir.
Hər bir zamanın dərsi
özlüyündə o dövr üçün müasir
olub. Bu mənada müasirlik bir atribut kimi
şərti olaraq işlədilir və ondan dövri olaraq
danışmaq daha məntiqəuyğun bir hal kimi dəyərləndirilir.
Dərsin təşkilat forması olması, demək
olar ki, bütün zamanlarda özünün aparıcı
xüsusiyyət çəkisini saxlayıb. Bu mənada hazırkı zamanda dərsin təlimin təşkilat
forması olması barədə pedaqoji müddəa istifadə
olunmaqda davam edir. Çox güman ki, bu
fikir məqbul bir müddəa kimi bir müddət əhəmiyyətini
saxlayacaqdır.
Dərs bir texnologiyadır. Ənənəvi pedaqogikada bu texnologiya inzibati amirlik
üsulu ilə qurulduğundan təhsilalanları
özünün sərt strukturunda toplamaqla onların məcburiyyət
rejimində dərsə davam etmələrini tələb
edirdi. Bu tələbləri yerinə yetirən
hər bir kəs ona tabe olmaqla həmin tələbləri
rejim kimi qəbul edir, onun sərt pedaqoji aurasında sərbəstliyini
itirirdi.
Demokratik Azərbaycan məktəbində
bütövlükdə təhsil dəyişdikcə öyrənmənin
əsas nüvəsi olan dərsin xarakteri də dəyişməyə
başlayır. Başqa sözlə, dərs
demokratik xarakter alır. Öyrənmək istəyənləri
ağuşuna alan, onları əhatə edən
dərsin inzibati bağları zəifləyir. Böyük
bir əzaba çevrilən dərs özünün
ağırlıq mərkəzini dəyişərək daha
demokratik auditoriyaya çevrilir. Bu zaman
uşaqlar özlərinin potensial qüvvələrindən
istifadə imkanları əldə edirlər. Beləliklə, interaktiv bir şəraitin
yaranması hadisəsi baş verir.
Müasir dövr informasiyalar bolluğu ilə
müşayiət olunduğundan təbii olaraq öyrədici
xarakter daşımağa başlayır. İnformasiyaların mənbəyi insanları izləməklə
onların marağını çəkir. Belə bir mühitdə dərs özünün
öyrədici təşkilatçı xarakteri ilə daha
üstün keyfiyyətlər qazanmalı, öyrənənlərin
marağına səbəb olmalıdır. Xüsusən ümumtəhsil məktəblərində
qurulan dərslər istər məzmun, istərsə də texnoloji
cəhətdən şagirdlərin diqqətini cəlb etməlidir.
Araşdırmalar onu göstərir ki, dərsin
gərginlik yaradan, uşaqların diqqətini yoran bir cəhəti
onun standart quruluşa malik olması, qeyri-çevik modellə
tənzimlənməsidir. Demokratik
cəmiyyət qurduğumuz bir zamanda dərsin ənənəvi
quruluşunun, mərhələlərinin dəyişməsindən
bəhs etməklə yanaşı, onun yeni mərhələlərini
stabilləşdirməyə, daha konkret demiş olsaq,
standartlaşdırmağa çalışırıq. Son dövrlərdə bu barədə pedaqoji mətbuatda
çap olunan yazılar belə bir fikri söyləməyə
əsas verir. Lakin cəmiyyət
özünün inkişaf tendensiyalarında yorucu texnoloji
standartlaşmalardan qaçmağı, fəaliyyətləri
potensial imkanlara söykənməklə yaradıcı şəkildə
qurmağı tələb edir. Dərsin
qurulmasında öyrədənin güc və imkanlarına,
mövcud təlim şəraitinə istinad etmək, nailiyyət
və irəliləyişlərin əldə olunmuş nəticələrlə
ölçülməsinə üstün yer ayırmaq
faydalı bilinir. Belə olduğu təqdirdə
qeyri-standart dərslərdən istifadə olunması və
onların daha yaradıcı qurulmasına imkan verilməsi
vacib hesab edilir.
Müasir dərsin bir mühüm
xüsusiyyəti də onun problem xarakteri
daşımasıdır. Ona
görə də bu gün müasir dərs, dərs-problem
adlandırılsa, bu səhv yanaşma olmazdı.
Dərsin problem xarakterli olması onun hər
hansı didaktik vəzifənin həllinə zəruri bir
problem kimi yanaşılmasından irəli gəlir. Hər dərsin müvafiq məqsədinin həll
olunması istiqamətində zəruri olan problem müəyyənləşdirilir.
