İlk peşə-ixtisas
təhsili müəssisəsinin
NÜMUNƏVİ
NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu
Nümunəvi Nizamnamə "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən
hazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, bütün ilk peşə-ixtisas
təhsili müəssisələrinin fəaliyyətini tənzimləyir.
1.2. Bu Nümunəvi
Nizamnamə hər bir ilk peşə-ixtisas təhsili müəssisəsi
üçün fərdi nizamnamənin hazırlanmasında əsas
hesab olunur.
1.3. Dövlət ilk
peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsi
təhsil müəssisəsinin təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr
istisna olmaqla) tərəfindən təsdiq edilir.
1.4. Azərbaycan
Respublikasında hüquqi şəxs kimi dövlət
qeydiyyatına alınmış, fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya
olunmuş dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin
nizamnaməsində edilən dəyişikliklər təhsil
müəssisəsinin pedaqoji şurası tərəfindən
qəbul olunur və təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr
istisna olmaqla) tərəfindən təsdiq edilir.
1.5. Bələdiyyə
və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin
nizamnamələri və onlarda edilən dəyişikliklər
təsisçilər tərəfindən Azərbaycan
Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsdiq
edilir.
1.6.
İlk peşə-ixtisas təhsili müəssisəsi əmək
bazarının tələbatına uyğun olaraq, ümumi
orta təhsil və tam orta təhsil bazasında müxtəlif
sənətlər və kütləvi peşələr
üzrə ixtisaslı kadrların hazırlanmasını təmin
edir. Ümumi orta və tam
orta təhsil səviyyələri üzrə
müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən
və ya hər hansı dərs ilində dərs məşğələlərində
iştirak etmədiyi üçün fənn (fənlər)
üzrə biliyi qiymətləndirilməyən və ya tam
orta təhsil səviyyəsində fənn
(fənlər) üzrə bilik qiyməti "2" olduğu
üçün attestasiyaya buraxılmayan və ilk peşə-ixtisas
təhsili almaq istəyən 15 yaşdan yuxarı olan şəxslər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21
yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq
edilmiş "Müxtəlif səbəblərdən təhsilin
hər hansı pilləsini və səviyyəsini başa
vurmayan şəxslərə arayışın verilməsi
Qaydası"na uyğun olaraq verilən müvafiq
arayış əsasında ilk peşə-ixtisas təhsili
müəssisələrində təhsil ala bilərlər.
1.7.
İlk peşə-ixtisas təhsili müəssisəsi təhsilin
bu pilləsi üzrə təhsil
proqramlarını (kurikulumları) həyata keçirən
hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
adı və hüquqi ünvanı onun nizamnaməsində
göstərilir.
1.8. İlk peşə-ixtisas
təhsili müəssisəsi müstəqil balansa,
qanunvericiliyə uyğun olaraq, mülkiyyətində və ya
sərəncamında olan əmlaka, xəzinə və bank
hesablarına, üzərində öz adı həkk olunmuş
möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.9. İlk peşə-ixtisas
təhsili müəssisəsinə ümumi orta təhsil
bazasından qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam
orta təhsil almaq hüququna da malikdirlər.
1.10.
İlk peşə-ixtisas təhsili
müəssisəsi
öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin əmrlərini,
kollegiyasının qərarlarını və bu Nümunəvi
Nizamnaməni rəhbər tutur.
1.11. İlk peşə-ixtisas
təhsili müəssisəsi təhsil
prosesini humanistlik, millilik və
dünyəvilik, keyfiyyətlilik, demokratiklik, bərabərlik,
səmərəlilik, fasiləsizlik, vəhdətlilik, daimilik,
varislik, liberallıq və inteqrasiya
prinsipləri əsasında həyata
keçirir.
1.12. İlk peşə-ixtisas təhsili
müəssisəsində irqindən, cinsindən, dilindən, mənşəyindən,
dinindən, siyasi əqidəsindən, milliyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq,
hər bir vətəndaşın təhsil
almaq hüququ vardır.
1.13. İlk peşə-ixtisas
təhsili müəssisələrində siyasi partiyaların
və dini qurumların strukturlarının yaradılmasına
və fəaliyyətinə yol verilmir.
1.14. Dövlət
ilk peşə-ixtisas təhsili müəssisəsinin
yaradılması, yenidən təşkili və ləğv
edilməsi "Dövlət büdcəsindən maliyyələşən
təlim-tərbiyə və təhsil müəssisələrinin
yaradılması, genişləndirilməsi, yenidən təşkili
və ləğv edilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına
uyğun olaraq həyata keçirilir. Bələdiyyə və
özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada
bələdiyyələr və təsisçilər tərəfindən
həyata keçirilir.
1.15.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
adı həmin müəssisənin yaradıldığı
zaman müəyyənləşdirilir və yenidən təşkil
olunduğu halda dəyişdirilə bilər. İlk peşə-ixtisas
təhsili müəssisəsinin adının dəyişdirilməsi
tabeliyində ilk peşə-ixtisas təhsili müəssisəsi
olan müvafiq dövlət
idarəetmə orqanlarının vəsatəti əsasında
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
həyata keçirilir.
1.16.
İlk peşə-ixtisas təhsili müəssisəsinə
işə qəbuletmədə, vəzifələrə təyinolunmada
və ya seçilmədə, əməyin
stimullaşdırılmasında, bu təhsil müəssisəsinə
şəxslərin qəbul olunmasında, təhsilalanların
təqaüdlə təmin edilməsində, təhsilalanların
və ixtisasların seçilməsində,
biliyin qiymətləndirilməsində, məzunların
işlə təmin edilməsində, həmçinin təhsilalanların
və təhsilverənlərin ixtisaslarının
artırılmasında, onların təhsili sahəsində və
digər məsələlərdə kişilər və
qadınlar üçün bərabər imkanlar yaradılır.
1.17. Ödənişli
əsaslarla təhsil almaq istəyənlərin təhsili ilk
peşə-ixtisas təhsili müəssisəsi ilə
bağlanılan müqavilələrə uyğun olaraq həyata
keçirilir.
1.18. Dövlət ilk
peşə-ixtisas təhsili
müəssisələrində maddi vəziyyətindən
asılı olmayaraq, istedadlı şəxslər və
sosial müdafiəyə
ehtiyacı olanlar
üçün müvafiq qaydada şərait
yaradılır.
1.19. İlk peşə-ixtisas
təhsili müəssisələrində təhsilalanların
geyim forması hər bir təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
1.20. İlk peşə-ixtisas təhsili
müəssisələrində
milli peşə ənənələri qorunur, inkişaf etdirilir
və innovasiyalar tətbiq
olunur.
1.21. Xaricdə
yaşayan azərbaycanlılar
üçün ilk peşə-ixtisas təhsili pilləsi ilə
bağlı dövlətin həyata keçirdiyi
xüsusi layihələrdə və
proqramlarda ilk peşə-ixtisas
təhsili müəssisələri iştirak edə bilərlər.
1.22. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147
nömrəli qərarı ilə təsdiq edilmiş
"Formal təhsilin təşkili Qaydaları"na uyğun
olaraq, ilk peşə-ixtisas təhsili müəssisələrində
təhsil əyani formada həyata keçirilir.
1.23. Ölkənin
iqtisadiyyatına və əmək bazarının tələblərinə uyğun
olaraq, ilk peşə-ixtisas
təhsili müəssisələrinə dövlət və
qeyri-dövlət təşkilatları və müəssisələri
tərəfindən kadr hazırlığı
üçün sifarişlər verilir və
sifarişçi təşkilat məzunların
ixtisasına uyğun işlə təmin olunmasına köməklik
göstərir.
