Qəzetimizin tarixi ilə bağlı
aparılan araşdırmalar bir sıra
məsələlərə aydınlıq gətirdi
"Azərbaycan
müəllimi" - 80
Ötən nömrəmizdə xəbər verdiyimiz kimi, qəzetimizin 80 illik yubileyinə hazırlıqla əlaqədar ölkəmizin təhsil həyatında mühüm rol oynamış, mübaliğəsiz demək olar ki, son 80 ildə təhsilimizin tam salnaməsini yaratmış "Azərbaycan müəllimi" haqqında oxuculara daha dəqiq və geniş məlumat vermək üçün redaksiyamızın bir qrup əməkdaşı neçə müddətdir araşdırma aparır. Qəzetimizin nəşrə başladığı ilk illərdəki nömrələrini, xüsusən də birinci nömrəsini əldə etmək üçün ölkənin ən böyük arxiv və kitabxanalarına müraciətlər olunsa da bir nəticə hasil olmurdu. Nəhayət, bu günlərdə axtarışlarımız öz bəhrəsini verdi. Azərbaycan Dövlət Arxivi İdarəsindən "Azərbaycan müəllimi" qəzetinin ilk nömrəsini əldə etdik.
Öncə bu işdə əməkdaşlarımıza
yaxından yardım göstərmiş Dövlət Arxivi İdarəsinin rəhbərliyinə və
işçilərinə minnətdarlığımızı
bildiririk.
İlk nömrəmizin əldə olunması qəzetimizin
tarixi, məramı, ilk
redaktorunun kimliyi və
s. kimi bir
çox məsələyə
aydınlıq gətirdi. Məlum oldu ki, "Qommunist Məarifi"
adı ilə nəşrə başlayan
qəzetimizin ilk nömrəsi 1934-cü il sentyabrın 2-də işıq üzü görüb. Qəzet Azərbaycan SSR Xalq Maarif Komissarlığının və
Mİİ Mərkəzi İdarəsinin orqanı kimi fəaliyyətə başlayıb.
İndikindən bir qədər kiçik formatda, 4 səhifə
həcmində çıxan qəzetin ilk redaktoru 1934-1937-ci illərdə Azərbaycanın
xalq maarif komissarı
vəzifəsində çalışan Mahmud
Ağayev olub. Bu faktın özü əvvəlki araşdırmalarda yol verilmiş bir yanlışlığı düzəltməyə
imkan verir. Belə ki, indiyədək mənbələrdə, o cümlədən də M.Ağayevin
tərcümeyi-halında onun "Kommunist" qəzetinin redaktoru
işlədiyi qeyd olunur.
Bizim araşdırmamız isə göstərir
ki, o, "Kommunist" qəzetinin deyil,
məhz "Qommunist Məarifi" qəzetinin
ilk redaktoru olub. Fikrimizcə, yanlışlığın
səbəbi qəzetimizin adındakı "kommunist"
sözü ilə bağlıdır. Yəqin
ki, bu sözlə rastlaşan araşdırıcılar səhvən
M. Ağayevin "Kommunist" qəzetində
işlədiyini güman edib
və belə də qeyd ediblər.
Araşdırmalar
göstərir ki, qəzetimiz ilk nömrəsindən başlayaraq
kifayət qədər yüksək tirajla
nəşr olunub. Belə ki,
qəzetin ilk nömrəsində tiraj göstərilməsə də nəşrə
başladığı ilk ilin
son - 10-cu nömrəsində onun 5000 tirajla
çıxdığı qeyd olunub.
Redaksiya "Bakı, doktor
döngəsi, ¹5" ünvanında yerləşib. Qəzet
"Yefim Saratov
küçəsi, ¹29" ünvanında yerləşən
III internasional mətbəəsində nəşr
olunub.
Onu da qeyd
edək ki, qəzetin ilk
nömrəsində onun "5 gündə
bir çıxan" (həftəlik) qəzet
olduğu qeyd edilsə
də ilk dövrlərdə buna əməl olunmayıb və o, təxminən ayda 2 dəfə
nəşr olunub. Belə ki,
həftədə 1 nömrə hesabı ilə 1934-cü ilin 4 ayı (sentyabr-dekabr)
ərzində qəzetin ən azı 16 nömrəsi
çıxmalı olduğu halda cəmi 10 nömrəsi nəşr olunub. Sonrakı illərdə dövrilik
qaydasına düşüb.
