Təhsilin idarə
olunmasında hansı
məqamlara daha çox diqqət yetirilməlidir?
Azərbaycanda təhsil
standartları və strategiyalarının tətbiq olunduğu
bir zamanda Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi
Sisteminin yaradılması çox vacib məsələlərdən
biridir. Bu baxımdan qarşımızda belə bir məsələ durur:
təhsil müəssisələri üzrə müvafiq
standartlara uyğun olan elə bir tədris nəticələrinin
obyektiv məlumatverici sistemi
yaradılmalıdır ki, məhz onun nəticələri əsasında təhsildə
idarəetmə qərarları qəbul olunsun.
Təhsilin müasir idarəetmə sistemi təhsil
müəssisəsi və tədris prosesi haqqında ənənəvi
məlumat toplanma sistemindən pedaqoji monitorinqə (yəni
müvafiq idarəetmə qərarlarının vaxtında
verilməsi üçün təlim və tədris prosesinin
gedişatını, inkişafını və
dinamikasını izləmək məqsədilə xüsusi təşkil
olunmuş, məqsədyönlü və davamlı izləmə-monitorinq
sisteminə) keçid almalıdır.
"Monitorinq"
anlayışının meydana
çıxması informasiya cəmiyyəti
ideyalarının formalaşması və inkişafı ilə
bağlıdır və bu sistemin dərhal yaradılması təhsil sahəsini
mürəkkəb sahə olduğu üçün bir çox çətinliklərlə üzləşdirdi.
Monitorinqin məqsədi təhsil müəssisəsində
gedən bütün dəyişikliklərin
vaxtında və sürətli şəkildə müəyyən
edilməsidir. Əldə olunan obyektiv məlumatlar təhsili idarəedənlər
üçün düzgün
qərarlar verməyə əsasdır.
Təhsil prosesinin bütün
iştirakçıları monitorinqin
subyektləri sayılır. Təhsildə onların
iştirakı müxtəlifdir, lakin
onların hər birinin (müəllim,
şagirdlər, cəmiyyət, valideynlər) məlumat əldə
etmək və o məlumatı təhlil
etmək hüququ var.
Tədris prosesi və onun
nəticələri, tədris prosesində bütün
iştirakçıların şəxsi xüsusiyyətləri,
onların ehtiyacları və təhsil müəssisəsinə
münasibətləri monitorinqin obyektləri
adlandırılır.
Təlim
nəticələrinin qiymətləndirilməsi sisteminin əsas xüsusiyyətləri (alətlərinin
inkişafına dair xüsusi
yanaşmalar, görülən işlərin
xüsusiyyətləri, nəticələrin təqdimatı və
s.) bu sistemin
qarşısına qoyulan məqsəd və
vəzifələrlə
müəyyən edilir. Əksər hallarda, təlim nəticələrinin qiymətləndirilməsi
sisteminin qarşısında əsas məqsəd
- obyektiv məlumatın əldə edilməsi
qoyulur. Təlim nəticələrinin qiymətləndirilməsində
aşağıda qeyd olunanları nəzərə
almaq lazımdır:
- şagirdlərin fərdi
tədris nailiyyətləri (durumu və ya artım dinamikası), attestasiya
(şagirdin müvafiq
təhsil səviyyəsi haqqında təsdiq), şagirdlərin
fərdi nəticələrinin korreksiyası, növbəti təhsil pilləsinə keçid;
- sinfin
tədris nailiyyətlərinin qiymətləndirilməsi,
müəllim və ya məktəbin fəaliyyətini
qiymətləndirmək üçün
məktəbin tədris nailiyyətlərinin qiymətləndirilməsi,
təlim və tədris prosesinin təkmilləşdirilməsi;
- təhsilin keyfiyyətini
və inkişaf tendensiyalarını qiymətləndirmək
üçün ayrı-ayrı regionlarda və ya
bütövlükdə ölkə miqyasında şagirdlərin
nailiyyətlərinin monitorinqi.
Təhsilin idarə
edilməsində təlim nəticələrinin qiymətləndirilməsi
sisteminin təhlil kriteriyaları da böyük rol oynayır. Beləliklə, təhsilin idarə
olunmasında qiymətləndirmə sisteminin
təhlil kriteriyalarını da nəzərə
almaq lazımdır.
