İrəvan
gimnaziyasının Azərbaycan dili müəllimi
Firidun bəy Köçərli-150
Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər.
İlham ƏLİYEV
2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam oldu. F.Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbaycanın füsunkar diyarlarından biri olan, bu gün nankor qonşularımız erməni millətçilərinin işğalı altında qalan Şuşa səhərində anadan olmuşdur. F.Köçərlinin həyatı və elmi-pedaqoji fəaliyyətinin əsas dövrü, həm də ən məhsuldar illəri demək olar ki, 1876-cı ildə Gürcüstanın Qori şəhərində əsası qoyulmuş, tarixə Qori Müəllimlər Seminariyası kimi daxil olmuş, Zaqafqaziya Müəllimlər Seminariyası (ZMS) ilə bağlı olmuşdur.
Məhz buna görədir
ki, F.Köçərlinin həyatı və
yaradıcılığından söhbət düşəndə
təbii olaraq ilk növbədə Qori Müəllimlər
Seminariyası göz önündə canlanır. Məlum olduğu kimi, XIX əsrin ikinci
yarısından etibarən Cənubi Qafqazda, o cümlədən
Azərbaycan kəndlərində təşkil edilən və
açılması nəzərdə tutulan dövlət məktəblərinin
müəllim kadrlarına, xüsusilə də azərbaycanlı
müəllimlərə olan ehtiyacı azərbaycanlılar
üçün ayrıca seminariya və ya şöbənin
təşkilini həyati zərurət kimi qarşıya qoydu.
Bu zərurət
hökuməti müəllimlər seminariyaları haqqında
olan ümumi qanundan kənara çıxmağa,
seminariyaların bəzisində nəinki təkcə "provoslavların",
həm də xristian olmayan digər millətlərin nümayəndələrinin
də oxumasına icazə verməyə məcbur etdi. Bütün bunlar onunla nəticələndi
ki, 1879-cu il sentyabrın 23-də Qori şəhərindəki
ZMS nəzdində ayrıca bir şöbə - Azərbaycan
şöbəsi açıldı. Azərbaycanlılardan
müəllim kadrları hazırlamaq kimi tarixi rol həmin
şöbənin öhdəsinə düşdü. İlk dəfə
seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 24-ü
A.O.Çernyayevski (1840-1894) tərəfindən yerlərdə
seçilərək dəvət olunmuş, qalanları isə
öz arzusu ilə gəlmişdi. Onlardan 19-u şöbənin
əsas siniflərinə, 13-ü isə hazırlıq sinfinə
qəbul olundu. Seminariyaya ilk qəbul olunanlar
içərisində gələcəyin məşhur
pedaqoqlarından S.Vəlibəyov, F.Köçərli,
R.Əfəndiyev və başqaları var idi. İlk dəfə
qəbul olunanlardan üçü Naxçıvan qəza məktəbindən,
13 nəfəri, o cümlədən F.Köçərli isə
Şuşa şəhər məktəbindən idi.
Onu da qeyd etmək
yerinə düşər ki, ilk dəfə təşkil edilməsinə
baxmayaraq, Azərbaycan şöbəsinin tələbələri
qəbul imtahanlarında elə ilk ildən fərqlənirdilər.
Rəsmi sənədlərdən birində
oxuyuruq: "Çernyayevskinin tələbə toplamaq məqsədilə
qəsdən ezam edilərək yerlərdə tələbə
seçməsi və qismən imtahan etməsi nəticəsində
azərbaycanlıların seminariyaya daxil olmaq üçün
hazırlaşan xristianlardan ümumiyyətlə yaxşı
imtahan vermələri aşkar olundu". Qəbul
olunmaq istəyənlərin sayı get-gedə artırdı.
Qafqaz Tədris Dairəsinin inspektoru L.N.Modzalevski (1837-1896)
1880-ci ildə Tiflisdə nəşr edilmiş "1802-ci ildən
1880-ci ilə qədər Qafqazda tədris işinin
gedişi" adlı əsərində yazır ki, bu
şöbənin birinci qəbuluna əsasən, şəhər
və qəza məktəblərini bitirənlərdən
60-a qədər gənc azərbaycanlı gəlmişdi.
Bunlar rus dilinə o qədər bələd idilər ki,
onlardan bir neçəsi hətta birbaşa seminariyanın
ikinci sinfinə daxil ola bildi. Bu şöbənin
ilk açılışı zamanı gözləniləndən
daha çox tələbənin gəlməsi və müvəffəqiyyətlə
qəbul imtahanı verməsi gələcəkdə müsəlmanların
seminariyaya cəlb edilməsi üçün süni tədbirlərin
aradan qaldırılmasına əsas verdi.
