Şəhriyarın pedaqoji görüşlərinə
dair sanballı tədqiqat əsəri
Azərbaycan
pedaqoji fikir tarixinin zəngin qollarından və
qaynaqlarından birini tarixin
müxtəlif dönəmlərində yaşamış
görkəmli filosofların, istedadlı sənət
adamlarının, müqtədir söz
ustalarının təhsilə, onun əhəmiyyətinə
və insanın inkişafındakı roluna
dair fikirləri, təlim-tərbiyə ilə bağlı qənaətləri təşkil
edir. Ona görə də pedaqogika və
pedaqoji fikir tariximizin tədqiqi ilə məşğul olan mütəxəssislər öz
araşdırmalarında bu sahəyə də
xüsusi yer
ayırır, xalqımızın elm, ədəbiyyat,
incəsənət tarixində mühüm
yer tutan, Azərbaycan
mədəniyyətinin inkişafına böyük töhfələr vermiş
görkəmli şair və
yazıçıların yaradıcılığını bu yöndən tədqiqata cəlb edərək,
onların pedaqoji görüşləri,
maraqlı ideya və fikirləri
haqqında sanballı əsərlər yazıb ortaya qoyurlar.
Ötən ilin sonlarında pedaqoji fikir xəzinəmizi zənginləşdirən
daha belə bir tədqiqat
əsəri çap edilərək oxuculara təqdim olunmuşdur.
Bu, tanınmış pedaqoq-alim,
respublika Təhsil Şurasının sədri,
professor Əjdər Ağayevin
Cənubi Azərbaycandan olan tədqiqatçı Qulamhüseyn
Ədaləti ilə birlikdə qələmə
aldığı "Məhəmmədhüseyn Şəhriyar:
pedaqoji görüşləri" əsəridir.
Kitab, adından da göründüyü
kimi, böyük söz ustadı, çağdaş
dövrümüzün ən qüdrətli
sənətkarlarından sayılan və müasir
İran şeirinin
şahı adlandırılan Seyid Məhəmmədhüseyn
Şəhriyarın təlim-tərbiyəyə dair fikirlərinə həsr edilib.
Bu maraqlı tədqiqat əsəri giriş, üç fəsil
və nəticədən ibarətdir. Girişdə müəlliflər
öncə şairin Azərbaycan, eləcə
də İran poeziyasında yeri və mövqeyinə dair
fikirlərini qələmə alıb, ulu
öndərimiz Heydər Əliyevin böyük
sənətkara verdiyi qiyməti diqqətə
çatdırıblar. Sonra M.Şəhriyarın
ədəbi irsi və sənətkarlıq
xüsusiyyətləri haqqında yazan tədqiqatçıların
xidmətləri xatırladılıb.
Şəhriyar irsinin tədqiqini araşdıran müəlliflər
bu qənaətə gəlirlər ki, böyük ustadın
təlim-tərbiyəyə aid fikirləri,
ümumiyyətlə, pedaqoji
baxışları indiyədək sistemli
və xüsusi tədqiqat obyekti
olaraq öyrənilməmişdir. Təqdim
olunan kitab məhz bu sahədə atılan ilk
addım kimi diqqəti cəlb edir. Müəlliflər bu
tipli tədqiqatların aparılması sistemi ilə bağlı yaranmış ənənəyə
sadiq qalaraq, öncə
Məhəmmədhüseyn Şəhriyarın ictimai mühiti, həyatı
və dünyagörüşü ilə
bağlı qənaətlərini qələmə alıblar.
Kitabın birinci fəslini əhatə
edən bu araşdırmalarında Ə.Ağayev və Q.Ədaləti XX əsrin əvvəllərində
İranda ictimai-mənəvi şəraitə
nəzər salıb, həmin dövrdə təlim-tərbiyə
sahəsindəki vəziyyətin mənzərəsini diqqətə
çatdırıb, İranda təlim-tərbiyənin
inkişafını 4 mərhələyə bölərək
hər bir mərhələnin xüsusiyyətlərindən,
hər birində görülmüş
işlərdən söz açıblar.
Sonra müəlliflər M.Şəhriyarın
həyatı və dünyagörüşündən geniş şəkildə bəhs edib, böyük şairin ömür və
yaradıcılıq yolunu mərhələ-mərhələ
təhlil ediblər. Kitabın birinci fəslində
habelə M.Şəhriyarın insan
konsepsiyası, yəni onun insana
dair baxışları təhlil olunaraq ümumiləşdirilib.
Əsərin ikinci fəslində tədqiqatçılar
M.Şəhriyarın əsərlərində təhsil, təlim
və insanın sosial-mənəvi inkişafı məsələləri
ilə bağlı apardıqları araşdırmaların nəticələrini
təqdim ediblər. Burada böyük mütəfəkkir
şairin təlim-tərbiyə məsələlərinə
ümumi baxışı, təhsilin və
biliyə yiyələnməyin zəruriliyi, uşaq
oyunları və onların uşağın sosial
inkişafına təsiri haqqında fikirləri
ardıcıllıqla şərh edilmişdir.
Əsərin üçüncü fəsli "M.Şəhriyarın
əsərlərində tərbiyə məsələləri"
adlanır. Müəlliflər bu
fəsildə öncə Şəhriyarın pedaqoji
baxışlarında müəllim və valideyn
amili məsələsini
araşdırır, sonra isə ana dilinin milli
tərbiyə vasitəsi kimi ədibin pedaqoji baxışlarında tutduğu
yeri tədqiqata çəkir, dahi şairin ədəb
qaydaları və əxlaq tərbiyəsi haqqında fikirlərini,
onun əsərlərində təbiətsevərlik
və vətənpərvərlik, əmək və estetik tərbiyə məsələlərini ətraflı
təhlil edirlər.
Sonda müəlliflər bu
qənaətə gəlirlər ki,
görkəmli söz ustası kimi məşhur olan Məhəmmədhüseyn
Şəhriyar, eyni zamanda,
zəngin pedaqoji ideyalar
daşıyıcısı bir müəllim,
müqtədir ictimai pedaqoji
fikir sahibidir. Onun pedaqoji fikirləri
qloballığı və milliliyi, ümumbəşəriliyi,
zənginliyi ilə diqqəti cəlb edir.
M.Şəhriyarın pedaqoji ideyaları
yalnız öz dövrü
üçün aktual
deyil, günümüzdə də xüsusi dəyərə malikdir
və gələcəkdə də öz
əhəmiyyətini saxlayacaqdır.
Əsərin
əsas məziyyətlərindən biri də
ondan ibarətdir ki, burada ustad sənətkarın
təkcə Azərbaycan dilində deyil, fars dilində yazdığı əsərləri
də təhlilə cəlb olunub, hər iki dildə olan əsərlərdən
nümunələr gətirilib.
Kitab magistrlər, doktorantlar,
tədqiqatçılar, eləcə də geniş
oxucu dairəsi üçün
nəzərdə tutulub.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.9.