İlk nömrədə verilmiş
baş məqalədə qəzetin bir növ məramı öz əksini tapıb. "Yeni qələbələrə doğru" adlı baş
məqalədə öncə Şuralar
ölkəsində maddi istehsalın
möhtəşəm inkişafının mədəni cəbhə
işçiləri qarşısında olduqca
böyük vəzifələr qoyduğu bildirilir və qeyd olunur ki,
məktəblər, texnikum və ali məktəblər sosializm
istehsalatının hər cəhətdən inkişaf
etmiş adamlarını, kommunizm
cəmiyyətinin savadlı yaradıcılarını
hazırlamaq üçün meydana gəlmişlər. Məqalədə
sovet məktəblərinin
yarandığı vaxtdan bəri,
xüsusilə də son üç
ildə əldə etdiyi uğurlardan,
çatdığı inkişaf səviyyəsindən
söz açılır, o
dövrün bir
nömrəli problemi olan
yaşlı əhali arasında savadsızlığın aradan qaldırılmasında böyük
uğur
qazanıldığı, Azərbaycanda yaşayan
azlıqda qalan millətlər arasında
15 dildə dərs keçilməsinin genişləndiyi qeyd olunur.
Baş məqalədə eyni
zamanda nöqsanlara da geniş toxunulur,
məktəblərin Ümummittifaq Kommunist (bolşeviklər) Firqəsi Mərkəzi
Komitəsinin göstərişləri ruhunda
yenidən qurulmadığı, müəllimlərin çox vaxt savadsız olduğu göstərilir. Bildirilir ki,
"Qommunist Məarifi" qəzeti nöqsanlara qarşı mübarizədə kəskin
silah olacaq, kütlələri
sinfi düşmənə qarşı
mübarizə üçün təşkil
edəcək, bu kütlələri firqə
siyasəti biliyilə silahlandırmağa və onların sinfi düşüncəsinin yüksəlməsinə
yardım edəcəkdir. "Bu qəzetə
XVII Firqə qurultayının göstərdiyi hərəkət
proqramının məktəb, dərs haqqında UQ(b)P MQ qərarının həyata keçirilməsi
uğrunda qəti mübarizə
aparacaqdır".
Baş məqalədə "Qommunist
Məarifi"nin - yeni kollektiv
təşkilatçı və kollektiv təbliğatçının
meydana gəlməsi "bizim
daha da yüksəldiyimizin
əlaməti" kimi dəyərləndirilir.
Qeyd edək ki, qəzet bu
məramına - dövlətin təhsil siyasətinin həyata
keçirilməsində yaxından iştirak
etmək, ölkənin təhsil həyatını geniş işıqlandırmaq, müəllimlərə,
digər təhsil işçilərinə, təhsil müəssisələrinə
öz fəaliyyətlərində dəstək vermək,
yenilikləri yaymaq, çoxminli
müəllim ordusunu pedaqoji,
psixoloji, metodik biliklərlə
silahlandırmaq, qabaqcıl təcrübəni aşkara
çıxarmaq və təbliğ etmək, təhsil sahəsindəki
mövcud nöqsanlara
qarşı mübarizə aparmaq və s. kimi fəaliyyət
prinsiplərinə həmişə sadiq
qalıb, buna görə də hər
zaman pedaqoji ictimaiyyətin
sevimli mətbu orqanı olub.
Qəzetimizin nəşrə
başlaması münasibəti ilə o vaxt ölkənin ən nüfuzlu
və aparıcı dövlət qəzetləri olan "Kommunist" və
"Bakinski raboçi"
qəzetləri ona təbrik ünvanlayıblar.
"Qommunist Məarifi"nin
ilk nömrəsinin birinci
səhifəsində dərc olunmuş həmin
təbriklərdə yeni fəaliyyətə
başlayan qəzetin ilk
nömrəsindən etibarən partiyanın XVII
qurultayının qərarlarının yerinə yetirilməsini,
xalq maarifi dəyərinin
yüksək pilləyə qaldırılması,
dərslərin kəmiyyət və keyfiyyətinin
yaxşılaşması, yeni dərs ilinin bolşevik
hazırlığı ilə qarşılanması, Azərbaycanın
başdan-başa savadlılar cümhuriyyətinə
çevrilməsi və müəllimlərin Marks-Engels-Lenin-Stalin
inqilabi nəzəriyyələri ilə silahlanması
uğrunda maarif
kütlələrinin həqiqi və kütləvi təbliğatçısı,
təşviqatçısı və təşkilatçısı
olacağına, partiya qərarlarının
həyata tətbiqində kütlələri səfərbərliyə
alacağına əminlik ifadə olunur.