Çarizmin ucqarlarda
xalq maarifi sahəsindəki mürtəce siyasəti ilə əlaqədar
Azərbaycan şöbəsinin Azərbaycandan uzaqda, Qori şəhərində
açılmasına baxmayaraq, onun təşkili XIX əsr
müəllim kadrları hazırlığında yeni bir mərhələ
təşkil edir. Bu şöbə təkcə
Azərbaycan deyil, bütöv Cənubi Qafqazdakı Azərbaycan
kənd məktəbləri üçün xalq müəllimləri
hazırlığında mühüm rol oynadı. Həmin məzunlar
Azərbaycanda xalq maarifinin məşhur carçıları,
dünyəvi təhsilin ən fəal intişar etdiriciləri
oldular. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat,
mədəniyyət və incəsənətin bir çox
görkəmli nümayəndələri məhz həmin
seminariyada təhsil almışlar.
Fəaliyyət
göstərdiyi təxminən 40 il ərzində 250-dən
artıq xalq müəllimi hazırlayan bu tədris
ocağı şərəfli bir yol keçmişdir. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən
qidalanan, mütərəqqi rus və dünya
pedaqogikasının görkəmli nümayəndələrinin
pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübələrindən
faydalanan ilk xalq müəllimləri! Elm və maarif məşəlini
Zaqafqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyəvi
təhsildən kənarda qalmış gənclərin
gözünü təhsil nuru ilə işıqlandıran,
elm, maarif, mədəniyyət və incəsənət
carçıları!
Tarixə xalq müəlliminin
nümunəsi kimi daxil olmuş, müəllim sənətinin,
öz peşəsinin vurğunu olmuş, xalqa bilik verməyi
qarşısına məqsəd qoymuş, özlərini xalq
yolunda şam kimi əridən neçə-neçə
cavanlar! Firidun bəy Köçərli, Rəşid
bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov,
Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli
Hüseynov, Fərhad Ağazadə, Səməd
bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani
Axundov, Bədəl bəy Bədəlbəyov, Azad Əmirov,
Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli,
Müseyib İlyasov, Əhməd Seyidov, Teymur Quliyev və
onlarca başqaları. Birincilər seminariyanın otaqlarına
ilk qədəm qoyanlar, sonuncular şöbənin
sonbeşikləri. Hər biri bir tarixi şəxsiyyət, hər
biri bir sənətkar, hər biri bir ustad!
Bütün
bunlara görə mübaliğəsiz demək yerinə
düşər ki, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və
incəsənətin inkişafında hansı xidmətləri
göstərmişlərsə, Qori Müəllimlər
Seminariyasının məzunları da Azərbaycan üçün həmin
xidmətləri göstərmişlər. Onlardan biri də
150 illik yubileyini qeyd etdiyimiz Firidun bəy Köçərlidir.
F.Köçərli
ilk təhsilini 1874-cü ildə təşkil edilmiş
Şuşa 4 sinifli şəhər məktəbində
almışdır. Həmin məktəbin III
sinfində oxuyarkən A.O.Çernyayevski tərəfindən
Qori Müəllimlər Seminariyasına aparılmış və
seminariyanın hazırlıq sinfinə qəbul olunmuşdur.
1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan
gimnaziyasına Azərbaycan dili müəllimi vəzifəsinə
təyin edilmişdir.
F.Köçərli
burada 10 il işləmiş, özünün hərtərəfli
və səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənmişdir.
F.Köçərli
Qafqaz Tədris Dairəsi popeçitelinin 1895-ci il 30 oktyabr
tarixli əmrilə Qori Müəllimlər Seminariyasına dəyişdirilmişdir.
Burada rus yazıçı və şairlərindən tərcümələr
etmiş, dövri mətbuatda çıxış edərək
təlim-tərbiyə və təhsil probleminin bir çox cəhətlərinə
aid faydalı fikir və mülahizələr söyləmişdir.
F.Köçərlinin
ədəbi-estetik görüşləri kimi, pedaqoji və
metodiki görüşləri də mütərəqqi rus
pedaqoji fikrinin müsbət təsiri altında
formalaşmışdır. Ömrünün sonuna qədər
müəllimlik edən F.Köçərli 1910-cu ildə həm
də seminariyanın Azərbaycan şöbəsinin müdiri təyin edilmişdir.
Onun təşəbbüsü ilə həmin şöbə
1918-ci ildə Qazağa köçürülmüş və
F.Köçərli, 1920-ci ilə qədər Qazax Müəllimlər
Seminariyasının müdiri olmuşdur.
1920-ci ildə Gəncədə
öldürülmüşdür.
F.Köçərlinin
tələbəsi olmuş, seminariyanın sonbeşiyi adlandırdığımız
professor Əhməd Seyidov (1892-1977) deyərdi: 1920-ci ildə
F.Köçərlini Gəncədə həbs etmişdilər.
