Azərbaycanda distant təhsil:
vəzifələr,
perspektivlər
(Əvvəli
qəzetimizin 13 dekabr 2013-cü il tarixli
sayında)
Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra təhsil də yeni forma və məzmun əldə etməyə başladı. Yeni texnologiyalar distant təhsilin imkanlarını genişləndirdi. XXI əsrdə distant təhsil dedikdə bu, təhsilalana öyrədilən məlumatın informasiya və kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılmasını və online imtahanların götürülməsi kimi başa düşülür. Distant təhsilin tətbiqinin uğurlu nəticələri təhsilalmanın bu formasına dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır.
Azərbaycan
Respublikasında təhsil islahatları ümummilli lider Heydər
Əliyevin ölkəyə rəhbərlik illərinə təsadüf
edir. 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən
"Azərbaycan Respublikasının təhsil sahəsində
İslahat Proqramı" təsdiq olunduqdan sonra bütün təhsil
sistemində, o cümlədən ali təhsil pilləsində islahatların
məqsədyönlü və planauyğun aparılmasına
başlanılmışdır. Aparılan
islahatların nəticəsi olaraq 10 il sonra ölkə
Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə
təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqrami" tədrisin
təşkilində Bolonya prinsiplərini əks etdirməklə
bərabər distant təhsili də əhatə
etmişdir. Proqramın həyata keçirilməsi üzrə
Tədbirlər Planının 2.9-cu maddəsi məsafədən
təhsilin təşkilini nəzərdə tutmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" təsdiq
edilmişdir. Strategiyadakı dördüncü
strateji istiqamət təhsil müəssisələrində
informasiya-kommunikasiya texnologiyaları əsasında təlim
metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil
müəssisələri şəbəkəsinin
rasionallaşdırılması və digər tədbirlərlə
yanaşı, distant təhsil kimi tədbirləri də əhatə
etmişdir. Beləliklə, distant təhsilin
inkişafına dövlət dəstəyi strategiyada da öz
əksini tapmışdır.
"Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda da
distant təhsil təhsilalma kimi göstərilib. Təhsil
Qanunda "distant (məsafədən) təhsil - tədris
prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında
təşkil olunduğu təhsilalma forması" kimi dəyərləndirilib.
Distant təhsilin tətbiqi imkanları
Distant təhsil vəsaitləri
bütün növ informasiya texnologiyaları-kompüter,
kompüter şəbəkələri, multimedia, audio və
video sistemlərini əhatə edir. Bu təhsil
formasının əsasını proqram təminatı təşkil
edir. Proqram təminatı universitetin strukturunu, özündə
informasiyaları birləşdirən verilənlər
bazasını əhatə edir.
Distant təhsilin əsas komponentləri təhsilverənlə
təhsilalan arasında qarşılıqlı əlaqənin
olması, təhsilin məzmununun kompüter
vizuallığı, böyük həcmli informasiyaların
arxivləşdirilməsi, məlumat axtarış sisteminin
mövcudluğu və tədris materiallarının mənimsənilməsinə
nəzarət təşkil edir.
Dünya təcrübəsində
distant təhsili həyata keçirmək üçün əlverişli
proqram təminatlarından biri də MOODLE (Modular-Object-Oriented-Dynamic-Learning-Environment)
sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz
olmasıdır. Moodle proqramı 82 dilə tərcümə
olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur.
Sistem 50000 tələbəni və yüzlərlə kursu əhatə
etmək imkanına malikdir. Windows, Linux, Mac OS X kimi proqram təminatları
bu sistemi dəstəkləyir. Sistemdə yaranmış hər
hansı bir problemin həlli asanlıqla mümkündür.
Moodle vasitəsilə məsafədən təhsil, vebinarlar və
online konfranslar həyata keçirmək olar.
Dünya təcrübəsi
göstərir ki, distant təhsil bir neçə istiqamətdə
həyata keçirilə bilər: Ayrı-ayrı ixtisaslar və
peşələr üzrə
distant təhsil kursları, distant orta təhsil, distant ali
təhsil və distant əlavə təhsil, distant
"açıq dəsr"lər və distant konfranslar.