2. İlk peşə-ixtisas təhsilinin əsas məqsədi
2.1. İlk peşə-ixtisas
təhsilinin əsas məqsədi aşağıdakılardır:
2.1.1. Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini dərk
edən, xalqının milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik
və azərbaycançılıq ideyalarına sadiq olan,
müstəqil, yaradıcı düşünən vətəndaş
və şəxsiyyət yetişdirmək;
2.1.2.
milli-mənəvi və ümumbəşəri dəyərləri
qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri
və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri
biliklərə yiyələnən, müasir təfəkkürlü
və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
2.1.3. sistemləşdirilmiş
bilik, bacarıq və vərdişlərin mənimsənilməsini
və ixtisasın daim
artırılmasını təmin etmək, təhsilalanları
ictimai həyata və səmərəli əmək fəaliyyətinə
hazırlamaq.
3. İlk peşə-ixtisas təhsili sahəsində dövlət standartları
3.1.
İlk peşə-ixtisas təhsili müəssisələrində
ixtisaslı kadrların
hazırlanması, yenidən hazırlanması və
ixtisaslarının
artırılması Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı
ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili
pilləsinin dövlət standartı və proqramı (kurikulumu)" və
2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş
"Əlavə təhsilin məzmunu, təşkili və
əlavə təhsilin hər hansı istiqaməti üzrə
təhsil almış şəxslərə müvafiq sənədin
verilməsi Qaydası" əsasında həyata
keçirilir.
3.2.
İlk peşə-ixtisas təhsilinin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə
olunmasını,
maddi-texniki
bazasını,
infrastrukturunu, təhsilverənlərin (müəllimlərin, istehsalat
təlimi ustalarının
və digərlərinin)
ölçülə bilən keyfiyyət göstəricilərini, təhsilalanların
bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
33.3. Sağlamlıq imkanları məhdud şəxslərin
ilk peşə-ixtisas təhsili xüsusi dövlət
standartlarına uyğun həyata keçirilir.
4. Tədris dili
4.1. İlk peşə-ixtisas təhsili
müəssisələrində
tədris dövlət dilində - Azərbaycan dilində aparılır.
4.2. Vətəndaşların,
ilk peşə-ixtisas təhsili müəssisələri təsisçilərinin,
işəgötürənlərin istəyi nəzərə
alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırma əsasında həmin müəssisələrdə
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununda göstərilmiş Azərbaycan dili, Azərbaycan ədəbiyyatı,
Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri
tədris edilməklə, təhsil ilk peşə-ixtisas təhsili
üzrə müvafiq dövlət standartlarına uyğun
olaraq digər dillərdə də
aparıla bilər.
4.3. Azərbaycan dilini
zəif bilən təhsilalanlar üçün Azərbaycan
Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi
qaydada ilk peşə-ixtisas təhsili müəssisələrində
hazırlıq qrupları və kursları təşkil olunur.
5. İlk peşə-ixtisas təhsilinin keyfiyyət səviyyəsi
5.1.
İlk peşə-ixtisas təhsilinin keyfiyyət səviyyəsi
dövlət standartları əsasında beynəlxalq və
ümumavropa təhsil sisteminin prinsiplərinə və bu təhsil
pilləsi üzrə müvafiq keyfiyyət göstəriciləri
sisteminə (təhsil proqramlarına (kurikulumlara), şagirdlərin
hazırlıq səviyyəsinə, maddi-texniki bazaya,
infrastruktura, informasiya resurslarına, təhsilverənlərin peşəkarlığına
və elmi-pedaqoji səviyyəsinə, mütərəqqi tədris
texnologiyalarına) uyğun olaraq müəyyən edilir.
5.2. İlk peşə-ixtisas
təhsili müəssisəsində kadr
hazırlığının keyfiyyət səviyyəsi məzunların
milli və beynəlxalq əmək bazarında rəqabət
qabiliyyəti, ölkənin sosial və iqtisadi
inkişafında rolu ilə müəyyən edilir.
5.3. Bu təhsil pilləsinin
keyfiyyət səviyyəsinin qəbul olunmuş dövlət
standartlarına uyğunluğu dövlət akkreditasiya xidməti
tərəfindən müvafiq qaydada qiymətləndirilir.
6. Təhsil proqramı (kurikulum)
6.1. İlk peşə-ixtisas
təhsili pilləsinin ayrı-ayrı peşələri
üzrə təhsil proqramları (kurikulumlar)
aşağıdakı tədris-metodiki sənədlər əsasında
həyata keçirilir:
6.1.1. nümunəvi tədris
planı;
6.1.2. istehsalat təlimi
və təcrübələrinin aparılmasına, istehsalat
sınaq işlərinin yerinə
yetirilməsinə, şagirdlərin yekun dövlət
attestasiyasının keçirilməsinə dair metodiki göstərişlər;
6.1.3. fənn
proqramları (kurikulumlar);
6.1.4. fənlər
üzrə işçi-tədris proqramları (kurikulumlar);
6.1.5. dərsliklər,
dərs vəsaitləri;
6.1.6. ixtisas, ümumtəhsil
fənləri üzrə laboratoriya işlərinin yerinə
yetirilməsinə və istehsalat təcrübələrinin
yekunları barədə hesabatların hazırlanmasına dair
metodiki tövsiyələr;
6.1.7. təhsilalanların
biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki
materiallar (yoxlama və test tapşırıqları, imtahan
biletləri, şagirdlərin müstəqil
hazırlığı üçün suallar);
6.1.8. ixtisaslaşmış kabinet,
laboratoriya və tədris-istehsalat emalatxanalarının
siyahısı.
6.2. Nümunəvi təhsil proqramları (kurikulumlar) Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən edilmiş qaydada hazırlanır və təsdiq
edilir.
6.3. Təhsil proqramlarının (kurikulumların) yerinə
yetirilməsi müddəti təhsil bazasından və ilk
peşə-ixtisas səviyyəsindən asılı olaraq, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə
təsdiq edilmiş "İlk peşə-ixtisas təhsilinin
dövlət standartı (kurikulumu)"na uyğun müəyyən edilir.
6.4. İlk peşə-ixtisas təhsili müəssisəsində
əlavə təhsil almaq üçün müvafiq təhsil
proqramları (kurikulumlar) tətbiq edilir.
6.5. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı
olan təhsilalanların təhsilini,
müalicəsini, sosial adaptasiyasını və ictimai həyata
inteqrasiyasını nəzərdə tutan xüsusi ilk peşə-ixtisas
təhsili proqramları (kurikulumlar) müəyyən edilir
və həyata
keçirilir.
6.6. Təhsilalanların həftəlik maksimal tədris
yükünün həcmi dərs və dərsdənkənar
məşğələlər də nəzərə
alınmaqla, 40 saatdır (35 saat dərs, 5 saat dərsdənkənar
məşğələlər).
6.7. İlk peşə-ixtisas təhsili müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş qaydalar əsasında həyata keçirilir.
6.8. İlk peşə-ixtisas təhsili müəssisələrində dərslər sentyabrın 15-dən
başlanır və iyulun 1-dən gec olmayaraq başa çatır. Tədris ili iki yarımildən ibarətdir (birinci yarımil
15 sentyabr - 29 dekabr, ikinci yarımil isə 7 yanvar - 30 iyun). Dərs
ili ərzində qış tətilinin
müddəti 8 gündür. İstehsalat təcrübəsi
təhsil müddətindən asılı olaraq, tədris
planına uyğun müəyyənləşdirilir.
6.9. Tədris ili müddətində işəgötürənlərin
sifarişi əsasında ixtisaslar üzrə kadrların
hazırlanması, yenidən hazırlanması və
ixtisaslarının artırılması məqsədi ilə qısamüddətli
qruplar təşkil olunur.
6.10. Dərs
nəzəri və praktiki formada keçirilir, əlavə
olaraq laboratoriya məşğələləri aparılır.
6.11. İlk peşə-ixtisas təhsili müəssisələrində
təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası
fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir.
Tədris emalatxanalarında istehsalat təlimi məşğələləri
zamanı təlimin birinci ilində hər 45 dəqiqədən,
təlimin ikinci və sonrakı illərində isə 90 dəqiqədən
sonra 10 dəqiqə fasilə verilir.
6.12. Təhsilalanların dərs zamanı tədris
prosesi ilə bağlı olmayan işlərə cəlb edilməsinə
yol verilmir.