Həmin ilin may ayında Azərbaycan İnqilab Komitəsinin sədri
kimi Bakıya gələn N.Nərimanov öz müəlliminin
həbs edildiyi xəbərini alır və dərhal Gəncə
şəhərinə aşağıdakı məzmunda
teleqram göndərir: "Firidun bəy Köçərli dərhal
azad edilsin!". Bu iş ilə məşğul olan milliyyətcə
erməni müstəntiqi teleqramı gizlətmiş və gecə
ikən onu Gəncə çayının sahilinə gətirərək
orada qətlə yetirmişdir.
Bu işlə
bağlı N.Nərimanova isə məlumat verirlər ki,
teleqram gec çatmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Firidun bəy
Köçərlinin 150 illik yubileyi haqqında 14 fevral
2013-cü il tarixli sərəncamında deyildiyi kimi, Firidun bəy
Köçərli Azərbaycan ədəbiyyatının
tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil
edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti
ilə ictimai-mədəni fikrin təşəkkülünə
mühüm töhfələr vermişdir. Ölkəmizdə
təhsil sisteminin milli əsaslar üzərində
qurulması prosesində onun maarifçi ziyalı kimi
apardığı işlər böyük əhəmiyyətə
malikdir.
F.Köçərli
mədəniyyət tariximizə ilk öncə Azərbaycan ədəbiyyatı
tarixinə dair ilk əsərlərin müəllifi kimi daxil
olmuşdur. Onun 1903-cü ildə rus dilində nəşr
etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı",
həmçinin 1908-ci ildə yazdığı, lakin
yalnız 1925-1926-cı illərdə çap edilmiş 2 cild
4 hissədən ibarət olan məşhur "Azərbaycan ədəbiyyatı
tarixi materialları" adlı dəyərli tədqiqat əsərləri
qiymətli mənbə kimi bu gün də öz dəyərini
saxlayır.
F.Köçərli
eyni zamanda tərcüməçilik fəaliyyəti də
göstərmişdir. O, "Təlimati-Sokrat"
kitabını (1881), A.S.Puşkin, M.Y.Lermontov, A.B.Koltsov və
A.Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə,
M.F.Axundzadənin "Aldanmış kəvakib" əsərini
isə rus dilinə tərcümə etmişdir.
Azərbaycan uşaq ədəbiyyatının
inkişafında da onun mühüm xidmətləri
olmuşdur. 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə"
adlı əsəri bu cəhətdən xarakterikdir.
F.Köçərlinin
elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dili,
təlimin ana dilində aparılması ideyası mühüm
yer tutur. Özünün sələfləri olan
A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H.Zərdabi,
S.Ə.Şirvani, M.Şahtaxtlı və müəllim
A.O.Çernyayevski, müasirləri olan S.Vəlibəyov,
R.Əfəndiyev və başqaları kimi F.Köçərli
də bütün həyatı boyu ana dilinin qorunub
saxlanılması, ana dilində
məktəb ideyasının inkişafı yolunda yorulmadan
çalışmış və zəngin irs
qoymuşdur.
Azərbaycan xalqı əsrlər
boyu ana dilində danışmaq, ana dilində yazmaq və bu
dili yaşatmaq, saflığını qorumaq uğrunda
mübarizə aparmışdır. Böyük
Füzuli deyib ki, mən ərəb dilində ona görə
yazıram ki, bu dildə təhsil almışam, fars dilində
ona görə yazıram ki, bu dildə yazmaq dəbdədir, Azərbaycan
dilində ona görə yazıram ki, bu mənim ana dilimdir.
Bəzi
müasirlərindən fərqli olaraq F.Köçərli
İrəvan gimnaziyasında müəllimlik etdiyi zaman
"Novoe obozrenie" qəzetinin səhifələrində dərc
etdirdiyi ilk məqalələrində xalqın təhsil sahəsində
geridə qalmasını "Quran" və din ilə deyil,
mollaların savadsızlığı ilə izah edirdi. O, "Çağırılmamış
qonaq" adlı məqaləsində İrandan gələn
başı çalmalı mollaların xalqı cəhalətdə
saxlamasının qarşısını almaq
üçün düzgün təşkil edilmiş ruhani məktəbləri
açılmasını faydalı hesab edirdi. Sonrakı məqalələrində
daha irəli gedən F.Köçərli köhnə məktəbin
tənqidi, ana dilinin təlimi məsələləri, əlifba,
ana dili dərsliyi kimi mühüm məsələlər
qaldırırdı.
XIX əsrin
sonları, XX əsrin əvvəllərində Azərbaycan
dilinin qorunması və yaşaması uğrunda dövrün
maarifçi-ziyalıları mübarizə aparır, dilimizi bəlağətli
ərəb-fars, osmanlı sözlərilə dolduran
mühafizəkarlara qarşı çıxırdılar.
Onlar deyirdilər ki, Azərbaycan dili nə meyxanələrdə
saqilərə meyxana deyənlərin, nə də mərsiyəxanalarda
mərsiyə deyənlərin dili deyil, xalqın dilidir.