Ayrı-ayrı
ixtisaslar və peşələr üzrə distant təhsil
kursları müxtəlif şirkətlərdə, dövlət
qurumlarında və müəssisələrdə
çalışan əməkdaşların
çalışdıqları sahələr üzrə
iş yerlərini tərk etmədən, daha ucuz və sərfəli
yolla peşə qabiliyyətlərinin təkmilləşdirilıməsinə
xidmət edir. Bu kurslar vasitəsilə əldə olunan
sertifikatlar yerli və beynəlxalq xarakterli ola bilər. Distant
yolla həyata keçirilən təlimlər Azərbaycanda
daha geniş yayılmış tədris metodu kimi
tanınır.
Distant
"açıq dərs"lərin keçirilməsi ənənəsi
isə Azərbaycan təhsil məkanına çoxdan
tanışdır. Distant açıq dərslər fakültələrarası,
universitetlərarası və ya beynəlxalq xarakter ala bilər.
Tələbələr bu yolla yerli və xarici mütəxəssislərdən
konkret bir mövzu ilə bağlı geniş məlumat əldə
edə və bu dərsi online yolla interaktiv şəklə
sala bilərlər.
Distant və ya online konfranslar da Azərbaycanda
geniş yayılmış təlim metodudur. Polycam kameralar və ya skype proqramı vasitəsi ilə
bir neçə təhsil müəssisəsinin bir arada
konfrans keçirməsi ənənəsi artıq uzun illərdir
mövcuddur.
Bəs ali təhsildə distant təhsil
dedikdə nə başa düşürük? Əlbəttə
ki, burada tədris prosesinin distant idarə olunması əsas
yerlərdən birini tutur. Tədris prosesi
modullardan ibarətdir. Hər modul bir
neçə mühazirəni əhatə edir. Mühazirələr rəqəmsal formatda slaydlar
şəklində təqdim olunur. Slaydlar təhsilalanın
aktivliyinin artmasına və diqqətinin tədris olunan
materiala yönəlməsinə böyük təsir edir.
Burada lazımi və əhəmiyyətli məlumatlar
birləşmiş, sistemləşdirilmiş şəkildə
sadə və anlaşılan dildə təqdim olunur. Hər
mühazirə dinləməsindən sonra tədris olunan
materiallar test yolu ilə yoxlanılır, mənimsənilmə
səviyyəsi öyrənilir. Bütün
modullar üzrə testlərin uğurlu nəticəsindən
sonra fənn üzrə imtahan və ya məqbul suallar təqdim
olunur.
Distant təhsilin
tələbələr üçün
üstünlükləri nədən ibarətdir?
* Əlçatan olması - təhsil
müəssisəsinin harada yerləşməsindən
asılı olmayaraq internet və kompüter olan hər yerdən
təhsil ala bilmək imkanı.
*
Sosiallıq - sosial gərginliyi aradan
götürməklə harada yaşamasından, maddi təminatından,
yaşından, səhhətindən asılı olmayaraq
insanların bərabər təhsil
alması üçün şəraitin yaradılması.
* Keyfiyyət
- dünyanın tanınmış və
yüksək kvalifikasiyalı universitetlərində təhsil
almaq şansı verməklə yanaşı, təhsilin
monitorinqinin aparılması, professor-müəllim heyəti ilə
birbaşa və rahat əlaqə, tədris krediti götürən
tələbələrlə internet üzərindən sıx
əlaqə və qrup, komanda şəklində verilən
tapşırıqların yerinə yetirilməsi.
*
İndividuallıq - tələbəyə
individual tədris proqramının, tədris planının, tədris
qrafikinin hazırlanmasına şərait yaratmaq, fənlərin mənimsəmə
ardıcıllığının gənc analar və fiziki cəhətdən
qüsurlu insanlar üçün əlçatan olması.
*
Obyektivlik - qiymətləndirmənin
fənn müəlliminin kimliyindən asılı olmayaraq
obyektiv və şəffaf aparılması.
* İnnovasiyalaşdırma - ən
müasir informasiya texnologiyalarından istifadə etməklə
ən son yenilikləri tətbiq etmə imkanı.