6.13. İlk peşə-ixtisas təhsili müəssisələrinin
tədris qruplarında orta sıxlıq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77
nömrəli qərarı ilə təsdiq edilmiş
"İlk peşə-ixtisas təhsili pilləsinin dövlət
standartı və proqramı (kurikulum)"na əsasən
maddi-texniki bazadan asılı olaraq, 20 nəfər müəyyən
edilir. Əgər maddi-texniki baza buna imkan vermirsə,
orta sıxlıq 20 nəfərdən artıq müəyyənləşdirilir.
6.14. Təhsilalanların biliyinin təhsil müddətində
qiymətləndirilməsi üzrə attestasiyanın
keçirilməsi qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
6.15. Təhsilalanların bir təhsil proqramından və
ya ilk peşə-ixtisas təhsili müəssisəsindən
digərinə köçürülməsi, xaric edilməsi
və bərpa olunması məsələləri Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
7. İlk peşə-ixtisas
təhsilinin məzmununa və təşkilinə dair tələblər
7.1. İlk peşə-ixtisas təhsilinin məzmununa və təşkilinə dair
ümumi tələblər
aşağıdakılardır:
7.1.1. təhsilalanlarda müasir tələblərə
və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq,
informasiya cəmiyyətində
yaşayıb fəaliyyət göstərmək və ünsiyyət yaratmaq
bacarığını
formalaşdırmaq;
7.1.2. öz üzərinə
məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində
və inkişafında iştirak
etmək keyfiyyətlərinə
malik, müstəqil, yaradıcı şəxsiyyət və
vətəndaş
formalaşdırmaq;
7.1.3. təhsilalanların fasiləsiz peşə-ixtisas
təhsili almasını, daim
yeniləşən
müasir texnologiyalara
uyğun biliklərə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsi
üçün bərabər imkanlara malik olmalarını təmin etmək;
7.1.4. yüksək
intellektual səviyyə və
təcrübi iş qabiliyyətinə, yeni
texnologiyalara yiyələnmək, informasiya
axınında çevik istiqamət tapmaq
bacarığını
formalaşdırmaq;
7.1.5. ilk peşə-ixtisas
təhsili müəssisəsində tədris
prosesinin təhsilalanların və
təhsilverənlərin
insan ləyaqətinə hörmət etməsi
əsasında
qurulmasını təmin etmək,
təhsilalana və təhsilverənə qarşı hər
hansı fiziki və
psixoloji
zorakılığa
yol verməmək;
7.1.6. cəmiyyətin yüksək səviyyəli
və rəqabət qabiliyyətli kadr potensialına tələbatının
ödənilməsi üçün real zəmin yaratmaq.
8. İlk
peşə-ixtisas təhsili müəssisəsi və onun
strukturu
8.1. Azərbaycan Respublikasında mülkiyyət
növünə görə dövlət, bələdiyyə və
özəl ilk peşə-ixtisas
təhsili müəssisələri fəaliyyət göstərir.
8.2. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
edilməsi "Dövlət büdcəsindən maliyyələşən
təlim-tərbiyə və təhsil müəssisələrinin
yaradılması, genişləndirilməsi, yenidən təşkili
və ləğv edilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 14 may tarixli 67 nömrəli qərarına
uyğun olaraq həyata keçirilir.
8.3. Bələdiyyə ilk peşə-ixtisas təhsili
müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
olunması Azərbaycan Respublikasının "Təhsil
haqqında" və "Bələdiyyələr
haqqında" qanunlarına və
digər qanunvericilik aktlarına uyğun olaraq bələdiyyələr
tərəfindən həyata keçirilir.
8.4. Özəl ilk peşə-ixtisas təhsili müəssisələri fiziki və
ya hüquqi şəxslər tərəfindən
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa və digər qanunvericilik aktlarına uyğun
yaradılır. Respublika ərazisində xarici ölkələrin
ilk peşə-ixtisas
təhsili müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
olunması beynəlxalq müqavilələr əsasında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun həyata
keçirilir.
8.5. İlk peşə-ixtisas təhsili müəssisələrinin
aşağıdakı növləri vardır:
8.5.1. peşə məktəbləri;
8.5.2. peşə liseyləri.
8.6. Peşə məktəbinə qəbul olunanlara
yalnız ilk peşə-ixtisas təhsili verilir.
8.7. Peşə liseyinə ümumi orta təhsil
bazasından qəbul olunan şəxslərə peşə-ixtisas
təhsili ilə yanaşı, həmçinin tam orta təhsil
almaq hüququ da verilir.
8.8. İlk peşə-ixtisas təhsili müəssisələri
və müxtəliftipli təhsil müəssisələri təhsil
kompleksi və kampus formasında da fəaliyyət göstərə
bilərlər.
8.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq
edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin
dövlət standartı və proqramı (kurikulum)"na əsasən
ilk peşə-ixtisas təhsili müəssisələrində
bölmələr üzrə ayrılan saatlara uyğun olaraq,
təhsil müddəti aşağıdakı qruplara görə
6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir:
8.9.1. tam orta təhsil bazasından qəbul
olunmuş qruplarda təhsil müddəti - 1 il;
8.9.2. ümumi orta təhsil
bazasından qəbul olunmuş və peşə ilə
yanaşı, tam orta təhsilalanlar üçün təşkil
edilən qruplarda təhsil müddəti - 3 il;
8.9.3. ümumi orta təhsil
bazasından qəbul olunmuş və yalnız peşə
alanlar üçün təşkil edilən qruplarda təhsil
müddəti peşənin mürəkkəbliyindən
asılı olaraq - 1-2 il.
8.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq
edilmiş "Təhsil proqramlarının (kurikulumların)
yerinə yetirilməsi müddəti"nə uyğun olaraq,
ümumi orta və tam orta təhsil səviyyəsini bitirib,
istehsalatda və ya digər iş sahələrində müəyyən
peşə üzrə bacarıqlar qazanmış şəxslər
üçün işəgötürənlərin və fərdlərin
sifarişləri əsasında həmin və ya digər
peşənin öyrənilməsi, ixtisasının
artırılması və yenidən hazırlanması üzrə
kurslarda təhsil müddəti 6 aya qədərdir.
8.11. İlk peşə-ixtisas təhsili müəssisələrində
təhsil dövlət hesabına və ödənişli əsaslarla
həyata keçirilir. İlk peşə-ixtisas
təhsili müəssisələrində təhsilin dövlət
hesabına və ödənişli əsaslarla həyata
keçirilməsi hər bir təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən olunur.
8.12. İlk-peşə ixtisas təhsili müəssisələrinə
kreditlərin, qrantların və subsidiyaların verilməsi
müvafiq qanunvericiliklə tənzimlənir.
8.13. İlk peşə-ixtisas təhsili müəssisələri
təhsilin inkişafı və təkmilləşdirilməsi
məqsədi ilə ictimai birliklər, assosiasiyalar və
ittifaqlar yaratmaq, eləcə də qeyri-hökumət təşkilatlarına
üzv olmaq hüququna malikdirlər.
8.14. İlk peşə-ixtisas təhsili müəssisəsi
öz fəaliyyətinə görə vətəndaşlar,
cəmiyyət və dövlət qarşısında məsuliyyət
daşıyır.
8.15. Azərbaycan Respublikasında fəaliyyət
göstərən ilk peşə-ixtisas təhsili müəssisəsinin
dövlət elektron məlumat sisteminə qoşulması
qanunvericiliyə uyğun olaraq təmin edilir.