Xalqın dili də təmiz, aydın, qəliz sözlərsiz,
körpə uşağın da ifadə edə biləcəyi
qədər aydın və sadə olmalıdır. Millətin
maarif işığını yandıran böyük pedaqoq
Firidun bəy Köçərli 1913-cü ildə ana dilinə
həsr etdiyi məqalələrinin birində yazırdı:
"Azərbaycan türklərinin özünəməxsus
dili var. Bizim qabil və mahir ədiblərimiz az olubdur. Amma
olanlar da, ana dillərini seviblər və
yazdıqlarını açıq-aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun "Nəsihətnamə"si,
Mirzə Fətəli Axundovun komediyaları, Qasım bəy
Zakirin məktubatı, Hacı Seyid Əzim Şirvaninin əşar
və kəlamları, Həsən bəy Zərdabinin elm və
fünuna dair yazdıqları kitablar və siyasi məqalələr
- hər cümləsi açıq və aydın şəkildə
yazılmışdır..."
Ana
dilinin təlim və tərbiyəvi əhəmiyyəti məsələsində
K.D.Uşinski, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvaninin
tükənməz pedaqoji irsini davam etdirən F.Köçərli
Azərbaycan dilini məktəblərdən
sıxışdırıb çıxarmaq istəyən bəzi
"maarif" çinovniklərinin
qənimi kəsilmişdi.
O, ana
dilində gözəl əsərlər yaradan A.Bakıxanovun,
M.F.Axundovun, H.Zərdabinin, S.Ə.Şirvaninin ana dilini cani-dildən
sevmələrini, açıq və aydın
yazmalarını nümunə göstərir, ana dilinin
saflığı uğrunda mübarizə aparırdı. O, dərsliklərdə
"ata", "ana", "yaxşı" kimi
çoxişlənən
əziz sözlərin "dərman üçün belə
axtarılsa tapılmaması"nı "müqəllidlik və
rəftar millətə xəyanət" hesab edirdi.
F.Köçərli
ana dili məsələsində iki cəbhəyə
qarşı mübarizə aparırdı. Bir tərəfdən
ruslaşdırma siyasəti yeridən ilminskiləri, miropiyevləri,
levitskiləri, digər tərəfdən isə doğma ana
dilimizə "pozğunluq salanları" kəskin tənqid
atəşinə tuturdu. Əlifba məsələsindəki qüsurları da
bunun üstünə gələn Köçərli
yazırdı: "İndiyədək mənəvi tərəqqimizə
mane olan illət bir isə, indi iki olur. Bir tərəfdən
hürufat qüsuru, digər tərəfdən dil qüsuru əlimizi
və ayağımızı bağlayıb qoymur ki, irəli
gedək". F.Köçərli "dilin
dolaşıqlığını fikrin
dolaşıqlığı" kimi qiymətləndirir,
"ibarəpərdazlıq fikrin boşluğuna və bir dərəcədə
yoxluğuna dəlalət eyləyir" - deyirdi. O, millətini sevən, onun mənəvi diriliyinə
çalışan, tərəqqisi yolunda əmək sərf
edən yazıçılarımızdan, ədiblərimizdən
və şairlərimizdən çox-çox təvəqqe
edirdi ki, "dillərini asanlaşdırsınlar, ana dilindən
uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər,
fikirlərini açıq və sadə dildə
yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan
anlasın, düşünsün və ayılsın".
K.D.Uşinskinin
məlum fikirlərinə "bir millətin malını,
dövlətini və hətta vətənini əlindən
alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir
nişan qalmaz" - sözlərilə qol-qanad verən
F.Köçərli "Ana dili" adlı məşhur məqaləsində
yazırdı: "Hər
millətin özünəməxsus ana dili var ki, onun məxsusi
malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayesi mənziləsindəndir. Ananın südü bədənin
mayesi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər
kəs öz anasını və vətənini sevdiyi kimi, ana
dilini də sevir".
Əvvəlki
maarifçilər kimi F.Köçərli də ərəb əlifbasının
təlim işində törətdiyi əngəllərə
biganə qalmamış, onun qüsurlarını
açıb göstərmiş, M.F.Axundovun
başladığı işə ürəkdən tərəfdar
olmuş və onu davam etdirmişdir.
F.Köçərlinin
mühüm xidmətlərindən biri də Azərbaycanın
görkəmli şair və yazıçıları ilə
bərabər məşhur müəllim və məktəbdarlar
haqqında da müfəssəl məlumat verməsidir.
F.Köçərli
müəllimliyi özünə peşə seçib,
ömrünün sonunadək bu peşəyə sadiq
qalanları yüksək qiymətləndirirdi.
F.Köçərli
S.M.Qənizadənin dörddə bir əsr xalq maarifi yolunda ləyaqətlə
çalışdığını yüksək qiymətləndirir,
böyük hünər hesab edirdi. O yazırdı ki, 25 il
xalq maarifi yolunda çalışmaq böyük hünərdir.
"Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri
əmələ gətirmək daha böyük hünərdir".
F.Köçərlinin
təqdir etdiyi pedaqoq-maarifçilərdən biri məhz
öz müəllimi - Azərbaycan xalq müəllimlərinin
ilkin dəstəsinin hamisi və tərbiyəçisi, ZMS Azərbaycan
şöbəsinin müdiri A.O.Çernyayevski, digəri isə
K.D.Uşinskinin Zaqafqaziyada ardıcıllarından olan məşhur
gürcü pedaqoqu və
maarifçisi Y.S.Qoqebaşvili idi.
F.Köçərlinin
pedaqoji fikirləri içərisində tədris planı,
proqram və dərsliklərlə bağlı olan bir çox
maraqlı cəhətlər də vardır ki, onlar bu gün
də öz aktuallığını saxlayır.
Milli məktəbdarlarımızdan
Q.Zakir, Abdullabəy Asi, S.Ə.Şirvani, M.F.Axundov, Kazım
ağa Salik, İsmayılbəyov Nakam, Mirzə Mehdi Naci və
qeyriləri kimi "xoşbəxt şairlər və dəqiq
ədiblərin meydana gəldiyini" xüsusi qeyd edirdi. O, bu
halı milli məktəblərimizin müvəffəqiyyətli
cəhətləri ilə yanaşı, həm də millətimizin
mərifət qabiliyyəti, təbii istedad sahibi olması ilə
izah edirdi.
F.Köçərli
xalqın ehtiyaclarını ödəmək, dərdinə
çarə axtarmağın yolunu da göstərməyə
səy edir və deyirdi ki, hər şey əql ilə, hünər,
qeyrət və birlik ilə, səy və cəhd ilə, elm və
mərifət nuru ilə əldə edilir. Bir maarifçi-demokrat kimi F.Köçərlinin
göstərdiyi əsas, həlledici çıxış yolu
xalqı maarifləndirməkdən, mədəniləşdirməkdən
ibarət idi. XX əsrin başqa maarifpərvər-demokratları
kimi o da ictimai bəlaların kökünü cəhalətdə,
nadanlıqda, elmsizlikdə görür, maarifə, elmə
xalqı azadlığa çıxaran bir vasitə kimi
baxırdı. O, xalqı qəflət yuxusundan
ayıltmağa cəhd edir, S.Ə.Şirvaninin
"nadanlıq dərdinin dərmanı elmdir", "hər
kimin elmi var, o insandır"
müddəasını təbliğ edirdi.
F.Köçərli
millətin naxoşluğunu müalicə edənlərə,
xalqı cəhalət qaranlığından
işıqlığa çıxaranlara - müəllimlərə
ümid edirdi. O yazırdı ki, "müəllimlərin səyi
və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt
olub ağ günə çıxıblar, şan və
hörmət qazanıblar, dövlət və qüvvət kəsb
ediblər".
O haqlı olaraq qeyd
edirdi ki, müəllim məktəbin canı və içində
olduğu camaatın çırağı məqamındadır.
Müəllim öz peşəsini sevsə,
öz şagirdlərini övladı kimi istəsə, onların
təlim və tərbiyəsinə can yandırsa, əhalinin
gözünü açmağa və xeyir yetirici biliklər
ilə onları həyata hazırlasa böyük kəramətlər
göstərər və xalqın rəğbət və
hörmətini qazanar. Köçərli belələrinə
misal olaraq İsabəy Abakarov ilə Əhmədağa
Mustafayevi göstərirdi.
F.Köçərlinin
fikrincə, müəllimlərin öz sevimli peşələrindən
uzaqlaşmasının başlıca səbəblərindən
biri də onların ehtiyacının ödənilməməsi
ilə, həddən ziyadə az məvacib almaları ilə
izah olunur.
"Bir
peşə ki, öz ərbabını həmişə fəqir
və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki,
lazımdır ödəməyə, aclıqdan və
susuzluqdan, istidən və soyuqdan özünü və əyalını
mühafizə etməyə, o peşəyə dəxi ərbabı
tərəfindən artıq meyl və rəğbət olunmaz. O peşənin sahibi
çalışır ki, özgə bir xeyirli işin və
mənfəətli kəsbin dalısınca getsin".
F.Köçərli
nəinki kənd məktəbləri, həm də gimnaziyalar
üçün müəllim hazırlığında nəzərəçarpan
ciddi qüsurları tənqid edir, onun fikrincə,
"gimnaziyalarda mahir və öz işlərinə bələd
olan müəllimlərin yoxluğuna ümdə səbəb...
kamil müəllim yetirən darülmüəllimlərin yoxluğudur, o
institutlar və darülmüəllimlər ki, ondan müəllimlər
hasilə gəlir, qayda üzrə təsis
olunmamışdır. Onlarda pedaqogika elminə dair və təlimat
işlərinə mənsub məlumat verilməyib. Gimnaziya
müəllimlərindən çoxlarını
tanıyıram ki, pedaqogika fənni və elminin babası
sayılan Yan Amos Komenskinin və İohan Henrix Pestalotsinin adlarını eşitmiş
olsunlar.