İlk nömrələrindən başlayaraq qəzetin mövzu
dairəsi kifayət qədər geniş olub. Təhsilə dair partiya və hökumətin
qərarlarından, digər direktiv sənədlərdən
tutmuş məktəb kitabxanaları, məktəb
ictimai təşkilatlarının həyatına,
yeni dərs ilinə
hazırlığın vəziyyətinə kimi
ən müxtəlif məsələlər qəzetin səhifələrində
öz əksini tapıb.
Bununla yanaşı, araşdırmalar göstərir ki, "Qommunist Məarifi"
və onun xələfi "Azərbaycan
müəllimi" təkcə təhsil qəzeti olaraq qalmayıb, ölkənin ictimai-siyasi
həyatında da fəal iştirak
edib, bu mövzuda müntəzəm yazılar dərc
ediblər. Sovet dövlətinin və Azərbaycan
Respublikasının dövlət və hökumət rəhbərlərinin,
ideoloqlarının, o cümlədən İ.V.Stalinin, Molotovun, Jdanovun, N.S.Xruşşovun,
L.İ.Brejnevin, M.C.Bağırovun və başqalarının partiya qurultaylarında, Mərkəzi Komitənin
plenumlarında, partiya-təsərrüfat fəalları
yığıncaqlarındakı məruzə və
çıxışları, dünya
ölkələri liderləri ilə görüşlərini,
müxtəlif məsələlərə münasibətlərini
əks etdirən yazılar qəzetdə geniş
əksini tapıb. Hətta SSRİ Müdafiə Nazirliyinin bəzi əmrləri də qəzetin
səhifələrində dərc olunub.
Nəşrə
başladığı ilk illərdən
qəzetimiz öz səhifələrində
ədəbiyyat, mədəniyyət məsələlərinə
də geniş yer
ayırıb. Ölkənin ədəbi həyatından,
ayrı-ayrı sovet, Azərbaycan və xarici ölkə ədiblərinin
yaradıcılığından müntəzəm yazılar
dərc edib.
Məsələn, qəzet nəşrə
başladığı ilk dövrdə anadan olmasının 1000 illiyi
ilə əlaqədar böyük İran şairi Firdovsi haqqında böyük
material (3 qəzet səhifəsi həcmində)
verib. Yaxud başqa bir misal. Tanınmış Azərbaycan
yazıçısı və dramaturqu Cəfər
Cabbarlının vəfatı xəbəri ilk
dəfə məhz "Qommunist Məarifi"
qəzetinin 1934-cü ildəki son nömrəsində
dərc olunub. Bu təcrübə
sonralar da
ardıcıl olaraq davam
etdirilib.
Xarici ölkələrdə təhsil və məktəb
də qəzetin daimi mövzularından olub. Müxtəlif illərin nömrələrini
vərəqlədikcə bu mövzuda yazılara tez-tez
rast gəlmək mümkündür.
Bu
baxımdan ABŞ-da, Almaniyada,
Polşada, Bolqarıstanda və onlarca digər ölkədə təhsilin mövcud vəziyyəti, sosializm
yoluna qədəm qoymuş
ölkələrin, o cümlədən də
SSR ittifaqını təşkil edən müttəfiq respublikalarda təhsil quruculuğu
ilə bağlı verilmiş yazılar
diqqəti cəlb edir.