9. İlk
peşə-ixtisas təhsili müəssisələrinin
hüquq və vəzifələri
9.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin
vəzifələri aşağıdakılardır:
9.1.1. ilk peşə-ixtisas təhsili
sahəsində dövlət proqramlarını, kadr hazırlığının
prioritet və istiqamətlərini, dünya təhsil sisteminə
inteqrasiyanı həyata keçirmək və beynəlxalq
standartlara cavab verən təhsil şəraitinin və
mühitinin yaradılmasını təmin etmək;
9.1.2. işəgötürənlərin
sifarişləri nəzərə alınmaqla, ilk peşə-ixtisas
təhsili müəssisəsinə təhsilalanların qəbulunu
proqnozlaşdırmaq və Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;
9.1.3. ilk peşə-ixtisas təhsili
müəssisələrində müəyyən edilmiş
qaydada monitorinq keçirmək və təhsilalanların
biliyini qiymətləndirmək, təlim prosesində innovativ
texnologiyalardan və yeni təlim üsullarından istifadə
etmək;
9.1.4. hər bir təhsilalanın
intellektual, mədəni və mənəvi
inkişafını təmin etmək, müvafiq peşə
üzrə təhsilalma tələblərini ödəmək;
9.1.5. təlim-tərbiyə prosesini yüksək səviyyədə
təşkil etmək;
9.1.6. yüksəkixtisaslı
kadrlar hazırlamaq;
9.1.7. mühəndis-pedaqoji heyətin ixtisasının
artırılması və kadrların yenidən
hazırlanması üçün tədris planı və
proqramları hazırlamaq;
9.1.8. beynəlxalq fəaliyyəti və
xarici əlaqələri təmin etmək.
9.2. İlk peşə-ixtisas təhsili müəssisələrinin
hüquqları aşağıdakılardır:
9.2.1. qanunvericiliklə müəyyən
edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq;
9.2.2. ilk peşə-ixtisas təhsilinin
dövlət standartı çərçivəsində təhsil
proqramlarında (kurikulumlarda) dəqiqləşdirmələr
aparmaq;
9.2.3. beynəlxalq
fəaliyyəti və xarici əlaqələri təmin etmək
(innovativ texnologiyalardan və yeni təlim üsullarından
istifadə etməklə);
9.2.4. tədris prosesini təşkil
etmək və onun monitorinqini həyata keçirmək;
9.2.5. müasir informasiya və
elmi-metodiki təminatı, ilk peşə-ixtisas təhsili
müəssisəsinin qlobal kompüter şəbəkəsi
(internet) üçün informasiya resurslarını yaratmaq;
9.2.6. peşə və ixtisaslara
uyğun dərsliyin, dərs və metodiki vəsaitlərin hazırlanmasında və nəşr
edilməsində iştirak etmək;
9.2.7. tədris prosesinin keyfiyyətini
yüksəltmək məqsədi ilə əlavə olaraq
yerli və xarici mütəxəssisləri cəlb etmək;
9.2.8. müəllim-şagird mübadiləsini və
onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq
əlaqələri yaratmaq.
10.
İlk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi
10.1. İlk peşə-ixtisas təhsili müəssisəsinin
təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr,
Azərbaycan Respublikasının vətəndaşları,
xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
ola bilərlər.
10.2. Təsisçiləri əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər,
xarici hüquqi şəxslər olan ilk peşə-ixtisas təhsili müəssisəsinin
mühəndis-pedaqoji heyətinin azı 80 faizini Azərbaycan
Respublikasının vətəndaşları təşkil etməlidirlər.
10.3. Təsisçinin məsuliyyəti, səlahiyyət
dairəsi, təhsil müəssisəsi ilə
qarşılıqlı öhdəlikləri Azərbaycan
Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və
təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilir.
10.4. İlk peşə-ixtisas təhsili müəssisəsinin
təsisçisi müəssisənin dövlət
qeydiyyatına alınmasına qədər əmələ gəlmiş
və onun yaradılması ilə bağlı olan öhdəliklər
üzrə məsuliyyət daşıyır. İlk
peşə-ixtisas təhsili müəssisəsi öhdəlikləri
üçün ona məxsus olan bütün əmlakı ilə
cavabdehdir. Qanunvericilikdə və ya ilk
peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsində
nəzərdə tutulan hallar istisna olmaqla, təhsil müəssisəsinin
təsisçisi (iştirakçısı) təhsil müəssisəsinin
öhdəlikləri üçün, təhsil müəssisəsi
isə təsisçinin (iştirakçının) öhdəlikləri
üçün cavabdeh deyildir.
11.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
lisenziyalaşdırılması və akkreditasiyası
11.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin
akkreditasiyasını Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları"na əsasən Azərbaycan Respublikasının Təhsil
Nazirliyi həyata keçirir. Həmin prosedurdan
keçmiş təhsil müəssisəsi akkreditasiya
haqqında sertifikat alır.
11.2. İlk peşə-ixtisas təhsili müəssisəsinin
akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki
bazasının, təhsil proqramlarının, kadr
potensialının və təhsil infrastrukturunun qəbul
olunmuş dövlət standartlarına və digər normativ
hüquqi aktların tələblərinə uyğunluğunun
müəyyən edilməsi məqsədi ilə
aparılır və təhsil müəssisəsinin statusunun
müəyyənləşdirilməsi, onun fəaliyyətinin
növbəti müddətə
uzadılması üçün hüquqi təminat
yaradır.
11.3. Azərbaycan Respublikasında hər bir ilk peşə-ixtisas təhsili
müəssisəsi təhsil fəaliyyəti göstərmək
üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən
xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə
xüsusi razılıq (lisenziya) müddətsiz verilir.
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
tərəfindən təsis edilmiş bələdiyyə və
özəl təhsil müəssisələrinə xüsusi
razılıq (lisenziya) 5 (beş) il
müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər və xarici hüquqi şəxslər
tərəfindən təsis edilmiş təhsil müəssisələrinə
xüsusi razılıq (lisenziya) 3 (üç) il
müddətinə verilir.
11.4. Xarici hüquqi şəxslərin, onların
filiallarının və nümayəndəliklərinin, əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin
öz ölkələrində təhsil fəaliyyəti ilə
məşğul olmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması
beynəlxalq müqavilələrlə həyata keçirilir.
11.5. Azərbaycan Respublikasında hüquqi şəxs
kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya
olunmuş ilk
peşə-ixtisas təhsili müəssisəsinin
fəaliyyətinə hüquqi təminat verilir.
12.
İlk peşə-ixtisas təhsili haqqında dövlət sənədi
12.1. İlk peşə-ixtisas təhsili müəssisəsində
təlim
proqramının (kurikulumun) tam mənimsənilməsi daxili və
dövlət
buraxılış
imtahanı (yekun attestasiya)
vasitəsilə
başa çatır. İmtahanların təşkili, forması və
keçirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi
qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilir.
12.2. İlk peşə-ixtisas təhsili sahəsində hər
bir səviyyə üzrə təlim
proqramını (kurikulumu) mənimsəmiş, daxili və
dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə
vermiş şagirdlərə
ixtisas dərəcəsi göstərilməklə, təhsil haqqında dövlət sənədi
verilir. Təhsil haqqında dövlət sənədi ilk peşə-ixtisas təhsili
müəssisəsinin möhürü ilə təsdiq
edilir.
12.3. Təhsil sənədində göstərilmiş ixtisas dərəcəsi (səviyyəsi)
dəyişdirilə bilməz.
12.4. Müvafiq kursu bitirdikdən sonra təhsilini davam
etdirməyən və ya hər hansı dərs ilində məşğələlərdə
iştirak etmədiyi üçün ümumtəhsil fənni
(fənləri) üzrə biliyi qiymətləndirilməyən,
habelə tədris planında nəzərdə tutulmuş fənlər
(peşə liseylərində ümumtəhsil fənləri
istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun
attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi
və təlimlərdə iştirak etməyən şəxslərə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21
yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq
edilmiş "Müxtəlif səbəblərdən təhsilin
hər hansı pilləsini və səviyyəsini başa
vurmayan şəxslərə arayışın verilməsi
Qaydası"na əsasən müvafiq formada arayış
verilir.