* Səmərəlilik
- ev kirayəsi, nəqliyyat xərcləri, tədris
materiallarına çəkilən xərclərin və
vaxtın qənaət olunması, tədris
tapşırıqlarının qısa müddət ərzində
elektron daşıyıcılar vasitəsilə
çatdırılması. Dərsdə
iştirak etmədiyi təqdirdə saytda yerləşdirilən
mühazirə videorolikini istənilən qədər təkrar
izləmək imkanının verilməsi.
* Davamlılıq -
istənilən ixtisas üzrə təhsil pilləsini başa
vurub, digər təhsil pilləsini əldə etməyə
şəraitin yaradılması.
* Mobillik - informasiyanın müəllim tərəfindən
hər gün yenilənməsi hesabına tələbənin
aktual materialı əldə etməklə peşəkar
yetişməsi və müasir əmək bazarını
öyrənə bilməsi.
Beləliklə, distant təhsil qeyri-ənənəvi
mənbələrə istinad etməklə effektivliyi, sərbəst
fəaliyyəti, fərdi və yeni yaradıcılıq
imkanı, müxtəlif peşəkar vərdişlərin əldə
olunub möhkəmləndirilməsi, hadisə və proseslərin
konseptual və riyazi modelləşdirməsi hesabına təhsildə
yeni forma və metodların reallaşdılmasına şərait
yaradır.
Naxçıvanda
distant təhsilin tətbiqi imkanları
Soruşa bilərsiniz ki, distant təhsil
üçün niyə məhz Naxçıvanı hədəf
seçmişik?
Bu suala cavab verməmişdən öncə
Naxçıvan Muxtar Respublikasında internetin yaranması və
hazırda ali təhsildə tətbiqindən
bəhs edək. Çünki distant təhsilin
keyfiyyəti kompüter avadanlıqları və internetin
sürətindən, o cümlədən digər audio-vizual və
informasiya texnologiyalarının uğurlu tətbiqindan
asılıdır.
Naxçıvan Muxtar Respublikasında
İnternet ilk dəfə 1999-cu ildə Naxçıvan
Kompüter Mərkəzində abunəçilərin istifadəsinə
verilmişdir. O zaman yalnız 8 abunəçi ilə
İnternetə qoşulma imkanı əldə edən mərkəz
qısa zamanda böyük inkişaf yolu keçmişdir. 10
may 2003-cü il tarixdə Naxçıvan
Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda
nakhchivan.az internet provayderi yaradılmışdır. 2006-cı ildən internet provayderin adı nakhinternet.az
olaraq dəyişdirilmişdir. Həmin
dövrdə yalnız Dial-up-la internetlə qoşulmaqla
internetin sürəti 56 kbt/san olmuşdur. 2005-ci
ilin oktyabr ayından etibarən isə Naxçıvan şəhərində
internet şəbəkəsinə ən müasir texnologiya ilə
- ADSL (asimmetrik rəqəmli abunəçi xətti), yəni
genişzolaqlı internet xidməti vasitəsilə qoşulma
tətbiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
5 aprel 2010-cu il tarixli sərəncamı ilə
Naxçıvan MR Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan MR
İnternet Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi
Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və
təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri,
muxtar respublika əhalisini İnternetlə təmin etmək,
internetlə əlaqədar müxtəlif xidmətləri
göstərməkdir. Mərkəz
yüksək keyfiyyətli İnternet xidmətləri, web səhifələrin
tərtibatı və hazırlanması, domen adların
qeydiyyatı, elektron poçt və ünvanların
ayrılması, server sahələrinin icarəyə verilməsi,
şəbəkələrin layihələndirilməsi və
qurulması işlərini həyata keçirir. Muxtar respublikanın telekommunikasiya şəbəkəsi
TAE (Trans-Asiya-Avropa) fiberoptik magistral xəttinə qoşulub.
Bütün informasiyalar bu magistralin üzərindən
ötürülür. 2012-ci ilin avqust
ayından başlayaraq Naxçıvan şəhərində
"Evədək optika" layihəsinin icrasına
başlanılmışdır. "Evədək
optika" layihəsi imkan verir ki, hər abunəçiyə
10 mbt/san və ondan yuxarı sürətdə internet verilsin.
Bu da elektron ticarət, məsafədən təhsil (distant)
istifadə və s. üçün əlverişli internet
sürətidir.