Onu həll etmək üçün iş formaları və
üsullarından istifadə edilir. Nəhayət,
problemin ətrafında və onun
yekunlaşdırılması ilə bağlı fəaliyyətlər
təşkil olunur. Beləliklə, dərsdə
mühüm didaktik vəzifə kimi problem həll olunur.
Problemlərin həll olunması hər hansı
didaktik vəzifənin yerinə yetirilməsi kimi başa
düşülür.
Bu məntiq müasir dərs kimi başa
düşülən bütün dərslərin, demək
olar ki, hamısının mahiyyəti və məzmununun əsasını
təşkil edir.
Müasir dərsin problem xarakteri
daşıması iki səbəbdən irəli gəlir. Birincisi, problem həlli interaktiv situativliyi təşkil
etməklə maraq effekti yaradır. Şagirdlərin
axtarıcılıq və yaradıcılıq istiqamətində
fəaliyyətlərini istiqamətləndirməklə
stimullaşdırır. Onları nəticələrə
gəlməyə sövq edir. İkincisi,
şagirdlərin ən zəruri bilikləri öyrənmək
istiqamətində həyat üçün ən vacib olan fəaliyyət
bacarıqlarına yiyələnməyə imkan yaradır.
Təlimin əsas
təşkilat forması olan dərs özünün
funksiyalarını yerinə yetirmək üçün
hökmən müəyyən əlamətləri ilə təzahür
etməlidir. Onlardan daha qabarıq
görünəni sinif kollektivinin müəyyən məqsəd
ətrafında səfərbər olunmasıdır. Bu
keyfiyyət klassik pedaqogikanın mühüm ənənəsi
olan sinif-dərs sisteminin əsas atributlarından biri
kimi bu gün də qalmaqdadır.
İllər boyu insanların birgə
oxuma, öyrənmə missiyası fərdi təhsilin
davamı kimi həmişə aktual olub. Yaradılmış müvafiq müəssisələrdə
müəllimin rəhbərliyi ilə həyata keçirilən
bu prosesdə insanlar dialoji mühit şəraitində özlərini
yenidən inkişaf etdirməyə çalışıblar.
Humanist prinsiplər əsasında qurulan təhsil
şəraitində bu dialoji mühit genişlənir,
şagird şəxsiyyətinin daha sərbəst fəaliyyətinə
imkan yaranır. Dərsin inzibati
bağları qırılır, inzibatçılıq
müasir qarşılıqlı əlaqə və ünsiyyətlə
əvəz olunur. Şəxsiyyətlərarası
canlı əlaqələr öyrənmə prosesinin mahiyyətini
təşkil etməklə ona humanist bir ruh gətirir. Belə dərslərdə müəllim və
şagirdlərin əməkdaşlığı müasir
öyrənmə prosesinin texnologiyasına çevrilir. Bu münasibət həm də dərsin demokratik
xarakterinin əmələ gəlməsini
stimullaşdırır.
Bütün bunlar isə onu göstərir
ki, dərs klassik bir pedaqoji model olaraq qalsa da xarakterini dəyişir,
inkişafyönümlü bir mexanizmə çevrilir. Şəxsiyyətin idraki, hissi-emosional və
psixomotor bacarıqlara yiyələnməsini təmin etməklə,
həm də onu izləməyə imkan yaradır.
Dərs didaktikanın mühüm tədqiqat
obyektlərindən biri kimi bu günə qədər öyrənilməkdə
davam edir. Eləcə də dərsin
psixoloji xüsusiyyətləri, şagirdlərin öyrənmə
fəaliyyətinin psixoloji məqamları psixologiyada öyrənilir.
Pedaqoji psixologiya dərsin psixologiyasından
danışmaqla onu daha çox araşdırmağa səy
göstərməlidir. Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, bu gün təhsilin
mühüm nəzəri məsələlərindən biri
kimi onun psixoloji əsasları kifayət qədər öyrənilməsə
də ona çox böyük ehtiyacın olduğu aydın
şəkildə hiss edilir.
Lakin daha real olan bir məsələ də
vardır ki, o təhsilin, eləcə də onun
ayrı-ayrı məsələlərinin həllində
xüsusi pedaqoji və psixoloji cəhətləri, tələbləri
axtarmaq meylindən ibarətdir. Araşdırmalar
onu göstərir ki, özlüyündə inteqrativ bir
varlıq kimi şəxsiyyətin inkişaf etdirilməsi
üçün pedaqoji, yaxud psixoloji tələblərin
ayrılıqda öyrənilməsi kifayət etmir. Bu məsələlərin
unifikasiya olunmuş, birləşdirilmiş şəkildə
öyrənilməsinə, onun psixopedaqoji problem kimi
araşdırılmasına daha çox ehtiyac vardır. Bunun
üçün isə təhsilin bütövlükdə
psixopedaqoji əsaslarının tədqiq olunması öz həllini
gözləyir.