12.5. İlk peşə-ixtisas təhsili müəssisəsini
müvəffəqiyyətlə bitirənlərə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı
ilə təsdiq edilmiş "Təhsil haqqında dövlət
sənədlərinin nümunələri və onların
verilməsi Qaydaları"na uyğun olaraq, ilk peşə-ixtisas
təhsili pilləsində aşağıdakı növ təhsil sənədləri verilir:
12.5.1. diplom (adi);
12.5.2. diplom (xüsusi, nümunəli);
12.5.3. sertifikat.
12.6. Diplom və sertifikat ilk peşə-ixtisas təhsili
pilləsini müvəffəqiyyətlə başa vurmuş
şəxslərə verilir.
12.7. İlk peşə-ixtisas təhsili müəssisələrində
peşə-ixtisas təhsili ilə yanaşı, tam orta təhsil
almış şəxslərə diplom və müəyyən
olunmuş nümunəli tam orta təhsil haqqında attestat
verilir.
13.
İlk peşə-ixtisas təhsili müəssisəsində iaşə
və tibb xidməti
13.1. İlk peşə-ixtisas təhsili müəssisəsində
iaşə və tibb xidməti Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı
ilə təsdiq edilmiş "Təhsil müəssisəsində
iaşə və tibb xidmətinin təşkili Qaydası və
Normaları"na uyğun təşkil olunur.
13.2. İlk peşə-ixtisas təhsili müəssisəsində
iaşə xidməti təhsil müəssisəsi ilə
iaşə xidməti göstərən hüquqi və ya
fiziki şəxslər arasında bağlanan müqavilə əsasında
həyata keçirilir.
13.3. İlk peşə-ixtisas təhsili müəssisəsində
təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 noyabr tarixli 217 nömrəli qərarı ilə təsdiq
edilmiş "Təhsil müəssisəsində təhsilalanlara
pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"na əsasən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qurumları
tərəfindən pulsuz tibbi xidmət göstərilir.
14. İlk peşə-ixtisas təhsili
müəssisəsinin idarə edilməsi
14.1. İlk peşə-ixtisas təhsili müəssisəsi
aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri
əsasında "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa, digər normativ hüquqi aktlara, bu
Nümunəvi Nizamnaməyə və təhsil müəssisəsinin
nizamnaməsinə uyğun olaraq
idarə edilir.
14.2. İlk peşə-ixtisas təhsili müəssisəsinin
nizamnaməsi təhsil müəssisəsinin fəaliyyətinin
məqsədini, onun idarə olunması qaydalarını, təhsilalanların
və işçilərin statusunu, maliyyə-təsərrüfat
fəaliyyətinin strukturunu və digər məsələləri
müəyyənləşdirir.
14.3. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə
rəhbərliyi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təyin edilmiş direktor həyata
keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji
Şuradır. Pedaqoji Şuranın
yaradılması və fəaliyyəti Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
edilən Əsasnaməyə əsasən tənzimlənir.
14.4. İlk peşə-ixtisas təhsili müəssisəsinin
idarə olunmasında demokratikliyi və şəffaflığı
təmin etmək məqsədi ilə təhsil müəssisəsində
özünüidarə orqanları (ümumi
yığıncaq, himayəçilər, metodiki, təhsilalanlar,
qəyyumlar şuraları) yaradıla bilər. Həmin
qurumların yaradılması qaydaları və səlahiyyətləri
ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsi
ilə müəyyən edilir.
14.5. Bələdiyyə ilk peşə-ixtisas təhsili müəssisəsinə
rəhbərliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin
rəyi nəzərə alınmaqla,
bələdiyyə tərəfindən
təyin edilmiş direktor həyata
keçirir.
14.6. Özəl ilk peşə-ixtisas təhsili müəssisəsinə
rəhbərliyi həmin təhsil
müəssisəsinin təsisçilər
şurası (himayəçiləri,
qəyyumları) tərəfindən təyin
edilmiş direktor həyata keçirir.
14.7. Təsisçiləri
əcnəbilər, vətəndaşlığı olmayan
şəxslər və ya
xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının 51 faizdən çoxu xarici hüquqi
şəxslərə məxsus ilk peşə-ixtisas təhsili
müəssisəsinin dövlət
qeydiyyatına alınması və
həmin təhsil müəssisəsinin direktorunun
və onun müavininin təyin edilməsi Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırıldıqdan sonra
həyata keçirilir.
14.8. İlk peşə-ixtisas təhsili müəssisəsinin
idarə edilməsi ilə bağlı məsələlərə
təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət
və yerli özünüidarəetmə orqanlarının və
digər təşkilatların müdaxilə etmələrinə yol verilmir.
14.9. İlk peşə-ixtisas təhsili müəssisəsinin
direktorunun əsas vəzifələri aşağıdakılardır:
14.9.1. təhsil müəssisəsinin
ayrı-ayrı bölmələrinin işini, şagirdlərin
təlim-tərbiyə prosesinin səmərəli təşkilini
planlaşdırır, onun həyata keçirilməsinə nəzarət
edir, işin keyfiyyəti və səmərəliliyi
üçün məsuliyyət daşıyır, dövlət
və ictimai orqanlarda təhsil müəssisəsini təmsil
edir;
14.9.2. mühəndis-pedaqoji işçilərin
yaradıcı surətdə fəaliyyət göstərmələri,
onların sinifdənxaric və məktəbdənkənar
işinin təşkili üçün şərait
yaradır;
14.9.3. təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat
sahələrində çalışan işçilərin
səmərəli əmək-istehsalat və təsərrüfat
fəaliyyəti üçün şərait yaradır,
pedaqoji işçilərin hüquqlarının
qorunmasını və sosial müdafiəsini təmin edir;
14.9.4. işində fərqlənən
mühəndis-pedaqoji işçilərin əməyinin qiymətləndirilməsi
üçün müvafiq tədbirlər görür, intizam
tənbehi tətbiq edir, müəllimlərin, istehsalat təlimi
ustalarının və digər işçilərin işinə
nəzarət edir;
14.9.5. məzunların işlə təmin
edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata
keçirilməsinə nəzarət edir;
14.9.6. işçilər və
şagirdlər arasında aparılan mədəni-kütləvi
və tərbiyə işlərinə rəhbərlik edir;
14.9.7. təhsil müəssisəsinin
maddi-texniki bazasının inkişafı və genişləndirilməsi,
işçilər və şagirdlər üçün təhlükəsiz
iş şəraitinin yaradılması sahəsində tədbirləri
həyata keçirir, işəgötürənlərin və
əmək bazarının tələblərinə uyğun
keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini
müəyyənləşdirir;
14.9.8. kadr
hazırlığını planlaşdırır, məktəbə
qəbulu, ixtisaslı kadrların hazırlanmasını həyata
keçirir, bu işlərin yerinə yetirilməsinə məsuliyyət
daşıyır, yataqxanada yaşayan şagirdlər
üçün lazımi məişət şəraitinin
yaradılmasını təmin etməklə yanaşı,
onların sağlamlığına nəzarəti təşkil
edir;
14.9.9. təhsilalanların bir təhsil
müəssisəsindən digər təhsil müəssisəsinə
köçürülməsi və müxtəlif səbəblərdən
ilk peşə-ixtisas təhsili müəssisəsindən
xaric edilmiş təhsilalanların bərpa olunması məsələlərinə
baxır;
14.9.10. mühəndis-pedaqoji işçilərin ixtisas
və pedaqoji səviyyəsinin yüksəldilməsi, metodiki
işlərin səmərəli təşkili
üçün tədbirlər görür;
14.9.11. tədris müəssisəsinin
işini müasir idarəetmənin tələblərinə
uyğun qurur, büdcədənkənar gəlirlərin əldə
olunmasını təşkil edir, maliyyə və ştat intizamına
əməl olunması üçün məsuliyyət
daşıyır;
14.9.12. inzibati-təsərrüfat işlərinə rəhbərlik
edir və nəzarəti həyata keçirir, müəssisədə
yeni peşələr üzrə kadrların
hazırlanması barədə müvafiq orqanlar
qarşısında təşəbbüslə
çıxış edir;
14.9.13. işəgötürən təşkilatlarla
səmərəli əlaqələrin yaradılmasını
təmin edir;
14.9.14. təhsil müəssisəsinin
strateji inkişaf planının hazırlanmasına rəhbərlik
edir;
14.9.15. respublikada və xarici ölkələrdə
fəaliyyət göstərən analoji təhsil müəssisələri
ilə əməkdaşlıq əlaqələrinin
yaradılmasına rəhbərlik edir.