F.Köçərli
bu qənaətə gəlir ki, əgər müəllimlərin
dərdinə çarə edilər, əmək haqqı
artırılarsa, onlar da çalışacaqlar ki, öhdələrinə
götürdükləri uşaqların təlimi və tərbiyəsi
kimi mühüm vəzifəni və borcu layiqincə icra
etsinlər. O vaxt
cavanlarımız nəinki müəllimlikdən
qaçarlar, bəlkə çoxları sair qulluqdan müəllimliyə
keçməyə meyl və rəğbət göstərərlər
və camaat nəzərində dəxi müəllimlərin
şan və hörməti artar".
F.Köçərli
ümidsiz deyildi. O, Azərbaycan xalqının tərəqqisinə
böyük inam bəsləyirdi.
F.Köçərlinin
adı Azərbaycan məktəb və pedaqoji fikir tarixinə
görkəmli müəllim, metodist, maarifçi-demokrat kimi
daxil olmuşdur.
Bütün
bunlarla bərabər, F.Köçərli Qori Müəllimlər
Seminariyasının təşkili ilə əlaqədar
sövti üsul ilə meydana gələn dərslikləri,
ilk növbədə A.O.Çernyayevskinin 1882-ci ildə nəşr
olunmuş "Vətən dili"ni (I hissə, Tiflis, 1882)
yüksək qiymətləndirmişdir. "Bu dərsliklər o zamana qədər
fars dilində mövcud olan çərəkə əsasında,
yəni hərfləri höccələmək üsulu ilə
dərs keçən Azərbaycan məktəblərində
tamamilə yeni bir islahat əmələ gətirdi" - deyən
Köçərli tamamilə haqlı idi.
F.Köçərlinin
əsərlərində R.Əfəndiyevin "Uşaq
bağçası", "Bəsirət-ül-ətfal"
kitabları, orfoqrafiya qaydalarının az-çox qaydaya
salınmasında N.Nərimanovun "Türk-Azərbaycan dilinin
müxtəsər sərf-nəhvi", A.Y.Talıbzadənin
qrammatika dərsliyi yüksək qiymətləndirilir.
Onun özünün
"Balalara hədiyyə" (1912) adlı kitabı bir tədris
vəsaiti rolunu oynamışdır.
F.Köçərlinin
əsər və məqalələrində qadın təhsili,
rus dilinin əhəmiyyəti, tərbiyə məsələlərinə
aid çoxlu və qiymətli fikirlər vardır.
F.Köçərli
pedaqoji fəaliyyəti ilə bərabər ədəbi və
publisistik məqalələri ilə dövrünün bir
çox vacib elmi-pedaqoji, ədəbi və metodiki problemlərinə
aid bu gün də əhəmiyyətini itirməyən fikirlər
söyləmişdir.
1885-1895-ci illərdə
İrəvan gimnaziyasında Azərbaycan dili müəllimi vəzifəsində
işləyən unudulmaz maarifçi Firidun bəy
Köçərlinin tərtib etdiyi proqram özünün
elmiliyi və əhatə dairəsinin genişliyi ilə daha
çox diqqəti cəlb edir.
Bununla bağlı bir
cəhəti qeyd edək ki, F.Köçərlinin tədqiqatçıları
(akademik B.Nəbiyev, S.A.Əzimova və b.) bu proqramın tam mətnini
əldə edə bilməmişlər.
Bəkir Nəbiyev
"Görkəmli tədqiqatçı və ədəbiyyatşünas"
adlı əsərində (Bakı, 1963, səh. 42)
F.Köçərlinin tərtib etdiyi "Azərbaycan
dili" proqramı haqda yazır: "Ermənistan SSR Mərkəzi
Dövlət Tarix Arxivində rast gəldiyimiz həmin
proqramın şərti olaraq giriş hissəsi
adlandıracağımız bircə parçası
qalmışdır".
Xoşbəxtlikdən
keçən əsrin 70-ci illərində İrəvan Mərkəzi
Dövlət Tarix Arxivində işləyərkən həmin
proqramın tam mətnini əldə etmək bizə nəsib
oldu. Həmin proqram hazırda Ermənistan Respublikası MDTA-də,
surəti isə bizim şəxsi arxivimizdə
saxlanılır.