İlkin araşdırmalara əsasən
onu demək mümkündür ki, dərsin inkişafetdirici
prinsip əsasında qurulması mühüm psixopedaqoji tələblərdən
biri kimi diqqət mərkəzində saxlanılmalıdır. Eləcə də bərabər şəraitin
yaradılması, valideynin pedaqoji prosesə cəlb olunması
da psixopedaqoji tələblər kimi tədqiqata cəlb
olunmalıdır.
Dərs mühüm pedaqoji
anlayışlardan biri kimi özünün tipoloji xüsusiyyətlərə
malik keyfiyyətini bu gün də saxlayır. Lakin konkret dərs tiplərinin hazırkı şəkildə
qalması, ondan istifadə edilməsi, yaxud da gələcəkdə
onlara müraciət olunması barədə qəti fikir
söyləmək çətindir. Bunun
üçün müvafiq araşdırmaların
aparılması və konkret fikrə gəlinməsi ən səmərəli
və inandırıcı yanaşma tərzi ola
bilər. Lakin bir həqiqət vardır ki,
müasir dərs özünün maraqlılıq atributunu dərsdə
müəyyən ziddiyyətlərin yaranması zamanı
qazanır. Bu da özlüyündə
problemin yaradılması və onun həlli üçün zəmin
hazırlayır. Eləcə də summativ
qiymətləndirmə dərslərinin olması da yeni dərsin
tiplərindən biri kimi dəyərləndirilməlidir.
Dərs texnologiyadır. Onun ayrı-ayrı hissələri barədə
fikirlərin olması strateji əhəmiyyət
daşıyır. Ənənəvi pedaqogikada dərsin
mərhələləri barədə fikirlərin olması, az qala bu mərhələlərin əzbər
öyrənilməsi ona bu gün də olduğu kimi
yanaşmağı tələb edir. Doğrudur,
indi də fəal-interaktiv dərslərin məzmun və
strukturundan danışırlar. Onun standart
tələblər kimi qəbul olunmasına
çalışırlar. Demokratik təhsil
prinsipi bu yanaşmanı təkzib edir, müəllimin təlim
məqsədi ətrafında sərbəst olaraq fəaliyyət
göstərməsini mühüm tələb kimi
qarşıya qoyur. Ona görə də
problemin həllinə yönəlmiş hər hansı dərs
nümunəsində müəllimin yaradıcı fəaliyyət
göstərməsi, öz işini layihələşdirməklə
planlaşdırması zəruri hesab edilir. Eyni zamanda tədqiqatçılıq
bacarığına malik olması əsas cəhət kimi qeyd
olunur.
Dərs planı müəllimin sənədidir. Onu müəllim hazırlayır. İllər uzunu bu sənədin
hazırlanıb-hazırlanmaması müzakirə obyekti olub.
O müzakirələr bu gün də davam etməkdədir.
Dərsin planının hazırlanması
vacib mərhələdir. Onun həm müəllimin inkişaf etməsi,
həm də təlim prosesinin idarə olunması
baxımından əhəmiyyəti vardır. Ona görə
də dərs planının hazırlanmasına ciddi
yanaşılmalıdır. Xüsusilə müasir nəticəyönümlü
təhsil sisteminin qurulduğu hazırkı şəraitdə
dərs planı daha konkret və aydın şəkildə tərtib
olunmalıdır. Orada reallaşdırılan
standartlar, dərsin məqsədi, vəzifələri, mənbələr,
dərs prosesinin konkret addımları (mərhələləri)
müasir zamanın tələbləri baxımından verilməlidir.
Ən başlıcası dərsin
planlaşdırılması zamanı şagirdin yüklənməsi
ilə nəticələnən əlavələrdən
yan keçilməlidir.
Müasir
dərsin müxtəlif parametrləri (məsələn, dərsin
məqsədinin bir və ya bir neçə olması dərsdə
konkret vəzifələrin müəyyənləşdirilməsi,
dərsdə qiymətləndirmə fəaliyyətinin təşkili,
müxtəlif dərs tiplərinin
planlaşdırılması və s.) ilə bağlı tədqiqatların
aparılmasına, müzakirələrin keçirilməsinə
ehtiyac vardır. Əgər həmin araşdırmalar
aparılarsa, bu gün müasir dərsi fenomenal bir təhsil
hadisəsi kimi daha da irəlilətmək mümkün olar.
Ənvər
ABBASOV,
Təhsil
Problemləri İnstitutunun direktor müavini,
Kurikulum Mərkəzinin
direktoru, pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.8.