14.10. İlk peşə-ixtisas təhsili müəssisəsinin
tədris-istehsalat işləri üzrə direktor müavininin
əsas vəzifələri aşağıdakılardır:
14.10.1. məktəbin tədris və
istehsalat fəaliyyətinə rəhbərlik edir, müəllimlərin,
istehsalat təlimi ustalarının və digər
işçilərin seçilib yerləşdirilməsində,
tədrisin təşkilində iştirak edir;
14.10.2. tədris işlərinin
planlaşdırılmasını və uçotunu, metodik
işləri təşkil edir;
14.10.3. baş usta ilə birlikdə
müəllim və istehsalat təlimi ustalarının
işini əlaqələndirir;
14.10.4. müəllimlərin dərs
yükünü müəyyənləşdirir, dərs cədvəlini
hazırlayır, onun yerinə yetirilməsinə rəhbərlik
və nəzarət edir;
14.10.5. məktəbə şagird qəbulu
və tədris qruplarının komplektləşdirilməsi,
şagirdlərin kursdan-kursa keçirilməsi və
buraxılışı, məzunların işə göndərilməsi
sahəsində iş aparır;
14.10.6. tədris planı və
proqramlarının yerinə yetirilməsinə, şagirdlər
tərəfindən tədris materiallarının mənimsənilməsi
səviyyəsinə, onların intizamına və dərsə
davamiyyətinə, mühəndis-pedaqoji işçilərin
fəaliyyətinə nəzarəti həyata keçirir;
14.10.7. şagirdlərin texniki
yaradıcılıq işini, kabinetlərin əyani vəsaitlərlə
və təlimin texniki vasitələrlə təmin
olunmasını təşkil edir;
14.10.8. tədris proqram sənədlərinin
tərtibini, məktəbin tədris istehsalat fəaliyyətinə
dair hesabat və uçot işlərini həyata keçirir;
14.10.9. təhsil müəssisəsi
barədə elektron məlumatların, peşəyönümü
təbliğat xarakterli məlumatların hazırlanmasına və
bu məlumatların yenilənməsinə rəhbərlik və
nəzarət edir;
14.10.10. peşə
kurikulumlarının hazırlanmasına rəhbərlik edir;
14.10.11. mühəndis-pedaqoji işçilərin
ixtisasartırma təhsilini və staj keçməsini təşkil
edir;
14.10.12. qabaqcıl təcrübənin
öyrənilməsinə və tətbiqinə rəhbərlik
edir.
14.11. İlk peşə-ixtisas təhsili müəssisəsinin
tərbiyə işləri üzrə direktor müavininin əsas
vəzifələri aşağıdakılardır:
14.11.1. tədris müəssisəsində
tərbiyə işlərinə rəhbərlik edir;
14.11.2. şagirdlərin istehsalat təliminin
onların vətənpərvərlik, hüquqi, mənəvi
tərbiyəsi ilə sıx əlaqə şəraitində
aparılmasını təmin edir;
14.11.3. şagirdlərin mədəni
istirahətinin və sinifdənkənar tədbirlərin təşkilinə
rəhbərlik edir;
14.11.4. şagirdlərlə tərbiyəvi
iş aparan ustaların, sinif rəhbərlərinin, tərbiyəçilərin,
kitabxanaçıların və digər işçilərin
fəaliyyətini əlaqələndirir və onların
işinə nəzarət edir;
14.11.5. istehsalat təcrübəsi
zamanı şagirdlərlə tərbiyəvi işlərin
aparılmasını təmin edir;
14.11.6. məktəbdə şagirdlərin
mənzil-məişət şəraitinə, intizam və
davranışına nəzarət edir;
14.11.7. bədən tərbiyəsi və
ibtidai hərbi hazırlıq rəhbərləri ilə
birlikdə kütləvi-idman və hərbi vətənpərvərlik
işlərini təşkil edir, tərbiyə sahəsində
qabaqcıl təcrübəni ümumiləşdirir və
yayır;
14.11.8. sinifdənkənar tədbirlər
və tərbiyəvi işlərə dair pedaqoji şuraya
materiallar hazırlayır, peşəyönümü və
şagird qəbulu işlərini bilavasitə təşkil
edir;
14.11.9. şagirdlərin hüquqi
biliklərə yiyələnməsi, onların sağlam,
öz peşəsinin bacarıqlı ustası və əsl vətənpərvər
kimi yetişməsi üçün tədbirlər
görür;
14.11.10. tədris müəssisəsinin
valideynlərlə qarşılıqlı əlaqəsini təmin
edir.
14.12. İlk peşə-ixtisas təhsili müəssisəsinin
inzibati təsərrüfat işləri üzrə direktor
müavininin əsas vəzifələri
aşağıdakılardır:
14.12.1. tədris binalarının,
yataqxana və digər tikililərin qorunub
saxlanılmasını, düzgün istismarını və
vaxtında təmir olunmasını, tədris müəssisəsinin
elektrik enerjisi, istilik və kanalizasiya sisteminin saz vəziyyətdə
saxlanılmasını və su ilə təchizatını təmin
edir;
14.12.2. tədris müəssisəsini
tələbata uyğun sinif, laboratoriya avadanlığı,
mebel, yataqxana ləvazimatı ilə təmin edir;
14.12.3. müəyyən olunmuş
qaydada tədris müəssisəsinin əmlakının
uçotunu və inventarlaşdırılmasını, qiymətli
malların və materialların qorunub saxlanılmasını
təşkil edir.
14.13. İlk peşə-ixtisas təhsili müəssisəsinin
baş ustasının əsas vəzifələri
aşağıdakılardır:
14.13.1. istehsalat təlimi
ustalarının və tədris emalatxanalarının işinə
rəhbərlik edir;
14.13.2. hər bir tədris qrupu tərəfindən
istehsalat təlimi proqramlarının yerinə yetirilməsini
təmin edir;
14.13.3. tədris-istehsalat emalatxanalarında məhsul
istehsalını planlaşdırır və hesabat işlərini
təşkil edir;
14.13.4. istehsalat təlimi planlarının
yerinə yetirilməsinə nəzarət edir, istehsalat təlimi
dərslərinin aparılmasında istehsalat təlimi
ustalarına texniki və metodiki köməklik göstərir;
14.13.5. istehsalat təliminin təkmilləşdirilməsi,
tədris emalatxanalarında əməyin elmi təşkili, lazımi
əmək və tədris şəraitinin yaradılması,
kadrların ixtisasının və ixtisas mədəniyyətinin
yüksəldilməsi sahəsində iş aparır;
14.13.6. texniki məlumatların əldə
edilməsini və texniki yaradıcılıq sahəsində
şagirdlərin fəaliyyətini təşkil edir, tədris
emalatxanalarında istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi və istehsalat təlimi prosesində
qabaqcıl təcrübənin tətbiq edilməsi istiqamətində
iş aparır;
14.13.7. tədris emalatxanalarında əməyin
təhlükəsizliyini təmin edir;
14.13.8. şagirdlərin istehsalat təcrübəsi
keçmələri üçün müəssisələrlə
müqavilənin bağlanmasını və ixtisas
imtahanlarına hazırlıq işlərini təmin edir;
14.13.9. peşə
kurikulumlarının hazırlanmasında iştirak edir, tədris
edilən ixtisaslar üzrə əmək bazarında mövcud
olan tələbat haqqında məlumatı təqdim edir;
14.13.10. öyrədilən ixtisas
üzrə əmək bazarında tədqiqat aparır, yeni
texnologiyalar və innovasiyalar barədə məlumat
toplayır;
14.13.11. təhsil müəssisəsinin
büdcəsinin proqnozlaşdırılması zamanı tədris-istehsalat
emalatxanasının tələbatları, istehsalat təlimi və
istehsalat təcrübəsi üçün zəruri olan vəsait
barədə məlumatı hazırlayır.