Qeyd etmək
yerinə düşər ki, o zamanlar Azərbaycan dili təkcə
Zaqafqaziyada deyil, bütöv Yaxın və Orta Şərq
ölkələrində əsas ünsiyyət vasitəsi
olduğundan bu dilin tədrisi dövlət məktəblərində
oxuyan bütün millətlərdən olanlar, o cümlədən
ruslar üçün də
məcburi fənn hesab edilirdi. F.Köçərli
proqramın giriş hissəsində bu cəhəti ayrıca
vurğulayaraq yazır ki, gimnaziyada tatar dilini (Azərbaycan
dilini) təkcə tatarlar deyil (onlar üçün bu dili
öyrənmək məcburidir), həm də ruslar öyrənirlər.
Məsələn, keçən il hazırlıq sinfində
tatar dilini öyrənən 12 şagirddən 7-si, bu il isə
13 şagirddən 9-u ruslardır.
Odur ki, tədris fənni
kimi tatar dili bir qrup şagirdlər üçün ana dili,
digərləri üçün isə xarici dildir.
Hazırlıq sinfində işləmək asandır,
çünki müsəlman şagirdlər gimnaziyaya daxil
olarkən ana dilində yazmağı və oxumağı bacarmırlar.
Ona görə də tatar dilinin təlimi bütün siniflə,
həm tatarlar, həm də qeyri-tatarlarla birlikdə
aparılır. Təlim əlifbadan başlanır.
Azərbaycan dilinin tədrisinə
dair proqram tərtib etməyin tarixçəsi belə
olmuşdur: Belə ki, 1886-cı ilə qədər Qafqazdakı
dövlət məktəblərində öyrədilən
yerli dillərin, o cümlədən Azərbaycan dilinin
proqramı yox idi. Bu dillərin tədrisinin
keyfiyyətini yaxşılaşdırmaq məqsədilə
QTD-nin popeçiteli K.Yanovski 1886-cı il mayın 10-da
bütün məktəblər direksiyalarına sərəncam
verərək qarşıdakı yay tətili zamanı yerli
dil müəllimlərinin proqram tərtib etmələrini, həmin
proqramların məktəblərin pedaqoji
şuralarında müzakirə və təsdiq edildikdən
sonra QTD-nə göndərilməsini tapşırdı.
Popeçitelin bu sərəncamı ilə əlaqədar
olaraq Bakı, Gəncə, İrəvan, Tiflis, Quba,
Göyçay, ZMS-nin Azərbaycan bölməsi, Kürdəmir,
Salyan və s. kəndlərdəki dövlət məktəblərinin
Azərbaycan dili müəllimləri proqram tərtib etdilər.
O cümlədən, İrəvan gimnaziyasının Azərbaycan
dili müəllimi vəzifəsində işləyən gənc
Firidun bəy də həmin proqramı tərtib etmişdir.
Köçərli bu
proqramı 1886-cı ilin axırlarında, yəni müstəqil
müəllimliyə başladığı ilk dövrlərdə
yazmışdır. O zaman nisbətən az təcrübəli
olan gənc müəllimin dövrü üçün
mütərəqqi üsul sayılan sövti-üsuldan istifadə
etdiyi görünməkdədir.
Həmin proqramda
Köçərlinin təqdir etdiyi pedaqoji prinsip induktiv olub,
təlim prosesində sadədən mürəkkəbə,
asandan çətinə qaydasına əsaslanır. Bu isə,
öz növbəsində, keçilən materialın
şagirdlər tərəfindən mənimsənilməsi
üçün ən yaxşı təminat yaradır.
Proqram
aşağıdakı hissələrdən ibarətdir:
giriş hissəsi, hazırlıq sinfi, yazılı təmrinlər
(Çernyayevskinin "Vətən dili" dərsliyi əsasında),
birinci sinif, ikinci sinif.
Proqramın giriş
hissəsində müəllif Azərbaycan dilinin tədrisi, bu
dilin təkcə azərbaycanlılar üçün deyil, həm
də digər millətlərdən, o cümlədən
ruslar üçün məcburi fənn olmasını qeyd
edir. Proqramda müəllifin pedaqoji və metodiki fikirlərini əks
etdirən "yazılı təmrinlər" bölməsində
deyilir: "Tədris üsulu sövti-üsul olub sintetik yolla
aparılır. Əvvəlcə tələffüzü asan,
yazılışı sadə olan hərflər haqqında
şagirdlərə məlumat verilir. Hər bir hərf şəkilcə
nə qədər sadə olsa da, müəllim tərəfindən
qəşəng və səliqəli xətlə sinif
lövhəsinə yazılır. Onun yanında
isə irəliki dərslərdə öyrədilmiş hərflərdən
təzə hərfə oxşayan və ona yaxın olan bir hərf
yazılır. Şagirdlər bu hərfləri müqayisə
edir, onların oxşar və fərqli cəhətlərini
göstərir, əvvəlcə lövhədə, sonra
isə öz dəftərlərində yazırlar. Bunun
ardınca şagirdlərə tərkibində təzəcə
öyrəndikləri hərf olan söz verilir, axırda həmin
sözlərdən cümlə tərtib olunur".
