Müəllimlərim

 

"Azərbaycan müəllimi",

1 sentyabr 1971-ci il, ¹70

 

Sevimli, hörmətli müəllimlərim,

Şe’r yazmamışam hələ sizə mən.

Nə danım, çatmayıb buna hünərim,

Bir dastan bağlayım hərənizə mən.

 

Ehtiyat etmişəm, birdən bir sözü

Yerində demərəm, qəbahət olar.

Qəlbim sözlə dolub, qorxmuşam düzü,

Qarşınızda qələm xəcalət olar.

 

Mən susa bilmirəm, bilmirəm daha,

Dastan olmasa da bir şe’r deyim.

Gözümü açdınız geniş dünyaya,

Həqiqətə döndü arzum, diləyim.

 

"A" hərfi yazandan bu günə qədər

Duymuşam şərəfli əməyinizi.

Ötüşəcək aylar, keçəcək illər,

Mən yad edəcəyəm yenə sizi.

 

Unuda bilmərəm-düzgün cavabım

Sizi məndən artıq sevindirərdi.

Lövhənin önündə lal duran anım,

Qəlbinizdə ağır dərdə dönərdi.

 

Unuda bilmərəm-"5" i yazmağa

Həmişə əliniz çox tələsərdi.

Di gəl ki, qiyməti olsa aşağı,

Jurnal üstə qələm tir-tir əsərdi.

 

Unuda bilmərəm- siz dərs dedikcə,

Keçdim dənizlərdən, dolandım ərzi,

Yanar çıraq kimi şölələndikcə,

Mənə bəxş etdiniz öz şölənizi.

 

Unuda bilmərəm haqqınızı mən,

Bu haqq dağlar kimi ağır, möhtəşəm.

El razı qalanda bircə  işimdən:

Sizin haqqınızdır, sizin - demişəm.

 

böyükdür haqqı gör müəllimin,

Hər sözü dərdlərin məlhəmi kimi.

Sizsiz, dəryasında biliyin, elmin

Azardım sükansız bir gəmi kimi.

 

Sevimli, hörmətli müəllimlərim,

Açdım qarşınızda öz ürəyimi.

Qəbul edin məndən bu kiçik şe’ri,

Böyük məhəbbətin çələngi kimi.

 

Hikmət ZİYA

 

Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.3.