15. İlk peşə-ixtisas
təhsili prosesinin iştirakçıları
15.1. İlk peşə-ixtisas təhsili prosesinin
iştirakçıları
aşağıdakılardır:
15.1.1. təhsilalanlar - şagirdlər,
müdavimlər;
15.1.2. təhsilverənlər (pedaqoji işçilər)
- müəllimlər, məsləhətçilər, tərbiyəçilər,
müəllim köməkçiləri,
çağırışaqədərki hazırlıq rəhbərləri, fiziki tərbiyə
rəhbərləri, istehsalat təlimi ustaları, defektoloqlar, loqopedlər,
psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq
birliklərinin rəhbərləri, metodistlər, təhsil
müəssisəsinin dərnək və
musiqi rəhbərləri, bilavasitə tədrislə məşğul olan
mühəndis-texniki və tədris-köməkçi işçilər, təlimatçılar,
dayələr, kitabxanaçılar, nəşriyyat-redaksiya
işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur
bölmələrinin əməkdaşları,
təlim-tərbiyə
işi ilə məşğul olan rəhbərlər, təhsil
müəssisəsində
çalışan
konsertmeysterlər və məşqçilər, sosial
müdafiə, səhiyyə
və digər orqanların bilavasitə pedaqoji
fəaliyyətlə məşğul olan
işçiləri;
15.1.3. valideynlər və ya
qanuni nümayəndələr;
15.1.4. təhsili idarəetmə orqanları və
bələdiyyələr;
15.1.5. təlim-tərbiyə
prosesində iştirak edən
digər fiziki və
hüquqi şəxslər
(işəgötürənlər, biznes sektorunun
nümayəndələri
və s.).
16. Təhsilalanların,
təhsilverənlərin
və
digər işçilərin hüquq və vəzifələri
16.1. İlk peşə-ixtisas təhsili müəssisələrində əmək münasibətləri və
onunla bağlı digər sosial-iqtisadi münasibətlər
Azərbaycan Respublikasının Əmək Məcəlləsi,
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanunu, bu Nümunəvi Nizamnamə,
təhsil müəssisəsinin nizamnaməsi, təhsil
müəssisəsinin daxili intizam qaydaları və əmək
müqaviləsi ilə tənzimlənir. Təhsil müəssisəsinin
daxili nizam-intizam qaydaları və əmək müqaviləsi
işçilərin işə qəbul edilməsini və
işdən azad olunmasını, əmək müqaviləsinin
tərəfdaşlarının hüquqlarını, təhsil
müəssisəsində əmək rejimini və s.
özündə əks etdirir. Əmək müqaviləsi
mövcud qanunvericiliyə uyğun olaraq 1 ildən 3 ilə qədər
müddətə bağlanılır və ilk peşə-ixtisas təhsili
müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
16.2. Təhsilalanların hüquqları
aşağıdakılardır:
16.2.1. qanunvericilikdə və qəbul
qaydalarında nəzərdə tutulmuş tələblərə
uyğun olaraq təhsil müəssisəsinə qəbul
olunmaq;
16.2.2. təhsil müəssisəsini,
təhsil istiqamətini, ixtisası, təhsilalma
formasını və təhsil müəssisəsinin
imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst
seçmək;
16.2.3. dövlət təhsil
standartlarına uyğun keyfiyyətli təhsil almaq;
16.2.4. təhsil müəssisəsinin
tədris planlarına uyğun olaraq tədris fənlərini,
yarımillər üzrə kreditlərin miqdarını, təhsilverənləri
sərbəst seçmək;
16.2.5. təhsil müəssisəsinin
mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat,
informasiya, mədəni-məişət, idman, sağlamlıq
mərkəzlərindən, kitabxanalardan və s.) istifadə
etmək;
16.2.6. fasiləsiz təhsil almaq;
16.2.7. sağlamlıq
üçün təhlükəsiz və zərərsiz təhsil
şəraiti ilə təmin olunmaq;
16.2.8. insan ləyaqətini və
şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
16.2.9. müəyyən olunmuş
qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti
dayandırmaq;
16.2.10. dövlət vəsaiti
hesabına qanunvericiliyə uyğun olaraq, yalnız bir dəfə
pulsuz təhsil almaq;
16.2.11. təhsil prosesinin təşkilində
və idarə olunmasında fəal iştirak etmək, öz
fikir və mülahizələrini sərbəst ifadə etmək;
16.2.12. təhsil müəssisəsinin
ictimai, sosial və mədəni həyatında, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlxalq səviyyəli təşkilatlara
üzv olmaq;
16.2.13. konfranslarda, seminarlarda,
yığıncaqlarda, görüşlərdə və təhsillə
bağlı digər tədbirlərdə iştirak etmək.
16.3. Təhsilalanların vəzifələri
aşağıdakılardır:
16.3.1. dövlət təhsil
standartlarına uyğun bilik, bacarıq və vərdişlərə
yiyələnmək;
16.3.2. mühəndis-pedaqoji işçilərin şərəf
və ləyaqətinə hörmətlə yanaşmaq;
16.3.3. təhsil müəssisəsinin
nizamnaməsinin tələblərinə riayət etmək;
16.3.4. dövlət, cəmiyyət,
ailə və özü qarşısında məsuliyyətini
dərk etmək.
16.4. Təhsilalanlar tərəfindən ilk peşə-ixtisas
təhsili müəssisəsinin nizamnaməsi, daxili
nizam-intizam qaydaları pozulduqda, onlara qarşı inzibati tənbeh
tədbirləri görülür.
16.5. Təhsilverənlərin hüquqları
aşağıdakılardır:
16.5.1. normal və təhlükəsiz
əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə
və müasir standartlara cavab verən texnologiyalarla təmin
olunmaq;
16.5.2. təhsil müəssisəsinin
nizamnaməsinə uyğun olaraq, təhsil prosesinin təşkilində
və idarə olunmasında fəal iştirak etmək;
16.5.3. tədrisin formasını,
metodlarını və vasitələrini sərbəst
seçmək;
16.5.4. şərəf və ləyaqətinə
hörmətlə yanaşılmasını tələb etmək;
16.5.5. təhsil müəssisəsində
vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə
seçmək və seçilmək;
16.5.6. müəyyən edilmiş
qaydada ixtisasını artırmaq, yeni ixtisas almaq, staj
keçmək, ixtisas dərəcəsini
yüksəltmək;
16.5.7. müəyyən edilmiş
hallarda və qaydada mükafatlandırılmaq və təltif
olunmaq.
16.6. Təhsilverənlərin vəzifələri
aşağıdakılardır:
16.6.1. təhsil sahəsində
dövlət siyasətinin həyata keçirilməsində
iştirak etmək;
16.6.2. təhsil proqramlarının
(kurikulumların) mənimsənilməsini təmin etmək;
16.6.3. təhsilalanlarda fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
16.6.4. şəxsi nümunəsi ilə təhsilalanlara
Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə,
Azərbaycan xalqının tarixinə, mədəniyyətinə,
dilinə, adət-ənənələrinə, milli və
ümumbəşəri dəyərlərə, cəmiyyətə,
ətraf mühitə hörmət və qayğı hissləri
aşılamaq;
16.6.5. pedaqoji etika və əxlaq
normalarına riayət etmək, müəllim nüfuzunu
yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
16.6.6. təhsilalanların şərəf
və ləyaqətinə hörmət etmək;
16.6.7. gəncləri fiziki və
psixi zorakılığın bütün formalarından
qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
16.6.8. ixtisasını və
elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi
araşdırmalar aparmaq;
16.6.9. qanunvericiliklə müəyyən
edilmiş qaydada attestasiyadan keçmək;
16.6.10. qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
16.7. Dövlət
təhsil müəssisəsində rəhbər, mühəndis-pedaqoji
və digər inzibati vəzifələrin tutulmasının
yaş həddinə çatan pedaqoji işçilərin vəzifə tutmamaq şərtilə,
təhsil müəssisəsinin tədris və metodiki fəaliyyətində
tam iştirak etmək hüququ təmin edilir.