Dövlət məktəblərində
çalışan Azərbaycan dili müəllimlərinin
hazırladıqları proqramlar Tiflisdə Mərkəzi
Dövlət Arxivində saxlanılır. Biz bu proqramları
saf-çürük edərək belə qənaətə gəldik
ki, bu proqramlar içərisində daha çox diqqəti cəlb
edən F.Köçərli ilə Şamaxı şəhər
məktəbinin müəllimi S.Əzimin göndərdiyi
proqramdır. Doğrudur, S.Əzimin proqramı cəmi bir səhifədən
ibarətdir. Buna baxmayaraq həmin proqram sadədən mürəkkəbə
prinsipi ilə tərtib edilmişdir. Səs üsuluna əsasən
tərtib edilmiş bu proqram o zamanlar şəhər məktəbinin
tələblərinə tam münasib idi.
F.Köçərlinin
tədris etdiyi proqram isə özünün elmiliyi ilə fərqlənir,
pedaqoji və metodiki baxımdan daha yüksək idi.
F.Köçərli
həmin proqramında Azərbaycan dilinin öyrədilməsində
A.O.Çernyayevskinin "Vətən dili" dərsliyinin əsas
götürülməsini ayrıca vurğulayır və
proqramın əsas bölmələrindən birini məhz dərslik
kimi A.O.Çernyayevskinin "Vətən dili" adı ilə
qeyd etmişdir. O, birinci
sinifdə oxu materiallarının ilk öncə "Vətən
dili"ndən, sonralar isə Vəzirovun "Müntəxəbat"ından
istifadə etməyi lazım bilirdi.
Məşhur rus
şairlərinin kiçik şeirlərini isə Həsənəli
xan Qaradağlının İ.A.Krılovun təmsillərindən
etdiyi tərcümələr əsasında öyrənməyə-əzbərləməyə üstünlük verirdi.
Beləliklə də
ikinci sinfin sonunda şagirdlər müstəqil oxumağı
və diqtə əsasında daha ciddi məqalələri rus
dilinə tərcümə edərək
yazıb-oxumağı bacarmalı idilər.
Ümumiyyətlə,
F.Köçərli öz müəllimi
A.O.Çernyayevskinin "Vətən dili" dərsliyini
yüksək qiymətləndirir, istər azərbaycanlı
şagirdlərin, istərsə də rusların bu dili öyrənməsində
"Vətən dili"ni əvəzsiz mənbə,
nümunəvi dərslik hesab edirdi. O, A.O.Çernyayevskinin vəfatının
20 illiyi ilə əlaqədar 7 dekabr 1914-cü ildə
"Kaspi" qəzetində dərc etdirdiyi məşhur məqaləsində
yazırdı ki, türk-tatar
sistemli dillərdə danışan xalqlar arasında ilk
dəfə sövti-üsulla dərs keçmək təşəbbüsü
bilavasitə həmin dərslik və Qori seminariyası
ilə bağlı olmuşdur. O, yazmışdır:
"Tamam islam aləmində bu təşəbbüs birinci dəfə
Azərbaycanda ortaya çıxmışdır. Ana dili təlimində
ondan istifadə edilməsi Azərbaycan məktəb tarixində
mühüm pedaqoji hadisə idi. Azərbaycan
ziyalılarının bütöv bir nəsli bu kitabdan dərs
almışdır".
Məhz
bunun nəticəsi idi ki, ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi zamanlar, 1981-ci ilin
oktyabrında A.O.Çernyayevskinin anadan olmasının 140
illiyinin qeyd edilməsi ilə əlaqədar qəbul
edilmiş qərarda "Vətən dili" dərsliyinin dil
tədrisində Şərqdə ilk dəfə tətbiq edilən səs metodu əsasında
tərtib edilməsi xüsusi qeyd olunmuş, "Vətən
dili" dərsliyinin hər iki hissəsinin faksimile və
transliterasiya qaydasında suvenir şəklində
hazırlanıb çap edilməsi Dövlət nəşrkomu
ilə birlikdə Ali və Orta İxtisas Təhsili Nazirliyi və
Maarif Nazirliyinə tapşırılmışdır. 2007-ci ildə "Vətən dili" dərsliyinin
birinci hissəsinin nəşr edilməsinin 125 ilinin tamam
olması ilə əlaqədar bu sətirlərin müəllifi
tərəfindən həmin dərslik ərəb əlifbasından
müasir əlifbaya çevrilərək çap edilib
oxucuların istifadəsinə verildi. Rusiya
Dövlət Təhsil Akademiyasının prezidenti N.D.Nikandrov
başda olmaqla, akademiyanın böyük bir dəstəsinin
də iştirakı ilə Bakıda bu kitabın 125 illiyinə
həsr edilmiş beynəlxalq konfrans da bu sahədə
uğurlu tədbirlərimiz kimi tarixə daxil olmuşdur.
Hüseyn
ƏHMƏDOV,
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor
Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.10.