- Qiymətləndirmə
sisteminin tətbiqindən əvvəl
şagirdlərin hansı səviyyədə və hansı bilik və bacarıqlara malik
olmaları aydın şəkildə müəyyən edilməlidir;
- Standartlara
cavab vermək üçün
qiymətləndirmə sisteminin prioritet məqsədi tədrisin və öyrənmə
prosesinin təkmilləşdirilməsi
olmalıdır;
- Şagirdlərin səviyyəsinə
qoyulan tələblər, qiymətləndirmənin
alətləri və prosedurları, eləcə də nəticələrin
istifadəsi bütün şagirdlər üçün eyni olmalıdır (xüsusi
ehtiyacları olan şagirdlər istisna olmaqla);
- Müəllimlər
qiymətləndirmə sisteminin
hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidirlər;
- Qiymətləndirmənin
proseduru və nəticələri hamı
(şagirdlər, müəllimlər, müdirlər, valideynlər,
təhsili idarəedənlər və digər istifadəçilər)
üçün aydın olmalıdır;
- İstifadə olunan qiymətləndirmə sistemi
davamlı şəkildə təkmilləşdirilməlidir.
Amerika
Birləşmiş Ştatlarında
bütün ölkə
üzrə NAEP (National Assessment of
Educational Progress) adlanan təhsilin
keyfiyyətinin monitorinqini
aparan bir sistem mövcuddur. Onun əsas məqsədi təhsilin nəticələri
haqqında məlumat əldə etmək, nəticələrdə gedən
dəyişiklikləri izləmək,
təhsilin güclü
və zəif tərəflərini müəyyən
etmək və s.dir.
Bu məlumatlar əsasında
təhsili idarəedənlər
artıq hansı istiqamətdə iş görəcəklərini dəqiq
planlaşdırırlar və
nəticədə təhsilin
idarə edilməsi asanlaşır.
Təhsildə təlim
nəticələrinin monitorinq
sistemini qurmaq üçün aşağıdakı
suallar xüsusi rol oynayır:
- Yeni qurulacaq sistemin hansı məqsədlə istifadəsi
nəzərdə tutulur?
Nə qiymətləndiriləcək?
- Nəticələr nə dərəcədə
obyektiv və etibarlı olacaq? Onların şərhi mümkündürmü?
- Bu nəticələr əsasında hansı qərarlar veriləcək?
- Alətlərin işlənilməsində
və qiymətləndirmə
zamanı hansı problemlər yarana bilər?
Təhsilin idarə
edilməsində ən
vacib köməkçilərdən
biri olan qiymətləndirmə və
monitorinq sisteminin təşkili üçün
bir neçə perspektiv yanaşmadan da istifadə etmək olar:
- tədris nailiyyətlərinin
daxili və xarici nəzarət birləşməsi; şagirdlərin
biliklərinin məcburi
(minimum) və yüksək
səviyyəsinin bərabər
qiymətləndirilməsi; müəllimlərin təlim
nəticələrinin nəzarətinə
daha geniş cəlb olunması; müasir test nəzəriyyəsi
çərçivəsində testlərin yazılma texnologiyasının istifadəsi;
testlərin keyfiyyətini
təmin edən mexanizmlərin yaradılması;
təhsilin keyfiyyətinin
monitorinqində və
şagirdlərin attestasiyasında
istifadə olunan testlərin yazılmasında
ictimai və
professional ekspertizanın iştirakı.
Bu problemin həllini biz müasir informasiya texnologiyalarından geniş
istifadədə görürük. Məsələn,
TİMS bu sahədə böyük
yardımçı ola bilər.
Bir sıra elementlərin müntəzəm
olaraq bir-biri ilə əlaqəli
olması müvafiq vahid
bir sistem
adlandırılır. Hamı və yaxud çoxluq tərəfindən qəbul edilmiş bir sistem olmasa, insan fəaliyyətinin istənilən sahəsində
müsbət dinamikanın əldə edilməsi mümkün deyil. Təhsilin
monitorinq və qiymətləndirmə sisteminin nəzəri modelinin
yaradılması təhsildə keyfiyyətin idarə edilməsi
istiqamətində ilk addım
olmalıdır.
Beləliklə, təhsilin
düzgün istiqamətdə idarə
edilməsi üçün güclü monitorinq və
qiymətləndirmə sistemi
yaradılmalıdır ki, tezliklə gördüyümüz işlərin nəticələrini
görək və qiymətləndirək. Qiymətləndirmə
növbəti fazaya keçid,
bu isə inkişaf
deməkdir.
İlhamə RƏHİMOVA,
Təhsil Nazirliyi yanında Dünya Bankının (LƏQ)
monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi
Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.8.