16.8. Təhsil
müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat,
mühəndis-texniki, istehsal, tədris-köməkçi və
digər heyətinin hüquq və vəzifələri
müvafiq qanunvericiliklə və təhsil müəssisəsinin
nizamnaməsi, təhsil müəssisəsinin daxili intizam
qaydaları, eləcə də işəgötürənlərlə
təhsilverənlər arasında bağlanan əmək
müqavilələri ilə tənzimlənir.
17. İlk peşə-ixtisas təhsili müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti
17.1.
İlk peşə-ixtisas təhsili müəssisəsinin əmlakı
dövlət, bələdiyyə, təsisçilər,
hüquqi və fiziki şəxslər tərəfindən
onun mülkiyyətinə və ya istifadəsinə verilən,
eləcə də qanunvericiliklə qadağan olunmayan və
nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində
əldə etdiyi əmlakdan,
o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından
ibarətdir.
17.2. Təhsil müəssisəsi
mülkiyyətində və istifadəsində olan əmlakın
saxlanılması, qorunması və ondan səmərəli
istifadə edilməsi üçün məsuliyyət
daşıyır. Təhsil müəssisəsinin əmlakının
idarə olunması ilə bağlı fəaliyyətə nəzarəti
təsisçi və ya onun səlahiyyət verdiyi şəxs
həyata keçirir.
17.3. Dövlət
mülkiyyətində olan ilk peşə-ixtisas təhsili
müəssisəsinin özəlləşdirilməsi
qadağandır.
17.4. İlk peşə-ixtisas
təhsili müəssisələri üçün maliyyə
ili hər il yanvarın 1-dən başlayır, dekabrın 31-də
isə başa çatır.
17.5.
İlk peşə-ixtisas təhsili müəssisəsi öz
nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və
hüquqi şəxslərə müxtəlif ödənişli
təhsil xidmətləri göstərə, hüquqi və
fiziki şəxslərdən ianələr və
könüllü yardımlar ala bilər.
17.6. Dövlət təhsil müəssisələrinin
əldə etdiyi mənfəət yalnız təhsilin
inkişafına, təhsil
müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsinə,
təhsilalanların və təhsilverənlərin sosial
müdafiəsinə yönəldilir.
17.7. Dövlət ilk
peşə-ixtisas təhsili müəssisəsinin maliyyələşdirilməsi
təhsilin maliyyə normativlərinə
əsasən həyata keçirilir. Bu normativlər hər bir təhsilalana düşən
məsrəf məbləği nəzərə alınmaqla
müəyyən edilir.
17.8. Dövlət
təhsil müəssisəsi nizamnaməsinə və qüvvədə
olan qanunvericiliyə uyğun olaraq, ödənişli təhsildən
əldə olunan vəsaitlərin və digər büdcədənkənar
vəsaitlərin xərclənmə istiqamətlərini və
işçilərin maddi həvəsləndirilməsinə
ayırmaların xüsusi çəkisini qüvvədə
olan qanunvericiliyə uyğun olaraq sərbəst müəyyən
edir, təhsilverənlərə və təhsilalanlara maddi
yardımlar göstərir.
17.9. Dövlət ilk
peşə-ixtisas təhsili sahəsinə investisiyaların, o
cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi
ilə əlverişli investisiya mühitinin
yaradılmasını təmin edir. Bu məqsədlə sərmayəçilərə
qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər
edilir.
17.10. Dövlət və
bələdiyyə ilk peşə-ixtisas təhsili müəssisələri
aşağıdakı mənbələr hesabına maliyyələşdirilirlər:
17.10.1. qanunvericiliyə
uyğun olaraq, dövlət büdcəsinin və yerli
büdcənin vəsaitləri;
17.10.2. ödənişli
təhsildən əldə olunan vəsaitlər;
17.10.3. qanunvericiliklə
qadağan edilməyən digər mənbələrdən əldə
olunan vəsaitlər.
17.11. Özəl ilk
peşə-ixtisas təhsili müəssisəsi
aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
17.11.1. təhsil xidmətlərinə
görə əldə etdiyi vəsaitlər;
17.11.2. təsisçilərin
(himayəçilərin) vəsaitləri;
17.11.3. qanunvericiliyə
uyğun olaraq aldıqları qrantların məbləğləri;
17.11.4. hüquqi və
fiziki şəxslərin ianələri və yardımları;
17.11.5. təhsil,
istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə
müəyyən edilmiş digər xidmətlərdən əldə
edilən vəsaitlər;
17.11.6. qanunvericiliklə
qadağan edilməyən və nizamnaməsində göstərilən
digər mənbələr hesabına əldə olunan vəsaitlər.
17.12.
Özəl ilk peşə-ixtisas
təhsili müəssisəsi
öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
Özəl təhsil müəssisəsi təhsil
haqqının məbləğini təhsil proqramlarına
(kurikulumlara) uyğun olaraq aidiyyəti qurumlarla
razılaşdıraraq müəyyən
edir.
17.13. Özəl təhsil
müəssisəsi ilə təhsilalanlar, valideynlər və
ya digər qanuni nümayəndələr arasında
münasibətlər müqavilə ilə tənzimlənir.
17.14.
İlk peşə-ixtisas təhsili müəssisəsində
təhsilin dövlət təhsil standartlarına uyğun təşkil
olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz
hazırlığı müəyyən edildiyi halda
vurulmuş zərərin, o cümlədən təhsilalanların
başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri
olan xərclərin həmin təhsil müəssisəsi, təqsirkar
şəxslər (direktor, pedaqoji işçilər) tərəfindən
ödənilməsi barədə məhkəmədə iddia
qaldırıla bilər.
17.15. "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, iddia yalnız akkreditasiya edilmiş təhsil
müəssisəsi barədə verilən mənfi rəyə
əsasən qaldırıla bilər.
18. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti
18.1. İlk peşə-ixtisas təhsili müəssisələri sahibkarlıq fəaliyyətinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarı ilə müəyyən edilmiş növləri ilə məşğul ola bilərlər.
19. Təhsil sahəsində beynəlxalq əlaqələr
19.1. İlk peşə-ixtisas
təhsili sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında
həyata keçirilir.
19.2.
İlk peşə-ixtisas təhsili müəssisəsi qanunvericiliyə
və özünün fəaliyyət xüsusiyyətlərinə
uyğun olaraq, xarici ölkələrin ilk peşə təhsili
müəssisələri, təşkilatlar, beynəlxalq
qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq
haqqında ikitərəfli və çoxtərəfli müqavilələr
bağlaya, təhsil sahəsində fəaliyyət göstərən
dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlara,
birliklərə, assosiasiyalara) daxil ola və əməkdaşlığın
digər formalarını həyata keçirə bilər.
19.3.
İlk peşə-ixtisas təhsili müəssisəsi beynəlxalq
səviyyəli birgə peşə təhsili layihələrinin
hazırlanması, konfransların, simpoziumların keçirilməsi,
şagirdlərin, mühəndis-pedaqoji işçilərin
mübadiləsi və bu qəbildən olan digər fəaliyyətlərlə
müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil
məşğul olmaq hüququna malikdir.
19.4.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
(xüsusi təyinatlı təhsil müəssisələri
istisna olmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək
və beynəlxalq əlaqələrini genişləndirmək
məqsədi ilə Azərbaycan Respublikasının
mövcud normativ hüquqi aktlarının tələblərinə əməl etməklə,
öz nizamnamələrinə və mövcud qanunvericiliyə
uyğun olaraq xarici tərəfdaşlarla birlikdə ölkə
daxilində və xarici dövlətlərdə müştərək
struktur bölmələri (mərkəzlər, filiallar,
laboratoriyalar) yaratmaq hüququ vardır.
Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.10-11.