Nəşrə
başladığı ilk dövrlərdən
etibarən qəzetin ictimaiyyət arasında böyük
nüfuz qazandığını göstərən
cəhətlərdən biri də ölkənin
ən tanınmış simalarının onun
səhifələrində müntəzəm
çıxışlar etməsidir. Belə ki,
partiya və dövlət rəhbərlərindən
başqa tanınmış
yazıçılar Abdulla Şaiq, Qılman Musayev,
SSRİ xalq artisti
Şövkət Məmmədova, görkəmli maarif təşkilatçıları Cəmo
Cəbrayılbəyli, Mehdi Mehdizadə,
Azərbaycan jurnalistikasının korifeylərindən Şirməmməd
Hüseynov, dahi bəstəkar Üzeyir Hacıbəyli,
görkəmli elm xadimləri Mirzağa Quluzadə, Əbdüləzəl Dəmirçizadə,
Əhməd Seyidov, Mərdan Muradxanov, Heydər Hüseynov,
Ağamməd Abdullayev və onlarca başqaları qəzetlə müntəzəm
əlaqə saxlayaraq onun
səhifələrində dövrün ən
aktual pedaqoji, ədəbi
və mədəni məsələlərilə bağlı
sanballı yazılarla çıxış ediblər.
Azərbaycan dilinin saflığı, əlifbamızın
təkmilləşdirilməsi uğrunda
mübarizə də qəzetin daimi diqqət
yetirdiyi və öz səhifələrində
yer ayırdığı məsələlərdən
olub. Görkəmli dilçi alim Əbdüləzəl
Dəmirçizadənin hələ 40-cı illərin
ortalarında qəzetdə dərc olunmuş
və latın qrafikalı Azərbaycan əlifbasının təkmilləşdirilməsi
məsələlərindən bəhs edən
"Əlifbamız haqqında" adlı geniş
təhlili yazısı ("Azərbaycan
müəllimi", 19 iyun 1947-ci il, ¹23) və onlarca digər
məqalə fikrimizi sübut
edir.
Məlumat
üçün onu da bildirək ki, təhsilə,
pedaqoji məsələlərə geniş yer
ayırdığı üçün qəzetin
adı 1938-ci ildə dəyişdirilərək "Müəllim
qəzeti" adlandırılıb və 1941-ci ilin iyununadək qəzet bu
adla nəşr olunub.
1941-ci ilin
22 iyununda Almaniyanın SSRİ-yə hücumu və Böyük
Vətən müharibəsinin başlaması ilə əlaqədar
qəzetin nəşri dayandırılıb, əməkdaşları
isə döyüşən orduya
yollanıblar.
Qəzet öz nəşrini
1946-cı ilin aprelində bərpa edərək
"Azərbaycan müəllimi" adı ilə
çıxmağa başlayıb və bu
günədək də bu adla
çıxmaqda davam edir.
Qəzetimizin 80 illik tarixinin ən şərəfli
dövrünü, şübhəsiz, ümummilli liderimiz Heydər
Əliyevin 1969-cu ilin iyulundan
bəri Azərbaycanda hakimiyyətdə olduğu
dövr təşkil edir.
Cəmiyyət həyatında mətbuatın roluna böyük önəm
verən ulu öndər hakimiyyətdə
olduğu bütün
illər ərzində digər mətbuat orqanları kimi "Azərbaycan müəllimi" qəzetinə
də böyük diqqət və
qayğı göstərmişdir.
Qəzetimizin 60 illik yubileyində ulu
öndərin ona ünvanladığı
təbrik məktubu məhz bu diqqət və
qayğının, qəzetimizin fəaliyyətinə verdiyi yüksək dəyərin təzahürüdür.
Qəzet bu gün də
dövlətimizin diqqət və qayğısı
altındadır. Ulu öndər Heydər Əliyevin bütün
sahələrdə olduğu kimi mətbuatla bağlı yeritdiyi
siyasəti də uğurla davam
etdirən ölkə Prezidenti cənab İlham Əliyev qəzetimizin 70 illiyi yubileyində "Azərbaycan müəllimi"nə
ünvanladığı təbrik məktubunda onun
ölkəmizdə təhsilin inkişafına verdiyi
töhfəsini yüksək qiymətləndirib, təhsil
məsələləri üzrə ixtisaslaşmış
jurnalistlərin formalaşmasında aparıcı rol oynadığını bildirib.
Əlbəttə, bu yazı qəzetimizin şanlı 80 illik tarixinə, xüsusən də onun nəşrə başladığı ilk dövrlərdə ölkənin təhsil
və ictimai-siyasi həyatında
oynadığı rola qısa bir baxışdır. Redaksiyamız bundan sonra bu
şərəfli tarixin müxtəlif
dövrləri ilə bağlı yazılar dərc
olunmasını nəzərdə tutur.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.3.