BSU yeni
"VikiUniversitet"
layihəsini gerçəkləşdirir
Qloballaşan dünyada informasiyanın yayılması və
qəbul edilməsi demək olar ki, sərhəd tanımır. Özündə
müxtəlif dillərdə saysız-hesabsız məqalələr
toplusunu birləşdirən
"vikipedia.org" saytı dünyanın ən populyar informasiya
daşıyıcılarındandır. Saytda Azərbaycan dilli məqalələr
də mövcuddur, amma
təəssüf ki, onlar həm kəmiyyət,
həm də keyfiyyət baxımından qənaətbəxş
deyildir. Nəzərə alaq
ki, Vikipedia həm də
güclü bir təbliğat
vasitəsidir və orada yerləşdirilən məlumatlarla bütün dünya tanış olmaq
imkanı əldə edir. Dövlətimiz
son zamanlar bu sahəyə diqqəti daha
da artırıb. Buna bariz
nümunədir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ili
"İnformasiya və kommunikasiya
texnologiyaları ili" elan
etmişdi və bu
çərçivədə həyata keçirilən tədbirlər
planına Vikipedia kimi
qlobal informasiya
resurslarında Azərbaycanla bağlı məlumatların sayının
artırılması, ölkəmizdə Vikipedia
könüllülük hərəkatının
genişləndirilməsi daxil edilmişdir.
Bu gün ölkəmizin ali təhsil
müəssisələri arasında ilk olaraq Bakı Slavyan Universiteti öz yeni layihəsi olan
"VikiUniversitet"lə vikipedia hərəkatına
qoşulur. Yanvarın 21-də
universitet rektorluğunun geniş
iclasında "VikiUniversitet"
adlı qurumun struktur
baxımdan formalaşması, onun əsas
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi,
həmçinin müxtəlif sahələr üzrə məqalələrin
hazırlanması məsələləri müzakirə edilib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu qurumun
formalaşmasını və ciddi fəaliyyətə
başlamasını günün tələbi
kimi vurğulayaraq Azərbaycanla
bağlı gerçəklərin dünya
ictimaiyyətinə dolğun, eyni zamanda düzgün
şəkildə
çatdırılmasında Vikipedianın əvəzsiz
üstünlüyündən danışıb. Qərara alınıb ki, "VikiUniversitet"in çoxşaxəli işinə BSU-nun professor-müəllim heyətinin
üzvləri, tədqiqatçı və mütəxəssislərlə
yanaşı müasir informasiya
texnologiyalarından istifadəyə xüsusi
maraq göstərən fəal tələbələr
də cəlb edilsin.
"VikiUniversitet" fəaliyyətinin ilkin mərhələsində BSU-da
keçirilən beynəlxalq konfransları və
simpoziumları, müxtəlif elm sahələri
üzrə gerçəkləşən layihələri,
fakültə və kafedraların, elmi-tədqiqat
laboratoriyaları və tədris-mədəniyyət mərkəzlərinin
işini, elmi və pedaqoji fəaliyyətini, zəngin və mənalı tələbə həyatını,
universitetin daim
genişlənən beynəlxalq əlaqələrini əks
etdirən məlumatları müxtəlif dillərdə Vikipedia oxucularına təqdim edəcəkdir.
Yaxın gələcəkdə isə müasir Azərbaycan gerçəklikləri,
qədim tariximiz və zəngin mədəniyyətimizlə
bağlı məqalələrin, ümumilikdə isə azərbaycançılıq
məfkurəsinin inkişafına, ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət
göstərə biləcək hər bir
addımla bağlı məlumatların tükənməz oxucu auditoriyasına
çatdırılmasında israrlıdır.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.6.