Hazırda Naxçıvanda İnternetdən
istifadə edənlərin sayı 344 mindən çoxdur. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində
belə genişzolaqlı İnternet xidməti fəaliyyət
göstərir. 2013-cü ildə Naxçıvanın
yaşayış məntəqələrinin 85,3
faizində genişzolaqlı İnternet xidməti, 90 faizində
isə simsiz İnternet xidməti göstərilib. Muxtar respublikaya daxil olan internetin sürəti 2005-ci
ildə 512 kbt/saniyə idisə, 2013-cü ildə bu sürət
3 GB/saniyəyə çatdırılıb.
Naxçıvan MR-də ali təhsil
müəssisələrinə internet 8-10 mb/san verilir. Tam orta məktəblərdə isə bu rəqəm
4-5 mb/san arası dəyişir. Qeyd edək
ki, elektronlaşma yalnız təhsil müəssisələrini
əhatə etmir. 2013-cü ilin
oktyabrında Naxçıvanda "Elektron hökumət"
(e-hokumet.nmr.az) portalı da istifadəyə verilmişdir.
Bu portal vasitəsilə muxtar respublikanın 34
dövlət orqanının xidmətlərindən yararlanmaq
mümkündür.
2014-cü ildə muxtar respublikanın
yasayıs məntəqələrinin 100 faizinin
genişzolaqlı internetlə təmin edilməsi nəzərdə
tutulub. Bu il muxtar respublikaya daxil
olan internetin sürəti artırılaraq 5 GB/saniyə
olması planlaşdırılıb.
Naxçıvanda
ali təhsilin inkişafında İKT
Naxçıvan MR-in aparıcı ali
məktəblərindən sayılan Naxçıvan Dövlət
Universitetində müasir İKT-nin tətbiqi imkanları
2000-ci ilə təsadüf edir. Həmin dövrdən
başlayaraq Azərbaycan Respublikasında İKT-nin inkişafı
ilə bağlı həyata keçirilən
genişmiqyaslı dövlət proqramları, Naxçıvan MR-də bu sahədə
aparılan köklü islahatlar və universitet layihələrinin
ali məktəbə qazandırdığı informasiya
texnologiyaları ildən-ilə artmağa başladı.
2005-ci ildən bu günədək ardıcıl həyata
keçirilən Elektron - Naxçıvan beynəlxalq
konfransları isə həm dövlət qurumlarının, həm
də xarici ali təhsil müəssisələrinin
İKT-nin gözü ilə Naxçıvanı
tanımasına şərait yaratdı. Dövlət və ali təhsil müəssisəsinin
qarşılıqlı işbirliyi ilə həyata vəsiqə
alan tədbirlər isə NDU-nun paytaxt və regional ali məktəblər
arasında İKT-nin tətbiqi imkanlarına görə ilk
sıralarda yer tutmasına səbəb oldu. Qeyd edək ki,
universitetin maddi-texniki bazası- elektron lövhə və
proyektorla təchiz olunmuş
100-dən artıq auditoriya, 1000-dən yuxarı
kompüter avadanlığı, Polycom kameralı auditoriyalar,
elektron kitabxana, internet portal və universitetin 110 ha ərazisini
əhatə edən 10 mb/san gücündə wi-fi simsiz
internet xidməti Elektron Təhsil
bazasının yaradılmasına geniş imkanlar
açdı. Hazırda universitetdə bütün ixtisaslar
üzrə imtahanların kompüter vasitəsilə
aparılması, bütün dərslərin, elmi-pedaqoji təcrübələrin
nəticələrinin, təhsilin bütün sahələrinin
mərhələ-mərhələ elektronlaşması, online
dərslərin təşkili, magistr dissertasiyaları və
diplom işlərinin elektron qəbulu və digər tədbirlər
İKT imkanlarının öyrədən və öyrənən
arasındakı münasibətlərin düzgün
qurulması, obyektivlik, şəffaflıq, aktuallıq, peşəkarlıq
kimi prinsiplərin tədrisdə tətbiqi ilə nəticələnmişdir.
Hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan
ali təhsil məkanında 3,5 milyon dollarlıq dəyəri
və genişmiqyaslı əhatə dairəsi ilə
seçilən və Cənubi Koreyanın KOİCA şirkəti
ilə birgə həyata keçirilən "Elektron
universitet" layihəsi isə aparılan məqsədyönlü
tədbirlərin ən uğurlu nəticəsidir. Artıq Naxçıvan Dövlət Universitetinin
elektronlaşması universitetə girişdən tutmuş,
çıxışadək bütün proseslərin, tələbənin
dərsə davamiyyətinin, elmi-pedaqoji potensialın,
administrativ işlərin elektronlaşmasını əhatə
edir. Qeyd edək ki, "Elektron universitet" layihəsi
reallaşdıqdan sonra Naxçıvan MR rəhbərliyinin
dəstəyi ilə universitetə ayrılan internetin sürətinin
100 mb/san çatdırılacağı
planlaşdırılır.
Bütün bu prosesləri isə distant təhsilə
keçid və hazırlıq mərhəsi kimi də dəyərləndirmək
olar. Distant təhsilin nəticələri o zaman uğurlu ola bilər ki, o mövcud bazanın təməlləri
üzərində davam gətirə bilsin. Bəs,
distant təhsili həyata keçirmək üçün
hansı meyarlar tələb olunur?
İlk növbədə sürəti 100
və ya 200 mb/san olan internet, ən müasir kompüter
avadanlıqları, bu avadanlıqlardan sərbəst istifadə
edən professor-müəllim heyəti və öyrənən
tərəfin bütün bu prosesləri əldə etmə
imkanı. Distant təhsili həyata
keçirən universitet buna nə qədər
hazırdırsa onu qəbul edən cəmiyyət də buna o
qədər hazır olmalıdır. Bütün bunlar onu
deməyə əsas verir ki, Naxçıvan Muxtar
Respublikasında distant təhsilə keçidi tam
reallaşdırmaq olar. Lakin bundan əvvəl Azərbaycanda
distant təhsili tətbiq etmək üçün
aşağıdakı proseslərin həyata keçirilməsi
zəruridir:
1. Azərbaycan Respublikasında distant təhsillə
bağlı hədəfləri bəlli edən
strategiyanın işlənib hazırlanması.
2. Strategiyanı həyata keçirə biləcək
kadr potensialının və vəzifələrin müəyyənləşməsi.
3. Distant təhsillə bağlı qanunvericilik
bazasının yaradılması.
4. Cəmiyyətin distant təhsilə
hazırlığına, maarifləndirmə tədbirlərinin
kütləvi informasiya vasitələri tərəfindən
aparılmasına geniş şəraitin yaradılması.
5. Azərbaycanda nümunəvi Distant Təhsil Universitetinin
yaradılması.
6. Cəmiyyətin bütün təbəqələrinin
distant dərsləri almasına şərait yaradan Distant Təhsil
Televiziyasının yaradılması.
7. Tədris-metodiki vəsaitlərin və elmi ədəbiyyatların
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
elektronlaşmasına nəzarətin gücləndirilməsi.
8. Bu sahədə dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən
istifadə edilməsi.
Biz bu təhsilalma formasını tətbiq
etməklə cəmiyyətin bütün təbəqələrinin
təhsil almasına şərait yarada bilərik. Artıq yaşından,
fiziki problemlərindən, iqtisadi və sosial durumundan
asılı olmayaraq hər kəs təhsil ala biləcəkdir.
Ən böyük qazancımız cəmiyyətimizi pis vərdişlərdən,
kənar meyillərdən uzaq etməklə, onun
üçün əlçatmaz sayılan arzuların
reallaşmasına, müasirləşməsinə,
dünyagörüşünün artmasına, əmək
bazarının tələblərinə uyğun yetişməsinə,
İKT imkanlarını yalnız əyləncə vasitəsi
deyil, eyni zamanda elmin və təhsilin inkişafına xidmət
edən vasitə kimi qəbul etməsinə şərait
yaratmaqdır. Ən nəhayət, bu istiqamətdə
aparılan ardıcıl və məqsədyönlü prosesləri
dövlətin qüdrətlənməsinə, iqtisadi, siyasi,
sosial gücünün artmasına, təhsil
strategiyasının uğurlu tətbiqinə yönəldə
bilərik.
Surə SEYİD,
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent
seyidsura2014@gmail.com
Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.6.